Avropa ölkələrinin əsas miqrasiya problemləri haqqında

Açar sözlər: Avropa İttifaqı, Konvensiya, qaçqın statusu, readmissiya

Xülasə

Qlobal iqlim dəyişikliyi ilə birlikdə dünyanın ən aktual mövzusuna çevrilən miqrasiya probleminin getdikcə daha da böyüməsi təcili həll yollarının tapılmasının tələb edir. Bu tezis xüsusilə, Suriyadan Avropa ölkələrinə 8 ildir davam edən mühacir axını ilə əlaqədar yaranan əsas problemlər və onların həlli yolları ilə bağlı məsələləri əks etdirir.

Keywords: European Union, Convention, refugee status, readmission

Abstract

The growing problem of migration, which has become the most actual issue in the world along with global climate change, requires urgent solutions. This thesis, in particular, illustrates the major problems that have arisen in the eight years of the flow of migrants from Syria to Europe, and their solutions.

 

Məlumdur ki, son 10 il ərzində xüsusilə Yaxın Şərq regionunda hərbi münaqişələrin sayının və əhatə dairəsinin artması həmin bölgədən Avropaya güclü mühacir axını ilə nəticələnmişdir. Bu səbəbdəndir ki, Avropa ölkələrində miqrasiya qanunvericiliyi son illərdə böyük inkişaf yolu keçmiş, müasir dövrün geosiyasi şəraitinə sürətlə uyğunlaşdırılmışdır. Lakin bu sahədə praktiki cəhətdən problemlər də mövcuddur və bu problemlərin həlli üçün həm beynəlxalq müqavilələr, həm də dövlətlərin milli qanunvericilikləri inkişaf etdirilməlidir. Bu tezisdə Avropa ölkələrində miqrasiya prosesləri sahəsində mövcud problemlər və onların həlli üçün təkliflər əks olunacaq.

Miqrasiya prosesləri içərisində qaçqınların statusu ilə bağlı məsələ hər zaman aktual olmuş və dəyişən şərtlərə uyğun olaraq müvafiq sahədəki qanunvericiliyin daim təkmilləşməsini tələb etmişdir. BMT-nin Qaçqınların Statusu haqqında 28 iyul 1951-ci il tarixli Cenevrə Konvensiyası və ona əlavə edilən 1967-ci il Protokolu bu sahədə ən əsas beynəlxalq tənzimləmə vasitələridir. Hal-hazırda Yaxın Şərq regionundan, xüsusilə Suriyadan Avropaya güclü mühacir axını davam edir. 2010-cu ildə başlayan bu axın Avropa ölkələrində iqtisadi, sosial və demoqrafik problemlər yaratmış, bu səbəbdən ölkələrindəki mövcud siyasi qeyri-sabitlikdən qaçaraq leqal və illeqal yollarla Qərbi Avropa dövlətlərinə sığınan milyonlarla mühacirin statusunun müəyyən edilməsi üçün beynəlxalq qanunvericilik çərçivəsində yollar axtarılmağa başlanmışdır. Belə ki, Qaçqınların Statusu haqqında Konvensiyanın Ölkədən çıxarma adlanan 32-ci maddəsi qaçqınların yalnız dövlət təhlükəsizliyinin və ictimai asayişin qorunması səbəblərinə görə ölkədən çıxarıla bilmələri qaydasını müəyyən edir. Qaçqınların gəldikləri ölkəyə göndərilməsinin və ya məcburi qaytarılmasının qadağan olunması adlanan 33.1-ci maddəsinə görə isə Razılığa gələn Dövlətlər irqi, dini, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət, siyasi əqidə səbəblərinə görə həyat və ya azadlığını təhlükə gözləyən ölkənin sərhədlərinə heç vəchlə göndərə və ya qaytara bilməz. Geri qaytarma qadağasından (non-refoulement) istisnalar yalnız üzürlü səbəblərə görə qaldıqları ölkənin təhlükəsizliyi üçün qorxulu sayılan və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkəmənin qüvvəyə minmiş hökmü ilə məhkum olunmuş və ölkə üçün ictimai təhlükə törədən qaçqınlara tətbiq edilə bilər [5]. Digər tərəfdən, Qərbi Avropa ölkələrində radikal sağ partiyaların mühacirlərə qarşı sərt tədbirlər tətbiq edilməsilə bağlı etdikləri çağırışlar vəziyyəti daha da mürəkkəbləşdirmişdir [1, səh.106]. Avropa İttifaqının Dublin Əsasnaməsinin 3.3-cü maddəsi üzv dövlətin 1951-ci il Cenevrə Konvensiyasına uyğun olaraq, sığınacaq üçün müraciət edən şəxsi üçüncü dövlətə göndərmə hüququnun olduğunu təsbit edir [2, səh.155]. Bu səbəbdən həm üzv dövlətlərin öz aralarında, həm də İttifaqa daxil olmayan ölkələrlə readmissiya sazişləri imzalanmışdır. Bu sazişlər içərisində Türkiyə Respublikası ilə 16 dekabr 2013-cü ildə imzalanan readmissiya sazişi xüsusilə mühümdür [4]. Bu Saziş çərçivəsində üzv ölkələrə qanunsuz yollarla gələn mühacirlərin Türkiyəyə göndərilməsi, bunun əvəzində isə Avropa İttifaqının həmin mühacirlərin xərclərinin qarşılanması məqsədilə Türkiyə dövlətinə kompensasiya ödənilməsi və Türkiyə Respublikası ərazisində xüsusi qaçqın düşərgələrində yaşayanların İttifaq ölkələrinə göndərilməsi nəzərdə tutulmuşdur. Lakin müqavilənin imzalanmasından keçən illər ərzində Türkiyə milyonlarla mühaciri qəbul etdiyi halda müqayisədə çox az sayda müvafiq statuslu şəxs Avropaya göndərilmişdir. Türkiyənin hazırda öz ərazisində yaşayan Suriyalı və Asiyanın digər ölkələrindən gələn mühacirlərə qaçqın statusu verməsi də qanuni cəhətdən mümkün deyil. Belə ki, Türkiyə Respublikası 1951-ci il Konvensiyasını qaçqın statusunu verilməsinə dair müddəalara coğrafi məhdudiyyət qoyaraq ratifikasiya etmişdir. Bu məhdudiyyətə əsasən, Türkiyə yalnız Avropa ölkələrindən Konvensiyada göstərilən səbəblərlə Türkiyəyə sığınan şəxslərə qaçqın statusu verə bilər [2, səh.366]. Türkiyə Respublikası Nazirlər Kabinetinin 28 aprel 2011-ci il tarixli qərarı ilə Suriyadan Türkiyəyə sığınan şəxslər üçün müvəqqəti qoruma statusu müəyyən edilmişdir [2, səh.381]. Daxili İşlər Nazirliyi isə 09 aprel 2012-ci il tarixdə Suriyalı mühacirlərin qəbulu və yerləşdirilməsi ilə bağlı xüsusi bir sənəd qəbul etmişdir [3, səh.132]. Milyonlarla mühacirin hal-hazırda Türkiyədə olması və Avropa İttifaqının öhdəliyində olan kompensasiyanı ödəməməsi səbəbiylə Türkiyə Respublikası readmissiya sazişinin icrasını dayandırmışdır. Bu da hələ davam edən mühacir axınının istər Avropa İttifaqı ölkələri, istərsə də Türkiyədə daha böyük problemlər ortaya çıxarmasına zəmin yaradır.

