Xülasə: Miqrasiya prosesləri hər nə qədər yerli normativ hüquqi aktlar və beynəlxalq müqavilələr ilə tənzimlənsə də, burada hüquqdan kənar amillərin araşdırılması da vacibdir. Bir proses və fenomen kimi miqrasiya həm də iqtisadiyyat, sosiologiya, politologiya və digər elm sahələri tərəfindən öyrənilməkdədir. Bu məqalə digər elmlərin miqrasiya proseslərinə dair yanaşmalarını müzakirə edir.
Açar sözlər: mərhələ, miqrant, xalq, yanaşma, qəbul edən ölkə
Tarixə nəzər salsaq, miqrasiya prosesləri ilə bağlı məsələlərin inzibati-hüquqi tənzimlənməsinin hər zaman müəyyən amillərin təsiri altında baş verdiyini görə bilərik. Dövlətdə və cəmiyyətin siyasi həyatında baş verən dəyişikliklər, sosial vəziyyət, eləcə də qlobal səviyyədə yeni münasibətlərin yaranması istər-istəməz miqrasiya proseslərinə də təsirsiz ötüşmür. Müvafiq dəyişikliklər həm beynəlxalq, həm də milli miqrasiya qanunvericiliklərində öz əksini tapır və bu əsasa görə biz deyə bilərik ki, miqrasiya məsələləri daim müxtəlif faktorların təsiri altındadır. Bu tendensiya özünü əsasən miqrasiya hüququnun ən vacib elementlərindən biri olan qaçqın statusu və onun tanınması məsələsində göstərir. Məsələn, 1789-cu il Fransa inqilabından sonra çoxlu sayda fransız aristokrat ölkədən qaçaraq qonşu dövlətlərə sığınmışdır. Həmin dövlətlər sığınacaq istəyənlərin əksəriyyətinin varlı şəxslər olması və ölkələrinin inkişafına töhvə verə bilmə imkanları səbəbiylə onları qeyd-şərtsiz qəbul etmiş və geniş hüquqlar tanımışdır. Lakin Avropadakı inqilabi hərəkatların gedişində aşağı təbəqədən olan şəxslərin də öz ölkələrindən qaçması qaçqınları qəbul edən dövlətləri bu sahədə məhdudlaşdırıcı siyasət yürütməyə sövq etmişdir [5, 240-241].
Miqrasiya ilk baxışda fərdin yerdəyişməsi olaraq görünsə də, əhatə dairəsi və nəticələri baxımında qlobal səviyyədə böyük əhəmiyyətə malikdir. Belə ki, yaşadığı və vətəndaşı olduğu ölkədən köç edən şəxs təkcə özünün həyatını dəyişdirmir, həm də sonrakı nəsillərə öz təsirini göstərir. Miqrasiya prosesləri miqrantları qəbul edən ölkələrin də mövcud sosial, siyasi, iqtisadi və hüquqi vəziyyətini dəyişdirə bilir.
Ümumilikdə, beynəlxalq miqrasiya sosial cəhətdən araşdırıldıqda 2 əsas istiqamət ön plana çıxır. İlk növbədə, miqrasiyanın müəyyənedici faktorları, prosesləri və modelləri öyrənilir. İkinci istiqamət isə miqrantların köç etdikləri ölkəyə və cəmiyyətə inteqrasiya olmalarının müxtəlif üsullarının araşdırılmasına fokuslanır. Ancaq qeyd etmək lazımdır ki, bu cür bölgü sünidir və müəyyən mənfi nəticələri ola bilər. Çünki miqrasiyanı bir elm kimi nəzərə aldıqda onun yalnız 2 istiqamətdə araşdırılması təbii ki, reallıqdan uzaq görünəcək. Xüsusilə də, ikinci istiqamət üzərində dayansaq, onun eyni zamanda həm miqrantın tərk etdiyi ölkə, həm də onu qəbul edən ölkə üçün nəticələrin öyrənilməsinin vacib olduğu görünür. Hər bir halda miqrasiya beynəlxalq səviyyədə təsir gücünə malik bir çox faktor və münasibətlər qrupunu özündə cəmləşdirən bir proses kimi çıxış edir [21, 20]. Elə buna görə də miqrasiya prosesləri ilə bağlı araşdırmalar təkcə hüquq elmində deyil, həm də tarix, sosiologiya, iqtisadiyyat, politologiya, psixologiya, coğrafiya və s. kimi digər elm sahələrində də aparılır.
Bildirmək lazımdır ki, bir proses kimi miqrasiya bu və ya digər səbəbdən köç edən şəxsin hədəf olaraq seçdiyi ölkənin sərhədlərinə gəlməsi ilə deyil, çox əvvəldən başlanır. Belə ki, miqrantın öz ölkəsində üzləşdiyi çətinliklər və bunların fonunda miqrasiya etmək qərarını verməsi prosesin ilkin mərhələsini təşkil edir. Nəzəriyyədə əvvəlcə miqrantın vətəndaşı olduğu və ya daimi yaşadığı ölkədəki siyasi, iqtisadi, sosial və mədəni vəziyyətə diqqət yetirilir. Çünki ölkədəki vəziyyət məhz miqrasiyanı şərtləndirən əsas amil kimi çıxış edir [23, 4]. Daha sonra isə miqrantın özünün iqtisadi, sosial və siyasi durumu araşdırılır. İkinci mərhələdə köç etmək niyyəti olan şəxsin bu istəyinin arxasında konkret olaraq hansı səbəblərin dayandığı öyrənilir. Bu səbəblərin bir tərəfində əsas etibarilə iş imkanlarının azlığı, təqiblərə məruz qalma, təbii fəlakətlər və risk edərək yeni həyata başlama arzusu dayanır. Digər tərəfə baxdıqda isə əgər ölkədə işsizlik çox aşağı səviyyələrdə olması, vətəndaşın və orada daimi yaşayanların hüquq və azadlıqlarının, təhlükəsiz yaşamalarının təmin edilməsi və sıx ailə dəyərləri köç niyyətində olan şəxsi bu fikirdən uzaqlaşdıran faktorlar kimi gözə çarpır. Buna elmi ədəbiyyatda push-pull modeli adı verilmişdir [21, 22].
3-cü mərhələdə artıq yola çıxmış şəxsin öz yaşadığı yeri tərk etməsi və hədəf ölkəyə çatması ilə bağlı məsələlər araşdırılır. Miqrantın vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəni tərk etməsi planlı və ya plansız, könüllü və ya məcburi, hüquqi və ya qeyri-hüquqi, təhlükəsiz və ya təhlükəli, asan və ya çətin formalarda ola bilər [23, 4]. Bunların hər birini qısa şəkildə izah edə bilərik. Planlı və ya plansız miqrasiya şəxsin buna əvvəlcədən nə dərəcədə hazırlıqlı olub olmaması ilə əlaqəlidir. Planlı köç adətən iqtisadi səbəblərdən yaranır. Bu zaman şəxs köç prosesinə nə zaman başlayacağını, hansı ölkəyə gedəcəyini, hansı üsulla gedəcəyini öncədən planlaşdıraraq yola düşür. Əksinə, plansız miqrasiya çox zaman təqiblər və təbii fəlakətlər nəticəsində ortaya çıxır. Bu halda köç etmək istəyən şəxs üçün əsas məqsəd yaşadığı yeri ən qısa müddətdə tərk etməkdir. Könüllü miqrasiya adından da göründüyü şəxsin öz istəyi və arzusu ilə baş verir və onun iradə ifadəsinə əsaslanır. Məcburi miqrasiya isə şəxsin bu və ya digər səbəbdən vətəndaşlıqdan məhrum edilməsi və ölkədən sürgün edilməsi ilə baş vermiş olur. Konkret bir tərif versək, məcburi miqrasiyanı təbii və ya texnogen səbəblərdən qaynaqlanan həyat və dolanışıq üçün təhdidlər daxil olmaqla, bir məcburetmə elementinin mövcud olduğu köç aktı kimi nəzərdən keçirə bilərik [25]. Bəzən bununla bağlı “digər tərəfdəki cənnəti axtarmaq üçün deyil, yaşadıqları cəhənnəmdən qaçmaq üçün köç edənlər” şəklində ifadəyə rast gəlmək mümkündür [10, 8]. Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin I və II hissələrinə əsasən AR vətəndaşı heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməz və o Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz [1, 18]. Hüquqi və qeyri-hüquqi köç anlayışları miqrantın yaşadığı ölkənin dövlət sərhədlərini tərk etməsinin və hədəf seçdiyi ölkənin sərhədlərinə daxil olmasının milli qanunvericilik və dövlətlərarası razılaşmalara uyğun olub-olmamasını ifadə edir. Əgər şəxs sərhəd keçid məntəqəsindən kənarda və ya saxta sənədlərlə sərhəd keçid məntəqəsindən keçib ölkəni tərk edir və getdiyi ölkəyə də bu yollarla daxil olursa, bu köç qeyri-hüquqi hesab olunur. Hüquqi miqrasiya isə şəxsin ölkəni tərk etməsi və digər dövlətin ərazisinə daxil olması ilə bağlı bütün hüquqi tələbləri yerinə yetirməsi ilə bağlıdır. İşin hüquqi tərəfinə baxsaq, Konstitusiyanın azadlıq hüququ adlanan 28-ci maddəsinin III və IV hissələrində Azərbaycan Respublikası vətəndaşının istədiyi zaman ölkədən və ölkəyə qayıtması hüququ təsbit edilmişdir [1, 11]. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9-cu maddəsində də bu hüquq bir daha əks olunmuş, eyni zamanda həmin maddənin II hissəsində AR vətəndaşının ölkədən getmək və ölkəyə gəlmək hüququnun məhdudlaşdırılması qadağan edilmişdir. Miqrasiya Məcəlləsinin 3-cü fəslində Azərbaycan Respublikası vətəndaşlarının, 4-cü fəslində isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin AR-a gəlib getmə qaydaları müəyyən olunmuşdur [2].
Təhlükəsiz və təhlükəli miqrasiya növləri yuxarıda haqqında danışdığımız hüquqi və qeyri-hüquqi miqrasiya ilə sıx əlaqəlidir. Əsasən qeyri-hüquqi miqrasiyanı həm də təhlükəli miqrasiya hesab edə bilərik. Çünki şəxs bu zaman özbaşına və başqalarının köməyi ilə sərhəd keçid məntəqəsindən müəyyən olunmuş dövlət sərhədlərini keçməyə çalışır. Buna tipik misal kimi Yaxın Şərq və Şimali Afrikadan Avropaya köç edənlərin qaçaq yolla Aralıq dənizini keçmək cəhdlərini qeyd edə bilərik. Təəssüf ki, çox zaman bu cəhd onlar üçün uğursuzluqla nəticələnir və baş verən qəzada həyatlarını itirirlər. Hüquqi miqrasiya isə köç edən şəxs üçün təbii ki, ən rahat və təhlükəsiz üsuldur.
