ANNOTASİYA: Bu məqalədə müharibə cinayətlərinin nə olduğu, İkinci Qarabağ müharibəsində Ermənistanın hansı növ müharibə cinayətləri törətdiyi, bu əməllərin hansı beynəlxalq hüquqi sənədlərə əsasən tənzimləndiyi, törədilmiş cinayətlərin cəzasız qalmaması üçün hansı mexanizmlərin mövcud olduğundan söhbət açılmışdır.
AÇAR SÖZLƏR: Müharibə cinayətləri, İkinci Qarabağ müharibəsi, beynəlxalq humanitar hüquq, pozuntu, məsuliyyət, mülki əhali.
Giriş
Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsində məğlubiyyətlə barışmaq istəməyən Ermənistan əvvəllər olduğu kimi beynəlxalq humanitar hüquq normalarını heçə sayaraq müxtəlif müharibə cinayətləri törətməyə davam etmişdir. Həm Birinci Qarabağ müharibəsi, həm də atəşkəs müqaviləsinin qüvvədə olduğu dövrdə Ermənistan tərəfindən törədilmiş müxtəlif kateqoriyalı beynəlxalq cinayətlərin cəzasız qalması və dünya ictimaiyyəti tərəfindən bu əməllərə lazımi münasibətin və diqqətin göstərilməməsi Ermənistanın növbəti dəfə bu cür cinayətlər törətməkdən çəkinməməsinə səbəb olmuşdur. Odur ki, hazırki şəraitdə Ermənistanın mülki itkilərə səbəb olan hərbi fəaliyyətinin və üsullarının nələrdən ibarət olduğunun müəyyən edilməsi, bu əməllərin hansı hüquq normalarının pozuntusu hesab olunduğu və hansı hüquqi məsuliyyətə yol açdığının təhlil edilməsi vacib bir məsələyə çevrilmişdir. Ən qısa zamanda cinayətkarların mühakimə olunaraq cəzalandırılması ancaq müəyyən hüquqi prosedurların ardıcıl həyata keçirilməsi ilə mümkün olacaqdır.
ВВЕДЕНИЕ
Армения, не желая мириться с поражением во Второй карабахской войне, которая привела к полному восстановлению территориальной целостности Азербайджана, игнорируя нормы международного гуманитарного права продолжила совершать различные военные преступления. Безнаказанность международных преступлений совершенных Арменией как во время Первой карабахской войны, так и во время действия договора о перемирии, а также неоказание мировым сообществом должного отношения и внимания этим действиям, стали причиной отказа Арменией от воздержания повторно совершать подобные преступления. Поэтому в сложившейся ситуации стало важным определить характер военных действий и методов Армении, приводящих к потерям среди мирного населения, проанализировать, нарушением каких правовых норм являются эти поступки и к каким юридическим ответственностям они приводят. Осуждение и наказание преступников в кратчайшие сроки возможно только путём последовательного выполнения определённых юридически процедур.
INTRODUCTION
During the Second Karabakh War, resulted in the restoration of Azerbaijan’s full territorial integrity, Armenia ignoring the norms of international humanitarian law and unwilling to accept defeat continued to commit various war crimes. The lack of attention paid to these acts by the world community and the impunity of various international crimes committed by Armenia, during both the First Karabakh War and the period of the ceasefire, had led Armenia not to refrain from committing such crimes again. Therefore, in the current situation, it has become important to determine the nature of Armenia’s military activities and methods that cause civilian casualties, to analyze what legal norms these actions violate and what legal liability they entail. The prosecution and punishment of criminals will be possible only through the consistent implementation of certain legal procedures.
İkinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi müharibə cinayətlərinin təhlili
Ermənistanın İkinci Qarabağ müharibəsi ərzində törətdiyi müharibə cinayətlərini dəqiq xarakterizə edə bilmək üçün, ümumilikdə, müharibə cinayətlərinə verilən anlayışı, onun tərkib elementlərini müəyyənləşdirmək vacibdir. Müharibə cinayəti müharibənin aparılması metodlarından asılı olaraq kiriminallaşdırılan və beynəlxalq aktlar əsasında hüquqazidd hesab olunan beynəlxalq cinayətdir. Professor Ə.Əliyevin fikrincə, müharibə cinayətlərini bütövlükdə beynəlxalq humanitar hüquq normalarının pozuntusu kimi qiymətləndirmək daha düzgündür [2,s.101]. Bu yanaşma ilə razılaşaraq əlavə etmək lazımdır ki, ümumilikdə beynəlxalq humanitar hüquq normalarının geniş tərkibli pozuntusu hesab oluna biləcək əməllərin həm silahlı münaqişələr zamanı, həm də atəşkəs dövründə törədilməsi müharibə cinayətləri hesab olunmalıdır.
