Əqli mülkiyyət hüququnda süni intellektin müəlliflik hüququ

T
arixən müəllif hüququ ilə qorunan əsərlərin üzərində müəllif hüququ onun yaradıcılarına məxsus olub.Yaradıcı insanlar və onların intellektual səyləri olmadan yeni obyektlərin yaradılmasının mümkün olmadığı nəzərə alınaraq müəllif müstəsna hüquqlarla təmin olunur və bu hüququn mərkəzində şəxsiyyət dayanır.Ancaq süni intellekt bu deyilənləri istisna edir.

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası qanununun 4-cü maddəsinə əsasən əsərin müəllifi onun yaradıcısı olan fiziki şəxsdir. Qanuna əsasən “komputer” dedikdə informasiyanı işləməyə qadir olan elektron və ya ona oxşar qurğu nəzərdə tutulur.

“Kompüter proqramı”na  isə   maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu daxildir. Kompüter proqramına həmçinin onun hazırlanması gedişində əldə edilən  hazırlıq materialları və onun doğurduğu audiovizual təsvirlər də daxildir. Göründüyü kimi mövcud qanunvericilikdə müəllif hüququnun subyekti olaraq fiziki şəxs tanınır. Nəzərə alsaq ki, süni intellekt komputer və komputer proqramında ehtiva olunur, bu halda süni intellekt (“Sİ”) müəllif hüququnun subyekti olaraq qəbul edilməyəcək. [1]

Kompüter proqramları Bern Konvensiyasının 2-ci maddəsindəki mənada ədəbi əsərlər kimi qorunur. Belə qorunma kompüter proqramlarına ifadə üsulundan və ya formasından asılı olmayaraq şamil edilir. [2]

Anqlo-sakson hüquq sistemli ölkələrdə Sİ-nin yaratdığı əsərlər üzərində müəllif hüququ əsərin yaradılması zamanı Sİ üzərində texniki nizamlama aparan şəxsə aiddir.

  • Avstraliyada “Acohs Pty. Ltd. – Ucorp Pty. Ltd. ” işində, məhkəmə kompüterin müdaxiləsi ilə yaradılan əsərin insan tərəfindən yaradılmadığını qəbul etdi və müəllif hüquqları ilə qorunmadığına dair qərar verdi. [4]
  • İngiltərədə “Express Newspapers Plc. – Liverpool Daily Post and Echo Plc.” işində məhkəmə qərarına görə, əsər kompüter tərəfindən yaradıldığı zaman kompüterin əsəri təqdim etmək üçün bir vasitə olduğu qənaətinə gəldi. Fikrimizcə, bu qərar süni intellektin təkbaşına istehsal etdiyi əsərlər üçün keçərli olmamalıdır. [4]
  • Avropa Birliyi Ədalət Məhkəməsinin 16 İyul 2009-cu il tarixli “İnfopaq” qərarında əsərin orijinal olması və əsər sahibinin yaradıcılığını əsərdə əks etdirməsinin lazım olduğu qeyd edilmişdir: əsərin yaradıcısı əsərdə öz şəxsiyyətini əks etdirməli və əsər insan əli ilə yaradılmalıdır. Bu qərar AB ölkələrində müəllif hüquqlarının verilməsi üçün əsas qaydadır.[5]
  • Çin, Hindistan, İrlandiya, Yeni Zelandiya, İngiltərə kimi bəzi ölkələrdə proqramçı üçün müəlliflik hüququ tanınır. [5]

Müəllif hüququ ilə qorunan materialın Sİ-nin öyrədilməsi üçün istifadəsinin ədalətli istifadə (fair use) olub-olmamasıda mübahisəlidir. Əksər ABŞ müəllifləri hesab edirlər ki, Sİ müəllifləri Sİ-yə öyrədilən (onun bazasına yüklənən) əsərlər üçün əsərlərin müəlliflərinə ödəniş etməlidir. Bu halda belə bir sual yaranır: Fərz edək ki, Si-nin sisteminə roman yazmaq üçün çoxlu sayda bədii əsərlər yüklənir, Sİ isə romanı yazır. Yazılan roman törəmə əsər yoxsa dəyişdirici ədalətli istifadə (transformative fair use) hesab edilməlidir? Fikrimizcə, bu süni intellektin bazasına yüklənən materialların orijinal əsəri dəyişdirmə məqsədi güdür, ədalətli istifadə isə istifadənin miqdarı və məqsədindən də asılıdır. Nəticə etibarılə bu, dəyişdirici ədalətli istifadə olaraq qiymətləndirilməlidir.