Miqrantın qonaq ölkəyə gəlişinin də oxşar növləri vardır ki, bunların içərisində rahat və travmatik səfər, birbaşa və dolayı səfər növlərini xüsusilə qeyd etməyə ehtiyac var. Rahat səfər şəxsin ciddi problemlə rastlaşmadan səfərini tamamlayıb qonaq ölkəyə çatması ilə şərtlənir. Travmatik səfər isə yolboyu həm fiziki, həm də psixoloji gərginlik keçirməklə əlaqəlidir. Bu həm də təyinat ölkəsinə çatdıqdan sonra yeni cəmiyyətə və həyat tərzinə adaptasiya ola bilməmək, “culture shock” yaşamaqla da xarakterizə olunur [23, 10]. Qonaq ölkəyə birbaşa səfər köç edən şəxsin vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəni tərk edərək 3-cü bir dövlətin ərazisinə daxil olmadan qonaq ölkəyə çatmasını ifadə edir, yəni burada miqrant hər hansı bir ölkə ərazisindən tranzit kimi istifadə etmir. Dolayı səfər zamanı isə, ki bu adətən uzaq ölkələrə miqrasiya zamanı baş verir, şəxs bir və ya bir neçə dövlətin ərazisindən keçərək qonaq ölkəyə çatmış olur.
Miqrasiya prosesində 4-cü mərhələ isə reaksiya adlanır və özündə həm köç edən şəxsin əlində olan resursları, həm də onu qəbul edən dövlətin hazırlıq səviyyəsini birləşdirir. Miqrantın resurslarına onun psixoloji dayanıqlılığı, sosial dəstək, dil və peşə hazırlığı, iqtisadi resursları və s. aiddir. Təəssüf ki, bəzən bu resurslar sırasına dərinin rəngi əlaməti də aid edilir ki, bu da bəzi dövlətlərdə sosial səviyyədə irqçiliyin qalmasına işarədir. Qəbul edən ölkənin hazırlıq səviyyəsinə isə 3 əlamət daxil edilir: imkanlar, manelər və xidmətlər [23, 4]. Miqrasiya proseslərinə reaksiyanın yuxarıda qeyd etdiyimiz iki əsas elementi və onların tərkibinə daxil olan əlamətlər bir-birini şərtləndirir və qarşılıqlı təsirə malikdir. Miqrantların resurslarını analiz etsək, ilk növbədə psixoloji dayanıqlığın həm uzun müddət yaşadığı ölkəni tərk edə bilmək məsələsində, həm də getdiyi ölkəyə inteqrasiya olunmaqda çox mühüm əhəmiyyət kəsb etdiyini görə bilərik. Əgər köç edən şəxs psixoloji cəhətdən bu prosesə hazır deyilsə, bu hal onun üçün həm vətənini tərk edən zaman, həm də yeni ölkənin cəmiyyətinə, həyat tərzinə inteqrasiya olma zamanı böyük çətinliklər ortaya çıxaracaq. Təhsil səviyyəsi və dil hazırlığı inteqrasiya prosesində əsas faktorlardan biri kimi çıxış edir, miqrantın yeni köçdüyü ölkənin dilini öyrənməsi və həmin ölkədə yaşayanlarla daha asan ünsiyyət qurmasını şərtləndirir.
Bundan əlavə, miqrantın əvvəlki ölkədə hansı sahə üzrə ixtisaslaşması, xüsusən də tərk etdiyi ölkənin aqrar və ya sənayə ölkəsi olması da şəxsin yeni ölkədə özü üçün iş imkanları əldə etməsində əhəmiyyətli rola malikdir. Lakin miqrantın yüksək dil bilikləri və peşə hazırlığına sahib olması onun yeni ölkədə qısa zamanda öz təhsil səviyyəsi və bacarıqlarına uyğun iş tapa biləcəyi anlamına gəlmir. Ölkədən asılı olaraq şəxsin hansı sinif və təbəqəyə məxsus olması da bəzən bu məsələdə rol oynaya bilir.
Qəbul edən ölkələrin hazırlıq səviyyəsi baxımından miqrasiya proseslərinə yanaşdıqda isə həmin ölkələrin cəmiyyətlərinin xarakteri, həyata keçirdikləri miqrasiya siyasəti, iqtisadi və sosial vəziyyət müxtəlif olduğundan burada vahid bir fikir söyləmək yanlış olardı. Çünki bəzi ölkələr və bütövlükdə cəmiyyət miqrasiya axınına daha tolerant yanaşdığı halda digər qrup ölkələr üçün eynisini deyə bilmərik. Dövlətin iqtisadi və sosial vəziyyəti, göstərilən xidmətlərin kəmiyyət və keyfiyyət dərəcəsi, əhalinin sayı və eyni zamanda köç edən fərdi şəxs və ya bir qrup insanın gəldikləri ölkənin beynəlxalq aləmdəki nüfuz səviyyəsi və s. faktorlar miqrantlara qarşı göstərilən mənfi və ya müsbət münasibəti şərtləndirmiş olur [23, 10-11].
Miqrasiya prosesinin nəhayət beşinci mərhələsi qəbul edən ölkənin həyat tərzi və mədəniyyətinə adaptasiya və bundan doğan nəticələrlə bağlıdır. Bu mərhələdə mədəni uyğunlaşma və assimilyasiya, inteqrasiya, bölünmüş assimilyasiya, yaşayış yeri, təcrid olma və cəmiyyətdən kənarlaşdırılma, rədd olunma kimi elementlər çıxış edir. Bundan yaranan nəticələr bölməsinə isə ictimai siyasət və hüquq, səhiyyə, sosial rifah səviyyəsi, təhsil və təlim, sosial-iqtisadi inkişaf, özəl və ictimai sektor xidmətlərinin inkişafı kimi məsələlər daxildir [23, 4]. Həmçinin, onu da qeyd etmək lazımdır ki, miqrantların təyinat ölkəsində ictimai təşkilatlanması onların sosial adaptasiyası üçün mühüm əhəmiyyətə malikdir və prosesin tərkib hissəsi kimi qəbul olunur. Mədəniyyət ocaqlarının təşkili, icmaların yaradılması və s. bu kimi addımlar yerli vətəndaşlarla əlaqənin daha rasional qurulmasına xidmət edir [14, 96]
Miqrasiya prosesinə təsir edən amillər nəzəriyyə və yanaşmalar formasında öyrənilir və burada iqtisadi nəzəriyyə, tarixi-struktur nəzəriyyəsi, transmilli nəzəriyyə və bundan qaynaqlanan etnik, cinsi, irqi və digər yanaşmalar mövcuddur [22, 36]. Bunların hər biri miqrasiyanı özünəməxsus tərzdə bir proses kimi nəzərdən keçirir və öyrənir. Eyni zamanda miqrasiyanın daxili və xarici növlərə təsnifi də onun empirik analizinə təsir edir və beləliklə, nəzəriyyələrin və modellərin sayı artmış olur. Burada xüsusilə beynəlxalq miqrasiya nəzərdən keçirildiyi zaman analiz edilən faktorların dairəsi də genişlənir. Son dövrlərdə miqrasiyaya dair əsas nəzəriyyələrin Massey, Heller və Bürkner (XX əsrin 90-cı illəri), Pries və Bӓhr (2000-ci illər) tərəfindən inkişaf etdirildiyini söyləyə bilərik . Bu çərçivədə ilk əvvəl miqrasiyanın klassik nəzəriyyəsi barədə danışmalıyıq [22, 37].
Klassik nəzəriyyə miqrasiya proseslərinin ən qədim nəzəriyyəsi və ya yanaşması kimi 1885-ci ildən istifadə olunmaqdadır. İngilis-alman əsilli coğrafiyaçı Ernest Corc Ravenştayn tərəfindən hazırlanan “miqrasiyanın qanunları” adı altında bu nəzəriyyə irəli sürülmüşdür. Bu mərhələdən sonra klassik nəzəriyyə başlığı altında və yuxarıda haqqında danışdığımız push-pull modelinin təsiri ilə təklif edilən hipotezlərin ümumi məqsədi miqrasiya proseslərini iqtisadi, siyasi və sosial faktorlardan yaranan emiqrasiya, immiqrasiya və qayıdışdan ibarət olan təktərəfli və ya ikitərəfli hərəkət kimi izah etmək idi. XX əsrin ikinci yarısında formalaşan neoklassik iqtisadi nəzəriyyə isə ölkələr arasında əmək haqqı və iş şəraiti cəhətdən ortaya çıxan fərqlərə görə miqrasiyanı fərdin qərarı kimi öyrənməyə başladı. Əlbəttə, müasir dövrün yanaşmaları təkcə əmək bazarına deyil, kapital bazarı, işsizlikdən sığorta bazarı və digər iqtisadi elementlər üzərində də fokuslanırlar [22, 37].
Burada ikili əmək bazarı, dünya sistemləri və dünya cəmiyyətləri kimi bir neçə yanaşma vardır ki, bunlar makro səviyyədəki qüvvələrə daha çox diqqət yetirirlər. Yəni, ayrı-ayrı ölkələrin iqtisadi, siyasi və s. cəhətdən mövcud vəziyyəti deyil, qlobal səviyyədə sənayedə və iqtisadiyyatın digər bölmələrində baş verənlər əsas faktorlar kimi nəzərə alınır. Məsələn ikili əmək bazarı yanaşmasına görə immiqrasiya müasir sənaye iqtisadiyyatının struktur tələbləri ilə əlaqəlidir. Dünya sistemləri yanaşmasına görə isə milli sərhədlər boyunca yayılan iqtisadi qloballaşma və bazara nüfuz proseslərinin təbii nəticəsi kimi miqrasiya ortaya çıxmış olur. Mədəni qloballaşma və insanları öz mədəni dəyərlərini paylaşma tendensiyası isə dünya cəmiyyətləri yanaşmasının əsasını təşkil edir [22, 37]. Ümumilikdə neoklassik nəzəriyyə üzərində dayanmanın əhəmiyyətli olduğunu düşünürük.
