Dentist/patient relations: Legal assessment of dental risks

Açar sözlər: stomatoloq, həkim, pasiyent, sənədləşmə, stomatoloji, müqavilə

Xülasə: Bu yazıda stomatoloq (həkim) və pasiyent arasında münasibətlərin qurulması, stomatoloji müalicə zamanı və sonrasında risklərin idarə edilməsi, sənədləşmə işinin qurulması və onun önəmi barəsində məlumat verilir. Yerli və xarici praktikada məsələnin tənzimlənməsi müqayisədə göstərilir.

Giriş

Hazırda Azərbaycanda ən azad şəkildə fəaliyyət göstərən sahələrdən biri, sözsüz ki, stomatologiyadır. Stomatologiya (terapevtik, cərrahi, ortopedik, ortodontik stomatoloji) üzrə fəaliyyətin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər [1] siyahısına daxil olduğunu nəzərə alsaq, bu sahədə fəaliyyətin böyük bir hissəsinin özəl sektorun payına düşdüyü aydın olur. Bu isə öz növbəsində xidmətin təşkili, qiymətlərin müəyyən edilməsi və s. kimi məsələlərin tənzminlənməsində stomatoloqlara azadlıq verir.

Həkim / pasiyent münasibətlərinin qurulmasının real təbiəti və onun yaratdığı problemlər

Ölkəmizdə həkim və pasiyent münasibətləri sadə müqavilə belə olmadan, hətta həkim tərəfindən pasiyent haqqında anket və ya blank doldurulmadan qurulur. Belə ki, pasiyent həkimi müəyyən edir, qəbulunda olur və stomatoloji problemi haqqında həkimi məlumatlandırır. Həkim isə diş üzərində “öz bildiyi” kimi proseduru icra edir. Pasiyentə problemi və etdiyi prosedurlar haqqında şifahi şəkildə məlumat versə belə, pasiyentin həkim və ya stomatoloq olmadığını nəzərə alsaq, həkimin verdiyi məlumatlar pasiyent üçün o qədər də önəm daşımır. Belə ki, pasiyent diş ağrısı səbəbindən həkimə müraciət edirsə, onun dişində həkim tərəfindən hər hansısa prosedur icra edilirsə, məsələn, ən sadə halda, dişə plomb qoyulursa, həkim proseduru hansı diş üzərində icra etdiyini və niyə etdiyini sənəddə göstərməlidir. Pasiyentin yanlış dişi üzərində prosedur icra edildiyi halda həkim pasiyentə zərər vurmuş ola bilər və bir çox hallarda pasiyent heç bunun fərqində belə olmur. Yalnız evə getdikdən sonra diş yenidən ağrımağa başladıqda pasiyent yenidən həkimə müraciət etməli olur. Bu halda pasiyent üçün anlaşılmaz vəziyyət yaranır və pasiyent, bəlkə də, bir prosedur üçün bir neçə dəfə ödəniş etməli, əlavə xərc çəkməli olur.

Bundan başqa, müvafiq sənədləşmənin olmaması öz növbəsində pasiyentin öz sağlamlığı, müalicə zamanı hansı prosedurların edildiyini, qiymətin necə müəyyən edildiyini, zəmanət müddətinin olub-olmaması haqqında məlumatsızlığı ilə nəticələnir, ən əsası isə hər hansısa əlaqədar problem yarandığı halda bunun həmin həkim tərəfindən, hansı prosedurun baş verməsi nəticəsində sübut edilməsini çətinləşdirir. Belə ki, hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur.[2] Qeyd olunanları nəzərə alaraq, pasiyent həkimə müraciət etdiyi zaman müvafiq sənədləşmə – müqavilə əsasında xidmətin göstərilməsini və ya həkimdən həkim və pasiyent haqqında məlumatlar da qeyd edilməklə müalicənin başlanğıcından sonuna qədər edilən prosedurların təsvirini özündə əks etdirən müvafiq qaydada imzalanmış sənəd tələb etməkdən çəkinməməlidir.

Həkimlər tərəfindən pasiyentlər haqqında müvafiq sənədləşmənin aparılmaması nəinki pasiyentlər, həmçinin müəyyən mənada həkimlər üçün də uyğun olmayan vəziyyətin yaranmasına gətirib çıxara bilir. Təbii haldır ki, sənədləşmə edilmirsə, həkim pasiyentin hansı dişini müayinə, müalicə etdiyini, müalicə zamanı hansı prosedurları izlədiyini, ilk müraciət edildiyi zaman nə kimi problem aşkarladığını özü də unudur. Bundan başqa sənədləşmənin olmaması pasiyentin başqa həkimə müraciət etməsi halında yeni müraciət edilmiş həkimin pasiyentin diş və ağız sağlamlığı haqqında, pasiyentin dişində aparılmış prosedurlar haqqında dəqiq məlumata sahib olmasını çətinləşdirir.

