Mənzildən (evdən) istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə iddialar həll edilərkən kompensasiyanın məbləğini kim və necə müəyyən etməlidir ?

Mənzildən (evdən) istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə iddialar həll edilərkən MM-in 228.2-ci maddəsində göstərilən kompensasiyanın məbləğini kim və necə müəyyən etməlidir ?

Cümlədə 2 sual olduğuna görə ardıcıllıqla cavab verək.
1-ci sual: kim müəyyən etməlidir?
Kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin vəzifəsidir. Belə ki, 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin 12.07.2016-cı il tarixli qərarında qeyd olunub ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.
Göründüyü kimi, “müəyyən etməlidir” yazılıb. Müəyyən etmə isə qətnamənin əsaslandırıcı hissəsində həyata keçirilir. Təsadüfi deyil ki, bütün hakimlər qətnamənin giriş hissəsindən sonra “müəyyən etdi” ifadəsini yazaraq təsviri-əsaslandırıcı hissəyə keçirlər.
2-ci sual: necə müəyyən etməlidir?
Bu suala cavab verməzdən əvvəl Konstitusiya Məhkəməsinin həmin qərarına nəzər yetirək. Qərarda qeyd olunub ki, məhkəmə kompensasiyanın məbləğini müəyyən etdikdən sonra iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsinə razılığını nəzərə almalıdır.
Bu, təcrübədə necə reallaşdırılmalıdır ?
2 cavab variantı var:
1-ci variant belədir ki, hakim müşavirə otağına gedərkən iddiaçını (mülkiyyətçini) özü ilə ora aparmalı, müşavirə otağında qətnaməni yazmağa başlamalı, qətnamənin əsaslandırıcı hissəsində kompensasiyanın məbləğini müəyyən etdikdən sonra iddiaçıya “əsaslandırıcı hissədə göstərdiyim məbləği ödəməyə razısan?” sualı verməli, əgər iddiaçı “razıyam” desə hakim qətnamənin nəticə hissəsində yazmalıdır ki, iddia təmin edilsin, yox əgər iddiaçı “razı deyiləm” desə, hakim qətnamənin nəticə hissəsində yazmalıdır ki, iddia rədd olunsun.
2-ci variant belədir ki, hakim müşavirə otağına tək getməli, qətnamənin əsaslandırıcı hissəsində kompensasiyanın məbləğini müəyyən etməli, bundan sonra iclas zalına qayıdaraq əsaslandırıcı hissəni elan etməli və iddiaçıya “əsaslandırıcı hissədə göstərdiyim məbləği ödəməyə razısan?” sualı verməlidir. Əgər iddiaçı “razıyam” desə, hakim müşavirə otağına qayıdaraq qətnamənin nəticə hissəsində yazmalıdır ki, iddia təmin edilsin, yox əgər iddiaçı “razı deyiləm” desə, hakim müşavirə otağına qayıdaraq qətnamənin nəticə hissəsində yazmalıdır ki, iddia rədd olunsun.
Hər 2 variant MPM-in tələblərinə ziddir.
Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qərarındakı “iddia təmin edilərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsinə razılığını nəzərə almalıdır” məzmunlu göstəriş MPM-in tələblərinə zidd olduğuna görə onun həyata keçirilməsi mümkün deyil.
Əslində necə olmalıdır ?
Kompensasiya ifadəsi latın dilindəki “compesatio” sözündən götürülüb, hərfi mənası “əvəz” kimi başa düşülür. Hüquqi mənası da hərfi mənasına uyğundur: kompensasiya hüququn əvəzi kimi verilə bilər. İstifadə hüququ subyektiv hüquq olaraq bir davranış imkanıdır, ona görə də hüququn kompensasiyası deyiləndə “imkanın əvəzləşdirilməsi” başa düşülür. “Əvəz” və “imkan” arasında bərbərlik işarəsi qoyulmalıdır: əvəz = imkan. Qətnaməyə qədər bərabərliyin hər 2 tərəfi məchuldur.
Əvvəlcə “imkan” müəyyənləşdirilməlidir. “İmkan” müxtəlif amillərlə müəyyənləşdirilir: mənzildə istifadəçiyə xas olmuş şərait və s. Bundan sonra “imkana” uyğun olan “əvəz” müəyyənləşdirilməlidir. “Əvəz” də müxtəlif amillərlə müəyyənləşdirilir: mənzil bazarındakı kirayə qiymətləri, istifadəçinin maddi vəziyyəti, sosial vəziyyəti, istifadəçinin özünə yaşayış sahəsi əldə edə bilməsi üçün zəruri olan müddət və s.
