“Şirinlik” yoxsa rüşvət?

Hədiyyə vermək insana verilən dəyərin göstəricisidir və bütün mədəniyyətlərdə hədiyyələşmək müsbət hal hesab olunur. Bu, həmçinin sosial münasibətlərin qurulmasında da faydalıdır.Bununla belə, vəzifəli şəxsə verilən hədiyyə (“şirinlik”) bəzən ziddiyyətli məsələlərə səbəb olur. Çünki bəzən hədiyyənin verilməsi korrupsiya riskini artırır. Ona görə də hədiyyə və rüşvət arasındakı incə xətti müəyyənləşdirmək mühüm əhəmiyyət kəsb edir.

Əgər bir ölkə rüşvət vədinin qəbulunu qanuna zidd hesab etmirsə, bu, həmin ölkədə korrupsiya halı kimi qəbul edilmir. Çünki korrupsiya konsepsiyasının məzmunu  qanunvericilikdən asılı olaraq müxtəlif ölkələrdə fərqlidir.Müəyyən korrupsiya təcrübələri var ki, onlara uzun müddət normal biznes fəaliyyəti üçün zəruri hal kimi baxılıb. Belə bir təcrübə sadələşdirmə ödənişləri də adlandırılır: kiçik bir rüşvətə həm də “sadələşdirici”, “sürətləndirici” pul mükafatı da deyilir.[1] Beynəlxalq biznes əməliyyatlarında xarici vəzifəli şəxslərin rüşvətxorluğuna qarşı mübarizəyə dair İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Konvensiyasına (İƏİT) görə kiçik sadələşdirici pul mükafatları hüquq pozuntusu hesab edilmir[2]. Buna baxmayaraq, İƏİT bununla mübarizə aparmağı da israrla məsləhət görür. Bununla belə, bir çox ölkələrdə proseslərin sürətləndirilməsi üçün edilən ödənişlər rüşvətin digər növləri kimi cinayət hesab olunur.

Bəs rüşvət və hədiyyə arasındakı fərq nədən ibarətdir? Qanunvericiliyin mövqeyi nədən ibarətdir?

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (311 və 312-ci maddələr) passiv və aktiv rüşvətxorluğun anlayışları verilmişdir. Passiv rüşvətxorluq, yəni rüşvət alma – vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı yaxud güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsidir. Aktiv rüşvətxorluq, yəni rüşvət vermə – xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsidir.[3]

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər göstərilmişdir.[4] Qeyd edilmişdir ki, vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda kiçik hədiyyələrə və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur (şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir).

Həmçinin, həmin maddədə göstərilmişdir ki, vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Dəyəri 55 manatdan yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma məxsus hesab edilir.

Ümumiyyətlə, qanunvericiliyə görə, vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, vəzifəli şəxs onlardan imtina etməlidir. Bunlar vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və sair nemətlər şəxsin işlədiyi quruma verilməlidir.

Prinsipcə, hədiyyə, onu qəbul edən tərəfin hədiyyə müqabilində öz mövqeyindən istifadə edərək bir xidmət göstərmədiyindən rüşvətdən fərqlənir. Rüşvət isə müəyyən bir hərəkət və ya hərəkətsizliyin qarşılığında verilir, rüşvəti verənin müəyyən bir gözləntisi olur. “Şirinliy”i verən və alan tərəf onun rüşvət yaxud hədiyyə olduğunu bilir. Bunu müəyyənləşdirən sual bu cür ola bilər : bu vəzifədə olmasaydım, həmin hədiyyə mənə təqdim olunardımı (alan tərəf) və o vəzifədə olmasa, bu hədiyyəni ona verərdimmi (verən tərəf)? Əgər cavab xeyrdirsə, deməli bu, hədiyyə deyil, rüşvətdir.

Hesab edirik ki, hədiyyə vermə korrupsiya riskini iki şəkildə artırır. Birincisi, hədiyyə, onu verən və alan arasında fərdi əlaqə yaradır və gücləndirir ki, bu da xüsusi marağa səbəb olaraq xidməti mövqedən sui-istifadəyə (maraqların toqquşması) səbəb ola bilər. İkincisi, hədiyyə vermə təcrübəsi əlaqəli şəxsin qavrayışında qanuni davranış və rüşvət arasındakı həssaslığı ləkələyə bilər. Qiymətli əşyaların vəzifəli şəxslər və digərləri arasında alınıb-verilməsi bir vərdişə çevrilsə, bu, ictimai qınaq, sui-istifadə halları, və şəxsə olan inamın azalmasına səbəb olar.

Rüşvət və hədiyyə arasındakı incə xəttin müəyyənləşdirilməsi heç də hər zaman asan olmur. Korrupsiya riskini artırmamaq, şübhəli şəxs vəziyyətinə düşməmək üçün vəzifəli şəxs tərəfsizliyini qorumalı, vəzifəsini dürüst bir şəkildə icra etməlidir. Şəxs vəzifəsinin icrası ilə bağlı istənilən bir hədiyyə və ya pul mükafatını, həmçinin bu qəbildən olan üstünlükləri qəbul etməməli, sui-istifadə hallarına yol verməməlidir. Bu cür güzəşt və ya imtiyazlar təklif yaxud təqdim edildiyi təqdirdə, şəxsin bundan imtina etməsi ən doğru qərar olar.

 

[1] Transparency International, Anti-Korrupsiya Lüğəti, Sadələşdirici Ödəmələr.

http://www.transparency.org/glossary/term/facilitation_payments

[2] OECD Convention on Combating Bribery of Foreign Public Officials in International Business Transactions

[3] Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

[4] “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu

 

İstifadə edilmiş ədəbiyyat :

  1. Beynəlxalq Şəffaflıq, Anti-Korrupsiya Lüğəti, Sadələşdirici Ödəmələr,

http://www.transparency.org/en/glossary

  1. Beynəlxalq biznes əməliyyatlarında xarici vəzifəli şəxslərin rüşvətxorluğuna qarşı mübarizəyə dair İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Konvensiyası,

https://www.oecd.org/gov/ethics/2406452.pdf

  1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi,

http://e-qanun.az/framework/46947

  1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu,

http://www.e-qanun.az/framework/5809

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.