Mülki prosesdə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardada əsasən icra vərəqəsi verilməlidirmi ?

Mülki prosesdə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardada əsasən icra vərəqəsi verilməlidirmi ?

Təcrübədə qeyri-müəyyənlik var. Bunun səbəbi qanunvericilikdə həmin məsələni tənzimləyən normanın olmamasıdır. Bizdən fərqli olaraq Rusiya Federasiyasının MPM-nə “Barışıq sazişinin icrası” adlı 153.11- ci maddə əlavə edilib və orada qeyd olunub ki, barışıq sazişi bu sazişdə müəyyən edilmiş müddətdə könüllü icra edilir, əgər könüllü icra edilməzsə sazişi bağlamış şəxsin vəsatəti ilə məhkəmə tərəfindən verilmiş icra vərəqəsi əsasında məcburi icra edilir. Həmçinin qeyd olunmalıdır ki, RF-nin MPM-nə “Barışıq sazişinin bağlanması” adlı 153.8-ci maddə, “Barışıq sazişinin forması və məzmunu” adlı 153.9-cu maddə, “Barışıq sazişinin məhkəmə tərəfindən təsdiqi” adlı 153.10-cu maddə və digər əlaqəli maddələr əlavə edilib. Bizim ölkədə barışıq sazişinin icrası ilə bağlı 3 normativ hüquqi aktda göstəriş var: Əmək Məcəlləsində, İnzibati-Prosessual Məcəllədə və “Mediasiya haqqında” Qanunda. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 2-ci hissəsində qeyd olunub ki, işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Bu göstəriş əmək mübahisələrinə aiddir. İnzibati-Prosessual Məcəllənin 117.1.3-cü maddəsinə görə məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi icra sənədi hesab olunur. Bu göstəriş inzibati məhkəmə icraatına aiddir. “Mediasiya haqqında” Qanunda isə “Barışıq sazişinin icrası” adlı 34-cü maddə müəyyən edilib, bu maddənin göstərişi mediasiya prosesinə aiddir.

Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə, habelə icra qanunvericiliyinə bu məsələyə müəyyənlik gətirən müddəalar əlavə edilmədən mülki prosesdə qəbul edilmiş “barışıq sazişinin təsdiq edilməsi barədə” qərardadların hakimlər tərəfindən icraya yönəldilməsi hüquqi müəyyənlik prinsipinə uyğun sayılmır. Bundan başqa, həmin qərardadların məcburi icrası dövlətin sanksiyası ilə təmin olunmayacaq. Yəni icradan yayınan şəxslərin CM-nin 306-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi mümkün olmayacaq, çünki CPM-in 21.2-ci maddəsi buna imkan verməyəcək. 21.2-ci maddədə qeyd olunub ki, cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən (şübhəli) şəxsin xeyrinə həll olunmalıdır. CM-in 306-cı maddəsinin dispozisiyasında “məhkəmə qərardadını qərəzli olaraq icra etməmə” ifadəsi olsa da “barışıq sazişinin təsdiq edilməsi barədə” qərardadın icra edilməli olub-olmaması ilə bağlı qanunvericilikdə birmənalı (şübhə doğurmayan) göstəriş yoxdur. Əslində isə hüquqi məntiqə görə qərardad (barışıq sazişinin təsdiq edilməsi barədə qərardad) deyil, barışıq sazişinin özü icra olunmalıdır. Ruslar bu məsələni həll edərkən qərardada (barışıq sazişinin təsdiq edilməsi barədə qərardada) əsasən icra vərəqəsinin verilməli olduğunu müəyyən ediblər. Bu qayda hüquqa uyğun sayılmır. Belə ki, icra vərəqəsi məhkəmənin gəldiyi qənaəti icra etmək üçün verilir, lakin barışıq sazişi (onun şərtləri) məhkəmənin deyil, tərəflərin qənaətidir, məhkəmə yalnız sazişi (onun qanuna uyğun olduğunu) təsdiq edir. Həm də nəzərə alınmalıdır ki, saziş təsdiq edilərkən iş üzrə icraat xitam olunur, bu isə məhkəmə müdafiəsinə (qətnamənin qəbuluna) yönələn fəaliyyətin xitamı deməkdir. Məhkəmə müdafiəsinə yönələn fəaliyyət xitam olunursa, bu o deməkdir ki, müdafiə mövcud deyil, mövcud olmayan müdafiənin realizəsi üçün icra vərəqəsi verilmir. Düzgün yanaşma odur ki, barışıq sazişinin özü icra sənədi hesab olunsun, yəni “İcra haqqında” Qanunun 6-cı maddəsinə əlavə edilsin ki, məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişi icra sənədi sayılır. Müqayisə üçün qeyd edək ki, həmin maddədə buna oxşar göstəriş var: alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər icra sənədi hesab olunur. O cümlədən İnzibati-Prosessual Məcəllənin 117.1.3-cü maddəsinə görə məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi icra sənədi hesab olunur. Qeyd olunmalıdır ki, bu məsələyə şərh verilməsi üçün hakimlərdən biri əvvəllər Konstitusiya Məhkəməsinə müraciət edib. Lakin həmin Məhkəmənin “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” 23.06.2011-ci il tarixli qərardadı ilə müraciətin icraata qəbul edilməsindən imtina olunub. Qərardad onunla əsaslandırılıb ki, müraciətdə qeyd olunan məsələ MPM-in 13.4-cü maddəsinin müddəaları baxımından hüququn analogiyası qaydasında həll oluna bilər. Əsaslandırma düzgün deyil. Birincisi, heç kəsin analogiya üzrə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsinə qanun yol vermir, ona görə də analogiya üzrə verilən icra vərəqəsinin icrasından yayınan şəxsləri analogiya üzrə inzibati və ya cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayacaq, bu  məsuliyyət olmasa icra vərəqəsi icrasız qalacaq. İkincisi, Konstitusiya Məhkəməsinin istinad etdiyi maddənin (13.4-cü maddənin) bu məsələyə heç bir aidiyyəti yoxdur. Həmin maddədə qeyd olunub ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Göründüyü kimi, “mübahisə edilən hüquq münasibəti” ifadəsindən istifadə olunub, yəni maddi hüquq münasibəti (əşya, öhdəlik və s. münasibətlər) nəzərdə tutulub, hansına ki, mübahisəli olduğuna görə məhkəmədə baxılır. Barışıq sazişinin icrası üçün icra vərəqəsinin verilməsi isə prosessual hüquq münasibətləri ilə bağlıdır.