Müharibə cinayətlərinin obyekti qismində beynəlxalq humanitar hüquq normaları ilə müəyyən olunmuş müharibənin aparılması qaydaları çıxış edir. Əsas obyektlə yanaşı müharibə cinayətlərinin ayrı-ayrı növlərində əlavə obyektlər də ziyan çəkməkdədir. Müharibə cinayətlərindən zərər çəkən əlavə obyektlər sırasında insanların sağlamlığı, təhlükəsizliyi, həyatı, mülkiyyətə olan hüquqları, ətraf mühitin qorunması, müəyyən növ təbii ehtiyatların rasional istifadəsi, insanların ekoloji təhlükəsizliyinin təmin edilməsi və s. mövcuddur.
Müharibə cinayətlərinin obyektiv cəhəti hərəkət və ya hərəkətsizlikdə ehtiva olunur. Hərəkətsizliklə törədilən müharibə cinayətlərinə hərbi əsir, yaxud digər mühafizə olunan şəxsləri ədalətli və normal mühakimə icraatı ilə təmin etməmə yaxud əsir götürülmüş yaralı şəxslərin sağalması və ya əzab çəkməməsi üçün hər hansı tədbir görməmə kimi hüquqazidd əməlləri nümunə gətirmək olar. Girovgötürümə, mülki əhaliyə və yaxud bilavasitə hərbi əməliyyatlarda iştirak etməyən ayrı-ayrı şəxslərə qəsdən hücum etmə, mülki obyektlərə, yəni hərbi zərurətlə əlaqəli olmayan obyektlərə qəsdən hücum etmə və s. əməllər isə konkret əməli hərəkətlərin edilməsi nəticəsində törədilir.
Müharibə cinayətlərinin ancaq qəsdən törədilməsi cinayətin subyektinin məsuliyyətə cəlb olunmasına səbəb olur. Bu cinayətlərin subyekti əsasən ümumi xarakterlidir, lakin xüsusi subyekt tərəfindən də müharibə cinayətlərinin törədilməsi mümkündür. Belə olan halda xüsusi subyekt qismində müharibə qanunları ilə əlaqəli əmrlər vermək səlahiyyətinə malik vəzifəli şəxslər çıxış edir. Bu və ya digər formada müharibə qanunlarının və adətlərinin pozulması haqqında qanunlar təkcə hərbi qulluqçular tərəfindən deyil, həm də ölkənin siyasi rəhbərliyi tərəfindən verilə bilər. Lakin Nürnberq, Tokyo və Haaqa tribunallarının yekununda təsdiq olunmuşdur ki, müharibə və silahlı münaqişələr dövründə aparıcı rol məhz hərbi komandanlıq nümayəndələrinin üzərinə düşür. Bu isə idarəçiliyin mərkəzləşdirilməsi, vahid komandanlıq və hərbi intizamla əlaqələndirilir [5, s.219].
Beynəlxalq hüquq normalarının, xüsusilə də 1968-ci il tarixli “Müharibə cinayətlərinə və bəşəriyyət əleyhinə cinayətlərə görə məsuliyyətə cəlb etmə müddətinin tətbiq olunmaması haqqında” Konvensiyanın tələblərinə əsasən müharibə cinayətlərini törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələri üçün vaxt məhdudiyyəti müəyyən olunmur və bu koteqoriyalı cinayətkarlar cinayətin törədildiyi vaxtdan asılı olmayaraq mühakimə oluna bilərlər. Cinayət məsuliyyətinə cəlb edilmə müddətinin tətbiq olunmaması müharibə cinayətlərini digər cinayətlərdən fərqləndirən əlamətlərdən biri kimi çıxış edir. Bu isə bizə Birinci Qarabağ Müharibəsi zamanı, eyni zamanda atəşkəs dövründə törətdikləri müharibə cinayətlərinə görə Ermənistanın hərbi-siyasi hakimiyyətini mühakimə etməyə imkan verir.
