Miqrasiya məcəlləsində və Sosial müavinətlər haqqında Qanunda edilmiş bir sıra dəyişikliklər

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 51.5-ci maddəsində “(Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna olmaqla)” sözləri əlavə edilib. Bu dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, əmək miqrasiyası kvotası Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərə tətbiq olunmayacaq.

Bundan başqa Miqrasiya Məcəlləsinə yeni maddə əlavə olunub. Həmin maddəyə görə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər.

Ətraflı buradan oxuya bilərsiniz.

Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Qanunun qəbul olunması ilə  Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət ayrılmışdır. Bu müavinət Azərbaycan Respublikası Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda verilir.

Ətraflı buradan oxuya bilərsiniz.