İcranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübə haqqında

Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının 7.3-cü bəndindən aydın olur ki, məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmlərinin, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi zərurəti yaranıb. Azərbaycanda məhkəmə qərarlarının icrası prosesində müəyyən problemlər mövcuddur və daha effektiv icra mexanizmlərinin tətbiqinə ehtiyac var.

Bildiyiniz kimi, icra fəaliyyətinin ictimai hüquq modelində məhkəmə qərarlarının icrası funksiyaları xüsusi hüquq-mühafizə orqanlarına həvalə edilir. Lakin, məhkəmə qərarlarını tətbiq edərkən fərdi şəxslərin xidmətlərindən istifadə etmək mümkündür, məsələn, borclunun əmlakını axtarmaq üçün. Fərdi icraçıların fəaliyyətinin effektivliyini və iş mexanizmini öyrənmək üçün beynəlxalq təcrübəyə üz tutmaq məqsədə müvafiqdir.

Amerika Birləşmiş Ştatları. ABŞ-da məhkəmə qərarlarının icrası Marşal Xidmətinə (dövlət qurumu) həvalə edilir, lakin onun işçiləri yalnız kreditorun göstərişlərinə uyğun hərəkət edirlər. Kreditor borclunun əmlakını axtarmaq üçün tədbirlər görür və bu əmlaka həbs qoyulması məsələsində müstəqil qərar verir. O, bu hərəkətlərin icrasını vəkilə tapşırmaq hüququna malikdir. Kreditorun Marşal Xidmətinin əməkdaşına verdiyi təlimatlar xüsusi rəsmi sənəddə göstərilməlidir və əmlak barədə məlumatlar qeyri-dəqiq olduqda, kreditor məhkəməyə hörmətsizlik etdiyi üçün məsuliyyətə cəlb oluna bilər. Belə hallarda, Marşal Xidmətinin əməkdaşı məsuliyyətdən azad edilir, çünki o, iddiaçının rəsmi yazılı göstərişlərini yerinə yetirir.

Eyni zamanda qeyd etmək lazımdır ki, icra məsuliyyəti daşıyan dövlət qurumları fiziki münaqişə və ya iğtişaş riski olduğu hallarda tətbiq edilir.

Bu baxımdan, ABŞ-da icra işlərinin böyük hissəsini fərdi “toplama agentlikləri” (en. Collection agency) həyata keçirir və beləliklə, dövlət orqanlarının iş yükünü azaltmış olurlar və çətin, mübahisəli işlərin icrası üçün dövlət qurumlarının işləməsini təmin edirlər.

Böyük Britaniya. Böyük Britaniyada məhkəmə qərarları məcburi qaydada icra edilmir: təşəbbüs kreditora məxsusdur. O, ilkin olaraq üç suala cavab verməlidir: 1) müstəqil olaraq borclunu tapa bilərmi; 2) borclunun əmlakını tapa bilərmi; 3) bu əmlakı borcludan ala bilərmi?

Məhkəmənin hüququ var ki, kreditora borcun əmlakını axtararkən və ondan kompensasiya almaqda köməklik göstərsin. Lakin iddiaçı onun köməkçisi kimi xüsusi agenti cəlb edə bilər və ya məhkəməyə müraciət edə bilər. Məhkəmə qərarı verildikdən sonra borclu kreditora zəruri məbləği ödəmədikdə və ya ödəməkdən imtina etdikdə, kreditor borclunu ifadə verməyə çağırmaq üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu ifadələr borclu işləyən olub-olmadığını, gəlirinin nə olduğunu, bank hesabı olub-olmadığını müəyyən etməyə imkan verir. Bu məlumatlar icra mexanizmini müəyyən etməyə kömək edir.

Almaniya. Almaniya Federativ Respublikasında məhkəmə qərarlarının icra orqanları geniş səlahiyyətlərə malikdir. Almaniyada mülki mübahisələr üzrə qərarların icrasını yalnız dövlət orqanları həyata keçirir. Fərdi icraçılar tərəfindən qərarların icrası tamamilə mümkünsüzdür. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan Respublikasının qanunvericiliyində də oxşar qaydalar tətbiq edilir.

2003-cü ildən etibarən məhkəmə qərarlarının fərdi hüquqi icrası modelinə keçən Litvada icra məmurlarının sayı dövlət icbari məhkəmə icrası sistemində olan müddətdə ərzində olan sayı ilə müqayisədə iki dəfə azalıb. Eyni zamanda, icra məmurunun peşə nüfuzu artmış və icraat prosesinin keyfiyyəti yaxşılaşmışdır.

Fransa, Belçika, Lüksemburq, Hollandiya və digər Avropa ölkələrində məhkəmə icraçıları öz fəaliyyətlərini xüsusi lisenziya əsasında həyata keçirən fərdi şəxslərdir.

Yekun olaraqn qeyd etmək lazımdır ki, məhkəmə qərarlarının icrası müxtəlif ölkələrdə fərqli qaydada həyata keçirilir, həmçinin qanunvericilikdə dövlət və fərdi icraat sistemini də tətbiq edən ölkələr var. Belçika, Macarıstan, İtaliya, Latviya, Litva, Lüksemburq, Hollandiya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Fransa, Estoniya, Litva və digər Avropa ölkələrində məhkəmə icraçıları öz fəaliyyətlərini xüsusi lisenziya əsasında həyata keçirən fərdi şəxslərdir. Qarışıq icra sistemi aşağıdakı ölkələr üçün xarakterizə olunur: Belçika, Bolqarıstan, Böyük Britaniya (İngiltərə, Uels, Şotlandiya), Qazaxıstan, Kanada. Belarus, Almaniya, Danimarka, İsrail, Amerika Birləşmiş Ştatları, Finlandiya, İsveç kimi ölkələrdə dövlət icbari icra sistemi mövcuddur. Rusiyada, ABŞ-da və Finlandiyada dövlət icbari icra orqanları icra hakimiyyəti sisteminə daxildir. Belarus, Almaniya, İsrail və Qazaxıstanda dövlət icbari icraatı məhkəmələrdə fəaliyyət göstərən vəzifəli şəxslərə həvalə edilir.