Müharibə cinayətlərinin ən doğru və effektiv bölgüsü 1998-ci il tarixli Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda aparılmışdır. Roma Statunun müharibə cinayətləri adlanan 8-ci maddəsində 12 avqust 1949-cu il tarixdə qəbul edilmiş Cenevrə Konvensiyalarının müddəalarının, müharibə adət və qanunlarının ciddi pozuntusuna səbəb olan əməllərin, eyni zamanda, beynəlxalq və qeyri-beynəlxalq xarakterli silahlı münaqişələr zamanı törədilə biləcək müharibə cinayətlərinin ayrıca təsnifatı aparılmışdır. Roma Statutu müharibə cinayətlərinin müəyyənləşdirilməsi üçün istinad oluna biləcək optimal beynəlxalq mənbə rolunu oynamış və dövlətlərin daxili qanunvericiliyində müharibə cinayətləri sahəsinin vahid formada təsbit olunmasına şərait yaratmışdır.
Yuxarıda qeyd edildiyi kimi 44 gün davam İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında böyük itkilər verən təcavüzkar Ermənistan beynəlxalq humanitar hüququn demək olar ki, bütün norma və prinsiplərini pozmuş və çoxsaylı müharibə cinayətləri törətmişdir. Bu cinayət əməllərinin bir qismi itki balansının tarazlaşdırılması məqsədilə mülki əhaliyə və mülki obyektlərə yönəlmişdir. Bu məqalədə töədilmiş müharibə cinayətlərinin ancaq bir neçəsi qeyd edilmişdir.
Ermənistanın mülki əhaliyə və mülki obyektlərə yönəlik hücumlar etməsi “ümumiyyətlə mülki əhaliyə və yaxud bilavasitə hərbi əməliyyatlarda iştirak etməyən ayrı-ayrı şəxslərə qəsdən hücum etmə”nin müharibə cinayəti olduğunu təsbit edən Roma Statutunun 8 b) maddəsinin açıq-aşkar pozuntusudur. Aktiv döyüşlərin davam etdiyi müddətdə təcavüzkar hücumlar əsasən Bərdə, Tərtər, Gəncə, Mingəçevir, Ağcabədi şəhərlərinə istiqamətlənmişdi. Mülki əhalini hədəf alan hücumlar arasında ən çox insan ölümü ilə nəticələnənləri oktyabrın 11-i və 17-si Gəncə şəhərinin, oktyabrın 28-i isə Bərdə şəhərinin ballistik raket atəşinə tutulması hallarıdır. Gəncə şəhərinə edilən ilk hücum nəticəsində dinc sakinlərdən 10 nəfər həyatını itirmiş, 17 oktyabrda baş verən ikinci hücumda isə 13 dinc sakin qətlə yetirilmişdir. Bərdə şəhər mərkəzinin 29 oktyabr tarixində raket atəşinə tutulması nəticəsində isə 21 nəfər dinc sakin bu hücumların qurbanı olmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına əsasən, ümumilikdə 27 Sentyabr – 10 Noyabr tarixləri arasında Ermənistanın Azərbaycan ərazisinə etdiyi raket hücumları nəticəsində 93 dinc sakin həyatını itirmiş, 410 mülki şəxs yaralanmışdır [10].
12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına 1 nömrəli Əlavə Protokolun 51-ci maddəsinə əsasən, mülki əhali hərbi əməliyyatlardan irəli gələn təhlükələrə qarşı ümumi müdafiə altında olmalıdır. Münaqişə tərəfləri, digər beynəlxalq hüquq normaları ilə yanaşı, protokolun 51-ci maddəsində göstərilən tələblərə də əməl etməlidirlər: Mülki əhali və fərdlər hücumların hədəfi olmamalı, əsas məqsədi mülki əhali arasında teror yaymaq olan şiddət və ya təhdid hərəkətləri edilməməlidir. Mülki şəxslər hərbi əməliyyatlarda birbaşa iştirak etmədikləri halda bu maddənin qorunması altında olacaqlar. Eyni zamanda, mülki və hərbi hədəflər arasında fərq qoymadan hücumların edilməsi qadağan edilir.
