Elektron poçtda onun məxfi məlumat əks etdirməsi ilə bağlı qeyd öhdəlik yaradırmı?

Demək olar ki, hər gün işlə, şəxsi səbəblərlə bağlı, bəzən isə hətta yanlışlıqla müxtəlif məzmunlu imeyllər qəbul edirik. Fikir versək, çox zaman imeylin məzmununda onun kommersiya sirrinə dair məlumatları əks etdirdiyi və həmin məlumatların açıqlanmasının, yayılmasının və hər hansı formada onlardan istifadə edilməsinin qadağan olunduğu ilə bağlı xüsusi qeydlə rastlaşırıq. Elektron poçtun məzmununda bu cür qeydin olmasının əsas səbəbi elektron poçtdakı məlumatları məxfilik rejimi altında qorumaq və belə məlumatların başqasına açıqlandığı, yayıldığı və ya onlardan istifadə edildiyi halda həmin imeyli ünvanlayan şəxsin özünü məsuliyyətdən azad etmək istəyi ilə bağlıdır. Bu zaman sual yaranır ki, imeylin məzmununda belə bir qeydin olması kommersiya sirri təşkil edən məlumatların qorunmasını təmin edirmi, belə məlumatları qəbul edən şəxs tərəfindən bu məlumatların başqasına açıqlanması, yayılması və ya onlardan istifadə edilməsi məsuliyyətə səbəb ola bilərmi? Bu yazıda imeylin məzmununda məxfi məlumat qeydinin kommersiya sirri təşkil edən məlumatları qoruyub-qorumadığı və onun öhdəlik yaradıb-yaratmadığı müzakirə olunacaqdır.

Əmək münasibətləri çərçivəsində işçi tərəfindən müəssisənin digər əməkdaşlarından məxfilik qeydi olan elektron poçtun qəbul edilməsi

Şəxsin üzərinə vəzifə, o cümlədən məxfilik öhdəliyi müqavilə ilə, yəni razılaşma ilə qoyula bilər. Məsələn, əmək münasibətləri çərçivəsində kommersiya sirrinin qorunması işçi və işəgötürən arasında bağlanmış əmək müqaviləsinin və ya “Məlumatların açıqlanmaması haqqında” müqavilənin (praktikada istifadə edilən formada “NDA”) və ya kommersiya sirrinin rejiminə əməl etmək barədə digər razılaşma (bundan sonra birlikdə “Kommersiya sirri rejiminin qorunmasına dair razılaşma” adlandırıla bilər) vasitəsilə təmin edilə bilər. Məlum olduğu kimi müqavilə onun tərəflərinin (iki və ya daha çox şəxsin) razılaşmasını tələb edir. Belə ki, əgər siz işçi kimi müəssisənin digər əməkdaşlarından kommersiya sirri qeydi olan elektron poçt qəbul etmisinizsə, bu halda nəzərə almaq lazımdır ki, “Kommersiya sirri haqqında” Azərbayca Respublikası qanununun 10.2-ci bəndinə görə, işçi kommersiya sirri təşkil edən məlumata yalnız onun razılığı ilə buraxıla bilər. Odur ki, əgər siz kommersiya sirri qeydi olan imeyldə, həqiqətən də, kommersiya sirri təşkil edən məlumat əldə etmisinizsə, belə məlumata dair müəssisədə müəyyən edilmiş rejimə əməl etmək öhdəliyiniz yalnız sizinlə işəgötürən arasında bağlanmış Kommersiya sirri rejiminin qorunmasına dair razılaşmanın məzmununda nəzərdə tutulduğu halda, başqa sözlə belə məlumatı əldə etməyə razılığınızın olduğu halda yaranır.

Əmək münasibətləri çərçivəsində işçi tərəfindən müəssisənin digər əməkdaşlarına məxfilik qeydi olan elektron poçtun göndərilməsi

Başqa bir tərəfən, sizin işçi kimi müəssisənin digər əməkdaşlarından kommersiya sirri qeydi olan elektron poçt qəbul etdiyiniz halda qeyd edilməli olan digər məsələ kommersiya sirri təşkil edən məlumatı göndərən şəxsin onu başqasına, məsələn sizə göndərmək hüququnun olub-olmaması ilə bağlıdır. Belə ki, işçi müəssisənin kommersiya sirri təşkil edən məlumatlarına çıxışa sahibdirsə, bu halda o, belə məlumatı yalnız işəgötürənin razılığı ilə başqasına açıqlaya bilər. Əgər müəssisənin əməkdaşı tərəfindən göndərilmiş imeyldəki kommersiya sirri təşkil edən məlumat işəgötürənin razılığı olmadan sizə göndərilmişdirsə və əslində siz bu məlumata sahib olmalı deyildinizsə, sizinlə işəgötürən arasında Kommersiya sirri rejiminin qorunmasına dair yazılı razılaşmanın (əgər varsa) məzmununda başqa cür nəzərdə tutulmayıbsa, bu, sizin üçün məsuliyyət yaratmamalıdır. Əksinə, belə olan halda, imeyldə kommersiya sirri qeydi olduğu halda belə həmin məlumatı sizə ötürən şəxs məsuliyyət daşıyır. Bu səbəbdən də kommersiya sirri təşkil edən məlumatı başqasına açıqlayarkən həmin məlumatı ötürdüyünüz şəxsin belə məlumata çıxışının olub-olmadığını müəyyənləşdirmək sonradan yarana biləcək mübahisələrin qarşısını almağa kömək edəcəkdir. Bunun üçün isə işəgötürən tərəfindən müəssisənin kommersiya sirri rejiminin müəyyənləşdirilməsi, kommersiya sirri təşkil edən məlumatı əldə etməyə buraxılmış şəxsin müəssisədə kommersiya sirrini təşkil edən məlumatların siyahısı ilə tanış olmasının təmin edilməsi və işçinin belə məlumatları paylaşa biləcəyi şəxslərin dairəsini (əgər olarsa) əvvəlcədən bilməsi mütləqdir.

