Sərnişinin təqsiri yoxsa sürücünün məsuliyyəti?

Yol hərəkəti iştirakçılarının təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı üçüncü şəxslərin əmlakına, həyatı və sağlamlığına zərər dəyməsi qaçılmazdır. Xüsusilə iki və daha çox avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzalarda ilk yardımçı hüquqi vasitə avtonəqliyyat vasitə sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olur. Bəzən baş vermiş yol-nəqliyyat hadisələri təkcə sürücünün təqsiri üzündən deyil, sərnişinin yol verdiyi ehtiyatsızlıq səbəbilə baş verir: məsələn sərnişin tərəfindən avtonəqliyyat vasitəsinin qapısınn açılması nəticəsində digər avtonəqliyyat vasitəsinə zərər dəyməsi halında.

Diqqət etsək görərik ki, “İcbari sığortalar haqqında” Qanunun preambulasında mülki məsuliyyətinin icbari sığortası avtonəqliyyat vasitəsi sahiblərinə münasibətdə müəyyən edilmişdir. Belə olan təqdirdə yuxarıda qeyd olunan hal baş verdiyi zaman sığorta ödənişinin verilməsi necə tənzimlənməlidir? Ümumiyyətlə bu hal sığorta ödənişinin verilməsindən imtina əsası ola bilərmi? Qanunvericiliyin müddəalarına nəzər salaq.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsində sığorta ödənişlərinin verilməsindən imtinanın ümumi əsasları müəyyən edilmişdir. Bu əsaslar elə əsaslardır ki, baş vermiş hadisə ya sığorta hadisəsi deyil, ya da sığortalı tərəfindən onun üzərinə qoyulmuş qanuni və ya müqavilə üzrə müəyyən edilmiş vəzifələr yerinə yetirilmir. Həmin maddənin 935.1.10-cu bəndi blanket dispozisiya olmaqla “İcbari sığortalar haqqında” qanuna göndəriş edir. (“icbari sığortamaqla  qanunlarında nəzərdə tutulmuş digər hallarda”) (1)

“İcbari sığortalar haqqında” Qanunun 52-ci maddəsinə əsasən “hadisənin sığorta hadisəsi hesab edilməməsi” sığorta ödənişinin verilməsindən imtina edilmənin əsasıdır.

Həmin qanunun 52-ci maddəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsinə leqal anlayış verir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə isə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir.(3)

Maddənin dispozisiyasından da görünür ki, sığorta hadisəsinin baş verməsinə səbəb bilavasitə avtonəqliyyat vasitəsinin hərəkəti nəticəsində onun istifadəsi olmalıdır. İki element: hərəkət və istifadə zəruri ünsürlərdir. İstifadə nəqliyyat vasitəsinin hərəkətinin nəticəsi olaraq çıxış edir.

Bəs sərnişin tərəfindən avtonəqliyyat vasitəsinin qapısının açılması halında digər avtonəqliyyat vasitəsinə dəyən zərər üzrə sığorta ödənişinin verilməsi və ya imtina əsası üçün hansı elementlər olmalıdır?

“Yol hərəkəti haqqında” Qanunun 41-ci maddəsi yol hərəkəti iştirakçılarına münasibətdə bilavasitə sərnişinin vəzifəsini müəyyən edir. Belə ki, sərnişin nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın). (4)

Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə müəyyən edilmişdir. (2)

Avtonəqliyyat vasitə sahiblərinin icbari məsuliyyət sığortasının məqsədi və mahiyyəti aydındır. “İcbari sığortalar haqqında” Qanunun 3-cü maddəsində icbari sığortanın prinsipləri öz əksini tapmışdır. Prinsiplərdən biri də 3.1.4-cü bəndə əsasən sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatıdır. İstənilən hadisə sığorta hadisəsi olaraq qiymətləndirilə bilməz. Onun baş verməsi ehtimal edilə bilən olmalıdır. İcbari məsuliyyət sığortasında qanun əlavə şərtlər də müəyyən edir. (3)

Digər tərəfdən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının məqsədi və təyinatı mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsidir. (3)

Avtonəqliyyat vasitəsi dayanmış vəziyyətdə sərnişin tərəfindən qapının açılması  nəticəsində digər avtonəqliyyat vasitəsinə dəymiş zərər sürücünün təqsirliliyini şərtləndirmir. Əgər sürücü tərəfindən dayanma-durma qaydalarının pozulması nəticəsində də sərnişin qapını açsaydı, bu hal da sığorta ödənişinin verilməsindən imtina əsası olardı. Çünki sürücünün müvafiq qaydaları pozması ilə baş vermiş hadisənin nəticəsi arasında səbəbli-əlaqə mövcud olmur. Sərnişinin qapını açmaması halında müvafiq qaydaların pozulması qeyd olunan hadisənin baş verməsi üçün faktiki şərait yarada bilməzdi. Bu durumda səbəbli əlaqə sərnişinin təqsiri ilə baş vermiş hadisə arasında axtarılır.

Yuxarıda qeyd olunanları yekunlaşdırıb belə bir nəticəyə gələ bilərik ki, sərnişin tərəfindən avtonəqliyyat vasitəsinin qapısının açılması üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin verilməsindən imtina üçün hüquqi əsasdır.

Sual oluna bilər ki, sərnişin tərəfindən qapının açılması halında avtonəqliyyat vasitəsinə dəyən zərər üzrə məsuliyyət necə tənzimlənir. Qeyd etmək lazımdır ki, qanun baş vermiş hadisəni sığorta hadisəsi olaraq qiymətləndirməsə də, onu mülki hüquq pozuntusu-delikt olaraq qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, sərnişinin təqsiri üzündən əmlakına dəymiş zərər üzrə avtonəqliyyat vasitəsinin mülkiyyətçisi sərnişindən mülki qaydada ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir.

 

İstifadə edilmiş ədəbiyyat siyahısı:

  1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
  2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
  3. Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanunu
  4. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunu

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.