“Türkiyə Bursları” – İstanbulda Hüquq Təhsili

Bu yazımızda sizinlə Türkiyənin ən çox müraciət olunan təqaüd proqramı “Türkiyə Bursları” barədə təəssüratlarımı bölüşəcəyəm. Hal-hazırda İstanbulda magistr təhsilimin ikinci, yəni tezis yazma dönəmindəyəm.

“Türkiyə Bursları” proqramı dünyanın müxtəlif ölkələrindən olan tələbələr üçün Türkiyənin müxtəlif şəhərlərində bakalavr, magistratura və doktorantura pilləri üzrə ödənişsiz təhsil almaq imkanı tanıyır. Təqaüd yalnız universitet ödəşini qarşılamır, eyni zamanda Türkiyədə olduğunuz müddətdə sizi təhsil aldığınız pillədən (bakalavr, magistratura, doktorantura) asılı olaraq aylıq müəyyən ödənişlə təmin edir. Bu ödənişlər 2022-ci ildə bakalavr pilləsi üçün 1000 TL, magistratura pilləsi üçün 1400 TL, doktorantura pilləsi üçün 1800 TL olaraq müəyyən edilmişdir.

Bəs bursu qazanmaq üçün hansı prosedurları yerinə yetirmək lazımdır? İlk olaraq onu deyim ki, qəbul prosesi 2 mərhələdən (onlayn müraciət və müsahibə) ibarətdir. Onlayn müraciət mərhələsində https://www.turkiyeburslari.gov.tr/ linkindən daxil olaraq BAŞVURU/GİRİŞ yazılan hissədən qeydiyyatdan keçib hesab açmalı, daha sonra müvafiq hissələrə yanvar-fevral ayları arasında müəyyən edilmiş tarixlərdə (əsasən 10 Yanvar-20 Fevral) şəxsi məlumatlarınızı dolduraraq müraciətinizi tamamlamalısınız. Qeyd edim ki, birinci mərhələdə sizin akademik orta bal göstəriciləriniz (magistr pilləsi üzrə müraciət edənlərin orta balının 80+ olmasına üstünlük verilir), beynəlxalq xarici dil sertifikatlarınız (qeyd: mənim xarici dil sertifikatım olmasa da seçildim), məsələn, TYS (Türkcə Yetərlilik Sertifikatı), IELTS, TOEFL kimi sertifikatlarınızın olması seçim şansınızı artırır (ola bilər ki, seçəcəyiniz universitet bu sertifikatlardan hər hansı birini tələb etsin). Sosial və akademik fəaliyyətləriniz, həmçinin motivasiya məktubunuzun müəyyən tələblərə cavab verəcək şəkildə hazırlanması nəzərə alınacaqdır.

Bir az motivasiya məktubunun tələblərindən danışaq. Nədir bu müəyyən tələblər? Onu qeyd edim ki, burada sizdən standart formaya uyğun olan motivasiya məktubu yazmağınız tələb olunmur. Onlayn portalda nə üçün bu təqaüd proqramına müraciət etməyiniz, nəyə görə Türkiyədə təhsil almaq istəməyinizlə əlaqəli suallar qarşınıza çıxacaq. Daha sonra magistratura pilləsindən məzun olmaq üçün seçəcəyiniz araşdırma mövzunuz – diplom işinizlə əlaqəli qısa sualları cavablandırmağınız tələb ediləcək. Qeyd edim ki, mən müraciət etdiyim vaxt hansı mövzuda araşdırma edəcəyimi dəqiqləşdirmədiyim üçün bakalavr dövründə yazdığım diplom işi mövzumun məlumatlarından istifadə etmişdim. Birinci mərhələdən uğurla keçmək istəyirsinizsə, motivasiya məktubunuza xüsusi diqqət göstərməlisiniz. Motivasiya məktubunuzu yazdıqdan sonra, son olaraq ixtisasınıza uyğun sahəni və universitetləri seçərək müraciətinizi tamamlamış olursunuz. Birinci mərhələdən uğurla keçib keçməməyiniz haqqında cari ilin iyun ayında qeydiyyatdan keçdiyiniz email ünvanı vasitəsilə məlumatlandırılacaqsınız.