Burada ilk növbədə iqtisadi amilləri gözdən keçirə bilərik. Bir çoxları miqrasiyanı böyük ölçüdə iqtisadi əsaslarla dəyərləndirir və bu prosesin sırf iqtisadi mənafelərə söykəndiyini hesab edir. Yəni insanlar işsizlik kimi iqtisadi problemlərini həll edə bilmək üçün miqrasiya etməyi seçir və başqa dövlətlərdə imkanlar axtarırlar [8, 170]. Miqrantları qəbul edən ölkə vətəndaşları üçün isə onlar iş yerlərini tutur, cinayətkarlığı artırır və yerlilərin daha yaxşı istifadə edə biləcəyi xidmətlər miqrantlar üçün də əlçatan olur. Bu cür düşüncə elmdə ksenofobiya adlanır və ksenofobik reaksiyalar xüsusilə iqtisadi böhran zamanı daha çox ön plana çıxır [9, 1]. Ancaq neoklassik nəzəriyyəni sırf iqtisadiyyat üzərindən dəyərləndirmək bizi yanlış istiqamətə yönləndirə bilər. Çünki yuxarıda qeyd etdiyimiz ikili əmək bazarı, dünya sistemləri kimi yanaşmalar neoklassik nəzəriyyədən törəmişdir və bilirik ki, bu yanaşmalar iqtisadiyyatdan kənardakı faktorları da nəzərə alır. Bu fikri neoklassik nəzəriyyənin iqtisadçılardan əlavə həm də sosioloqlar, demoqraflar və coğrafiyaçılar tərəfindən istifadə olunması təsdiq etmiş olur. Yenə də bu nəzəriyyənin əsas iddiası odur ki, təyinat ölkəsindəki mövcud əmək haqqı səviyyəsi və iş imkanları barədə potensial miqrantlar məlumata malik olur və məhz bu məlumatlar əsasında onlar köçlə bağlı son qərarı verirlər. Beləliklə, fərdlərin qərarları iqtisadi faktorlara söykənmiş olur, hökumətlər tərəfindən tətbiq edilən məhdudiyyətlər nəzərə alınmır. Bunlar neoklassik nəzəriyyənin mərkəzində “insan kapitalı” konseptinin dayandığını göstərir.
Adıçəkilən nəzəriyyədə yer alan digər bir fikir isə odur ki, köç edən fərdlər bu prosesdən maksimum şəkildə fayda götürməyi hədəfləyir və bunun üçün çalışırlar. Neoklassik nəzəriyyənin araşdırmaları immiqrantların maliyyə resursları, rəqabət halında ölkələrin hüquqi immiqrasiya tənzimləmələri və ev sahibi ölkənin emiqrasiya qaydaları çərçivəsində məhdudlaşır. Xüsusilə, rəqabət halındakı ölkələrin immiqrasiya tənzimləmələri əhəmiyyət kəsb edir, çünki bu ölkələr immiqrasiya prosesində maraqlıdırlar və bu məqsədlə tətbiq etdikləri güzəştlər bir növ “miqrasiya təklifi” xarakteri daşıyır [21, 22]. Gördüyümüz kimi, bu nəzəriyyədə digər amillərin də rolu olsa da, mərkəzdə dayanan əsas faktorlar məhz iqtisadiyyatla bağlıdır. Qeyd etdiyimiz fikir ABŞ-ın görkəmli miqrant iqtisadçılarından biri Corc Borjasa məxsusdur. Müəliffin iddiasına görə bu yanaşma çox aydın ifadə olunur və empirik cəhətdən yoxlanması da çox asandır. Borjas dünyanın müxtəlif regionlarındakı miqrant axınlarını köç edənlərin “yaşamaq üçün ən yaxşı ölkə”ni axtarmaları ilə əlaqələndirir. O, həmçinin iddia edir ki, uzun müddətdə bu cür axınlar ölkələr arasında bərabər əmək haqqı və iş şəraitinin formalaşmasına təkan vermiş olacaq. Ancaq bununla birlikdə prosesin immiqrant qəbul edən ölkələrdə çalışan az əmək haqqı alan və aşağı peşəkarlıq səviyyəsinə malik işçilər üzərində mənfi təsirlərinin olması da istisna edilmir [6, 461].
Digər bir ABŞ iqtisadçısı Beri Çisvik isə köç edənlərin əsasən yüksək ixtisas biliyi və peşə hazırlığına malik şəxslər olduqlarını, öz qabiliyyət və bacarıqlarının əvəzini daha tez əldə etdiklərini bildirir. Üstəlik onların köç etməsi vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkə üçün yaxın gələcəkdə mənfi nəticələr yarada biləcək “beyin axını”na da səbəb olur [7]. Tərkibindəki bu cür fərqli yanaşmalar bir tərəfə, neoklassik nəzəriyyə mövcud miqrasiya axınlarını izah etməkdə və ya gələcək axınların proqnozlaşdırılmasındakı yetərsizliyi ilə daim tənqid olunmuşdur. Miqrasiya proseslərinin sırf iqtisadi aspektlərdən izahı onun düzgün analiz edilməsinə hər zaman mane olmuşdur. Əlbəttə, iqtisadi baxışlar miqrasiyanın müxtəlif aspektlərini analiz edə və prosesə daxildən baxışı təşkil edə bilsələr də, miqrasiyanı əsas etibarilə bu cür iqtisadi analizlərlə başa düşmək qeyri-mümkündür. Burada iqtisadiyyat xaricindəki məsələlər də mütləq şəkildə nəzərə alınmalıdır.
Beynəlxalq miqrasiyaya dair nəzəriyyələrdən biri də XX əsrin 70-80-ci illərində formalaşan tarixi-struktur nəzəriyyəsi olmuşdur. Bu nəzəriyyənin tərəfdarları olmuş Stefen Kasels, Robin Kohen və başqalarına görə miqrasiya ucuz işçi qüvvəsinin cəlb edilməsi üçün bir vasitə olmuş və böyük dövlətlər bu yolla kiçik və kasıb ölkələri istismar etmişlər [21, 26]. Bu proses isə kolonizasiya, müharibələr və dövlətlər arasındakı iqtisadi bərabərsizliyin nəticəsidir. 1960-cı illərdə Latın Amerikasında daha çox təsirə malik olan Marksist siyasi iqtisadiyyatının bir qolu olan asılılıq nəzəriyyəsinə görə üçüncü dünya ölkələrinin zəif inkişaf etmələrinin əsas səbəbi məhz müstəmləkə dövründə resurslarının istismar edilməsi, müstəqillik əldə etdikdən sonra isə böyük iqtisadiyyata sahib ölkələrlə ticarət müqavilələrini qeyri-bərabər, ədalətsiz şərtlərlə bağlamalarıdır [21, 26]. Bu cür nəzəriyyə və yanaşmalar 1990-cı illərdə formalaşan qloballaşma nəzəriyyələrinin sələfləri hesab olunurlar. Onu da qeyd etmək lazımdır ki, tarixi-struktur və neoklassik nəzəriyyələri, eləcə də tərkibindəki yanaşmalar ötən əsrin 80-ci illərində bir sıra miqrasiya alimləri tərəfindən adekvat olmamaları və müasir miqrasiya tendensiyalarına yalnız birtərəfli baxışlarına görə tənqid olunmuşdur. Neoklassik nəzəriyyə proseslərin tarixi səbəblərinə önəm vermədiyi halda, tarixi-struktur nəzəriyyəsi isə iqtisadi, sosial faktorları və kapital maraqlarını hər şeyi müəyyən edən elementlər olaraq götürmüş, ayrı-ayrı fərdlərin rolunu isə heçə endirmişdir [21, 27]. Əlbəttə, miqrasiya kimi mürəkkəb bir prosesi sırf müstəmləkəçilik siyasəti üzərindən analiz etməyə çalışmaq da bizə düzgün nəticələr verməyəcək və bir fərd şəklində insanın köç etmə niyyətinin arxasındakı səbəbləri aşkarlamağa kömək etməyəcək.
Təxminən 30 il əvvəl bu sahədə yeni baxışlar formalaşmağa başladı ki, bunların ilki miqrasiya sistemləri, digəri isə miqrasiya şəbəkələri adlanırdı. Miqrasiya sistemləri nəzəriyyəsi əsas etibarilə coğrafi məsələlərə, miqrasiya şəbəkələri isə sosiologiya və antropologiyaya böyük önəm verir. Qeyd edilən dövrdən etibarən miqrasiya araşdırmalarının sürətlə artması fonunda bu cür nəzəriyyələr ilə atılan addımlar miqrasiyanın hərtərəfli konseptual çərçivəsinin formalaşdırılması üçün yollar açmışdır [21, 27]. Miqrasiya sistemi iki və ya daha çox dövlətin qarşılıqlı miqrant mübadilələri ilə yaranır və burada əsas diqqət Qərbi Afrika, Cənubi Okeaniya və s. kimi regional sistemlər üzərinə yönəldilir. Ancaq müvafiq sistemin beynəlxalq əlaqələr vasitəsilə uzaq məsafələr arasında qurulması da istisna edilmir və buna misal kimi Karib körfəzi, Qərbi Avropa və Şimali Amerikanı, Şimali və Qərbi Afrika ilə Fransanı göstərmək mümkündür. Təbii ki, eyni vaxtda bir neçə miqrasiya sisteminin parçası olan spesifik ölkələrin də olduğunu deyə bilərik. Adıçəkilən nəzəriyyə müvafiq regionda baş verən miqrasiya axının hərtərəfli analiz edərək regiondakı bölgələr arasında əlaqələri ortaya çıxarır. Bu əlaqələr dövlətlərarası, mədəni və ailə əlaqələri və müqayisələr şəklində müxtəlif cür təsnifləşdirilə bilər [21, 27].
Miqrasiya sistemləri nəzəriyyəsini analiz etsək görərik ki, bu nəzəriyyə miqrant göndərən və qəbul edən ölkələr arasında əvvəldən mövcud olan əlaqə və münasibətləri miqrasiyanın əsas mənbəyi kimi görür. Bu əlaqələr tarixən müxtəlif səbəblərdən – müstəmləkəçilik, ticarət, siyasi təsir, investisiya və s.-dən yarana bilir. Məsələn, XIX əsrdə ABŞ işəgötürənlərinin Meksikadan kütləvi şəkildə işçi qəbul etmələri və dövlətin həyata keçirdiyi cənub-qərbə doğru genişlənmə siyasətinin nəticəsi olaraq Meksikadan Birləşmiş Ştatlara miqrant axını başlamış və bu proses indiyədək davam etməkdədir. Oxşar səbəblərin Dominikan Respublikası, Koreya və Vyetnamdan ABŞ-a miqrant axını üçün də keçərli olduğunu deyə bilərik. Birləşmiş Ştatların 1950 və 1960-cı illərdə adıçəkilən ölkələrdə hərbi əməliyyatlar aparması ilə bu axınlar başlamışdır [18, 6-9]. Bu misalların sayını artıra bilərik, nəticə etibarilə bu nəzəriyyənin irəli sürdüyü fikir müvafiq tərəflər – dövlətlər arasındakı münasibətlər miqrasiya proseslərindən öncə bu və ya digər səbəbdən yaranır və inkişaf edir. Miqrant axını isə bu münasibətlərin bir növ məntiqi nəticəsi kimi çıxış edir. Digər tərəfdən, bu yanaşmanın təməl prinsipi kimi makro-quruluşlar və mikro-quruluşlar adlanan 2 anlayışdan da istifadə olunur. Makro-quruluşlar əsasən böyük həcmli institusional faktorları, mikro-quruluşlar isə miqrantların özlərinin şəbəkələri, təcrübələri və inanclarını özündə birləşdirir. Bu ikisi arasında əlaqə isə mezo-struktur tərəfindən yaradılmaqdadır.