Bu baxımdan Yaponiya qanunvericiliyi xeyli inkişaf edib.Belə ki, Yaponiya qanunvericiliyində 2018-ci ildə edilən dəyişikliklər müəllif hüququ sahiblərinin qanuni maraqları və bu sahədə mövcud ziddiyyətlərin qarşısını almaq üçün nəzərdə tutulur.Dəyişikliklər əsasən məlumat bazasından istifadə , yəni süni intellektin maşın öyrənmə mərhələsində onun bazasına yüklənən məlumatlarla bağlıdır. [6]

Mövcud dəyişikliklər aşağıdakı kimidir:

1) mətn və məlumatların çıxarılması /maşın öyrənilməsi müəllif hüquqları ilə qorunur;

2) bu, yalnız qanuni yolla əldə edilmiş materiallara şamil edilməlidir;

3)maşın öyrədilmə prosesində hər bir əsərin istifadəsinin “kiçik” miqdarda olmalıdır(ədalətli istifadə şərtləri qorunmalıdır). Fikrimizcə,Yapon qanunverici orqanı dəyişikliklərin Berne Konvensiyasının və TRIPS-in tələblərinə uyğun olmasını təmin etdi və bu sahədə uğurlu qanunvericilik modeli yaratmış oldu. Həmçinin Yaponiyanın 2016-cı il Əqli Mülkiyyət üzrə Strateji Proqramı süni intellekt tərəfindən yaradılan əsərlərin lazımi hüquqi müdafiəsi üçün meyarların müəyyənləşdirilməsinə ehtiyac olduğunu qeyd edir. [3]

Rusiya Federasiyası Mülki Məcəlləsinin 1257-ci maddəsinə əsasən, elmi, bədii, incəsənət əsərlərinin müəllifi fiziki şəxsdir. Göründüyü kimi Rusiyada Sİ-nin yaratdığı əsərlərə müəllif hüquqlarının verilməsi hələ ki mümkünsüz görünür. [7]

Süni zəkanın yaratdığı əsərlərə müəllif hüquqlarına dair yanaşmaları dörd istiqamətdə təhlil etmək mümkündür. [6]