Azərbvaycan Respublikası Baş Prokurorluğunun araşdırmalarına görə 08 oktyabr, 03, 04 və 08 noyabr 2020-ci il tarixlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər «Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair» 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq geniş miqyaslı dağıntılara səbəb olan müharibə üsullarından istifadə etmiş, mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyanlar vurmuşdur [9]. Gəncə şəhərinə edilən raket hücumunda “Scud” tipli raketdən istifadə edilmişdir ki, bu da öz növbəsində Roma Statutunun 8 b) maddəsinin XX bəndinin pozuntusu deməkdir. Həmin bəndə göstərilir: Beynəlxalq humanitar hüquq normalarının pozulması xarakterli olan, mahiyyət etibarilə hərbi obyektlərlə mülki obyektləri ayıra bilməyən silahlar, mərmilər, material və döyüş üsulları tətbiq edərək öz təbiətinə görə həddindən artıq ağır xəsarət və ya lazımsız əzablara səbəb olmaq hərtərəfli qadağandır. Qeyd etmək lazımdır ki, “Scud” raketi də məhz bu qrupa aid olan raket hesab olunur. Beləcə, “Scud” raketi Gəncə şəhərində də mülki əhali və obyektlərə qarşı istifadə edilmiş və çoxlu sayda mülki əhalinin zərər görməsi ilə nəticələnmişdir. Bu fakt həmçinin 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına 1 nömrəli Əlavə Protokolun 51-ci maddəsinin pozuntusu deməkdir.
Roma Statutunun 8 b) maddəsində göstərilən müharibə cinayətlərindən biri də onbeş yaşına çatmamış uşaqların müharibədə iştirakını təşkil etməkdir. Ermənistan tərəfinin bu müharibə cinayətini törətməsi faktlar vasitəsilə sübut olunur. İnternet resurslarında yayılmış videogörüntülərdən məlum olur ki, təcavüzkar Ermənistan tərəfi hətta azyaşlıları da çirkin oyunlarının alətinə çevirməklə onların həyatını təhlükə altına atır və daha bir müharibə cinayətinin subyekti olur. Halbuki “Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi” haqqında Bəyannamənin (1974) tələblərinə əsasən onbeş yaşına çatmamış uşaqların müharibədə iştiakı yolverilməz hal kimi qəbul edilmişdir.
Müharibə zamanı mülki əhalinin müdafiəsinə dair IV Cenevrə Konvensiyası beynəlxalq silahlı münaqişələr dövründə uşaqlara hüquqi müdafiə təqdim edir. 1949-cu il diplomatik konfransında ilk dəfə olaraq beynəlxalq xarakter daşımayan silahlı münaqişərlə də bağlı beynəlxalq humanitar hüquq normaları qəbul olunmuşdur. Həmin normalar bilavasitə hərbi əməliyyatlarda iştirak etməyən şəxslər kimi uşaqlara da şamil olunur [6, s.605].
Eyni zamanda 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına 1 nömrəli Əlavə Protokolun 77-ci maddəsində qeyd olunur ki, silahlı münaqişənin tərəfləri onbeş yaşına çatmamış olan uşaqların münaqişəyə birbaşa qoşulmamaqlarına yönəlik mümkün olan bütün tədbirləri görməli və onların silahlı qüvvələrin tərkibinə daxil edilməsindən çəkinməlidirlər. Onbeş yaşı tamam olmuş, lakin onsəkkiz yaşı tamam olmamış şəxslərin hərbi əməliyyatlara cəlb edilməsi ilə əlaqədar olaraq münaqişə tərəfləri üstünlüyü ən yaşlılara verməyə səy göstərməlidir.
Törədilmiş müharibə cinayətlərindən daha birisi “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasının 18-ci maddəsi ilə əlaqədardır. Qeyd olunan maddəyə əsasən, yaralıların, xəstələrin, qadınların və əlillərin müalicəsi üçün fəaliyyət göstərən mülki xəstəxanalar heç bir halda hədəf seçilə və təcavüzə uğraya bilməz. Buna baxmayaraq 29 sentyabr tarixində Ermənistanın atdığı artilleriya mərmisinin Tərtər rayon xəstəxanasının yanına düşməsi onu göstərir ki, düşmən məqsədli şəkildə insanların kompakt şəkildə yerləşdiyi əraziləri – məktəbləri, bazarları, xəstəxanaları və s. yerləri hədəf seçir və bununla da qarşı tərəfin çoxlu sayda itki verməsinə nail olmağa çalışır. Halbuki, bu məqsəd beynəlxalq humanitar hüquq normalarına tamamilə ziddir. Bu addımlar hərbi məqsədlərə daha tez çatmaq, qısa zamanda müharibəni yekunlamaq məqsədi güdmür, əksinə eskalasiya təhlükəsinə yol açır və müharibə fəalkətlərinin daha da artmasına gətirib çıxarır.
