Azərbaycanda Startap (Startup) imkanları

Bu yazıda startap anlayışı, Azərbaycan Respublikasında startap imkanları, bu sahədə tənzimlənmə və güzəştlərdən, eləcə də dünya praktikasından danışacağıq.

Startap əvvəllər bazarda olmayan, tələb olunan və ya sonradan tələb yaradan xidmətlər görtərməyə və ya məhsul istehsal etməyə başlayan bir sahibkarlıq növü, şirkət və ya layihədir. Startap anlayışı XX əsrin əvvəllərində və əsasən, IT (İnformasiya Texnologiyaları) sahəsində meydana gəlmişdir. Lakin hal-hazırda startaplar təkcə IT yox, demək olar, hər bir biznes sahəsində yaradılıb və ya yaradılmaqdadır. Məşhur startaplara misal olaraq, HP, Facebook, Youtube, Whatsapp Coursera, Quora, Uber və s. göstərə bilərik.

Əksəriyyətimizə məlumdur ki, startapların yaradılmasına və inkişafına dünyanın əksər dövlətləri, beynəlxalq qurum və təşkilatlar dəstək göstərir. Səbəblər isə ondan ibarətdir ki, startaplar ilk növbədə iqtisadiyyatın inkişafına və böyüməsinə şərait yaradır, cəmiyyətin hansısa xidmət və ya məhsul üzrə tələbatını ödəyir, iş imkanları yaradır, uğurlu olduqda ideya rəhbərlərinə və startapa dəstək olan investorlara gəlir gətirir.

Bəs Azərbaycan Respublikasında bu cür dəstək tədbirləri varmı? Varsa, nə cür faydalana bilərik?

Bütün bunları aydınlaşdırmaq üçün dünyada startaplara hansı cür dəstək təcrübələrinin olduğu və Azərbaycanda bu təcrübələrdən hansıların istifadə olunduğundan danışacağıq. Qeyd edək ki, Azərbaycanda startaplarla bağlı qanunvericilikdə xüsusi tənzimləmələr çox azdır və bu sahədə münasibətlər, əsasən, nizamnamələrində və fəaliyyət istiqamətlərində göstərilənlərə əsasən Nazirliklər, Dövlət Agentlikləri və Orqanları tərəfindən tənzimlənir.

Nizamnamə və fəaliyyət istiqamətlərinə əsasən, aşağıdakı dövlət qurumları və ya onların tabeliyində olan mərkəzlər startaplara dəstək göstərir:

  •  Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi;
  • Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində fəaliyyət göstərən Innoland İnkubasiya və Akselerasiya Mərkəzi;
  • Azərbaycan İnvestisiya Şirkəti;
  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu.

Həmçinin fəaliyyət istiqamətlərində birbaşa nəzərdə tutulmasa da, startaplara digər dövlət qurumları və fondları da dəstək göstərə bilər, yetər ki, startapınızın istiqaməti həmin qurumun marağında və səlahiyyət dairəsinə aid sahələrdə olsun.

Startapların dəstəklənməsi

Startaplara göstərilən ilk dəstək tədbiri kimi, startaplara dövlət tərəfindən ayrılan qrantlar, kreditlər, subsidiyalar və s. kimi güzəştli maliyyə mexanimlərini göstərə bilərik. Qeyd edək ki, digər kreditlərdən fərqli olaraq bu cür kreditlər startaplara uzun müddətə və aşağı faizlə verilir. Azərbaycan Respublikasında adı çəkilən güzəştli maliyyə mexanizmləri haqqında ətraflı məlumat bu linkdən almaq olar: http://smb.gov.az/nav/guztli-maliyylm-mexanizmlri http://www.aic.az/

Dünyada geniş tətbiq olunan daha bir dəstək tədbiri startaplara tətbiq olunan vergi güzəştləridir. Azərbaycan Respublikasında 1 yanvar 2019-cu ildə Vergilər Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, mikro və ya kiçik sahibkarlıq subyekti “Startap” şəhadətnaməsini (vergi güzəştindən faydalanmaq üçün bu şəhadətnaməni Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən almaq şərtdir) aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdiyi gəlir və ya mənfəəti üç il müddətinə vergilərdən azad olunur.

Növbəti dəstək tədbiri kimi startaplar üçün maliyyə dəstəyi göstərə biləcək investorların tapılmasına yardımı göstərmək olar. Azərbaycanda yuxarıda adını çəkdiyimiz qurumların bəziləri (Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Innoland İnkubasiya və Akselerasiya Mərkəzi) bu dəstəklərin göstərilməsini təklif edir. Ətraflı həmin qurumların internet saytlarından məlumat ala bilərsiniz ( http://smb.gov.az www.innoland.az ).

Həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi daha bir maraqlı dəstək – daxili bazar araşdırmalarında və bu cür araşdırmaların xərclərini ödəməkdə yardım təklif edir. Siz həmin agentliyə müraciət edə və bu dəstək barədə ətraflı məlumat ala bilərsiniz.

Bundan əlavə, startaplar üçün geniş yayılmış dəstək xidmətləri olaraq startaplara pulsuz məsləhətlərin verilməsi, ideya rəhbərlərinin təlimlərə cəlb olunmasını və s. göstərə bilərik. Azərbaycanda bu cür xidmətlər də yuxarıda adını çəkdiyimiz qurumlarda təklif olunur.

Dünya təcrübəsində istifadə olunan digər dəstək tədbirləri kimi dövlət satınalmalarında startap xidmət və məhsullarına müəyyən faizlə yer verilməsi, startapların dövlət tərəfindən təmin olunan “cloud”-dan (azərbaycanca “bulud” sistemi) istifadə imkanları, hüquqi dəstək və informasiya və təhlükəsizlik tədbirlərini və s. göstərmək olar.

Məlumat üçün qeyd edək ki, hazırda isə dünyada startaplara ən yaxşı dəstək göstərən ilk beş ölkə (ingiliscə “startup-friendly”) Yaponiya, Almaniya, ABŞ, İsveç və Birləşmiş Krallıqdır.

 

İstinadlar:

  1. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi
  2. https://en.wikipedia.org/wiki/List_of_unicorn_startup_companies
  3. http://smb.gov.az
  4. innoland.az
  5. https://siliconcanals.com/news/most-startup-friendly-countries-in-2020/
  6. https://www.8×8.com/voip-solutions/government/government-supports-startups

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.