İnsan hüquqlarının universallığı yoxsa mədəni nisbilik?

-Salam, mən İranda yaşayan 19 yaşlı Sarvenazam, 7 ay bundan öncə özümdən kiçik 3 bacıma və xəstə anama yemək, dərman almaq üçün məcbur qalıb oğurladığım 500.000 riyala görə sağ qolumun kəsilməsi cəzasına məruz qalmışam.

-Salam mən isə Türkiyədə yaşayan 19 yaşlı Hülyayam, eyniadlı cinayətə görə  cəmi 1 il 6 ay həbs cəzası almışam.

Servenaz və Hülyanın adından sizi salamladıqdan sonra düşünürəm ki özümü təqdim etməyə gərək yoxdur.Çünki mən kiməm, necəyəm yox, necə düşünürəm, Servenaz və Hülyanın adından yəni iki müxtəlif dövlətin xalqını təmsil edən vətəndaşları adından insan hüquqlarının universallığının labüdlüyünü sizə necə çadıracağam – bunlar daha önəmlidir.

“İnsan hüquqularının universallığı yoxsa mədəni nisbilik” başlığında “yoxsa” bağlayıcısını gördükdə düşündüyüm ilk şey insan hüquqlarının universallığının instutunun qarşısına necə başqa bir ifadə,nəzəriyyə adı yazıla bilər, onu necə təkzib edə bilər sualı oldu.Çünki bir tərəfdə təməl bildiklərimdən əlavə 1ci kursda Əmir Əliyevin tədris etdiyi insan hüquqlarının əsas səciyyəvi xüsusiyyətlərindən olan onun universallığı, digər tərəfdə isə mədəni nisbilik nəzəriyyəsi dururdu. Mövzu başlığını internetdə axtarıb daha ətraflı araşdırma etmək istəyərkən bu barədə məqalələrin əskikliyi ilə bərabər hər iki konsepsiyanın tərəfdarlarını eləcə də onları müdafiə edəcək əsaslarının olduğunu müşahidə etdim.Lakin araşdırmaların nəticəsində ümumi bir nəticəyə gəlinməmiş,fərdi fikirlər olaraq qalmışdır.Mənim isə bu mövzu barədə qəti mövqeyim vardır, hansı ki hər ikisininin vəhdəti şəkildə deyil də,sadəcə birini qəbul edib ,seçərək.Bu barədə gəldiyim nəticəni isə sizə müxtəlif dövlətlərdən real faktlarla çatdırmaq istəyirəm.Müraciət etdiyim auditoriyanın səviyyəsi, hüquqi bilik bazası çıxışımda hüquq terminlərinə,maddə və normativ aktlara istinad etməyimi həm labüd qılır həm də bir o qədər gərək olmadığına dəlalət edir.Bunun üçün də çalışdığım qədər hüquq kitablarından,məcəllələrdən öyrəndiklərimi kənara qoyub daha doğrusu onları bilavasitə deyil, dolayı yollarla, real caselər əsasında çatdıracağam.

Hüquq bizim haqlı olaraq irəli sürdüyümüz tələbdir. Əgər bazarlıq səbətimdəki almalar üçün ödəniş etmişəmsə, onlara hüququm çatır. Əgər ölkənin konstitusiyasında nəzərdə tutulubsa, vətəndaşların prezidenti seçmək hüququ var və əgər uşağın valideynləri ona söz veriblərsə, onun parka aparılmaq hüququ var. Bütün bunlar qarşı tərəf vəd etdikdə və ya zəmanət verdikdə insanların gözləyə biləcəyi təminatlardır. İnsan hüquqları isə daha fərqli və üstün tələblərdir. Onlar qarşı tərəfin vədləri və ya zəmanətlərindən asılı deyillər. Şəxsin yaşamaq hüququ başqasının onu öldürməmək vədindən asılı deyil.Onların yaşamaq hüququ yalnız bir məsələdən asılıdır: onların insan olmasından.