Göstərilən amilləri məhkəmə araşdırması keçirmədən müəyyən etmək mümkün deyil. Heç kəs kompensasiyanın məbləğini qabaqcadan müəyyən etmək qabiliyyətinə malik deyil, heç bir normativ-hüquqi aktda (Nazirlər Kabinetinin qərarında, Tarif Şurasının qərarında və s.) bu məbləğ göstərilməyib. Ona görə də qətnaməyə qədər “kompensasiya” anlayışı məbləğdən asılı olmayan anlayış kimi qəbul olunmalı, “kompensasiya nədir?” sualına “əvəzdir” cavabı verilməli, “əvəzin məbləği nə qədərdir?” sualına “hüququn verdiyi imkan nə qədərdirsə, o qədərdir” cavabı verilməlidir.
Kompensasiya institutu mülkiyyət hüququnun müdafəsinə yönəlib. Belə ki, mənzildən başqa şəxsin istifadə hüququnun olması mənzilin (əşyanın) yüklülüyü deməkdir, mənzili yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. Mülkiyyətçi “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə” iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu istəyin motivi müxtəlif ola bilər: mülkiyyətçinin istifadəçi ilə ailə münasibətləri pozula bilər, istifadəçi mülkiyyətçi üçün arzuolunmaz şəxs ola bilər, istifadəçinin mənzildə yaşaması mülkiyyətçiyə mülkiyyət hüququnu öz mülahizəsinə uyğun olaraq sərbəst həyata keçirməyə maneçilik törədə bilər və s.
Kompensasiyanın məbləğini müəyyən etmək səlahiyyəti məhkəməyə aiddir: qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərilir. İşdə iştirak edən şəxslərin (iddiaçının, cavabdehin, üçüncü şəxsin) kompensasiyanın məbləğinə münasibəti (iddia ərizəsində, etirazda, izahatda göstərilən məbləğlər) heç bir halda iddianın rədd edilməsinə əsas ola bilməz. İddia başqa əsaslara (iddiaçının həmin tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmaması və s.) görə rədd oluna bilər. Əgər iddianı rədd etmək üçün həmin əsaslar yoxdursa kompensasiyanın məbləği göstərilməklə iddia təmin edilməlidir.
Bir sıra hüquqşünaslar yanlış olaraq belə hesab edirlər ki, qətnamə qəbul edildikdən sonra kompensasiyanı ödəmək mülkiyyətçinin vəzifəsi sayılır. Əslində isə 228.2-ci maddədə nəzərdə tutulan “kompensasiya verməklə yaşayış sahəsini yüklülükdən azad etmək” mülkiyyətçinin subyektiv hüququdur, həmin hüquq qətnamənin qəbul edilməsindən sonra da subyektiv hüquq kimi qalır, lakin qeyri-müəyyən hüquqdan müəyyən hüquqa çevrilir.
Belə ki, qətnamənin qəbul edilməsinə qədər mülkiyyətçi bilmir ki, kompensasiya verməklə mənzili (evi) yüklülükdən azad etmək hüququnu nə qədər pul ödəməklə həyata keçirə bilər, qətnamədən sonra isə bilir. Məs., qətnamədən sonra mülkiyyətçi bilir ki, 10.000 manat ödəməklə mənzili yüklülükdən azad etmək hüququ var. Qətnamə qüvvəyə mindikdən sonra mülkiyyətçi öz mülahizəsinə uyğun olaraq hüququnu həyata keçirə bilər (10.000 manatı ödəyə bilər) və ya hüququnu həyata keçirməkdən imtina edə bilər (10.000 manatı ödəməyə bilər). Qətnamə ilə pul ödəmək vəzifəsi müəyyən olunmur, subyektiv hüququn realizə qaydası müəyyən olunur. Qətnamədə göstərilən pul ödənildiyi an istifadə hüququ xitam olunur, ödənilmədikdə isə istifadə hüququ pul ödənilənə qədər mövcud olur. Əgər qətnamə ilə müəyyən edilən kompensasiyanın məbləği yüksək olduğuna görə iddiaçını (mülkiyyətçini) qane etməzsə, bu hal iddiaçının maraqlarına zidd olmayacaq. İddiaçının maraqlarının təmin edilməsi üçün aşağıdakı imkanlar mövcuddur:
1) iddiaçı əvvəlcə apelyasiya şikayəti, daha sonra isə kassasiya şikayəti vermək hüququna malikdir. Yuxarı instansiya məhkəmələri məbləğə münasibətdə iddiaçının şikayətini araşdıracaq;
