Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzaladı.
Fərmana əsasən, artıq sadəcə mülki işlər və kommersiya mübahisələrinə dair işlər deyil, həmçinin, məhkəmələrin icraatında olan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə icraat da elektron qaydada aparılacaq. Eyni zamanda həmin işlər üzrə proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə yoluyla məhkəmə iclasında iştirak etmələrinə imkan yaradılacaq.
Fərmanla ətraflı olaraq burada tanış ola bilərsiniz.
Azərbaycan Respublikası Prezidenti Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019-cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzaladı.
Fərmana əsasən, səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu yaradılacaq.
Fərmanala 2023-cü il yanvarın 1-dən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyindəki bir sıra institut və mərkəzlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilmişdir.
Eyni zamanda Fərmanla, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 (dörd) üzvdən ibarət Müşahidə Şurası yaradılmışdır. TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən (sədr olmaqla), Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılmışdır.
TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 (üç) müavini həyata keçirəcək.
Həmçinin Fərmanla Nazirlər Kabinetinə TƏBİB-in yeni nizamnaməsinin layihəsini və nizamnamə fondunun məbləğinə dair təkliflərini iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılmışdır.
Fərmanla ətraflı olaraq burada tanış ola bilərsiniz.
Əlilliyin müəyyən olunması meyarlarının təsdiq edilməsi, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə dəyişiklik edildi.
Nazirlər Kabineti tərəfindən verilən rəsmi izaha əsasən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 avqust tarixli 1424 nömrəli Fərmanı ilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
Qərara əsasən əlilliyin ənənəvi üç dərəcə əvəzinə, orqanizmin funksiyalarının pozulması faizi əsasında qiymətləndirilməsi yanaşması əsas götürülmüşdür. Belə ki, I, II və III dərəcələr müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi hesab olunur.
Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
Qərarla ətraflı olaraq burada tanış ola bilərsiniz.
Nazirlər Kabineti tərəfindən idxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiq edildi.
Nazirlər Kabineti tərəfindən verilən rəsmi izaha əsasən, qərar ilə idxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.
Siyahıya aşağıdakı məhsullar daxildir:
– Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı
– Müxtəlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton
– Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük
– İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər
– Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları
– Kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr.
Qərarla ətraflı olaraq burada tanış ola bilərsiniz.