Qanunvericilik icmalı: yanvar-fevral 2023-cü il

Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2023-cü il tarixli 1969 nömrəli Fərmanı ilə 2023-cü il yanvarın 1-dən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən edilmişdir. Qeyd edək ki, sözügedən Prezident təqaüdü əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirmək məqsədilə AR Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanı ilə təsis edilmişdir və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir. Ətraflı buradan oxuya bilərsiniz.

Ötən illərdə olduğu kimi bu il də sosial müavinətlərin məbləğləri artırılmışdır. Belə ki, 2023-cü il yanvar ayının 1-dən etibarən yaşa görə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat; orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 (iki yüz yetmiş) manat, 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 220 (iki yüz iyirmi) manat, 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 150 (yüz əlli) manat; ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 (yüz iyirmi) manat; bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 (bir yüz) manat; radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 300 (üç yüz) manat; uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat; dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manat müəyyən edilmişdir. Qeyd edək ki, ən yüksək artım uşağın anadan olmasına görə və dəfn üçün verilən müavinətin məbləğində müşahidə olunur. Belə ki, ötən il sözügedən müavinətlərin məbləği 300 manat və 350 manat təşkil edirdi. Ətraflı buradan oxuya bilərsiniz.

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında bir sıra dəyişikliklər edilib. Edilən dəyişikliklərə görə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlər əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılmasını və aidiyyəti dövlət orqanlarının bu barədə elektron formada məlumatdırılmasını təmin etməlidir. Ətraflı buradan oxuya bilərsiniz.

Azərbaycan Respublikası Prezidenti “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması” haqqında Sərəncam imzalayıb. Sərəncama görə Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılır. Ətraflı buradan oxuya bilərsiniz.

“Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa” bir sıra dəyişikliklər edilib. Dəyişikliyə əsasən Qanunda bəzi maddələr yeni redaksiyada verilib. Dəyişikliklər 2023-cü il fevralın 1-dən qüvvəyə minib. Ətraflı buradan oxuya bilərsiniz.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Qanunda dəyişikliklər edilib. Dəyişikliklərə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması zəruri olan sənədlərın və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə olunması mümkün olduqda həmin məlumatlar ərizəçidən tələb olunmur. Ətraflı buradan oxuya bilərsiniz.

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanunla yanaşı “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunları qəbul edilərək aşağıdakı müvafiq düzəlişlər olunmuşdur. Dəyişikliyə əsasən müvafiq sahələr üzrə qeydiyyata alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçı şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir. Ətraflı buradan tanış ola bilərsiniz.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Qanundakı dəyişikliyə görə görə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək vəzifələri dövlətin vəzifələri kimi tanınmışdır. Ətraflı buradan tanış ola bilərsiniz.