Tanınmış şirkətlərdə kütləvi ixtisarlar: Azərbaycan qanunvericiliyi üzrə qısa analiz

Son günlərdə bir neçə iri və tanınmış şirkətlərdə kütləvi ixtisarların olduğu xəbərləri yayılır. Nümunə olaraq Elon Musk tərəfindən satın alınan “Twitter”i göstərə bilərik. Elon Muskdan sonra Mark Zukerberq tərəfindən də Metada işçilərin işdən çıxarılması xəbəri yayılmışdır. Bəs görək işçilərin işdən kütləvi şəkildə çıxarılması, kütləvi ixtisar məsələsi daxili qanunvericilikdə necə tənzimlənir? Bu proses qanunidirmi? Kütləvi şəkildə ixtisara hansı hallarda yol verilir?

Azərbaycan Respublikasının Əmək Məcəlləsində kütləvi işdən çıxarılma/ixtisarla bağlı məcəllənin 63-cü maddəsində qeyd olunmuşdur. “Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi”nə dair bu maddədə göstərilir ki, mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. Burada “əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi” dedikdə, müvafiq müəssisəyə mülkiyyət hüququ yaranan gündən üç ay ərzində eyni zamanda və ya ayrı-ayrı vaxtlarda işçilərin ümumi sayı:

  • 100 nəfərdən 500 nəfərədək olduqda onların 50 faizindən çoxunun;
  • 500 nəfərdən 1000 nəfərədək olduqda onların 40 faizindən çoxunun;
  • 1000 nəfərdən artıq olduqda onların 30 faizindən çoxunun yeni mülkiyyətçi və ya onun təyin etdiyi işəgötürən tərəfindən bu Məcəllənin 70 (İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları), 73 (Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) və 75-ci (Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi) maddələrində müəyyən edilmiş əsaslarla əmək müqavilələrinin ləğv edilməsi başa düşülməlidir.

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.