“Pirr Qələbəsi” yoxsa “Laevinik Məğlubiyyəti”

“Beynəlxalq Ədalət Məhkəməsi elə bir məhkəmədir ki, bəzən qalib gəldiyin təqdirdə məğlub, bəzən də məğlub olduğun təqdirdə qalib gəlirsən”.

Azərbaycan və Ermənistan arasında 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra hər iki tərəf arasında həm diplomatik, həm də hüquqi sferada mübahisənin yekun həlli istiqamətində müxtəlif proseslər baş vermişdir. Xüsusilə, hüquqi sferada hər iki tərəfdən müxtəlif məhkəmə instansiyalarında bir-birilərinə qarşı məhkəmə işləri başlanmışdır. Azərbaycan və Ermənistan arasında baş tutan bu məhkəmə işlərindən biri hal-hazırda Beynəlxalq Ədalət Məhkəməsində davam edir. Belə ki, həm Azərbaycan, həm də Ermənistan tərəfindən bir-birilərinə qarşı “İrqi ayrı-seçkiliyin bütün formalarının qadağan edilməsi haqqında” Konvensiya üzrə Beynəlxalq Ədalət Məhkəməsində məhkəmə prosesi başlanmışdır. Bu məhkəmə işləri ilə bağlı məhkəmə tərəfindən hələ ki, mahiyyət üzrə yekun qərar qəbul edilməsə də, indiyədək tərəflərin müvəqqəti təminat tədbirləri üzrə vəsatətləri əsasında məhkəmə tərəfindən bir sıra maraqlı qərarlar qəbul edilmişdir. İndiyədək hər iki məhkəmə prosesi üzrə müvəqqəti təminat tədbirləri ilə bağlı 4 müxtəlif qərar qəbul edilsə də, bugünkü yazımız Ermənistanın müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı 2022-ci il 28 dekabr tarixli vəsatətinə əsasən məhkəmə tərəfindən qəbul edilmiş qərarın təhlilinə həsr ediləcəkdir. Hüquqi təhlilə keçməzdən öncə hər iki məhkəmə prosesi ilə bağlı əsas faktları diqqətinizə çatdırmaq istəyirik.

1. Əsas faktlar

İlk olaraq 2021-ci il sentybarın 16-sı tarixində Ermənistan tərəfindən Azərbaycana qarşı  Beynəlxalq Ədalət Məhkəməsi (“Məhkəmə”) qarşısında “İrqi ayrı-seçkiliyin bütün formalarının qadağan edilməsi haqqında” Konvensiya (“Konvensiya”) üzrə məhkəmə prosesi başlanmışdır.[1] Ermənistanın müraciətində göstərilmişdir ki, Azərbaycan tərəfindən etnik və milli mənsubiyyətə əsaslanaraq ermənilərə qarşı həyata keçirilən irqi-ayrı seçkilik nəticəsində Konvensiyanın 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci maddələri pozulmuşdur. Bu müraciətlə birlikdə eyni zamanda Ermənistan tərəfindən müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi ilə bağlı vəsatət də Məhkəməyə təqdim edilmişdir.

Bu müraciətdən dərhal sonra 2021-ci il sentyabrın 23-ü tarixində Azərbaycan tərəfindən də Ermənistana qarşı Məhkəmə qarşısında həmin Konvensiya üzrə məhkəmə prosesi başlanılmışdır.[2] Ermənistanın müraciətində olduğu kimi Azərbaycan tərəfindən də müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı vəsatət əsas müraciətlə birlikdə Məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən həm Azərbaycanın, həm də Ermənistanın müvəqqəti təminat tədbirlərin tətbiqi ilə bağlı vəsatətləri üzrə qərar 2021-ci il 7 dekabr tarixində verilmişdir.

Bu qərarların verilməsindən təxminən bir il keçdikdən sonra hər iki tərəf müvəqqəti təminat tədbirlərin tətbiqi ilə bağlı yeni vəsatətləri Məhkəməyə təqdim etmişdir. Belə ki, Ermənistan tərəfindən bu vəsatət Məhkəməyə 28 dekabr 2022-ci il tarixində edilmişdir.[3] Ermənistan tərəfindən edilən bu vəsatətin əsasını isə 2022-ci il 12 dekabr tarixindən etibarən Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası təşkil etmişdir. Bu müraciətə cavab olaraq 2023-cü il 4 yanvar tarixində Azərbaycan tərəfindən də Məhkəməyə müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı yeni vəsatət təqdim edilmişdir.[4] Yuxarıda bildirdiyimiz kimi bugünkü yazımız Ermənistanın 2022-ci il 28 dekabr tarixli vəsatəti üzrə Məhkəmə tərəfindən verilən qərarın hüquqi təhlilinə həsr edildiyidən ilk olaraq Ermənistan tərəfindən müvəqqəti təminat tədbirləri üzrə hansı tələblərin təqdim edildiyinə nəzər yetirək.