2) yuxarı instansiya məhkəmələri işə baxdıqdan sonra iddiaçı yenə də məbləğdən razı qalmazsa, icra sənədi üzrə icraat zamanı tələbdən imtina edə bilər. “İcra haqqında” Qanunun 20.1.1-ci maddəsində görə məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Qətnamə icraya yönəldildikdən sonra mülkiyyətçi “tələbkar”, istifadəçi isə “borclu” hesab edilir. Mülkiyyətçi ona görə tələbkardır ki, istifadəçiyə kompensasiya verməklə onun istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. İstifadəçi isə ona görə borcludur ki, kompensasiyanı almaqla mənzildən çıxmağa borcludur. Əgər borclu kompensasiyanı almaqdan imtina edərsə, tələbkarın verdiyi pul icra şöbəsinin depozit hesabına köçürülür və bu hal kompensasiyanın verilməsinə bərbər tutulur. Pul depozit hesaba köçürüldüyü andan borclunun istifadə hüququ xitam olunur və o, mənzildən çıxarılır;
3) qətnamənin icraya yönəldildiyi zaman mülkiyyətçinin maddi vəziyyəti qətnamədə göstərilən məbləği ödəməyə imkan verməzsə, o, icra sənədi üzrə icraatın dayandırılması barədə vəsatət qaldıra bilər. “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə görə tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraatın dayandırılır. İcraatın dayandırıldığı müddətdə mülkiyyətçi kompensasiyanı ödəmək üçün lazım olan miqdarda pul əldə edə bilər (məs., bankdan kredit ala bilər), bundan sonra icraatın təzələnməsi barədə vəsatət qaldıra bilər və kompensasiyanı ödəyə bilər;
4) bundan başqa, mülkiyyətçi icra sənədinin məhkəməyə qaytarılması barədə vəsatət qaldıra bilər. “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə görə tələbkarın ərizəsi icra sənədinin məhkəməyə qaytarılması üçün əsasdır. İcra sənədinin məhkəmədə saxlanıldığı müddətdə mülkiyyətçi lazım olan miqdarda pulu əldə bilər (məs., işləyib pul qazana bilər), bundan sonra icra sənədinin yenidən icraya yönədilməsi barədə vəsatət qaldıra bilər (“İcra haqqında” Qanunun 23.3-cü maddəsinə görə bu mümkündür), bundan sonra isə kompensasiyanı ödəyə bilər. Göstərilən vəziyyət mülkiyyətçi üçün əlverişlidir. İcra sənədi hərəkətsiz qalsa da mülkiyyətçi qeyri-müəyyən vəziyyətdə qalmır, mənzili yüklülükdən azad etmək üçün nə qədər pul lazım olduğunu bilir, buna görə də onun 2 davranış variantı olur: 1) icra sənədinin məhkəmədə saxlanıldığı müddətdə lazım olan miqdarda pulu toplayır; 2) pulu toplaya bilmədiyinə görə vəziyyətilə barışır, icra sənədi isə məhkəmədə qalır.
Əgər mülkiyyətçi kompensasiyanı ödəməzsə və ya yuxarıda göstərilən hərəkətlərdən heç birini etməszə, bu halda icra sənədi məhkəməyə qaytarılır. “İcra haqqında” Qanunun 23.1.5-ci maddəsinə görə tələbkar öz hərəkətsizliyi ilə icra sənədinin icrasına mane olduqda icra sənədi məhkəməyə qaytarılır. Mülkiyyətçinin kompensasiyanı verməməsi icraya mane olan hərəkətsizlikdir.
Qətnamə ilə müəyyən edilmiş kompensasiya uzun zaman ərzində ödənilməzsə və ötən zamanda kompensasiyanın məbləğinə təsir edə bilər hallar baş verərsə (məs., mənzil bazarında qiymətlərin dəyişməsi və s.) qətnamədə göstərilmiş kompensasiya məbləğinə yenidən baxıla bilər. Yenidən baxılma 8 indeksli icraat, yəni qətnamənin icrası qaydasında icraat çərçivəsində həyata keçirilməlidir. Müqayisə üçün qeyd edək ki, qətnamənin icrası zamanı tutulmalı olan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi barədə məsələyə bu qaydada baxılır (MPM, maddə 232).
Hazırkı məhkəmə təcrübəsi kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə iddiaların həllini çətinləşdirir.

Beləliklə, kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə iddialar həll edilərkən yuxarıda qeyd edilənlər nəzərə alınmalıdır.

Müəllif: Namiq Cəfərov

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.