Avropa İttifaq Şurası həm dövlətin, həm özəl sektorun, həm də bütövlükdə Aİ-nin dayanıqlılığını və insidentlərə cavab vermə imkanlarını gücləndirmək üçün İttifaq daxilində yüksək ümumi kibertəhlükəsizlik səviyyəsi üçün yeni qanun qəbul etmişdir. “NIS2” də adlandırılan bu yeni direktiv şəbəkə və informasiya sistemlərinin təhlükəsizliyi üzrə mövcud direktivi (“NIS” direktivi) əvəz edəcəkdir.
Müxtəlif üzv dövlətlərdə kibertəhlükəsizlik tələblərini və tədbirlərini uyğunlaşdırmaqla, yeni direktiv hər bir üzv dövlətdə müvafiq orqanlar arasında tənzimləyici baza və effektiv əməkdaşlıq üçün minimum qaydaları müəyyən edir.
Bununla yanaşı, yeni qəbul edilmiş “NIS2” direktivi bu direktivə tabe olan tənzimlənən müəssisələrin müəyyən edilməsi üçün ölçü qaydasını (“size-cap rule”) təqdim edir. Əvvəki “NIS” direktivinə əsasən üzv dövlətlər hansı müəssisələrin əsas xidmətlərin operatoru kimi təsnifat meyarlarına cavab verəcəyini müəyyən etməkdən məsul olduğu halda, ölçü qaydasına əsasən direktivin əhatə etdiyi sektorlar daxilində fəaliyyət və xidmət göstərən bütün orta və böyük müəssisələr direktivin əhatə dairəsinə düşür. Əlavə olaraq, yeni direktivə milli orqanlara əhatə olunan digər qurumları müəyyən etməyə imkan verən mütənasibliyi və risklərin idarə edilməsinin daha yüksək səviyyəsini təmin edən müddəalar daxildir. Yeni direktiv həmçinin müdafiə və ya milli təhlükəsizlik, ictimai təhlükəsizlik və hüquq-mühafizə kimi sahələrdə fəaliyyət göstərən qurumlara şamil edilməyəcəyini də müəyyən edir.
Direktiv yaxın günlərdə Avropa İttifaqının Rəsmi Jurnalında dərc olunacaq və bu nəşrdən sonrakı iyirmi birinci gün qüvvəyə minəcək. Üzv dövlətlərə müddəaları öz milli qanunlarına daxil etmək üçün direktivin qüvvəyə minməsindən sonra 21 ay vaxt veriləcək.
Ətraflı məlumat üçün bu keçiddən istifadə edin.