İnsan hüquqlarını qəbul etmək hər kəsin bu iddiaları irəli sürə bilməsini qəbul etmək deməkdir: Sizin nə deməyinizdən və ya nə etməyinizdən asılı olmayaraq mənim hüquqlarım var, çünki mən də sizin kimi insanam. İnsan hüquqları bütün insanların doğuşdan malik olduğu hüquqlardır. Nəyə görə bu tələbin hər hansı xüsusi davranışla dəstəklənməsinə ehtiyac yoxdur? Nəyə görə insanlardan öz hüquqlarına layiq olmasını tələb etməməliyik? İnsan hüquqları iddiası özlüyündə mənəvi bir tələbdir və mənəvi dəyərlərə əsaslanır.Lakin bununla belə Roma hüququnda çox gözəl bir ifadə vardır “sənin azadlığın mənim burnumun olduğu yerdə bitir”. Mənim yaşamaq hüququm heç kəsin mənim həyatımı mənim əlimdən almamalı olduğu deməkdir.Belə ifadə edildikdə tələbin dəstəyə ehtiyacı qalmır.

Mədəni nisbilik nəzəriyyəsini əsas götürənlər düşünürlər ki, universal insan hüquqları ideyası tətbiq olunarkən hər bir cəmiyyətin adət-ənənəsi və dinləri nəzərə alınmalıdır.Necə ki eyniadlı cinayət əməlinə görə dünyanın bir ucunda gənc qız  sadəcə həbs cəzası digər bir tərəfdə isə əlinin kəsilməsi cəzasına məruz qalır.Digər tərəfdən universalistlər isə hesab edirlər ki, insan hüquq və azadıqları o qədər ümumidir ki, onlar cəmiyyətlərin mədəni kontekstləri ciddi surətdə nəzərə alınmadan birbaşa tətbiq edilə bilərlər.

Bəs universalizm hərfi mənada nədir? Universalizm bir çox insan hüquqları pozuntuları olan dünyada ictimai şüurun dayaqlarından biri olan ideoloji konseptdir.Lakin eləcə nisbiliyin də güclü bir konsepsiyası var. Universalistlər iddia edirlər ki, insan hüquqları dünya miqyasında qəbul edilməlidir.Universalizm ideyasının təxminən 18-19-cu əsrlərdə meydana gəldiyini oxusam da, haradan gəldiyi barədə fərqli mülhaizələrin mövcudluğundan asılı olmayaraq, mütləqlik universalizmin əsas elementlərindən biridir. Universalizmin mütləqliyə olan iddiası çərçivəsində belə bir məntiqi sual meydana çıxır: İnsan hüquqlarının universallığı ideyasına məhdudiyyətlər varmı? Bu sual “mədəniyyət toqquşmaları” daimi olan regionlar (Yaxın Şərq, Balkanlar, Ərəb yarımadası və s.) üçün xüsusilə əhəmiyyətlidir.İnsan hüquqlarının yayılmasına əsas mane olan faktorlar düşünürəm ki, bunlardır – lokallıq,mədəniyyət,din.

Başa düşülən haldır ki hər bir millətin öz tarixi soy-kökünə, mədəniyyətinə, milli-mənəvi, dini dəyərlərinə söykənən fərqli adət-ənənələri var.Lakin istənilən halda bu dəyərlərin yaratdığı diskriminasiya onların hüquqlarını məhdudlaşdırırsa bu hal yol verilməzdir və birbaşa insan hüquqlarının universallığına-qlobal səviyyədə qəbul edilmiş normalara zidd mövqedədir yəni bütün bunlar mədəni nisbilik anlayışını özündə ehtiva edir.Məsələn İranda,Ərəbdə və bir sıra şərq ölkələrində erkən yaşda 9-10 yaşında nikah qəbul edilir.Bu birbaşa 1989-cu ildə BMT baş assembleyası tərəfindən qəbul edilmiş uşaq hüquqları konvensiyasının müddəalarına ziddir.Və ya islam dininə ibadət edən xalqlara məxsus yaşam tərzini əsas gətirərək çoxevlilik halının normallaşdırılması,əksər Avropa ölkələrində və Amerikada nikahdan əvvəl münasibət normal qarşılandığı halda bir sıra ölkələrdə isə bu ölüm və digər ağır cəzalarla nəticələnir,hətta bəzi ölkələrdə insanın təməl ehtiyac və hüquqlarından olan əylənmək müəyyən cəzalarla nəticələnir buna misal olaraq hələ məktəb vaxtı oxuduğum bir xəbəri qeyd edə bilərəm ki İranda 28 yaşlı Məsih Əlinəjada rəfiqələri ilə qatıldığı ad günü mərasimində deyib gülüb əyləndiyi üçün barəsində çıxarılan 80 şallaq cəzasına məruz qalmışdır,daha geniş miqyasda nümunə gətirmək üçün düşünürəm ki Şimali Koreyanın sadəcə adı buna kifayət edir, ordakı insan hüquqlarının ifrat dərəcədə məhdudlaşdırılması heç bir halda bizə dövlətlərin milli qanunvericiliklərinə,formalaşmış absürd adət-ənənələrinə sadiq qalıb mədəni nisbiliyi müdafiə etməyimizə icazə verməz.