Miqrantların məskunlaşması ilə bağlı onları göndərən və qəbul edən dövlətlər tərəfindən əsası qoyulan dövlətlərarası münasibətlər, qanunlar, dünya bazarına uyğun siyasi iqtisadiyyat və s. makro-quruluşları təşkil etməkdədir. Dünya iqtisadiyyatında son 500 il ərzində inteqrasiyanın artması, malların və əmtəələrin istehsalının, paylanmasının və mübadiləsinin təkamülü miqrasiya proseslərinin əsas determinantları hesab olunurlar. Mikro-quruluşlara gəldikdə, bunlar miqrantların özləri tərəfindən mövcud problemlərin həlli üçün yaradılan qeyri-rəsmi sosial şəbəkələrdir [21, 28]. Ancaq qeyd etmək lazımdır ki, burada sosial şəbəkə dedikdə, bu günün internetdə fəaliyyət göstərən virtual şəbəkələr başa düşülməməlidir. Mikro-quruluşlar anlayışının tərkibinə daxil olan bu sosial şəbəkələr miqrantların yaradıb idarə etdikləri və qarşılıqlı insan münasibətlərinə əsaslanan şəbəkələrdir. Əvvəllər alimlər tərəfindən bu prosesə “zəncirvari köç” adı verilmişdi [21, 28]. Ötən əsrin 70-ci illərində ABŞ-dakı meksikalı miqrantlarla bağlı aparılan tədqiqatın nəticələri göstərdi ki, onların çoxu məhz ailə və iş əlaqələri vasitəsilə Amerikada qanuni rezident statusu ala bilmişlər.
Bugünkü dövrə baxsaq, bir çox müəllif tərəfindən miqrasiya proseslərinin başlanması və dayanıqlı olmasında digər ölkələr barədə geniş informasiyanın əldə edilməsi, səfər təşkil etmə imkanları, iş tapma və yeni mühitə adaptasiya kimi “sosial kapital” adı altında toplanan faktorların böyük rolu olduğu qeyd olunur. Belə ki, bu cür qeyri-rəsmi şəbəkələr fərdlər və qrupları şəxsi və dostluq əlaqələr, ailə və məişət adətləri, iqtisadi-sosial məsələlərdə ortaq yardım kimi çox vacib resurslarla təmin etmə imkanlarına sahibdirlər [16, 119]. Ümumilikdə, sosiologiya elmi tərəfindən formalaşdırılan sosial kapital konsepti son illərin gündəlik nitqdə belə ən çox işlədilən ifadələrdən biridir. Çox sayda bir-birindən fərqli hadisə və kontekstə tətbiq olunduğundan original mənasını itirdiyini deyə bilərik. Əvvəlki dövrlərdə də mövcud olan, ancaq sosial etiket adı altında öyrənilən bu fenomenə 19-cu əsrin Tovil, Marks, Durkhaym və Veber kimi sosial elm müəlliflərində rast gəlmək mümkündür. Sosial kapital və onun müasir mənbələri ilə bağlı hərtərəfli anlayışlardan biri kuba-amerikan əsilli sosioloq Alexandro Portes tərəfindən 1998-ci ildə verilmişdir. Digər müəlliflər kimi Piyer Bordi, Ceyms Kolman, Robert Patnem və başqalarının adını çəkmək olar. Ədəbiyyatlarda sosial kapitalın ümumi anlayışı ilə bağlı bir konsensus – razılıq mövcuddur: “sosial kapital – şəxslərin sosial şəbəkələrə və ya digər sosial quruluşlara üzv olması sayəsində güzəştlər əldə etmək qabiliyyətini ifadə edir.” [21, 28]
Mikro-quruluşlar və sosial kapital anlayışları bizlərə miqrasiya proseslərində ailə və cəmiyyətin çox kritik bir rola malik olduğunu açıq aydın göstərməkdədir. Misal kimi Asiyada miqrasiya ilə bağlı qərarların verilməsində fərdin yox, ailənin səlahiyyətli olması qeyd oluna bilər. Dəyişən şəraitdə gəlirin artırılması üçün bir və ya bir neçə üzvün başqa ölkə və ya regionda işləməyə göndərilməsinə məhz ailə, xüsusilə patriarxal cəmiyyətlərdə ailənin böyüyü – ata qərar verə bilər. Təbii ki, ailədəki gənclərin və qadınların bu qərarlara tam tabe olması tələb olunur. Burada qeyd edilməsi vacib olan məqamlardan biri də gənc qadınların da ailə tərəfindən ölkədaxili və ölkəxarici bölgələrə göndərilmə imkanıdır. Bunun əsas səbəbi xüsusilə kənd təsərrüfatındakı kişi əməyinin əvəzedilməz olması və eyni zamanda təyinat ölkəsində qazancın müəyyən hissəsini ailəyə göndərmə məsələsində qadınlara daha çox inanılmasıdır. Bütün bu faktorlar beynəlxalq miqrasiyada qadın işçilərə olan tələbatın artmasına və bir növ miqrasiya proseslərinin feminizasiyalaşmasına gətirib çıxarır [21, 29]. Nəticə etibarilə, ailə əlaqələri sayəsində təmin olunan mədəni, siyasi və maliyyə kapitalı köç edən şəxs və ya şəxslər üçün miqrasiyanı mümkün edən əsas faktor kimi çıxış edir. Bu hərəkət hər hansı bir xarici faktordan, məsələn kişilər üçün hərbi xidmət vəzifəsindən yaranır və ailənin digər üzvləri ilk gedənin keçdiyi yolları təkrarlayaraq köç prosesini davam etdirirlər. Bu sosial şəbəkə ailə və onun üzvləri üçün miqrasiyanı daha idarə edilə bilən hala gətirmiş olur, yəni başlamış miqrasiya prosesi özü özünü təmin edə bilən sosial prosesə çevrilir. Sosioloq Duqlas Massey tərəfindən bu tendensiyaya kumulyativ səbəbiyyət (cumulative causation) adı verilmişdir və anlayışını belə ifadə etmək mümkündür: “Səbəbiyyət, növbəti miqrasiya qərarlarının adətən əlavə hərəkəti daha çox ehtimal edən yollarla qəbul edildiyi sosial məzmununu hər bir miqrasiya hərəkətinin dəyişdirməsi mənasında kumulyativdir.” [12, 45-46] Anlayışı bu cür izah etmək olar ki, miqrasiya hərəkətlərinin sayı artdıqca proses özündə bir növ təkamülə uğrayır və inkişaf edir, bunun da nəticəsində yeni münasibətlər yaranır.
Mikro və makro-quruluşların arasında qalan mezo-quruluşlar son illərdə daha çox diqqəti cəlb etməkdədir. Müəyyən qrup şəxslər və institutlar miqrantlarla siyasi və ya iqtisadi institutlar arasında mediator rolu oynamağa başladılar. Bu mediator rolu işə düzəltmə təşkilatları, hüquqşünaslar, agentlər, qaçaqmalçılar və başqalarından ibarət miqrasiya sənayesinin yaranmasına səbəb oldu. Bunlar miqrantlar üçün bəzən köməkçi, bəzən də istismarçı olurlar, xüsusilə də qanunsuz miqrasiyanın geniş vüsət aldığı və miqrant sayının tələb olunandan çox olduğu zamanlarda miqrantların istismar olunma və dələduzluğa məruz qalma halları artmaqdadır. Bunun nəticəsində də miqrantlar bir anda əcnəbi ölkədə bütün resurslardan məhrum olunmuş şəkildə yaşamalı olurlar [21, 29-30]. Beləliklə, miqrasiya proseslərinin tərkibində makro, mikro ve mezo-quruluşlar çulğaşmış şəkildə mövcud olurlar və onları dəqiq şəkildə ayırmaq demək olar ki, mümkünsüzdür. İnsanların nəyə görə öz ölkələrini tərk edib başqa yerlərə köç etməsini yalnız bir səbəblə əlaqələndirmək və miqrasiya proseslərini həmin səbəb üzərindən izah etmək də uğurlu olmayacaqdır, yuxarıda qeyd etdiyimiz kimi problemə hərtərəfli yanaşmaq mütləqdir.
