Evtanaziya: “Ölmək hüququ”na yanaşmanın hüquqi aspektləri

Evtanaziya – ilk baxışda bu söz hər kəs üçün aydın olmasa da, bu məfhumla bağlı çoxsaylı filmlər çəkilmiş, dünya ictimaiyyətində bir çox məşhurun öz həyatlarına “asanlıqla” son qoymaq üçün onun qanuni olduğu ölkələrə üz tutmaları barədə fərqli xəbərlər paylaşılmışdır.

“Evtanaziya” sözü tərcümədə ümumi olaraq “yaxşı ölüm” mənasında işlənir, yəni şəxsin öz xahişi ilə həyatına ağrısız son verilməsindən ibarətdir. Bəs bu məsələyə hüquqi və tibbi baxımından necə yanaşılır?

“Ümumdünya İnsan Hüquqları haqqında Bəyannamə”nin 3-cü maddəsinə əsasən hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Tarixən nəzəriyyəçilərin araşdırmalarından da məlum olduğu kimi birinci nəsil insan hüquqlarına aid edilən və “təbii hüquq” olan yaşamaq hüququ insanın ən təməl hüquqlarındandır. Təkcə adıçəkilən bəyannamədə deyil, yüzlərlə insan hüquqları sahəsində qəbul edilmiş beynəlxalq sənədlərdə yaşamaq hüququnun nə dərəcədə önəmli olması öz əksini tapmışdır. Məlumdur ki, dövlətlər beynəlxalq konvensiyaları qəbul edib öz hüquq sistemlərinə daxil etdikdə bu sənədlərdə əksini tapan bütün öhdəlikləri  təmin edəcəklərini qəbul edirlər. (1)

İnsan həyatının universal səviyyədə qorunmasından başqa bəs şəxsin özü həyatından imtina etmək hüququna malikdirmi? Evtanaziya, başqa sözlə desək, “ölmək hüququ” qanuni olmalıdırmı?

Evtanaziyadan danışarkən hüquq və tibb sahələri əlaqəli çıxış edir və fikirlər müxtəlif yerə ayrılır. 1987-ci ilin oktyabr ayında İspaniyanın Madrid şəhərində keçirilmiş   38-ci Ümumdünya Tibb Assambleyasında qəbul edilmiş “Evtanaziya haqqında Bəyannamə”də deyilir: “Evtanaziya, hətta xəstənin öz xahişi ilə və ya xəstənin  yaxın qohumlarının tələbi ilə həyatına qəsdən son qoyulması olsa belə qeyri-etikdir”. (2)

Həmin təşkilatın Marbella (İspaniya) şəhərində qəbul edilmiş “Həkimlərin Yardımlı İntiharlara dair Bəyanatı”nda isə qeyd edilir ki, həkimlərin köməyi ilə intihar evtanaziya kimi qeyri-etikdir və tibb peşəsi tərəfindən pislənilməlidir. (2)

Elmi ictimaiyyətdə evtanaziyanın leqallaşdırılması ilə bağlı müxtəlif fikir ayrılıqları mövcuddur. Belə ki, evtanaziyanın əleyhinə olanlar məsələyə tibbi yönümdən yanaşdıqda qeyd edirlər ki, təbabətdə xəstəliyin qəti şəkildə sağalmaz olduğunu müəyyən etmək mümkün deyil. Hər birimiz dəfələrlə tibb işçiləri tərəfindən pasiyentin yaşamaq ehtimalının az olduğunu eşitsək də, belə xəstələrin dəfələrlə sağlamlıqlarını bərpa edib uzun illər yaşadıqları halları görmək mümkündür. Beləliklə, evtanaziyanın əleyhdarları xəstəliyin sağalmazlığı ilə bağlı tibbi səhvin mümkünlüyü, xəstənin yanlış təsəvvürü ilə onun yolverilməzliyini əsaslandırırlar.(4) Xəstənin sağlamlıq vəziyyətini qeyri-adekvat qavrayaraq ölümcül qərar qəbul etməsi, tibb işçiləri və digər aidiyyəti şəxslər tərəfindən evtanaziyadan sui-istifadənin mümkünlüyü əsas sual doğuran məqamlardandır. Bu baxımdan, sağalması qeyri-mümkün görünən bir xəstə üçün evtanaziyanın həyata keçirilməsi heç bir şəraitdə qəbuledilməzdir.

Digər qrup – evtanaziyanın qanuni olmasının tərəfdarları isə xəstənin həyat keyfiyyətini, ləyaqətli ölümünü, yaxınlarının iztirablarının bitməsini, pasiyentin əzablarına son qoymağın humanistliyini əsas gətirərək, “yaxşı ölüm”ü dəstəkləyirlər. Onlar bu halı  insanlığın ən yüksək səviyyəsinin təzahürü hesab edirlər və evtanaziyanın mümkün olduğu halların siyahısını müəyyən edirlər.