  1. Süni zəkanın yaratdığı əsərlərin müəllif hüquqları proqramı kodlaşdıran şəxsə verilməlidir. Fikrimizcə, bu ziddiyyətli yanaşmadır. Çünki bir əsər yaradarkən vasitəçi olaraq istifadə etdiyi proqramları kodlayan insanlara şəxsiyyətimizi əks etdirən işdə(məsələn roman, hekayə) hər hansı bir haqq vermək doğru deyil. Nümunə olaraq Microsoft Word proqramını göstərə bilərik.Bu gün əksər əsərlər Microsoft Word proqramında yazılır. Onda belə çıxır ki, Word proqramında yazdığımız əsər üzərində müəlliflik hüququ Word proqramını yaratmış şəxsə verilməlidir. [4]
  2. Digər yanaşmaya görə müvafiq əsərlərin müəllif hüquqları proqramı istifadə edən şəxsə aiddir. Yalnız bir proqramdan istifadə edərək əsərə müəlliflik hüququ qazanmaq mümkün deyil. Məsələn, siz əsəri özünüz deyil, başqa bir şəxsə komputer proqramında yazdırırsınız,amma orijinal fikirlər sizə mənsubdur. Yalnız proqram istifadəçisi olmaqla əsərə müəlliflik hüququ qazana bilməzsiniz. [5]
  3. Digər görüşə əsasən əsər üzərində müəllif hüquqları proqrama aiddir.Müəllif hüquqları verildiyi zaman əsərin sahibi bu hüquqdan istifadə etmək və onu qorumaq iqtidarında olmalıdır. Süni intellekt müəllif hüququ qazandığı zaman onu qorumq günümüzdə mümkün görünmür:çünki hüququn qorunması üçün şəxsiyyət tələb olunur. Hal-hazırda isə süni zəkanın heç bir şəxsiyyəti yoxdur. [6]
  4. Son yanaşmaya görə bu əsərlər ictimai varidat hesab edilməlidir. Süni zəkanın istehsal etdiyi məhsullar ictimai rifah naminə istifadə olunmalıdır. Bəzən süni zəka istehsalçıları və istifadəçilər tərəfindən əsər yaradılması halında bu qarşılıqlı təsiri bir-birindən ayırmaq mümkün olmur, nəticədə ortaya çıxan əsər sahibsiz sayılmalı və ictimai mülk olaraq qəbul edilməlidir.1962-ci ildə Volvoda təhlükəsizlik kəmərini icad edən Nils Bohlin potensial qazancından imtina etdi və ixtirasının patentini insan həyatını xilas etmək məqsədilə bütün avtomobil şirkətlərinin istifadəsi üçün açıq elan etdi.Bu yanaşma qeyri-realdır, çünki əksər ixtiraçılar süni zəka sistemindən qazanc götürə bilmədikləri üçün yeni ixtiralar etməkdə maraqlı olmayacaqlar. [7]

Future of Life İnstitutu (FLI) 2017-ci ildə Kaliforniyada “Süni Zəka” adlı konfransda 23 prinsipdən ibarət bəyannamə qəbul etdi. (Bu bəyannamə Asimo prinsipləri də adlandırılır) Bu bəyannamənin 15 və 23-cü maddələri aşağıdakı kimidir: [8]

15- Sosial rifah: Süni zəkadan əldə edilən fayda bütün insanlığa fayda gətirmək üçün geniş şəkildə paylaşılmalıdır.

23-Ortaq istifadə: süni zəka etik dəyərlərə uyğun şəkildə inkişaf etdirilməli, bir dövlət və ya təşkilat deyil, bütün insanlara fayda gətirməlidir.

Asimolar Prinsiplərinin bu maddələrini nəzərə alsaq, süni zəkanın yaratdığı əsərlər ümumi mənfəət məqsədilə istifadə edilməli və süni zəkanın əsərləri ictimai mülkiyyət hesab edilməlidir. Əslində Kanadada “İnsanların müdaxiləsi olmadan təkbaşına komputer əsər yarada bilsə də, əldə olunan əqli mülkiyyət məhsulu xalqa məxsusdur.” konsepsiyası mövcuddur”.

Amerikada Müəllif Hüquqları Bürosu yalnız insanlar tərəfindən yaradılmış əqli mülkiyyət məhsullarına müəlliflik hüququ tanıyır. ABŞ elm insanlarınını münasibəti isə iki istiqamətə ayrılıb. İdaho Universitetinin professoru Annemarle Bridynin fikrincə ölkədə müəlliflik hüquqularının yalnız insana aid olmasına dair hər hansı hüquq norması yoxdur. Stanford Universiteti Hüquq fakültəsi akademiki Dr.Eran Kahananın fikrincə, müəlliflik hüquqlarının əsas məqsədi yaradılan əqli mülkiyyət məhsullarının başqası tərəfindən istifadə olunması və bunun müqabilində qazanc əldə etməkdir. Robortların isə buna ehtiyacı olmadığından onlara müəlliflik hüquqlarının verilməsi mənasızdır. ABŞ Müəllif Hüquqları Agentliyinin də vurğuladığı kimi “orijinal əsər insan əlindən çıxır və onun zəkasının meyvəsidir”. [8]