Miqrasiya prosesləri öyrənilərkən onun göndərən və qəbul edən ölkələr arasında nə kimi yeni əlaqələr yaratması məsələsi hər zaman böyük maraq doğurmuşdur. Bu problemin araşdırılması ortaya yeni baxışın – transmilli nəzəriyyənin çıxmasına səbəb olmuşdur. Qloballaşmanın bir təzahürü kimi nəqliyyat və kommunikasiya texnologiyalarının sürətli inkişafı dünyanın müxtəlif bölgələri arasında əlaqələrin daha asan qurulmasına, miqrantın tərk etdiyi ölkəsi ilə sıx əlaqələrini saxlamasına zəmin yaratmışdır. Həmçinin, bu mobillik sayəsində insanlar bu və ya digər səbəbdən əlaqələrinin olduğu bir neçə yer arasında qısa müddətdə hərəkət edə bilirlər. Çoxmillətlilik ilə bağlı tədqiqatlar aparan Linda Başın əldə etdikləri bu nəzəriyyə ilə bağlı müzakirələri təşviq etmişdir. Linda Baş bu fikirdə idi ki, artıq yurdlarından didərgin salınmış millət-dövlətlər yaranır ki, bunlar da milli kimlik və beynəlxalq siyasət üçün mühüm nəticələrə səbəb olurlar [21, 30]. Yəni eyni millətdən çoxsaylı insanın köç etməsi getdikləri ölkədə özlərinin qeyri-rəsmi dövlətlərinin yaranmasına gətirib çıxarır. Bu yanaşmanın miqrasiya şəbəkələri nəzəriyyəsi üzərində formalaşdırılmasına baxmayaraq vacibliyinin mikro səviyyəni keçdiyi bildirilir. Transmilli fəaliyyətlərlə bağlı Portesin irəli sürdüyü tərif də maraq doğurur: “Transmilli fəaliyyətlər dedikdə milli sərhədlər boyunca təkrarlanan əsasda baş verən və iştirakçılardan müntəzəm və əhəmiyyətli vaxt tələb edən fəaliyyətlər başa düşülür. Bu fəaliyyətlər milli dövlətlər və multimilli korporasiyaların nümayəndələri kimi nisbətən güclü qüvvələr tərəfindən idarə olunmaqdadır. Transmilli fəaliyyətlərlə bağlı təşəbbüs, həmçinin, immiqrantlar və onların doğma ölkələrindəki əlaqələri vasitəsilə də göstərilə bilər və bu faəliyyətlər müəyyən iqtisadi müəssisələrlə məhdudlaşmayıb siyasi, mədəni və dini təşəbbüsləri də əhatə edir” [21, 31]
Əslində transmilli cəmiyyət anlayışı daha çox insan faktorunun vacibliyini vurğulayır. Qloballaşma prizmasından yanaşsaq, transmillilik əvvəllər müxtəlif faktorlarla yaradılmış üz-üzə münasibətləri daha uzaq məsafələrdə yerləşən cəmiyyətlər arasına yayma xüsusiyyətinə malikdir. Transmilli biznes cəmiyyətlərinin vacibliyini qeyd edən Portes və onunla eyni fikirdə olanlar, həmçinin, siyasi və mədəni cəmiyyətlərin mühüm əhəmiyyət daşıdıqlarını qeyd etmişlər [17, 221]. Onlar aşağıdan və yuxarıdan transmillilik olmaqla iki istiqaməti ayırırlar: yuxarıdan transmillilik istiqamətində multimilli korporasiyalar və dövlətlər kimi güclü qüvvələr tərəfindən idarə olunan fəaliyyətlər, aşağıdan transmillilik istiqamətində isə immiqrantlar və onların vətənlərindəki kolleqalarının baza təşəbbüslərinin nəticələrini təşkil edən fəaliyyətlər ayırd edilir. Transmilli cəmiyyətlər üçün işlədilən terminlərdən ən qədimi diaspor terminidir. Qədim Yunanıstanda ortaya bu termin ətrafa səpələnən mənasını verirdi və şəhər-dövlətlərini ifadə etmək üçün istifadə olunurdu. Müasir dövrdə isə bu termin zorla yurdlarından qovulmuş insanlar üçün işlənilməkdədir. Keçmişdə diaspor ifadəsinin Qərbi Asiya və Afrikadakı yunan ticarət qrupları, eləcə də, Cənub-Şərqi Asiyaya İslam dinini gətirən ərəb tacirlər, hətta əməkçi miqrantlar üçün istifadə edildiyini görürük. Onu da qeyd etməliyik ki, diaspor sözü transmilli cəmiyyət ifadəsinə nisbətən daha güclü emosionallığa malikdir [21, 31].
Transmilli cəmiyyətlərin yayılmasında ən böyük rol qloballaşmanın payına düşməkdədir və bu cəhət bir çox müəllif tərəfindən də təsdiq edilməkdədir. Bu müəlliflər sırasında alman antropoloq Stiven Vertovek, prof. Nina Şiller və başqalarının adının çəkə bilərik. Onların fikrincə, məhz qloballaşma prosesi sayəsində transmilli cəmiyyətlər bir çox ölkədə müəyyən fəaliyyətləri təşkil edir, üzvlərinin sayını artırır, əlaqələrini genişləndirirlər. Şiller miqrasiya əsasında yaradılan bu cəmiyyətlərin üzvü olan şəxslər üçün “transmiqrant” termininin işlənməsini təklif etmişdir [21, 31]. Vertovek isə miqrantlar arasındakı transmilli təcrübənin 3 əsas sahədə formalaşdığını ifadə etmiş və bunlara sosial-mədəni, siyasi və iqtisadi sahələri aid etmişdir [24, 971]. Ümumiyyətlə, ədəbiyyatlarda transmillilik və transmilli cəmiyyətlərlə əlaqədar bir çox fikir səsləndirilmiş, yanaşmalar irəli sürülmüşdür. Bunların ortaq xüsusiyyəti miqrasiya proseslərinin öyrənilməsində trasnmilliliyin önəminin anlaşılmasına xidmət etmələridir desək, yanılmarıq. SSRİ-nin dağılması və “soyuq müharibə”nin başa çatması dünyada qloballaşma prosesinə böyük təkan vermiş və təbii ki, transmilli cəmiyyətlərin inkişafı da daha böyük sürətlə davam etmişdir. Ancaq miqrasiya prosesləri özündə bir sra digər faktorları da birləşdirir və onların da analiz edilməsinə ehtiyac vardır.
Spesifik tarixi motivlər hər bir miqrasiya hərəkətini özünəməxsus şəkildə şərtləndirsə də, miqrasiya proseslərinə məxsus olan müəyyən sosial dinamikləri, faktorları arasında ümumiləşdirmə aparmaq mümkündür. İqtisadi və zorakı miqrasiya arasındakı fərqləri də ayırd etmək vacibdir, çünki miqrasiyanın hər iki növü ayrı-ayrı motiv və məqsədlərdən qaynaqlanmaqdadır. Bu fərqlərdən biri kimi iqtisadi miqrasiyanın daha çox gənc, aktiv insanlar tərəfindən həyata keçirilməsidir. Bu insanların hər zaman böyük həcmli iqtisadiyyata malik ölkələrdə əsas məqsədini qazanmaq təşkil edir və bu məqsədlərini həyata keçirmək üçün çox zaman ev və ya torpaq sahəsi alır, sahibkarlıq fəaliyyətilə məşğul olur. Maraqlıdır ki, bu miqrantların bir qrupu özləri üçün yetərli sayıla biləcək miqdarda qazanc əldə etdikdən sonra öz ölkələrinə geri qayıtdıqları halda digər qrup qalma müddətini uzadır. Hətta öz ölkəsinə qayıdıb bir müddət keçdikdən sonra yenidən miqrasiya edənlər (remigrate) də olur [21, 33]. Müvəqqəti köç edənlərin müəyyən qismi bir müddət sonra ya ərini (arvadını) öz yanına gətirir və ya getdiyi ölkədən biriylə nikah bağlayır. Prosesin nəticəsində müvəqqəti köç daimi yaşayışa çevrilmiş olur. Ancaq bu kimi daxili dinamik faktorlar miqrasiya prosesinin iştirakçılarında çaşqınlıq yaratmaqla yanaşı göndərən və ölkələrin müvafiq sahədə siyasəti və qanunvericiliyi müəyyənləşdirən orqan və vəzifəli şəxslərdən də ziyansız ötüşmür [21, 33].
Problemi belə izah etmək olar ki, ilkin mərhələdə miqrasiya axınları daha çox fərdi və müvəqqəti xarakter daşısa da, hökumətlərin bu axını dayandırmaq məqsədilə, ki bunun səbəbi əksərən əmək bazarında işçiyə olan tələbatın azalması ilə əlaqədar olur, həyata keçirdikləri tədbirlər ailəvi köçə, qanunsuz miqrasiya və siyasi sığınacaq axtaranların sayının artmasına təkan verir. Məhz bu yanlış düşüncə və fəaliyyət nəticəsində miqrasiya prosesləri fonunda bir çox siyasi və sosial problemlər ortaya çıxmaqdadır. Haqqında danışılan yanlış düşüncə və fəaliyyətin kökündə isə miqrasiya proseslərinə təktərəfli, iqtisadi model kimi yanaşılması və onun fərdlərin bazar faktorlarına cavabı kimi nəzərə alınmasıdır. Yəni müəyyən hüquqi və siyasi tədbirlər vasitəsilə bu prosesi çox asanlıqla aktiv və deaktiv etmək mümkündür. Lakin tarixi gedişat hər zaman bunun əksini göstərmiş, sosial faktorların miqrasiya proseslərinin inkişaf və dəyişməsində müəyyənedici rola malik olduğunu sübut etmişdir. 1945-1973-cü illər aralığında köhnə koloniyalardan Birləşmiş Krallıq, Fransa və Hollandiyaya, bununla yanaşı Avropa və Latın Amerikasından ABŞ, Avstraliya və Kanadaya olan miqrasiya axınlarını qeyd etdiyimiz problemə ən tipik misal kimi göstərə bilərik [21, 33].
Miqrasiya proseslərində məcburi miqrasiya – təqib, insan hüquq və azadlıqlarının pozuntusu və insan həyatını təhlükə altında qoyan zorakılıqlar səbəbilə ölkəsini tərk etmək məcburiyyətində olan qaçqınlar və siyasi sığınacaq axtaranlarla bağlı vəziyyət isə tamamilə fərqlənir. İlk olaraq, bu cür miqrantlar əksər hallarda, sığınacaq yeri kimi qonşu ölkələrə üz tutmalı olurlar. Bu ölkələrdə siyasi və iqtisadi sabitlik olmadığı təqdirdə həmin şəxslərin vəziyyəti daha da çətinləşir və onlar daimi sığınacaq üçün alternativ ölkə axtarmalı olurlar. Ancaq iqtisadi və sosial vəziyyətin daha yaxşı olduğu ölkələrə gedə bilmək imkanını kiçik bir qrup əldə edə bilir. Həmin qrup da bunu əsasən əlində olan maddi resurslar və təyinat ölkəsindəki sosial əlaqələri vasitəsilə bacarır. Beləliklə, biz həmin şəxslərin miqrasiya etməsini şərtləndirən 2 əsas faktoru görürük: məruz qaldığı və ya ehtimal olunan zorakılıqdan qaçmaq və özü, ailəsi üçün daha yaxşı həyat şəraiti yaratmaq. Təyinat ölkələrinin qanunverici orqan və hökumətləri iqtisadi və məcburi miqrantlar arasındakı fərqləri daha yaxşı ayırd etməyə çalışsalar da, məcburi miqrantların “qarışıq motivasiyası” (mixed motivation) bu prosesə istər-istəməz maneçilik törədir. “Qarışıq motivasiya” məsələsinin genişliyi ədəbiyyatlarda yeni köç-sığınacaq əlaqəsi (migrant-asylum nexus) anlayışının yaranmasına gətirib çıxarmışdır [21, 34]. Məlumdur ki, dövlətlərin qanunvericiliyi əməkçi miqrantlar, daimi yaşayanlar və qaçqınların hər biri üçün fərqli hüquqi rejimlər müəyyən edir və onların hüquqi statuslarını fərqləndirir. Bütün bu köç hərəkətləri isə müasirləşmə və qloballaşmanın simptomatikası kimi qəbul edilir, yəni keçmişin koloniyalaşma, sənayeləşmə kimi anlayışları müasir dünya iqtisadiyyatına inteqrasiya edir. Nəticədə istehsal prosesi və sosial əlaqələrin köhnə, ənənəvi formaları deqradasiyaya məruz qalır, xalqların və dövlətlərin yenidən formalaşmasına gətirib çıxarır. Bütün bu prosesin son mərhələsində isə iqtisadi miqrasiya və siyasi miqrasiya bir növ birləşir və miqrasiya hərəkəti deyildikdə həm miqrantlar, həm də qaçqınlar bu anlayışa daxil edilir. Hətta BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da “qarışıq axınlar” (mixed flows) ifadəsindən istifadə etməkdədir [21, 34]. Beynəlxalq Miqrasiya Təşkilatının cari Miqrasiya lüğətində “mixed flows” üçün belə bir anlayış verilmişdir: bir neçə insanın eyni istiqamət və nəqliyyat vasitələrindən istifadə edərək, ancaq müxtəlif səbəblərlə nizamsız formada köç hərəkəti. Bu nizamsız hərəkətin bir parçası kimi köç edən hər kəsin müxtəlif ehtiyacları və profilləri vardır, buraya sığınacaq axtaranlar, qaçqınlar, insan alverinin qurbanları, müşayiət olunmayan/ayrı düşmüş uşaqlar və digər miqrantlar daxil ola bilər [26, 141-142].