Konstitusiya Məhkəməsinin həmin qərarı ilə qanunda boşluğun olması təsdiq olunub, əks təqdirdə məhkəmə analogiya məsələsinə toxunmazdı. Göründüyü kimi, boşluq rəsmən təsdiq olunsa da ötən 10 ilə yaxın müddətdə onun aradan qaldırılması üçün müvafiq qanunlara əlavə və düzəlişlər edilməyib.

Hazırkı vəziyyətdə, yəni qanunvericiliyə mülki prosesdəki barışıq sazişinin icrası ilə bağlı müvafiq əlavə və düzəlişlər edilənə qədər çıxış yolu necə olmalıdır ? Barışıq sazişi könüllü icra edilmədikdə həmin sazişə əsaslanan yeni iddia verilməlidir. Belə ki, saziş prosessual əhəmiyyətə malik olsa da (yəni məhkəmə işi üzrə icraata xitam verilməsinə əsas olsa da) mahiyyətcə mülki hüquqi əqddir: saziş bağlayan şəxslər mübahisəli mülki münasibətdə qarşılıqlı güzəştlər yolu ilə özlərinə yeni hüquq və vəzifələr müəyyən edirlər, mövcud olan hüquq və vəzifələri dəyişirlər və ya xitam edirlər. MPM belə iddianın verilməsinə mane olmur, çünki 153.2.2-ci maddəyə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia yolverilməz sayılır və qəbul edilmir. Bu maddə o halda tətbiq edilir ki, 3 eynilik olsun: tərəf, predmet və əsas eyniliyi. Barışıq sazişi könüllü icra edilmədiyinə görə yeni iddia verilərkən tərəf və predmet eyni olsa da, əsas eyni olmur. Barışıq sazişi bu iddia üçün yeni əsasdır. Saziş onun tərəflərinin hüquq və vəzifələrinə dair yeni mülki hüquqi müqavilədir, əvvəlki iddia verilərkən o mövcud olmayıb və ona istinad edilməyib.

 

Müəllif: Namiq Cəfərov

 

Bu bloqda yerləşdirilən yazılar hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.