Ermənistanın beynəlxalq humanitar hüquq əleyhinə törətdiyi özlərinəməxsus cinayətlərdən biri də cəsədlərin təhqir edilməsidir. Biz bunun əyani sübutunu Birinci Qarabağ müharibəsi boyu, o cümlədən atəşkəs döründə də gördük. Digər tərəfdən, ermənilərin bu faktı video və foto çəkilişlər edərək internetdə yayması nifrət aşılayıcı amil hesab olunmaqla, beynəlxalq hüquqa zidd hesab edilir [3, s.211]. Qeyd olunanlardan əlavə olaraq, Ermənistan tərəfi mətbuat nümayəndələrini, jurnalistləri hərbi legitim hədəflərdən fərqləndirməyərək onlara qarşı atəş açır ki, bu da öz növbəsində Cenevrə Konvensiyalarına 1 nömrəli Əlavə Protokolun 79-cu maddəsinin pozulması və müharibə cinayətidir.
Ermənistanın müharibə cinayətləri artıq beynəlxalq qurumlar tərəfindən də təsdiq olunmağa başlamışdır. Təkcə “Human Rights Watch” beynəlxalq qeyri-hökumət təşkilatı artıq Ermənistanın müharibə cinayəti törətməsi ilə bağlı 11 fakta sahib olduğunu bildirmiş və bu faktların həqiqiliyinin kosmik videogörüntülər vasitəsilə təsdiqləndiyini qeyd etmişdir [11]. Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğu törədilmiş bütün cinayətlərlə bağlı araşdırmalar aparıldığını və zəruri sənədlərin hazrılanaraq müvafiq orqanlara göndəriləcəyini və bu cinayətkarların öz layiqli cəzalarını alması üçün bütün addımların atılacağını bildirmişdir.
Qeyd etmək lazımdır ki, hərbi cinayətlərin məhkəmə qaydasında təqib edilməsinin zəruriliyinin beynəlxalq səviyyədə tanınmasına baxmayaraq, bu əməllərin cəzasız qalma hallarına tez-tez rast gəlinir. Bu isə onunla əlaqəlidir ki, ölkələr əksər hallarda öz liderlərini mühakimə etməkdən imtina edirlər [5, s.220]. Belə olan halda beynəlxalq xarakterli silahlı münaqişə hesab olunan İkinci Qarabağ müharibəsi zamanı törədilmiş müharibə cinayətlərinə görə məsuliyyət məsələsi ortaya çıxır. Cenevrə Konvensiyalarında təsbit olunmuş hüquq normalarının pozulması ilə əlaqədar müəyyən olunmuş məsuliyyət mexanizminə görə tərəflərdən biri müharibə qanunlarını kobud şəkildə pozarsa, müharibədən sonra qurulacaq tribunalla həmin əmrləri verən şəxsləri məsuliyyətə cəlb etmək mümkündür. Lakin mövcud siyasi şəraitdə cinayətkarların bu şəkildə cəzalanması real görünmür.
Bundan əlavə, Roma Statutuna üzv dövlətlər onlara qarşı törədilmiş cinayətlərin araşdırılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edə bilər. Lakin nə Azərbaycan, nə də Roma Statutuna üzv deyildir. Buna baxmayaraq, Roma Statutunun 13-cü maddəsinə əsasən, BMT Təhlükəsizlik Şurasının müraciətinə əsasən, Beynəlxalq Cinayət Məhkəməsi Roma Statutuna üzv olmayan dövlətlər üzərində öz yurisdiksiyasını həyata keçirə bilər. Bu cür müraciət BMT-nin üzvü olan hər bir dövlətlə bağlı edilə bilər. Hazırki halda müharibə cinayətlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri daxilində törədilməsi məhkəmənin öz yurisdiksiyasını həyata keçirə bilməsi üçün əsas ola bilər. Əlavə olaraq qeyd etmək yerinə düşər ki, Roma Statutuna üzv olmayan dövlətlər də məhkəmənin yurisdiksiyasını xüsusi hallarda qəbul edə bilər[8]. Buna nümunə olaraq, Darfur məsələsini göstərmək olar. Bu da o deməkdir ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı törədilmiş müharibə cinayətlərinin Beynəlxalq Cinayət Məhkəməsində araşdırılması həm təcrübi, həm də nəzəri baxımdan mümkündür.
Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsilə dövlətlərin bir-birinə və fərdlərin dövlətlərə qarşı şikayət etmək proseduru da mövcuddur. Azərbaycan dövləti ilkin olaraq Ermənistanın törətdiyi müharibə cinayətlərinə görə dövlətlərin bir-birinə şikayət mexanizminə müraciət etmişdir. Həmçinin, müharibə cinayətlərindən zərərçəkmiş hər bir şəxs fərdi qaydada AİHM-ə müraciət edərək öz pozulmuş hüquqlarının bərpasını tələb edə bilər. Mövcud şəraitdə bu prosedur ən real variant olaraq görünür. Azərbaycan dövləti də öz vətəndaşlarının bu hüququnu təmin edə bilməsi üçün bu prosesdə yaxından iştirak edir.
Nəticə
Ümumilikdə 44 gün davam edən İkinci Qarabağ müharibəsinin tərəflərindən biri olan Ermənistan müharibənin aparılmasına dair beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq çoxsaylı müharibə cinayətləri törətmişdir. Bu müharibə cinayətləri bir daha Ermənistanın təcavüzkar dövlət olduğunu, beynəlxalq hüquqa hörmət etmədiyini göstərmiş olur. Bu cinayətlərin təşkilinə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi hakimiyyəti daşıyır və onların məhkəmə qarşısına çıxarılaraq mühakimə olunması təmin edilməlidir. Beynəlxalq ictimaiyyət bu hüquqazidd əməllərin cəzasız qalmasına imkan verməməli və sadalanan bütün mümkün mexanizmlər vasitəsilə cinayətkarların cəzalandırılması üçün Azərbaycana dəstək nümayiş etdirməlidir.
ЗАКЛЮЧЕНИЕ
Подытоживая сказанное, можем сказать, что Армения, являющаяся одной из сторон Второй карабахской войны, которая длилась в общей сложности 44 дня, совершила многочисленные военные преступления, грубо нарушив нормы и принципы международного права, касающиеся ведения войны. Эти военные преступления еще раз показывают, что Армения является государством-агрессором, неуважительно относящейся международному праву. За организацию этих преступлений несут ответственность военно-политические власти Армении и привлечение их к ответственности должно быть обеспечено. Международное сообщество не должно допустить, чтобы эти проступки остались безнаказанными, и с целью наказания преступников должно поддержать Азербайджан при помощи всех перечисленных возможных механизмов.
CONCLUSION
Armenia, as one of the parties of the Second Karabakh War, which lasted totally 44 days, committed numerous war crimes, grossly violating the norms and principles of international law regarding the conduct of war. These war crimes once again show that Armenia is an aggressor state and does not respect international law. The military-political authorities of Armenia are responsible for organizing these crimes, and their prosecution must be ensured. The international community must not allow these misdeeds to go unpunished, and support Azerbaijan in order to punish the criminals using all the possible mechanisms aforementioned.
İstifadə edilmiş ədəbiyyat siyahısı:
- Allahverdiyev Ə.V. Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər. Dərs vəsaiti. Bakı. “Elm və təhsil” nəşriyyatı. 2017
- Əliyev Ə.I. – Azərbaycan beynəlxalq cinayətlər hədəfində: Hüquqi təhlil. Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2018
- Məcidli S.T. “Azərbaycanlılara qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər (1918-2018-ci illər)”. Bakı: 2018
- Yücel Acer – Ermenistanın Savaş Suçları Uluslararası Hukuk Ve Ermenistanın Karabağa Dair Askeri Faaliyetleri:. Turkuvaz Haberleşme ve Yayıncılık A.Ş. İstanbul, 2020
- А.А.Лупу, И.Ю.Оськина – Международное уголовное право: Учебное пособие / М.:Издательско-торговая корпорация «Дашков и К», 2012
- Действующее международное право. Т.2. М.: Московского Независимого Института Международного Права, 1997
- 12 Ağustos 1949 Tarihli Cenevre Sözleşmeleri ve Ek Protokolleri./ Galatasaray Üniversitesi Hukuk Fakültesi Yayınları
- Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu. 1998
- https://genprosecutor.gov.az/az/post/3216
- https://genprosecutor.gov.az/az/post/3234
- https://www.hrw.org/news/2020/12/11/armenia-unlawful-rocket-missile-strikes-azerbaijan
Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.