Miqrasiya prosesinin sonrakı mərhələlərində təyinat ölkəsində miqrantların daimi yaşamağa başlaması ilə uzun müddətli nəticələr görünməyə başlayır. Ancaq bu nəticələrin bütün dövlətlər və cəmiyyətlər eyni olduğunu demək düzgün hesab olunmur, təyinat ölkəsinin aldığı qərar və həyata keçirdiyi tədbirlər, həmçinin, cəmiyyətin xarakteri bu məsələdə müəyyənedici elementlər kimi nəzərə alınır. Bir tərəfdən, məskunlaşmaq üçün icazənin olması, vətəndaşlıq verilməsi, cəmiyyət tərəfindən mədəni müxtəlifliyə tolerant yanaşma multikultural cəmiyyətin bir hissəsi hesab olunan etnik birliklərin formalaşmasına gətirib çıxarır. Digər tərəfdən isə sadalanan faktorların olmaması isə etnik azlıqların yaranması üçün şərait formalaşdırır və yaranan bu azlıqlar arzuedilməz və separatçı kimi qəbul edilirlər. İmmiqrasiyanın tənqidçilərinə görə etnik azlıqlar ölkənin iqtisadi rifahı, ictimai qayda və milli kimlik üçün təhlükə mənbəyidir. Ümumilikdə, etnik azlıqlara iki formada anlayış vermək mümkündür: ilkin anlayışa görə etnik azlıqlar dedikdə üstün qüvvələr tərəfindən fenotip, mənşə və ya mədəni əsasda qurulmuş sosial strukturda müəyyən mövqe verilmiş qrup başa düşülür [21, 34-35]. Yəni bu azlıqlar bir növ cəmiyyətdə daha üstün olan qrupun nəzarəti altındadır və struktur fenotip – xarici görünüş, irq, mədəniyyət və s. elementlərdən ibarətdir. İkinci anlayış isə etnik azlıqları ortaq dilə, adətlərə, dinə, tarixə və təcrübələrə olan inanca əsaslanan müəyyən dərəcəli kollektiv şüura malik bir qrup kimi götürür. Adıçəkilən anlayışların ilki üçün ədəbiyyatlarda digər tərif (other-definition), ikincisi üçün isə özünü tərif (self-definition) terminlərindən istifadə olunur. Qeyd etməliyik ki, bu təriflər əslində etnik azlıqların formalaşmasının təsnifatını təşkil edir və bu proseslər bir-birindən fərqlənir. Yəni bəzi etnik azlıqlar cəmiyyətin üstün qrupları tərəfindən irqçilik və ya ksenofobiya motivlərilə qovulma nəticəsində, digəri isə ortaq dəyərlərə əsaslanan şüurla yaranmaqdadır. Ancaq istənilən halda etnik azlıqlar dövlət və cəmiyyət üçün hər zaman potensial konflikt mənbəyi hesab olunurlar [21, 35].
Etnik azlıqlardan danışarkən, etnik mənşə məsələsinə də toxunmaq lazımdır, çünki miqrasiya proseslərinin əsasən də sosial tərəfinin öyrənilməsi zamanı araşdırılan mövzulardan biri də etnik mənşə problemidir. Müasir dövrdə etnik mənşə azlıq təşkil edən qrupların təyinedici vasitəsi kimi nəzərə alınsa da, sosioloqlar hər kəsin ortaq ideyalar üzərinə qurulmuş müəyyən qrupa məxsus olduğunu, yəni etnik mənşəyinin mövcud olduğunu qeyd edirlər. Ortaq mənşə, mədəniyyət, tarix və dəyərlərə əsaslanan bu ideyalar çox gec dəyişməklə nəsillər boyunca, hətta bir neçə yüz il stabil şəkildə davam etməkdədir. Ancaq yenə də nəzərdə saxlamaq lazımdır ki, istər qrup, istərsə də ortaq şüur və mədəniyyət homogen və tam statik də deyil. Filip Kohen və Harvant Beynsin üzərində durduqları yanaşmaya görə etnik mənşə irqdən fərqli olaraq tarixi fərdiləşmə (historical individuation) prosesinə əsaslanır. Kollektiv kimlik və ya mənşə vasitəsilə linqvistik və kultural dəyərlər formalaşır və bunlar nəsildən-nəsilə keçərək proses zamanı müəyyən dəyişikliyə uğrayır. Onu da qeyd edək ki, son dövrlərdə bəzi müəlliflər etnik mənşə anlayışının əvvəlki əhəmiyyətini itirdiyini hesab edir və onu bir mif və ya nostalji olaraq görürlər [15, 24-25]. Ancaq ədəbiyyatlarda hər nə qədər bu və bunun kimi oxşar fikirlər səsləndirilsə də, xüsusilə cəmiyyət və fərdlər səviyyəsində etnik mənşə hələ də öz əhəmiyyətini qoruyub saxlamaqdadır.
Haqqında danışdığımız etnik kimlik məsələsinin hələ də aktuallığını saxlaması çox ciddi bir problemə – rasizmə şərait yaratmaqdadır. Təəssüf ki, bütün miqrant qəbul edən ölkələrdə müvafiq qrupdan olan insanlara qarşı bu və ya digər dərəcədə irqçiliyin təzahür etdiyini deyə bilərik. Rasizm çox zaman fenotipik və kultural meyarlar zəminində sosial qrupların “digər” qrupları fərqli və dolayısıyla aşağı təbəqə hesab etmələri prosesi kimi öyrənilir [21, 37]. Proses zamanı iqtisadi, sosial və ya siyasi gücdən istifadə edən qruplar hədəf seçdikləri qrupun təcridini və ya ümumiyyətlə qovulmasını legitimləşdirmək məqsədini güdürlər. İrqçilik zamanı insanların xarakteri, hərəkətləri və keyfiyyətləri yalnız müəyyən sosial meyarlara görə dəyərləndirilir və bunu edən qrupun üstünlüyü hüquq, siyasət və inzibati orqanlar tərəfindən dayanıqlı hala gətirilir. Bu növ iqrçilik çox zaman institusional və ya struktur rasizm adlandırılır. İrqçi münasibət və diskriminant hərəkətlər isə qeyri-rəsmi irqçiliyə istinad olunur. Müəyyən çıxışlarda siyasi və sosial problemlərin insanların fiziki və ya mədəni xüsusiyyətlərinin təbii bir nəticəsi olması qeyd edilir, sosioloqlar bu cür çıxışları irqçiləşdirmə (racialization) termini ilə ifadə edirlər [21, 37]. Bu termin, həmçinin, bir problem şəklində müəyyən spesifik qrupların sosial quruluşu ilə bağlı və ya siyasi irqçiliyin daha geniş mənasında, şəhər yerlərinin rasializasiyası mənasında da işlənilməkdədir.
Fransa və Almaniya kimi ölkələrdə rasizm haqda danışmaqla bağlı istəksizlik müşahidə edilir, bunun əvəzinə daha çox “xaricilərə qarşı düşmənçilik” (hostility to foreigners), etnosentrizm və ya ksenofobiya terminlərindən istifadə olunur. Təbii ki, burada əsas məqam bu fenomenin və onun əsas səbəblərinin öyrənilməsidir. İrqçiliyin cəmiyyətin spesifik tarixini nəzərə alsaq, müxtəlif yollarla formalaşdığını və yüksəldiyini söyləyə bilərik. Adətən bioloji müxtəliflikdən çox mədəniyyət, din, dil və digər faktorlar müəyyənedici rola malikdirlər. Ən tipik misal kimi, xüsusilə Avropada geniş yayılmış anti-islam rasizmini göstərə bilərik, bu irqçiliyin kökündə əsasən ərəb və Afrika mənşəli dini simvollar dayanır [21, 37]. Ancaq tarixdə irq və bioloji müxtəlifliyə əsaslanan rasizm nümunələrini də görmək mümkündür. Müxtəlif vaxtlarda ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən sistemli soyqırım, Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların sırf milliyyətlərinə görə öz torpaqlarından qovulmaları və həmçinin, Qarabağda azərbaycanlılara qarşı tətbiq edilən izolyasiya və soyqırım siyasəti sırf bioloji müxtəliflikdən qaynaqlanan irqi ayrı-seçkiliyə əsaslanmışdır [3, 69 və 80]. Tarixə nəzər salsaq, Qərbi Avropada və müstəmləkəçilikdən sonrakı dövrlərdə formalaşmış ABŞ və Avstraliya kimi dövlətlərdə rasizmin mənbəyi uzun illər boyunca həyata keçirilmiş müstəmləkə siyasətindən qaynaqlanan adətlər, ideologiyalar və kultural təcrübələrdən formalaşdığını deyə bilərik [21, 37-38].