Bu problemin həlli üçün ilkin olaraq, Avropa İttifaqının öhdəsinə götürdüyü kompensasiyanı tam məbləğdə ödəməsi gərəklidir. Bundan əlavə, 1948-ci ildə İsrail dövlətinin yaranması və bölgədəki hərbi münaqişələr səbəbiylə Fələstindən qaçan mühacirlərlə əlaqədar tətbiq edilən üsuldan istifadə edərək problemin ümumi həllini tapmaq mümkündür. Belə ki, həmin dövrdə əvvəlcə BMT Fələstinli Qaçqınlara Yardım Fondu və Yardım Komissiyası təsis etmiş, münaqişənin uzunmüddətli xarakter almasından sonra adıçəkilən 2 orqan Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi altında birləşdirilmişdir [2, səh.302-303]. Beləliklə, həmin qaçqınlar 1951-ci il Konvensiyasının əhatə dairəsindən 1Q maddəsi üzrə xaric olmuşlar. Həmin maddəyə əsasən, Bu Konvensiyanın müddəaları hazırda BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığından başqa, Birləşmiş Millətlər Təşkilatının digər orqanlarının və ya idarələrinin himayəsindən və ya yardımından istifadə edən şəxslərə şamil olunmur [5]. Əgər Suriyalı qaçqınlar üçün də BMT nəzdində oxşar qurum yaradılarsa, bu zaman Konvensiyanın müddəaları onlara tətbiq edilməyəcək və həmin qaçqınlarla bağlı bütün məsələlərin həlli müvafiq orqanın öhdəliyində olacaq. Həmin orqan Suriyalı qaçqınların toplanması üçün bir neçə nöqtədə düşərgələr yaradaraq Avropa ölkələri və Türkiyəni kütləvi mühacir axını və onunla əlaqəli digər problemlərdən qismən də olsa, xilas edə bilər.

Ədəbiyyat siyahısı:

  1. Nazif Mandacı ve Gökay Özerim. Uluslarası göçlerin bir güvenlik konusuna dönüşümü: Avrupada radikal sağ partiler ve göçün güvenlikleştirilmesi. Uluslararası İlişkiler / International Relations, Vol. 10, No. 39 (Güz / Autumn 2013), pp. 105-130
  2. Neva Övünç Öztürk. Mültecinin hukuki statüsünün belirlenmesi. Ankara. 2015
  3. Sibel Yılmaz. Kitlesel akın (sığınma) durumunda geçici koruma rejimi ve asgari muamele standardı. Bursa. 2016
  4. https://ec.europa.eu/home-affairs/what-is-new/news/news/2013/20131216_01_en
  5. Qaçqınların statusu haqqında Konvensiya https://www.migration.gov.az/content/pdf/5acb13dbbab6c_Qaçqınların%20statusu%20haqqında%20konvensiya.pdf

 

Qeyd: Bu məqalə Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının doktorantı Elvin Əliyev tərəfindən təhsil prosesi çərçivəsində yazılmışdır.

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.