Azərbaycan Respublikası qanunvericiliyinə edilən mühüm dəyişikliklərin xülasəsi üzrə 2022-ci il noyabr buraxılışını sizə təqdim edirik:
- Elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli 1885 nömrəli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalamışdır.
Fərmana görə elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilir.
Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilir.
Ətraflı tanış olmaq üçün buradan oxuya bilərsiniz.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsində bir sıra dəyişikliklər edilmişdir. Belə ki, əsas əlavələr Əmək Məcəlləsinin 11 və 65-ci maddələrinə olmuşdur. 11-ci maddəyə aşağıdakı məzmunda “ğ” bəndi əlavə edilib:
“ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək.”.
65-ci maddənin 5-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:
“İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.”.
Ətraflı tanış olmaq üçün buradan oxuya bilərsiniz.
- Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən məhkumların videogörüşlərlə əlaqə saxlamasına icazə verilir və bir sıra əlavələr edilir.
81.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:
“Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlər telefon danışıqları və ya videogörüşlərlə əvəz edilir.”
Əlavə edilir:
84.4-1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçirilir. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunur.
Ətraflı tanış olmaq üçün buradan oxuya bilərsiniz.
- “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Fərman imzalamışdır.
Fərmanda bir çox maddələrə əlavə və dəyişikliklər edilmişdir. Məsələn: “Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilini (o cümlədən qeyri-formal təhsilini), eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını bu Nizamnamənin 3.1.6-cı yarımbəndinə uyğun olaraq müsabiqə əsasında maliyyələşdirir;”;
“3.1.16. bu Nizamnaməyə uyğun olaraq, gənclər üçün əhəmiyyət kəsb edən, habelə gənclər siyasəti sahəsində qəbul olunmuş normativ hüquqi aktlardan, dövlət proqramlarından, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn məsələlərə dair istedadlı və yaradıcı gənclərin və gənclər təşkilatlarının Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda layihələrini dəstəkləyir.”
Ətraflı tanış olmaq üçün buradan oxuya bilərsiniz.
- “Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə”, “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində”, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 11 oktyabr tarixli 608-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti fərman imzalamışdır.
Fərmanla ətraflı tanış olmaq üçün buradan oxuya bilərsiniz.
- Azərbaycan Respublikasının Milli Məclisində “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
Qanuna əsasən Avtonəqliyyat vasitələri “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılır.
Qanunla ətraflı tanış olmaq üçün buradan oxuya bilərsiniz.
- Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib. İnzibati Xətalar Məcəlləsində dəyişiklik “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun icrası ilə əlaqədardır.
Qanunla ətraflı tanış olmaq üçün buradan oxuya bilərsiniz.