Bəzi müəlliflərin fikrincə, son dövrlərdə rasizmin təkrar yüksəlişi Qərb düşüncəsindəki optimist baxışı sorğulayan fundamental iqtisadi və sosial dəyişikliklərlə bağlıdır. 1970-ci illərin əvvəllərində iqtisadiyyat və sosial həyatda yenidənqurmanın başlanması, kultural mübadilənin beynəlxalq səviyyədə artması əhalinin bir qismi tərəfindən özlərinin həyat tərzi, sosial şərait və milli kimlik üçün təhlükə hesab edildi. Bu zaman yeni gələnlər – etnik azlıqlar potensial təhlükənin mənbəyi hesab edildilər. Qeyd olunan fikirlə qismən razılaşmaq olar, lakin nəzərə almaq lazımdır ki, oxşar proseslər SSRİ dağıldıqdan və soyuq müharibə bitdikdən sonra da baş vermişdir. 2001-ci ilin 11 sentyabr hadisələri və terrorizmə qarşı beynəlxalq səviyyədə mübarizənin başlaması da yeni bir mərhələ hesab edilə bilər [21, 38]. Fikrimizcə, xüsusilə 21-ci əsrin ikinci onilliyinin əvvəllərindən etibarən başlayan Avropaya doğru miqrant axını mövcud problemin ən əsas səbəbini təşkil edir. Üstəlik Qərbi Avropa ölkələrindəki radikal sağ partiyalar da Yaxın Şərqdən kütləvi miqrant axınını irqçi fəaliyyət üçün bir fürsət olaraq gördülər. Bu partiyaların miqrantlara qarşı irqçi çıxışlar etməsi onların seçkilərdə uğur qazanmasına gətirib çıxardı. İrqçilik prosesində immiqrantların işsizlik problemi yaratmaları, sosial xidmətlərə tələbatı artırmaları, demoqrafik balansı pozmaları kimi faktorlar əsas kimi götürülür [11, 114].
Ümumiyyətlə, irqi və etnik bölünmələr sosial müxtəlifliyin yalnız bir aspekti kimi çıxış edirlər. Digər faktorlar kimi sosial mənsubiyyət, cins, həyatdakı mövqe və s.-ni saya bilərik və bunların heç biri digərləri ilə müqayisədə az əhəmiyyətli hesab olunmamalıdır. Bu faktorların hamısı yaşayış imkanlarına, həyat tərzinə, mədəniyyətə və ictimai şüura təsir göstərərək bir-biriləri ilə qarşılıqlı əlaqədə olurlar. Miqrantın cinsiyyəti məsələsi sosial münasibətlərin çox geniş bir dairəsində daim müzakirə mövzusuna çevrilir. Digər bir tərəfdən, miqrasiya və sinif arasındakı vacib əlaqə İkinci Dünya Müharibəsindən sonra beynəlxalq əmək mobilliyinin ilkin mərhələlərində ortaya çıxmışdır. Qeyd edilən dövrdə miqrasiya məhz əmək və kapitalın müxtəlif bölmələrinin maraqları baxımından, və ya müxtəlif növ işçilərin seqmentlərə bölünmüş əmək bazarına daxil edilmələri baxımından öyrənilmişdir [21, 38]. Bu tendensiyanın hələ də davam etdiyini və beynəlxalq miqrasiyanın işçi qüvvəsi və sosial siniflə əlaqələndirildiyini söyləmək mümkündür, çünki bu faktorlar insanların miqrasiya etmək imkanlarını, hansı şəraitdə bunu edəcəklərini, necə iş tapacaqlarını və s.-ni müəyyən etməkdədir. Bununla belə, sinif, etnik mənşə və cins kateqoriyaları arasındakı əhəmiyyətli əlaqənin də öyrənildiyini deyə bilərik.
Miqrasiya proseslərinin tarixən ilkin mərhələlərində də xüsusilə əmək miqrasiyasında mənşə ölkəsində qalan qadınlar ailəni saxlamaqda və işçilərin yetişdirilməsində, dolayısı ilə iqtisadi fayda əldə edilməsində kritik rola malik idilər. Hətta əməkçi miqrantların böyük hissəsini məhz qadınlar təşkil edirdi. Məşhur sosioloqlardan Anna Mariya Fizakliyə görə, patriarxal cəmiyyətlərdə qadının rolu yalnız arvad və ana olmaqla məhdudlaşdırıldığı və evə çörək gətirən kişidən asılı olduqları üçün qadın əməkçi miqrantlara qarşı bir inamsızlıq mövcud olmuş və bu da onlara kişilərə nisbətən daha aşağı əmə haqqı ödənilməsinə gətirib çıxarmışdır [21, 39]. Bu gün qadınların şəxsi və ictimai xidmət bölmələrində təkrarlanan fabrik və aşağı ixtisaslı işlərdə daha çox yer almasını bəhs etdiyimiz tendensiyanın davamı kimi nəzərə ala bilərik, baxmayaraq ki, son illərdə onların ağ yaxalıqlı (white-collar) işlərə keçdikləri müşahidə edilməkdədir. Bununla yanaşı, qadınların işlə təmin olunma və işsiz kimi qeydiyyata alınmalarında da problemlər qalmaqdadır, təəssüf ki, kişilərdən asılı olduqları düşüncəsi işsiz qadınların qeydiyyatının və statistikasının aparılmasına da mane olmaqdadır. Hətta etnik və cinsi əlamətlərə əsaslanan qarışıq iş bölgüsü formaları da ortaya çıxmışdır ki, bunlara ən tipik nümunə kimi gündəlik məişət işlərini göstərə bilərik. Bu tendensiya həm inkişaf etmiş, həm də yeni sənayeləşən ölkələrdə müşahidə edilməkdədir [21, 39]. Gender və sinif faktorları ilə yanaşı həyatın mərhələləri də iqtisadi və sosial mövqenin, mədəniyyət və şüurun vacib determeninatlarından biri hesab olunur. Nəzərə almaq lazımdır ki, miqrasiya edən nəsilin yaşadığı təcrübə ilə yeni ölkədə dünyaya gələn və yetişən uşaqlarının gördükləri arasında dərin bir uçurum mövcuddur. Ancaq bu gənc nəsil bərabərlik ideologiyası və üzləşdikləri irqçilik reallığı arasındakı təzadı da dərk edirlər. Bütün bunlar cəmiyyətdə mədəniyyət toqquşması və siyasi radikallaşmanın yaranmasına gətirib çıxara bilir. Bunun müqabilində də, etnik azlıqlara mənsub gənc nəsil sosial saatlı bomba hesab edilərək inzibati orqan və institutlar tərəfindən nəzarətdə saxlanılır [21, 40].
Geniş həcmli miqrasiyalar və artan müxtəliflik siyasi institutlar və milli kimlik üzərində böyük təsirlərə malikdirlər. Dünyada mövcud olan təxmini 200 milli dövlət əslində siyasi təşkilatlanmanın üstün forması kimi qəbul edilə bilər. Bu dövlətlər məhz öz xalqı və ya vətəndaşlarının arzu və istəklərinin təmsil edilməsi və təhlükəsizlik və ictimai qaydanın təmin olunması tələblərindən legitimliklərini əldə etməkdədirlər [21, 41]. Geniş şəkildə izah etsək, insanların dəyər və maraqları üzərində mədəni konsensus (razılıq) və həmçinin, əhalinin arzu və istəklərinin ifadə edilməsi üçün demokratik bir proses mövcuddur. Ancaq qeyd etmək olar ki, nəzəriyyədən fərqli olaraq praktikada çox az dövlət yuxarıda göstərilən məsələlər üçün demokratik mexanizmlərdən istifadə edə bilir. Fərqli mədəniyyətlərdən insanların köç etməsi həmin dövləti bir dilemma qarşısında qoymaqdadır. Onların vətəndaş kimi qəbul edilməsi və inteqrasiyası cəmiyyətin homogenliyinə ciddi ziyan vura bilər. Ancaq bunun əksi olan addımların atılması ciddi mənfi nəticələrə gətirib çıxarmaqdadır. Cəmiyyətdə parçalanma, ciddi səviyyədə bərabərsizlik və konfliktlərin yaranması bu nəticələrdən bəziləridir. Premodern dövlətlərdə monarxın müəyyən bir ərazi üzərindəki gücü bütün hakimiyyətin əsasını təşkil edirdi və belə dövlətlərdə aristokratlarla aşağı təbəqə arasındakı uçurumu azalda bilən milli mədəniyyət konsepti mövcud olmamışdır. Bunun əksinə, Qərbi Avropa və Şimali Amerikadakı inkişaf etmiş dövlətlərdə müasirləşmə, sənayeləşmə və koloniyalaşma prosesi mədəni mənsubiyyətlə siyasi kimlik arasında yaxın əlaqənn yaranmasına gətirib çıxarmışdır [21, 42].
Dövlətlə bağlı hüquq elmində bir çox tərif olduğu kimi, digər elm sahələri də bu fenomenə anlayışlar vermişdir. Məsələn, ingilis tarixçisi Hyu Seton-Vatson dövlətə belə bir tərif vermişdir: “Dövlət öz vətəndaşlarından tabelik və sədaqət tələb edən hüquqi və siyasi bir təşkilatdır.” [19, 1] Alimin burada dövlətlə bağlı qeyd etdiyi əsas əlamətlərin onun vətəndaşlığının olması, bu statusa sahib şəxslərin mütləq şəkildə dövlətə sadiq və onun hakimiyyətinə tabeliyi və bir təşkilat olaraq həm hüquqi, həm də siyasi xarakterə malik olması nəzərə çarpır. Bu günün bütün dövlətlərinin bu və ya digər formada konstitusiya və qanunlara malik olmasını və əksərən bu aktların dövlət hakimiyyətinin mənbəyi kimi xalqı müəyyən etməsi dövlətlə bağlı ən əsas məqamlardan biridir. Azərbaycan Respublikası Konstitusiyası da 1-ci maddənin I hissəsində “dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” ifadəsini əks etdirir [1, 4]. Vətəndaşlıq statusuna malik olmaq və bunun əsasında hüquq və azadlıqlara yiyələnib vəzifələr daşımaq isə bir növ dövlətə üzvlük kimi də başa düşülə bilər. Bu statusa malik olmayan şəxslər isə istər-istəməz müəyyən hüquqlardan məhrum, vəzifələrdən isə azaddırlar [21, 42]. Məhz bu səbəbdən ölkəyə yeni gələnlər daimi yaşamaq arzusunda olanların əsas məqsədi həmin dövlətin vətəndaşlığını əldə edə bilməkdir. Qeyd edək ki, Seton-Vatson xalq anlayışının da tərifini vermişdir: “Xalq həmrəylik, ortaq mədəniyyət və milli şüur hissi ilə bir-birinə bağlı olan insanlar qrupudur.” [19, 1] Xalq anlayışının müəyyən edilməsi praktiki cəhətdən çətin bir məsələdir verilən anlayışlardan onun etnik qrupa yaxın olduğu görünür. İngilis əsilli amerikan politoloq Benedikt Anderson isə xalq anlayışını bir az daha dəqiqləşdirmişdir. Bu dəqiqləşdirməyə əsasən, xalq həm təbii məhdud, həm də suveren bir siyasi birlikdir. Yəni, etnik qrup müəyyən ərazi sərhədləri daxilində suverenlik əldə edərək əvvəlcə xalq formasını alır, daha sonra isə öz dövlətini qurur [4, 15]. Amerikalı sosioloq Antoni Smitin xalq fenomeninə verdiyi anlayış isə daha əhatəlidir: “Xalq dedikdə tarixi ərazi, ortaq miflər, ictimai mədəniyyət, tarixi yaddaş, ortaq iqtisadiyyat və ümumi hüquq və vəzifələrə malik əhali qrupu başa düşülə bilər.” [20, 14] Bu anlayışların hər birini qismən düzgün hesab etmək mümkündür, çünki hər biri xalqın məhdud əlamətlərini özündə təzahür etdirir. AR Konstitusiyasının 1-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan xalqı dedikdə Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşları başa düşülür [1, 4]. Anderson xalqın nisbətən müasir fenomen kimi 1787-ci ildə ABŞ Konstitusiyasının qəbulu ilə formalaşdığını irəli sürmüş, bu fikir dünya şöhrətli çex əsilli ingilis filosofu Ernest Gelner tərəfindən də dəstəklənmişdir [21, 42]. Bu fikirlə biz də razılaşaraq nəzəri şəkildə xalq anlayışına belə bir tərif verə bilərik: xalq ümumi mədəniyyətə, ortaq tarixi keçmişə, suverenlik hüququna malik və öz müqəddəratını təyin etməyə müqtədir, müəyyən olunmuş sərhədlər daxilində hakimiyyətin mənbəyini təşkil edən insanlar qrupudur.