İndi isə “Türkiyə Bursları” proqramının ikinci mərhələsi haqqında danışaq. Birinci mərhələni uğurla başa vurduqdan sonra ikinci, yəni müsahibə (mülakat) mərhələsinə dəvət emaili alacaqsınız. Adətən ikinci mərhələ avqust ayında həyata keçirilir. Qeyd edim ki, mən qəbul aldığım il COVİD-19 virusunun yeni yayılmağa başladığı vaxta (2020) təsadüf etdiyindən müsahibə mərhələsi sentyabr ayının 17-sinə qədər uzanmışdı. Müsahibə mərhələsində əsas diqqət etməli olduğunuz məqam seçdiyiniz ixtisas və universitetlərlə bağlı hər tipli suala hazır olmağınızdır. Adətən müsahibə mərhələsi Bakıda yaşayan tələbələr üçün Yunus Emre Enstitüsündə həyata keçirilməkdədir. Ancaq yuxarıda da bəhs etdiyim üzrə virus dönəmi olduğundan mən müsahibə mərhələsindən internet üzərindən onlayn şəkildə keçməli oldum. Bütün suallara cavab versəm də bu mərhələ bitdikdən sonra qəbul alıb almayacağımla əlaqəli bir sıra tərəddüdlərim var idi. Necə deyərlər, hər şeyi zamana buraxdım.

Bir aydan çox vaxt keçdi və nəhayət email hesabıma İstanbul Universitetinin Dövlət və İctimai Hüquq (Kamu Hukuku) ixtisasına qəbul olmağımla əlaqədar mesajın gəldiyini gördüm. Həmin emaildə sizə qəbul aldığınız universitetdən gələn “Kabul Mektubu” və “Bursluluk Taahütnamesi” qoşmada təqdim olunur. Bu sənədlər əsasında siz Türkiyəyə gəldikdən sonra qəbul aldığınız universitetə gedərək qeydiyyat prosesinizi tamamlamalısınız. Onu da qeyd edim ki hər universitetin özünəməxsus qeydiyyat tələbləri var. Yəni bəzi universitetlər qəbul sənədlərini onlayn təqdim etməyi tələb etsələr də (məsələn, mənim universitetim), bəziləri sənədləri universitetə gələrək təqdim etməyi lazım bilirlər.

Qəbul olduğumu bildikdən sonra tək edəcəyim şey çamadanlarımı hazırlayıb İstanbula doğru yola düşmək olsa da təəssüf ki, bu mənə həmin il yox (COVID-19), tam 1 il sonra qismət oldu. Bu 1 il müddət ərzində dərslərimizi, imtahanlarımızı onlayn qaydada tamamladıq. Bunun mənim üçün həm müsbət, həm də mənfi tərəfləri oldu. Belə ki, ən böyük müsbət tərəflərindən biri, bir yandan dərslərimi onlayn qaydada keçərkən bir yandan da işə gedir, özümü daha da təkmilləşdirir, ixtisasımı öyrənməyə çalışırdım. Üstəlik onlayn qaydada keçirilən dərslər universitetimizin AKSİS sistemində qeydə alındığı üçün dərslərə qoşula bilmədiyim zamanlarda sistem üzərindən “arxivlənmiş dərslər” bölməsindən onları yenidən izləyə bilirdim. Vize (bir növ kollokvium) və  final (yarımil imtahanları) qiymətləndirmələrinə gəldikdə isə bu daha çox seçmiş olduğunuz fənni tədris edən müəllimlərin xarakterindən asılıdır.

Belə ki, il ərzində kreditləri tamamlamaq üçün seçdiyim 8 fənnin 1-dən “Bütünləmə Sınavı”na qalmağımı nəzərə almasaq il sonunu yüksək ortalama ilə tamamlaya bildim. Bu uğurumun əsas səbəblərindən biri də müəllimlərin dərslərdə əzbərçiliyə yox, daha çox öz fikirlərimizi ifadə etməyimizə, qarşılıqlı dialoqlar əsasında müzakirə aparmağa önəm vermələri və ən əsası da bizimlə qurduqları səmimi münasibət olmuşdur.