Xarici ölkələrdəki müasir icbari icra sistemləri müəyyən dövləti icraat prosesinin hər hansı bir sisteminə aid etmək üçün əsas verən spesifik xüsusiyyətlər ilə fərqlənir. Bu gün məhkəmə qərarının bütovlükdə və ya onun hissələrinin icrası prosesinin həlli üçün qeyri-məhkəmə üsullarının tətbiqi sahəsində inkişaf müşahidə olunur. Buna görə də, məhkəmə qərarlarının icbari icrası öz əvvəlki qüvvəsini itirir və formalaşan yeni prinsiplərə əsasən fərdi icra mexanizminin işə salınması uğrunda tədbirlər görülür.

Azərbaycanda məhkəmə qərarlarının icrasının özəl qurumlara həvalə edilməsi müxtəlif suallar doğuran məsələdir. Buna görə də fərdi icraat institutunun tətbiq edilməsinin müsbət və mənfi tərəflərini qeyd etmək lazımdır.

Müsbət tərəflər:

  1. Dövlət icra orqanlarının fəaliyyətinin maliyyələşdirmə yükü aradan qaldırılır;
  2. Azərbaycanda məhkəmə qərarlarının icrası prosesində boşluqlar mövcuddur və icra məmurları tərəfindən bəzən süründürməçiliyə, icraatın qeyri-qanuni yollarla həyata keçirilməsi halları baş verir. Bu kimi halların aradan qaldırılmasında böyük rolu olacaq. Belə ki, kreditorlar icraatın uzadılmadan həyata keçirilməsində maraqlı olduqlarından fərdi icraçıya müraciət etmək imkanı əldə edəcəklər.
  3. Kreditorların seçim hüququ yaranır. Belə ki, istədikləri halda müvafiq özəl icra qurumlarına müraciət etmək və ya icraatı dövlət icra orqanlarının öhdəliyinə buraxmaq imkanı əldə edirlər.
  4. Məhkəmələrdə və icra orqanlarında iş yükünün azaldılmasına, balanslaşdırılmasına yol verir.

Mənfi tərəflər:

  1. Azərbaycan Respublikasının Konstitusiyasının 6-cı maddəsinə əsasən, Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Buna baxmayaraq, fərdi icraçıların insanların mənzillərini və digər əmlaklarını ələ keçirmək, yəni dövlət orqanlarının səlahiyyətləri olan vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıraraq öz vəzifələrindən sui-istifadə etmələri ehtimal edilir.
  2. Hazırda fəaliyyət göstərən icra orqanlarının fəaliyyətinin şəffaflaş və yüksək səviyyədə həyata keçirilməsinin təmin olunması, icra orqanlarında çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması əvəzinə yeni özəl icra orqanlarının yaradılması mövcüd problemlərin həlli üsulunu tapması qeyri-realdır.

Beynəlxalq təcrübəni öyrəndikdə Azərbaycanda özəl icraat institutunun yaranması ilə bağlı konkret və qəti nəticələrə gəlmək olduqca çətindir. Hazırda Azərbaycanda mühüm islahatların baş verdiyini nəzərə alsaq, bu kimi məsələlərin müzakirəsi və onlar üzrə araşdırmanın aparılması dövlətin islahatları düzgün səmtə yönəltməsinə dəstək olacaq. Mənfi və müsbət tərəfləri, həmçinin xarici ölkələrdə olan təcrübəni nəzərə almaq yekun qərarın verilməsində böyük rol oyansa da, həlledici deyildir. Bir tərəfdən mənfi yanaşma olaraq fərdi icraçıların özbaşınalığı ehtimalı, digər tərəfdən isə kreditorların seçim hüququnun yaranması, icra məmurlarından asılılığın aradan götürülməsi məsələnin daha da qabardılmasına yol açır. Qazaxıstan Respublikası 2010-cu ildən etibarən qarışıq sistemi tətbiq edir və kifayət qədər uğurlu nəticələr əldə etmək mümkün olub. Həmçinin, bir sıra Avropa ölkələri icbari dövlət icraatı ilə yanaşı, fərdi icraçıların fəaliyyətini leqallaşdırıblar və hətta onlara müəyyən üstünlüklər verirlər.

Bütün bu faktorları nəzərə alaraq, Azərbaycan Respublikasında icbari dövlət icraatı ilə yanaşı, özəl icra orqanlarının yaradılmasına təkan vermək məqsədəmüvafiqdir. Lakin belə qurumların yaradılmasına və ümumiyyətlə fəaliyyətinə nəzarəti dövlət orqanlarına həvalə edilməsi zəruridir. Həmçinin, unutmaq lazım deyil ki, yeni yaradılan özəl orqanlar vətəndaşların maraqları naminə, süründürməçiliyin və korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın təmin edilməsi məqsədi ilə fəaliyyət göstərməlidirlər.

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.