Müvafiq sənədləşmə olmadan həkim hər hansısa öhdəlik daşıyırmı?

Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.[3] Belə ki, pasiyentin həkimin yanına getməsi, həkimin isə diş üzərində hər hansısa proseduru icra etməsi artıq tərəflər arasında münasibətin yaranmasının göstəricisidir. Hər hansı yazılı sənədləşmə olmasa belə bu, şifahi razılaşma hesab olunur. Pasiyent və həkim arasında yaranmış münasibətə görə həkimin öhdəliyi onun pasiyentə zərər vurması halında yaranır. Belə ki, öhdəliyin zərər vurulması nəticəsində əmələ gəlməsi halı istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.[4] Buradan belə qənaətə gələ bilərik ki, ortada vurulmuş zərər varsa, bu təqdirdə öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmasa da olar. Bununla belə, tərəflər arasında yaranmış münasibətlə əlaqədar mübahisəli məsələ yarandığı halda və tərəflər həmin mübahisəli məsələni danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisəyə Azərbaycan Respublikasının aidiyyəti məhkəməsi vasitəsilə baxıla bilər. Bu halda nəzərə almaq lazımdır ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.[5] Bununla belə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Belə ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[6] Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.[7] Belə ki, pasiyent həkimin ona zərər vurduğu əsası ilə məhkəməyə müraciət edirsə, bu halda sübutetmə yükü həkimin öhdəsində olur, yəni həkim pasiyentə zərər vurmadığını sübut etməlidir ki, onun üçün məsuliyyət yaranmasın. Bununla belə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.[8] Buna görə də maddi sübutlar olmadan pasiyent tərəfidən iddiasının əsaslandırılması üçün yazılı sənədlərin olması hər bir halda pasiyent üçün daha əlverişli vəziyyət yaradacaqdır.

Xarici praktikada məsələnin tənzimlənməsi

Türkiyə Respublikasında (“Türkiyə”) həkimlərin stomatologiya sahəsində xidmətlərin qurulması, qiymətlərin müəyyən edilməsindəki tənzimləmələrinə nəzər salsaq, bu sahədə ölkəmizdə həkimlər üçün necə bir sərbəstliyin olduğunu aydın şəkildə görə bilərik. Belə ki, Türkiyədə Türkiyə Diş Həkimləri Birliyi (“Birlik”) mövcuddur və həmin Birlik ölkədə ağız və diş sağlamlığı xidmətləri üzrə fəaliyyət göstərən həkimlərin birliyidir. Belə ki, həmin Birlik ona tabe olan 37 “Diş Həkimləri Otaqları”ndan (“DHO”) ibarətdir. Hər bir DHO isə öz üzvlərindən ibarətdir. Sərbəst işləyən diş həkimlərinin də müvafiq DHO-ya üzv olması məcburidir. Birlik tərəfindən diş peşəsi standartlarını yüksəltmək, peşə etikası və nizam-intizamını təmin etmək məqsədi ilə nizamnamələr, qaydalar və müvafiq qanunlar qəbul edilir.[9] Birlik tərəfindən pasiyentlərdə stomatoloji xidmətlərin qiyməti haqqında müəyyən təsəvvürün yaranması üçün hər bir proses üçün minimum məbləğ müəyyən edilir.[10] Bu isə pasiyentlər tərəfindən həkim seçilməsi prosesini asanlaşdırır və pasiyent məbləğlərin həkim tərəfindən “şişirdilib-şişirdilmədiyindən” agah olur.

Hindistanda Hindistan Stomatoloq Şurası (“Şura”) fəaliyyət göstərir. Şura “Əxlaq Kodeksi və Stomatoloq Aktı” əsasında səlahiyyətlərinə uyğun olaraq bəyannamə (“Bəyənnamə”) qəbul edir. Bu Bəyannamə yaxşı stomatoloji praktikanın qorunması məqsədilə həkimlərinin keyfiyyət  və vəzifələri, stomatoloji qeydlər, qeydiyyat nömrəsinin göstərilməsi, dərman resepti, məbləğlər, digər ödənişlər, peşə sertifikatları, hesabatlar və digər sənədlərin imzalanması ilə əlaqədar məsələləri tənmizləyir.[11]

Almaniyada Məcburi Tibbi Sığorta diş müalicəsini (ortodontika, implantasiya və s. istisna olmaqla) də özündə əks etdirir.[12] Alman əhalisinin böyük əksəriyyəti (86%) ağız və diş sağlamlığı da daxil olmaqla qanuni olaraq təyin edilmiş standart tibbi yardım paketlərini ödəyən fondun üzvləridir.[13] Məcburi Tibbi Sığorta ödənişləri onu qəbul edənlər və onların işəgötürənlərinin vəsaitləri hesabına həyata keçirilir. Mövcud maliyyə və təminat sistemində qeydiyyata alınmış tibbi sığorta həkimlərinin birlikləri tibbi sığorta fondları ilə müqavilələr bağlayırlar.[14] Beləliklə, ümumilikdə bu sahədə, demək olar, bütün proseslər müqavilə əsasında həyata keçirilir.