2. Ermənistanın tələbləri

Ermənistan tərəfindən edilən 2022-ci il 28 dekabr tarixli vəsatətə əsasən aşağıdakı müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı qərarın qəbul edilməsi tələbi irəli sürülmüşdür:[5]

1. Azərbaycan Laçın dəhlizi boyunca hər iki istiqamətdə fasiləsiz və sərbəst hərəkətin qarşısını alan etiraz aksiyalarını təşkil etməyi və dəstəkləməyi dayandırmalıdır;

2. Azərbaycan Laçın dəhlizi boyunca hər iki istiqamətdə bütün şəxslərin, nəqliyyat vasitələrinin və yük daşımalarının fasiləsiz və sərbəst hərəkətini təmin etməlidir.

Ermənistan tərəfindən Məhkəməyə təqdim edilən 2023-cü il 26 yanvar tarixli məktubla yuxarıda göstərilən müvəqqəti təminat tədbirlərinə əlavə edilmiş və aşağıdakı müvəqqəti təminat tədbirinin də tətbiqi tələb edilmişdir:[6]

3. Azərbaycan dərhal və tam şəkildə Dağlıq Qarabağa təbii qaz və digər kommunal xidmətlərin təminatını bərpa etməli və bu cür təminatı pozmaqdan və ya buna maneə törətməkdən çəkinməlidir.

3. Tələblərlə bağlı Ermənistanın əsaslandırması

Ermənistanın əsaslandırmasına əsasən tərəflər arasında 2020-ci ildə baş tutan 44 günlük müharibənin başa çatmasından bugünədək Laçın dəhlizi Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə marşrutdur. Bu səbəbdən Ermənistan iddia etmişdir ki, 2022-ci il 12 dekabr tarixindən bəri həyata keçirilən “blokada” Azərbaycanın uzun illərdir ermənilərə qarşı apardığı siyasətin nəticəsidir, yəni bu “blokada” etnik ermənilər üçün dözülməz həyat şəraiti yaratmaqla onları ərazini məcbur tərk etdirməyə istiqamətlənmişdir. Bununla yanaşı, Ermənistan iddia etmişdir ki, 2022-ci il 12 dekabr tarixində başlanan “blokadanın” iştirakçıları özlərini eko-aktivist kimi tanıtsalar da, əslində onların əsas məqsədi başqadır, yəni bu iştirakçıların çıxışları anti-erməni və nifrət xarakteri daşıyır.

Həmçinin, Ermənistan bildirmişdir ki, Laçın dəhlizinin “blokadası” etnik ermənilərin öz ölkəsini tərk etmək və öz ölkəsinə geri qayıtmağa maneə yaradaraq onların azadlıq hüququnu pozur. Ermənistan daha sonra əlavə etmişdir ki, bu “blokada” Dağlıq Qarabağda xəstəxanaya yerləşdirilən ağır vəziyyətdə olan etnik ermənilərin Ermənistandakı tibb müəssisələrinə köçürülməsinin qarşısın aldığından onların sağlamlıq, sosial təminat və s. hüquqlarını pozur. Ermənistanın əsaslandırmasına əsasən həmçinin “blokada” vasitəsilə zəruri ərzaq məhsullarının, tibbi və dərman ləvazimatlarının idxalının qarşısının alındığı bildirilmişdir.

4. Azərbaycanın Ermənistanın tələblərinə qarşı əks arqumentləri

Ermənistan tərəfinin iddialarına qarşı Azərbaycan tərəfi bildirmişdir ki, 2022-ci il 12 dekabr tarixindən etibarən baş tutan etiraz aksiyaları Azərbayca Hökuməti tərəfindən təşkil edilməmişdir və bu etiraz aksiyalarının əsas məqsədi Ermənistan tərəfindən Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşıdır.