The Guard filmindəki “Mən İrlandiyalıyam,cənab.İrqçilik mənim mədəniyyətimin bir parçasıdır” replikası insan hüquqlarının yayılmasına mane olan əsas faktorlardan biri kimi yəni mədəni nisbilik konsepsiyasının tərəfdarlarının yaratdığı diskriminasiyadan biri kimi irqçiliyi də özündə ehtiva edir.Bu motivdə oxuduğum John Boyne-in zolaqlı pijamalı oğlan əsərindəki iki fərqli millətdən olan dostun ürək parçalayan hekayəsi və ya The pianist, Life is beatiful filmlərində irqçiliyə görə yəni Hitlerin Auşvitz rejiminin necə faciəvi sonluqlara yol açdığını açıq şəkildə görə bilərik.Və ya bu mövzuda ərsəyə gətirilmiş ən möhtəşəm filmlərdən olan “12 years a slave” əsərində sadəcə insanlarının dərisinin rənginə görə necə ağır ittiham və işgəncələrə məruz qaldıqlarını görürük.

Yəni bütün bu saydıqlarım və saya bilmədiyim yüzlərcə misallar internetdə insan hüquqları nədir yazdıqda qarşımıza çıxan ilk bu cümləni “Hər bir insanın “irqi” və ya etnik mənşəyi, dərisinin rəngi, cinsi, əlilliyi, dili, dini, siyasi və ya digər baxışları, milli və ya sosial mənşəyi, anadanolmavə ya digər statusuna görə fərq qoyulmadan öz hüquqlarından istifadə etmək haqqı vardır”  alt-üst edir. Zənnimcə,buna səbəb olan mədəni nisbilik ideaologiyasını heç birimiz mənəvi və ya fikri olaraq müdafiə etməməliyik.Hüquqşünas statusumuzu bir kənara qoysaq da belə insani keyfiyyətlərimiz buna yol verməməlidir.Lakin belə bir status və potensialımızın olması bu konsepsiyanının insanın hüquqlarını məhdudlaşdıran tərəflərini aradan qaldırmağa, öz yerini insan hüquqları barədə beynəlxalq səviyyədə qəbul edilmiş konvensiya və normativ aktlarla əvəzləməyə gücümüzün digər fiziki şəxslərdən bir addım öndə olduğuna əsas verir.Biz indidən öz kiçik auditoriyalı çıxışlarımızda daha sonra məqalələrimizdə bu məsələyə həssas yanaşmaqla və ən əsası praktiki həll yolları tapmaq, göstərməklə şorbaya öz duzumuzu əlavə edə bilərik.Deyilənə görə 18 yaşında Dünyanı dəyişəcəyini düşünən gənc 38 yaşında dünyanın onu dəyişdiyini qəbullanır boyun əyir, hər birimizə bu xüsusda paradoxal səslənsə də sülh üçün savaşmaq yolunda əbədi əzm ruhu arzulayıram..

 

İstifadə edilən ədəbiyyat siyahısı:

  1. https://bakuresearchinstitute.org/az/the-universalism-of-human-rights-or-cultural-relativism/
  2. https://www.coe.int/az/web/compass/what-are-human-rights-
  3. Əmir Əliyev- İnsan Hüquqları 2019

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.