Əmək münasibətləri çərçivəsində işçi tərəfindən müəssisənin müştərilərindən məxfilik qeydi olan elektron poçtun qəbul edilməsi

Məxfilik qeydinin ən çox istifadə olunduğu imeyl yazışmalardan biri də müəssisənin işçisinə müəssisənin müştəriləri tərəfindən ünvanlanmış imeyllərdir. Bu halda isə müəssisə və işçi arasında yuxarıda qeyd edildiyi kimi Kommersiya sirri rejiminin qorunmasına dair razılaşmanın olmasından əlavə, müəssisə ilə müştəri arasında məxfilik rejiminin qorunmasına dair müqavilənin olub-olmadığı da önəm daşıyır. Məsələn əgər siz hər hansı hüquq şirkətində hüquqşünas kimi fəaliyyət göstərirsinizsə və müəssisənin müştərisi sizinlə birbaşa əlaqə saxlaya bilirsə, bu halda müştəri tərəfindən sizə öz şirkətinə dair kommersiya sirri təşkil edə bilən məlumatın daxil olması ehtimalı yüksəkdir. Kommersiya sirri təşkil edən məlumatları qorumaq üçün çox vaxt mülki hüquq münasibətlərinə daxil olan tərəflər aralarında bağlanan əsas müqavilənin məzmununda və ya Məlumatların açıqlanmaması haqqında müqavilədə (NDA) müqavilənin icrası üçün cəlb edilmiş işçilərinə, müştərilərinə, müqavilənin icrası ilə əlaqədar hər hansı məlumatları əldə etmiş digər şəxslərə nəzərdə tutulan konfidensiallıq (məxfilik) öhdəliklərini qəbul etdirmək öhdəliyi müəyyən edirlər. Belə olan halda həmin müqavilənin icrası üçün cəlb edilən işçilər əvvəlcədən həmin müqavilədə tərəflər arasında müəyyən edilmiş konfidensiallıq rejimi və konfidensial məlumat sayıla biləcək məlumatların dairəsi haqqında məlumata sahib olmalıdırlar. Bundan başqa, tərəflər müqavilənin icrası çərçivəsində kommersiya sirri təşkil edən məlumatlarının kim(lər)ə ötürülə biləcəyi barədə əvvəlcədən yazılı formada razılaşmalıdırlar. Əks halda imeylin məzmununda onun məxfi məlumat qeydinin əks etdirilməsi özlüyündə məlumatın məxfiliyini qorumağa kömək etməyə bilər.

Qanunvericiliklə konfidensiallıq prinsipinə əsaslanan fəaliyyət çərçivəsində məxfilik qeydi olan elektron poçtun qəbul edilməsi

Bu halda bir məqamı da qeyd etmək lazımdır ki, qanunvericiliklə müəyyən edilmiş bir sıra fəaliyyətlər, o cümlədən vəkillik konfidensiallıq prinsipinə əsaslanır, belə ki, vəkil ona edilən müraciətlərin sirr kimi qorunmasını təmin etməlidir. Nəzərə alsaq ki, vəkil öz fəaliyyətini ona müraciət edən şəxsə müqavilə əsasında həyata keçirməlidir, bu halda artıq o, qanunvericiliyin tələbinə uyğun olaraq məxflik öhdəliyini həmin müqaviləni bağlamaqla öz fəaliyyətini göstərməyə başladığı andan qəbul etmiş sayılır.

Beləliklə, baxmayaraq ki imeylin məzmunundakı məxfilik qeydi, onu qəbul etmiş şəxsin belə məlumatı açıqlamaq, yaymaq və hər hansı formada onlardan istifadə etmək istədiyi halda müəyyən dərəcədə çəkinməsinə və düşünməsinə səbəb ola bilər, bununla belə tərəflər arasında kommersiya sirrinin qorunması ilə bağlı razılaşma və ya buna əsas verən səbəb yoxdursa, bu halda imeylin məzmununda məlumatın kommersiya sirri olması ilə bağlı qeydin olması məlumatın kommersiya sirri rejiminin qorunmasını təmin etməyəcəkdir. Belə ki, birtərəfli qaydada kiminsə üzərinə məxfilik üzrə öhdəlik qoymaq olmadığı üçün məxfilik qeydi altında imeyl alan şəxs bu imeyldəki məlumatları ona dair müəyyən edilmiş kommersiya sirri rejimi altında qorunmaq öhdəliyi götürmüş hesab edilmir. Əksinə, Kommersiya sirri rejiminin qorunmasına dair yazılı razılaşma olduğu halda imeyldə konfidensiallıq qeydinin olub-olmaması mahiyyət baxımından önəm daşımır, bu halda belə məlumatı qəbul edən şəxs müəyyən edilmiş kommersiya sirri rejiminə əməl etməlidir.

İstifadə olunmuş mənbələr:

  1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
  2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
  3. Azərbaycan Respublikasının “Kommersiya sirri haqqında” qanunu;
  4. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu.

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.