Azərbaycan həmçinin əlavə etmişdir ki, etirazçılar tərəfindən mülki nəqliyyatın hərəkətinə heç bir məhdudiyyət qoyulmamışdır. Belə ki, etirazlar başladıqdan sonra 1000-dən çox avtomobil Laçın dəhlizindən keçmiş və heç bir zorakılıq baş verməmişdir. Həmçinin, etiraz aksiyaları nəticəsində zəruri ərzaq məhsullarının, tibbi və dərman ləvazimatlarının idxalının qarşısının alınması ilə bağlı heç bir sübut mövcud deyildir. Belə ki, etiraz aksiyaları başladıqdan sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri, Ermənistana məxsus təcili tibbi yardım maşınları və Rusiya sülhməramlı qüvvələrinə məxsus bütün maşınlar Laçın dəhlizindən maneəsiz keçə bilmişdir.

5. Məhkəmənin qərarı

Məhkəmə tərəfindən ilkin olaraq müvəqqəti təminat tədbirlərini üzrə şərtlərin mövcud olub-olmaması araşdırılmışdır: 1) ilkin (prima facie) yurisdiksiyanın mövcudluğu; 2) pozulması iddia edilən hüquqların mümkünlüyü və tələb edilən müvəqqəti təminat tədbirləri ilə bu hüquqların arasındakı əlaqə; 3) pozuntu nəticəsində dəyə biləcək zərərin bərpa olunmazlığı və təxirəsalınmazlıq.

İlkin yurisdiksiya ilə bağlı Məhkəmə Ermənistanın ilkin müvəqqəti təminat tədbirləri ilə bağlı vəsatəti əsasında özü tərəfindən verilmiş 2021-ci il 7 dekabr tarixli qərarına istinad edərək hazırkı müraciət üzrə də ilkin yurisdiksiyanın olduğu qənaətinə gəlmişdir.[7] İkinci şərtlə bağlı Məhkəmə bildirmişdir ki, Ermənistan tərəfindən pozulması iddia edilən hüquqlar ən azından mümkündür və bu hüquqlarla tələb edilən müvəqqəti təminat tədbirləri arasında əlaqə mövcuddur. Belə ki, Məhkəmə müəyyən etmişdir ki, Ermənistanın iddialarına əsasən Laçın dəhlizində hərəkətin məhdudlaşdırılması nəticəsində Konvensiyanın 2-ci və 5-ci maddələrinin pozulması ehtimalı ən azından mümkündür.[8] Dəyə biləcək zərərin bərpa olunmazlığı və təxirəsalınmazlıq şərti ilə bağlı isə Məhkəmə bildirmişdir ki, Ermənistanın iddialarına əsasən Laçın dəhlizində hərəkətin məhdudlaşdırılması etnik ermənilərin həyat və sağlamlığı üçün bərpa edilməsi mümkün olmayan zərərə səbəb ola bilər. Bu səbəbdən məhkəmə bu şərtin də ödənilməsini bildirmişdir.[9]

Məhkəmə müvəqqəti təminat tədbirləri üzrə ilkin şərtlərin ödənildiyi qərarına gəlsə də, Ermənistan tərəfindən tətbiq edilməsi üçün Məhkəməyə təqdim edilmiş müvəqqəti təminat tədbirləri ilə bağlı fərqli mövqe tutmuşdur. Belə ki, hazırkı məsələ üzrə faktları nəzərə alaraq Məhkəmə bildirmişdir ki, Ermənistan tərəfindən təqdim edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi məqsədəmüvafiq deyildir və tətbiq edilməli olan müvəqqəti təminat tədbiri fərqli xarakterə malik olmalıdır. Buna uyğun olaraq, Məhkəmə qərara almışdır ki,

“Bu iş üzrə yekun məhkəmə qərarı verilənədək Azərbaycan Konvensiya üzrə öhdəliklərinə uyğun olaraq insanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkəti üzrə maneəsizliyi təmin etmək üçün sərəncamında olan bütün tədbirləri görməlidir.[10]

Beləliklə Məhkəmə tərəfindən Azərbaycanın Laçın dəhlizi boyunca hər iki istiqamətdə bütün şəxslərin, nəqliyyat vasitələrinin və yük daşımalarının fasiləsiz və sərbəst hərəkətini təmin etməsi və Azərbaycanın dərhal və tam şəkildə Dağlıq Qarabağa təbii qaz və digər kommunal xidmətlərin təminatını bərpa etməsi və bu cür təminatı pozmaqdan və ya maneə törətməkdən çəkinməsi ilə bağlı Ermənistanın müvəqqəti təminat tədbirləri üzrə vəsətəti rədd edilmişdir.

