Zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib

Zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə 411 nömrəli qərar imzalayıb.

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin qərarı ilə zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobillərinin idxal gömrük rüsumu 15%-dən 0%-ə, elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxal gömrük rüsumu isə 5%-dən 0%-ə endirilib.

Həmçinin, bundan əvvəl Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunub.

Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən 5-ci – təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” Milli Prioritetinə uyğun olaraq Vergi Məcəlləsinə müvafiq dəyişikliklər aparılıb və 2022-ci ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da əlavə dəyər vergisindən azad edilib. Qeyd etmək lazımdır ki,  2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 3 il müddətinə əlavə dəyər vergisindən azad olunub.