Etnik parçalanmaların artmasından qaynaqlanan problemlərin həlli üçün immiqrant qəbul edən dövlətlər fərqli siyasi proqramlar tətbiq etmək məcburiyyətində olurlar. Burada həll edilməsi vacib olan məsələlər kimlərin vətəndaş hesab edilməsi, yeni gələnlərin vətəndaşlıq əldə etmələrinin mümkünlüyü və prosedur qaydaları, ümumilikdə, vətəndaşlıq anlayışının necə başa düşülməsidir [21, 44]. Əksər dövlətlər bir vətəndaşlıq prinsipini tətbiq etsələr də, müasir dövrdə immiqrantların birdən çox dövlətlər əlaqələrinin olması mümkündür. Onlar ikili vətəndaşlığa sahib ola, vətəndaşı olmadıqları ölkədə yaşaya bilərlər. Bu vəziyyət özlüyündə istər-istəməz “transmilli şüur” və “bölünmüş sədaqət” anlayışlarının formalaşmasına və kultural homogenliyin zəifləməsinə gətirib çıxarır [21, 44]. Təbii ki, vətəndaşlıq məsələsilə bağlı müzakirələr bu səbəbdən artmaqda davam edir. Bilirik ki, vətəndaşlıq cəmiyyət daxilində bütün vətəndaşların hüquq bərabərliyini və bu hüquqları təmin edən təsisatların məcmusunu ifadə etməkdədir. Ümumiyyətlə, ölkəyə gələn miqrantın hüquqi statusunun müəyyən edilməsi dövlətin səlahiyyətində olsa da, xüsusilə sığınacaq axtaran şəxs və qaçqın statusları beynəlxalq hüquqi xarakter kəsb etdiyi üçün burada BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da rol oynamaqdadır [13, 149].
Beləliklə, miqrasiya prosesləri tək bir elm sahəsi – hüquq tərəfindən deyil, geniş şəkildə müxtəlif və fərqli sahələr tərəfindən araşdırılır və öyrənilir. İqtisadiyyat, tarix, politologiya, coğrafiya, sosiologiya, fəlsəfə və bunların daxilindəki çoxsaylı institutlar miqrasiya prosesləri və onun elementlərinə dair fərqli yanaşmalar irəli sürür və bunları təcrübə edərək doğruluğunu təsdiq etməyə çalışırlar. Bunlardan əlavə, inzibati-hüquqi tənzimləmənin özü belə adını çəkdiyimiz digər sahələr və onların öyrəndiyi ictimai münasibətlərin də təsirinə uğramaqdadır. Sosial cəhətdən problem iki istiqamətdə – miqrasiyanın tərkibindəki proseslər, modellər və miqrantların inteqrasiya problemləri öyrənilir. Bir proses kimi miqrasiyanın mərhələlərinin dəqiqləşdirilməsi də ümumi şəkildə miqrasiya probleminin araşdırılmasında vacib əhəmiyyət daşıyır. Çünki bu mərhələlər özündə iqtisadi, siyasi, tarixi, sosial və s. faktorları birləşdirir. Ədəbiyyatlarda qəbul edilən 5 mərhələnin hər biri mürəkkəb və çoxşaxəli xarakterə malikdir. Xüsusən də 3-cü mərhələni təşkil edən miqrantın öz ölkəsinin sərhədlərini tərk etməsi və təyinat ölkəsinin sərhədlərinə daxil olması məsələləri hüquqi cəhətdən daha çox maraq kəsb edir. Miqrasiya proseslərinə dair tarixən formalaşan nəzəriyyə və yanaşmalar isə 135 illik inkişaf yolu keçmiş, fərqli element və faktorları bu prosesin əsası kimi nəzərə almışlar. XIX əsrin sonlarında miqrasiya proseslərini 3 hissədən (emiqrasiya, immiqrasiya və qayıdışdan) ibarət olan təktərəfli və ya ikitərəfli hərəkət kimi öyrənən klassik nəzəriyyəni iqtisadi elementləri əsas götürən neoklassik nəzəriyyə izləmişdir.
İlk iqtisadi yanaşmalar əsasən mikro iqtisadi faktorlar üzərində fokuslansa da, sonrakı dövrlərdə qloballaşma tendensiyası miqrasiyanın makro iqtisadiyyat səviyyəsində öyrənilməsinə gətirib çıxarmışdır. Burada diqqəti cəlb edən digər bir məqam isə əvvəlki nəzəriyyələrin miqrasiyanı daha çox kütlənin hərəkəti kimi nəzərə alması və daha sonra bu metodun dəyişilib fərdiləşmə tendensiyasının müşahidə edilməsi, yəni artıq ayrı-ayrı fərdlərin həyata keçirdiyi miqrasiyanın prosesin mərkəzində olmasıdır. Bu zaman isə artıq köç edən şəxsin özünün fərdi xüsusiyyətləri, bacarıqları daha ön planda olur və getdiyi ölkədə yaşaya bilib-bilməməsinin əsas etibarilə özündən asılılığı yanaşmalarda mühüm yer tutur. Xüsusilə, əmək miqrasiyası zamanı təbii ki, təyinat ölkəsindəki işçilər cəhətdən də bu məqam diqqətəlayiqdir.
Ümumilikdə, miqrasiya proseslərinin öyrənilməsində iqtisadi yanaşmalardan əlavə bir sıra etnik və milli faktorların da əhəmiyyətli rol oynadığını müşahidə etmiş olduq. Burada xüsusilə xalq anlayışına diqqəti yönəldə bilərik. Müxtəlif alimlər tərəfindən bu fenomenə fərqli anlayışlar verilsə də, hesab edirik ki, xalqa ümumi mədəniyyətə, ortaq tarixi keçmişə, suverenlik hüququna malik və öz müqəddəratını təyin etməyə müqtədir, müəyyən olunmuş sərhədlər daxilində hakimiyyətin mənbəyini təşkil edən insanlar qrupu şəklində anlayış vermək daha məqsədəmüvafiqdir.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
- Azərbaycan Respublikasının Konstitusiyası;
- Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi;
- Abdullayev C. Hukuki yönleriyle Dağlık Karabağ sorunu. Adalet Yayınevi. Ankara, 2014;
- Anderson B. Imagined Communities: Reflection on the Origin and Spread of Nationalism. Verso Books. 1983;
- Barnett L. Global Governance and the Evolution of the International Refugee Regime. International Journal of Refugee Law, 2002, vol 14, S. 2-3, s. 238-262;
- Borjas G.J. Economic theory and international migration. International Migration Review, XXIII(3): 457-485. 1989;
- Chiswick, Barry R., Are Immigrants Favorably Self-Selected? An Economic Analysis. IZA Discussion Paper No. 131. 2000;
- Gary L. Goodman and Jonathan T. Hiskey. Exit without leaving – Political disengagement in high-migration municipalities in Mexico. Comparative Politics 40.2:169-188. 2008;
- Jeffrey H. Cohen and Ibrahim Sirkeci. Cultures of migration: The global nature of contemporary mobility. University of Texas Press. 2011;
- Kuhlman T. Towards a definition of refugees. Oxford University Press. 1991;
- Mandacı Nazif ve Gökay Özerim, “Uluslararası Göçlerin Bir Güvenlik Konusuna Dönüşümü: Avrupa’da Radikal Sağ Partiler ve Göçün Güvenlikleştirilmesi”, Uluslararası İlişkiler, Vol 10, No 39 (Autumn 2013), p. 105-130;
- Massey Douglas S. Worlds in Motion: Understanding International Migration at the End of the Millenium. Oxford University Press. 1998;
- Neva Övünç Öztürk. Mültecinin hukuki statüsünün belirlenmesi. Ankara. 2015;
- Nəsibov E.M. Miqrasiyanın əsasları. Miqrasiya prosesləri. Dünya miqrasiya mərkəzləri. I kitab. Bakı, “Elm və Təhsil” nəşriyyatı. 2014;
- Philip C., Harwart S.B. Multi-Racist Britain. Palgrave Macmillan. 1988;
- Pierre Bourdieu, Loïc J. D. Wacquant. An Invitation to Reflexive Sociology. University of Chicago Press. 1992;
- Portes A., Guarnizo E. Luis, Landolt P. The study of transnationalism: pitfalls and promise of an emergent research field. Ethnic and racial studies 1999, vol 22, issue 2. s. 217-237;
- Saskia S. The Mobility Of Labor And Capital: A Study In International Investment And Labor Flow. 1988;
- Seton-Watson H. Nations and States. New York: Routledge. 1977;
- Smith Anthony D. National identity. Penguin Books. 1991;
- Stephen Castles, Mark J. Miller. The age of migration: international population movements in the modern world. 4th 2009;
- Susan Thieme. Social networks and migration: Far West Nepalese labor migrants in Delhi. Lit. 2006;
- Uma A.Segal, Doreen Elliott, Nazneen S. Mayadas. Immigration worldwide: policies, practices, and trends. Oxford University Press. 2010;
- Vertovec S. Migrant Transnationalism and Modes of Transformation. International Migration Review 2004, vol 38 issue 3. s.970-1001;
- Migration and Home Affairs
- Glossary on Migration
Qeyd: Bu məqalə Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının doktorantı Elvin Əliyev tərəfindən təhsil prosesi çərçivəsində yazılmışdır.
Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.