6. Məhkəmə qərarının hüquqi təhlili

Məhkəmə tərəfindən verilmiş bu qərar bir sıra maraqlı məqamlara malikdir. İlk olaraq, Məhkəmənin qərarı vasitəsilə Ermənistan tərəfindən Laçın dəhlizi boyunca hər iki istiqamətdə təhlükəsiz və maneəsiz hərəkətin təmin edilməsi üzrə öhdəliyin bütövlükdə Azərbaycanın üzərinə qoyulması rədd edilmişdir. Belə ki, Ermənistan tərəfindən Azərbaycan, Ermənistan and Rusiya arasında 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Sazişin şərtləri nəzərə alınmayaraq Məhkəmədən Azərbaycanın Laçın dəhlizi boyunca hər iki istiqamətdə bütün şəxslərin, nəqliyyat vasitələrinin və yük daşımalarının fasiləsiz və sərbəst hərəkətini təmin etməsi üzrə qərarın qəbul edilməsi tələb edilmişdir. Məhz Üçtərəfli Sazişin 6-cı bəndinə əsasən Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarətində altında qalır və Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Müvafiq olaraq, Məhkəmə tərəfindən də Üçtərəfli Sazişin bu bəndinə istinad edilmiş və “Azərbaycan … maneəsiz hərəkəti təmin etməlidir” əvəzinə “Azəbaycan … maneəsiz hərəkətin təmin edilməsi üçün sərəncamında olan bütün tədbirləri görməlidir” qərara alınmışdır. Beləliklə, Məhkəmə Laçın dəhlizində təhlükəsiz və maneəsiz hərəkətin təmin edilməsində Rusiya sülhməramlı qüvvələrinin də rol oynadığını nəzərə alaraq öhdəliyin bütövlükdə Azərbaycanın üzərinə qoyulmasını rədd etmişdir.

Digər maraqlı məqam isə Ermənistan tərəfindən dolayı yolla Laçın dəhlizində hər iki istiqamətdə hərəkətin sərbəst/nəzarətsiz həyata keçirilməsi üzrə tələbin Məhkəməyə təqdim edilməsidir. Belə ki, Ermənistan tərəfindən edilən müraciətdə göstərilmişdir ki, “Azərbaycan Laçın dəhlizi boyunca hər iki istiqamətdə … fasiləsiz və sərbəst (ingiliscə uninterrupted and free) hərəkəti təmin etməlidir”. Məhkəmə prosesi ərzində Ermənistan tərəfindən etiraz aksiyalarının Laçın dəhlizi boyunca hərəkətin qarşısını aldığı, yəni maneə törətdiyi bildirilsə də, yekun tələbdə maneəsiz hərəkətin təmin edilməsi əvəzinə fasiləsiz və sərbəst hərəkətin təmin edilməsi göstərilmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, Ermənistan tərəfindən yekun tələbdə fasiləsiz və sərbəst ifadələrinin seçilməsi xüsusi məqsəd daşıyır. Belə ki, Ermənistan tərəfi dolayı yolla Laçın dəhlizi boyunca hərəkətin sərbəst, başqa sözlə nəzarətsiz həyata keçirilməsi üzrə məhkəmə tərəfindən qərarın qəbul edilməsinə çalışmışdır.

Bu cür məqsədin mövcudluğunu Məhkəmə tərəfindən verilən qərardan da müəyyənləşdirmək mümkündür. Məhz Məhkəmənin qərarına əsasən Azərbaycan maneəsiz (ingiliscə unimpeded) hərəkəti təmin etmək üçün sərəcamında olan bütün tədbirləri görməlidir. Gördüyünüz kimi məhkəmə tərəfindən fasiləsiz və sərbəst hərəkət əvəzinə maneəsiz hərəkət ifadəsi işlədilmişdir, beləliklə, məhkəmə bu iki kriteriya arasında fərq qoymuşdur. Buradan belə başa düşmək olar ki, məhkəmənin qərarına əsasən Laçın dəhlizi boyunca hərəkət maneəsiz olmalı, lakin bu, hərəkətin sərbəst və ya nəzarətsiz olmasını özündə ehtiva etmir.

