AİFM çərçivəsində “Aİ cinayətləri” siyahısına əlavə ediləcək məhdudlaşdırıcı tədbirlərin pozulması

Avropa İttifaqı Şurası məhdudlaşdırıcı tədbirlərin pozulmasının “Aİ cinayətləri” siyahısına daxil edilməsinə dair tədbirlər görməyə başlayıb. Bu, Aİ-nin sanksiyalarının genişləndirilmiş çərçivə daxilində hazırlanması üçün mühüm mərhələdir.

Aİ Rusiyanın Ukraynaya qarşı haqsız müharibəsinə qətiyyətlə cavab verib. Həmçinin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi kontekstində bir sıra məhdudlaşdırıcı tədbirlər görülüb.

Şura məhdudlaşdırıcı tədbirlərin pozulmasının “Aİ cinayətləri” siyahısına əlavə edilməsi barədə yekdilliklə qərar qəbul edib.

Bu sanksiyaların uğurlu bir şəkildə həyata keçirilməsi birgə səy tələb edir və qəbul edilən qərar bu tədbirləri pozmaq cəhdinin dayandırılmasını təmin etmək üçün mühüm vasitədir.

Məhdudlaşdırıcı tədbirlərin pozulmasının “Aİ cinayətləri” siyahısına daxil edilməsi, sanksiyaların bütün Aİ ərazisində eyni dərəcədə tətbiq edilməsini təmin etmək və Aİ tərəfindən müəyyən edilən məhdudiyyətlərdən yan keçmək və ya pozmaq cəhdlərinin qarşısını almaq məqsədilə atılan iki addımdan birincisidir.

Bu qərarın qəbulundan sonra Avropa Komissiyası Aİ-nin məhdudlaşdırıcı tədbirlərinin pozulmasına görə cinayət hüquqpozmalarının və cəzaların müəyyənləşdirilməsi ilə bağlı minimum qaydaları özündə əks etdirən direktiv üçün təklif təqdim edəcək. Bu təklif daha sonra Avropa İttifaqı Şurası və Avropa Parlamaneti tərəfindən müzakirə olunacaq.

Aİ-nin Fəaliyyəti haqqında Müqavilənin 83-cü maddəsinin 1-ci bəndinə əsasən, Parlament və Şura transsərhəd ölçüsü olan xüsusilə ağır cinayət sahələrində cinayət hüquqpozmalarının və sanksiyaların müəyyən edilməsi ilə bağlı minimum qaydalar müəyyən edə bilər.

Hazırda bu maddədə sadalanan cinayət sahələri – terrorizm, insan alveri və qadın və uşaqların cinsi istismarı, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz silah alveri, çirkli pulların yuyulması, korrupsiya, ödəniş vasitələrinin saxtalaşdırılması, kibercinayətkarlıq və mütəşəkkil cinayətkarlıqdır.

25 may 2022-ci ildə Avropa Komissiyası, adları çəkilən cinayətlərin siyahısına Aİ tərəfindən qəbul edilmiş “məhdudlaşdırıcı tədbirlərin pozulması”na dair maddə əlavə olunması ilə bağlı qətnamə təqdim edib.

Ətraflı oxumaq üçün keçiddən istifadə edin.