Evtanaziya və ya həkim köməyi ilə intihara qarşı olmaq arqumenti təxminən 2500 il əvvələ aid Hippokrat andıdır. Bütün həkimlər bu andı içirlər. Orijinal andda digər ifadələrlə yanaşı, aşağıdakı sözlər də var idi:

“Mən nə onu istəyənə ölümcül dərman verməyəcəyəm, nə də bu barədə bir təklif verməyəcəyəm”. Təbii ki Hippokratın dövründən bəri dünya çox dəyişib, orijinal andın köhnəldiyini düşünən dövlətlər müasir andın fərqli versiyalarından istifadə edirlər. (3)

Evtanaziya uzun müddətdir ki, mübahisəli və həssas mövzudur. Əksər ölkələrdə evtanaziya qanuna ziddir və sanksiyasında azadlıqdan məhrumetmə cəzasını ehtiva edə bilər. ABŞ-da qanun ştatlar arasında dəyişir.

Evtanaziyanın qanuni olduğu ölkələrdə ölümlərin nisbəti 5 faizdən yuxarı keçmir. Statistikaya əsasən Oreqon və Vaşinqton ştatlarında hər il 1 faizdən az tibb işçisi intihara kömək edir.

Evtanaziya məsələsi birbaşa beynəlxalq hüquqla tənzimlənmir. BMT səviyyəsində qəbul edilmiş qanunvericilik aktları nəinki həyatdan məhrum etməni tanımır, eləcə də intihara köməklikdən ən çox təsirlənən xəstələr, əlillər və uşaqlar üçün müdafiələr təmin etməklə bu anlayışı dolayısı ilə rədd edir. Əksinə, BMT-nin müxtəlif komitələri daima bu hüququn qanuni tətbiq olunduğu ölkələrlə bağlı öz narahatlıqlarını ifadə ediblər. Misal üçün BMT-nin İnsan hüquqları Komitəsinin Niderland üzrə Yekun müşahidələrində deyilir ki, “Komitə iştirakçı dövlətdə evtanaziya və intihara köməklik halları ilə bağlı narahatlığını davam etdirir. Komitə bununla bağlı əvvəlki tövsiyələrini təkrarlayır və Paktın yaşamaq hüququnun tanınması fonunda bu qanunvericiliyə yenidən baxılmasını tələb edir. (2)

“Uşaq hüquqları haqqında Konvensiya”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”da birbaşa olaraq konvensiyanın subyekt dairəsinin digərləri ilə bərabər əsasda yaşamaq hüququnun vacibliyini vurğulayır.

Ölkəmizdə də qanunverici evtanaziya məsələsinə toxunmuş, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda evtanaziyanın qadağan olunması,  Azərbaycan Respublikasının Cinayət Məcəlləsində isə “Həyat və sağlamlıq əleyhinə cinayətlər” fəslində xüsusi maddədə öz əksini tapmışdır.

Yekun olaraq qeyd etmək istərdim ki, evtanaziyanın qanuniliyi barədə qərar qəbul edilərkən təkcə tibb və hüquq sahəsi deyil, fəlsəfə, etika, sosial elmlər araşdırılmalı, onların təməl elementləri müəyyən edilməlidir. Evtanaziya sui-istifadəyə açıq bir anlayış olduğundan, bu ifadəyə dəqiqliklə yanaşmaq lazımdır. Xüsusən də tibbin sürətli inkişafı etdiyi bir dövrdə xəstəliyin nə dərəcədə həyati əhəmiyyətli olması günü-gündən öz əhəmiyyətini itirir. Bundan əlavə, xəstənin xəstəliyinin təsiri altında belə bir qərar verib-verməməsini sübut etmək də diqqət mərkəzində olan məqamlardan biri hesab oluna bilər. (4)

İstifadə edilmiş ədəbiyyat

  1. BMT Baş Assambleyası, Ümumdünya İnsan Hüquqları haqqında Bəyannamə, 10 dekabr 1948-ci il, 217 A (III), keçid: https://www.refworld.org/docid/3ae6b3712c.html [giriş tarixi 03 oktyabr 2022-ci il]
  2. BMT-nin İnsan Hüquqları Komitəsinin hesabatı. 1-ci cild, 94-cü sessiya (13-31 oktyabr 2008); 95-ci sessiya (16 mart-3 aprel 2009-cu il); 96-cı sessiya (13-31 iyul 2009). A/64/40 (Vol. I) keçid: www.refworld.org/topic,50ffbce582,50ffbce5d6,4cb3fcaa2,0,HRC,,ESP.html [giriş tarixi 07 oktyabr 2022-ci il]
  3. Assisted Death: A Study in Ethics & Law.  L.W. Sumner,  Oxford University Press;  2011, L.V.Sumner, 11 dekabr 2012; 184(18): E983–E984, keçid: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3519151/ [giriş tarixi 07 oktyabr 2022-ci il]
  4. Prof.Dr. Mehmet Emin ARTUK, Arş.Gör. A. Caner YENİDÜNYA. Dokuz Eylül Universitesi. Ötenazi, keçid: https://hukuk.deu.edu.tr/wp-content/uploads/2020/01/Artuk-Yenidunya1.pdf [giriş tarixi 07 oktyabr 2022-ci il].

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.