Azərbaycan Respublikasında stomatologiyanın parodontologiya və implantologiya sahələrinin inkişafına yardım etmək, parodontologiyanı ayrıca bir elmi sahə kimi stomatoloqlara və ümumiyyətlə cəmiyyətə tanıtmaq, bu sahədəki həkimlərin təkmilləşmə səviyyəsini yüksəltmək və bu istiqamətdə ən yüksək etik standartları müəyyən etməklə, nəşrlər və digər elmi-maarifləndirici təqdimatlar vasitəsi ilə tibb və stomatologiya sahələrində interdistiplinar kommunikasiyanı və tədqiqatları inkişaf etdirmək məqsədilə Azərbaycan Parodontologiya Cəmiyyəti [15] (“Cəmiyyət”) fəaliyyət göstərsə də, ona üzvlüyün könüllü xarakter daşıdığını da nəzərə alaraq, Cəmiyyət məhdud fəaliyyət sahəsində belə tam tənzimləməni və müəyyən mənada nəzarəti həyata keçirə bilmir.

Nəticə

Beləliklə, stomatoloji sahədə fəaliyyətin Azərbaycan Respublikası qanunvericiliyi tərəfindən tam olaraq tənzimlənmədiyini və münasibətlərin qurulması praktikasının həkimlər tərəfindən formalaşdırıldığını nəzərə alsaq, bu sahədə müvafiq sənədləşmə əsasında prosedurların edilməsi və həkim / pasiyent münasibətinin yazılı şəkildə qurulması praktikasının yaradılması və formalaşdırılması vətəndaşların üzərinə düşür. Bunun üçün pasiyent ilk mərhələdə həkimdən müvafiq rəsmi sənədləşmənin aparılmasını tələb etməli, müvafiq sənədləşmə aparılmadığı təqdirdə xidmətin qəbul edilməsindən imtina etməlidir. Bu cür sənədləşmə həkim və pasiyent arasında münasibətlərin davamlılığını təmin etmək üçün etibarlı vasitə olacaq və  hər iki tərəfi əhatə edən güclü etimad hissinə əsaslanan qarşılıqlı əlaqələrinin qurulmasına səbəb olacaqdır.

[1] Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası (“AR”) Nazirlər Kabinetinin Qərarı, 2.24-cü bənd və 2.24. 1-5-ci yarımbəndlər, 15 may 2017-ci il, № 206;

[2] Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunu, 25-ci maddə, 1 və 5-ci paraqraflar, 26 iyun 1997-ci il, № 360-IQ;

[3] Azərbaycan Respublikası Mülki Məcəlləsi (“Mülki Məcəllə”), 329.2-3-cü bəndlər;

[4] Mülki Məcəllə, 386.1-ci bənd;

[5] Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (“Mülki Prosessual Məcəllə”), 9.1-ci bənd;

[6] Mülki Məcəllə, 21.1-ci bənd;

[7] Mülki Məcəllə, 1112-ci maddə;

[8] Mülki Prosessual Məcəllə, 77.1-ci bənd;

[9] Türk Diş Həkimləri Birliyinin internet saytı: http://www.tdb.org.tr/menu_goster.php?Id=1;

[10] https://www.omerbayar.com.tr/tdb-fiyat-listesi/;

[11] Vijay Kumar, Yashoda R, Manjunath P Puranik, Ethical and Legal Issues in Dental Practice, Public Health Dentistry, Government Dental College and Research Institute, Bangalore, 2017, s. 333;

[12] Mayumi Nomura, Dental healthcare reforms in Germany and Japan: A comparison of statutory health insurance policy, § 3.1.1, 2008;

[13] S.Ziller, K.E.Eaton and E.Widström, The healthcare system and the provision of oral healthcare in European Union member states. Part 1: Germany, 2017;

[14] Mayumi Nomura, Dental healthcare reforms in Germany and Japan: A comparison of statutory health insurance policy, 2008;

[15] Azərbaycan Parodontologiya Cəmiyyətinin internet saytı: https://www.perio.az/haqqinda.

 

The articles on this blog are not, nor are they intended to be, legal advice. You should consult a lawyer for individual advice or assessment regarding your own situation.