Daha bir maraqlı məqam isə məhkəmə tərəfindən istifadə edilən “sərəncamında olan bütün tədbirləri görmək” yanaşması ilə bağlıdır. İlk olaraq bildirmək istəyirik ki, bu cür yanaşma məhkəmə tərəfindən əvvəllər də bir sıra məhkəmə işlərində istifadə edilmişdir: 1) Vienna Convention on Consular Relations (Paraquay v. Amerika Birləşmiş Ştatları); 2) LaGrand (Almaniya v. Amerika Birləşmiş Ştatları); 3) Jadhav (Hindistan v. Pakistan). Hər üç iş üzrə daxili məhkəmə prosesi davam etdiyindən Beynəlxalq Ədalət Məhkəməsi daxili məhkəmə prosesinə qəti şəkildə müdaxilə etmək istəməmiş və bu cür çəkinmə texnikasından (“sərəncamında olan bütün tədbirləri görmək”) istifadə etmişdir. Lakin bu məhkəmə işlərindən fərqli olaraq hazırkı iş üzrə də bu çəkinmə texnikasından istifadə edilməsi böyük qeyri-müəyyənliyə səbəb olur. Belə ki, Azərbaycan tərəfindən bu cür qeyri-müəyyən öhdəliyə necə əməl edilməsi özlüyündə sual doğurur. Bu məsələ həmçinin Azərbaycan tərəfindən təyin olunmuş ad hoc hakim olan Keith tərəfindən də bildirilmişdir. Hakim Keith bu öhdəliyin qeyri-müəyyənliyi ilə bağlı göstərmişdir ki, “əgər yol qəzası baş verərsə və Azərbaycanın ərazini tez bir zamanda təmizləmək üçün kifayət qədər resursları olmazsa və bunun nəticəsində yaranan tıxac dəhliz boyunca hərəkətə maneə törədərsə, bu, qərarın pozulmasını təşkil edirmi yoxsa yox?”.[11]

Göründüyü kimi Məhkəmə tərəfindən nəzərdə tutulmuş bu cür müvəqqəti təminat tədbirinin tətbiqi hər iki tərəf üçün qeyri-müəyyən xarakter daşıyır. Belə ki, gələcəkdə hansı hallarda bu müvəqqəti təminat tədbirinin pozulub-pozulmaması böyük sual doğurur. Bu səbəbdən, bu iş üzrə hansı tərəfin qalib, hansı tərəfin məğlub olduğun müəyyənləşdirmək asan deyildir. Xüsusilə, ilk baxışdan qalib görünən tərəf sonda məğlub, məğlub hesab edilən tərəf isə qalib ola bilər. Bu cür qeyri-müəyyənliyə baxmayaraq bu qərar üzrə müəyyən olan bir məqam da mövcuddur. Həmin məqam Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən daha bir “Pirr Qələbəsi” yoxsa “Laevinik Məğlubiyyəti” dilemmasına malik olan qərarlardan birinin verilməsidir.

İstinadlar

[1] https://www.icj-cij.org/sites/default/files/case-related/180/180-20210916-APP-01-00-EN.pdf

[2] https://www.icj-cij.org/sites/default/files/case-related/181/181-20210923-APP-01-00-EN.pdf

[3] https://www.icj-cij.org/sites/default/files/case-related/180/180-20221227-WRI-01-00-EN.pdf

[4] https://www.icj-cij.org/sites/default/files/case-related/181/181-20230103-WRI-01-00-EN.pdf

[5] Application of the International Convention on the Elimination of All Forms of Racial Discrimination (Armenia v. Azerbaijan), Provisional Measures, Order of 22 February 2023, para. 10

[6] Application of the International Convention on the Elimination of All Forms of Racial Discrimination (Armenia v. Azerbaijan), Provisional Measures, Order of 22 February 2023, para. 14

[7] Application of the International Convention on the Elimination of All Forms of Racial Discrimination (Armenia v. Azerbaijan), Provisional Measures, Order of 22 February 2023, para. 26

[8] Application of the International Convention on the Elimination of All Forms of Racial Discrimination (Armenia v. Azerbaijan), Provisional Measures, Order of 22 February 2023, para. 39

[9] Application of the International Convention on the Elimination of All Forms of Racial Discrimination (Armenia v. Azerbaijan), Provisional Measures, Order of 22 February 2023, para. 55

[10] Application of the International Convention on the Elimination of All Forms of Racial Discrimination (Armenia v. Azerbaijan), Provisional Measures, Order of 22 February 2023, para. 62

[11] Application of the International Convention on the Elimination of All Forms of Racial Discrimination (Armenia v. Azerbaijan), Provisional Measures, Order of 22 February 2023, Declaration of Judge Ad hoc Keith, para. 7