ABŞ-da hər hansı əsərin yaradılmasında insan müdaxiləsi və ya əməyi yoxdursa, yaradılan əsər əsər olaraq qəbul edilmir. ABŞ məhkəmələrinin formalaşdırdığı presedentlərə görə Sİ-nin yaratdığı əsərlər leqal qorunma altına alınmır.1984-cü il tarixli qərarla Sİ məhsulu əsər deyil və dövlət əmlakı hesab edilir. Bu mövqe ona gətirib çıxaracaq ki, şirkətlər süni intellekt layihələrinə investisiya qoymayacaq, Sİ-in istehsal etdiyi məhsulların kəmiyyəti azalacaq. [7]

Bəzi amerikan müəlliflərinin fikrincə hüquq yaradılmış əqli mülkiyyət məhsullarına fokuslanmalıdır, başqa sözlə əsərin istehsal edilmə prosesi, onun necə istehsal olunmasının hüquqla tənzimlənməsinə ehtiyac yoxdur. Bu halda diqqət süni intellektin yaratmış olduğu məhsullara yönəlir və bu konsepsiya süni intellektin hüquqi şəxsiyyətini nəzərə almadan onun yaratdıqlarının hüquqi mühafizə altına alınmalı olduğunu vurğulayır.

 

Nəticə

Süni intellektin əqli mülkiyyət hüququnda statusu mübahisəlidir: fikrimizcə, bu “sui generis” hüquqi statusu formalaşdırır.

Süni intellektin yaratdığı məhsulların əsər hesab edilməsinin mümkünlüyü məsələsi araşdırıldı. Doktrinadakı mövcud görüşlər, məhkəmə qərarları əsasında belə nəticəyə gəlirik ki, süni intellektin yaratdığı məhsullar üzərində obyektiv şərtlər ödənilsə də, subyektiv meyarların tamamilə ödənilmədiyi məlumdur.Obyektiv meyar yaradılan əqli məhsulun fiziki mövcudluğunu(roman, musiqi, rəsm əsəri və s.) nəzərdə tutur. Subyektiv meyarlar isə yaradıcılıq və əsərin müəllifinin xüsusiyyətini daşımasıdır.Yaradıcılıq meyarı əsərin orijinal olmasını ehtiva edir. Fikrimizcə, süni intellektin yaradıcılıq qabiliyyəti onun bazasına yüklənən məlumatların mövcudluğundan asılı olduğundan insan müdaxiləsindən xali deyildir. Bununla belə Sİ-nin yaratdığı əsərləri əqli mülkiyyət məhsulu hesab etmək mümkündür, çünki yaradıcılıq və orijinallıq meyarları ödənilmiş olur.Buna görə də yalnız insan müdaxiləsi olmadan süni intellektin yaratdığı əsərlərdə yaradıcılıq meyarı ödənilir və əsər hesab edilə, qanuni mühafizə altına alına bilər. İnsan müdaxiləsi ilə yaradılan əsərlər üzərində müəlliflik hüququ bilavasitə süni intellekt üzərində tənzimləmə aparmış şəxsə aiddir.

Sİ insan müdaxiləsi olmadan əsər yaratdığı təqdirdə ona müəlliflik hüququnun tanınması məsələsi qanunla tənzimlənməmiş qalır. Süni intellektin yaratdığı əsərlərə müəlliflik hüququ tanınmalıdır. Bu əsərlərin hüquqi mühafizə altına alınmaması nəticəsində ayrı-ayrı şəxslər heç bir ödəniş etmədən Sİ-nin əsərlərindən istifadə edəcək, nəticədə Sİ sahəsinə qoyulan investisiyaların həcmi azalacaq.Bu nəzərə alan Avropa Parlamenti mövcud müəllif hüququ qaydalarının Sİ-nin yaratdığı əsərlər üçün dəyişdirməli olduğuna dair qərar qəbul etdi.

Hesab edirik ki, müəlliflik hüququnun əsas meyarları orijinallıq, yaradıcı əmək, əsərin sahibinin xüsusiyyətini daşıma olsa da, süni intellektin yaratdığı əsərlərə müəllif hüququnun verilməsi zamanı standartlar dəyişilə bilər. Biz süni intellektə elektron şəxsiyyət statusunun verilməsini məqəsədə uyğun hesab edirik. Lakin onun yaratdığı əsərlərin ictimai (dövlət) varidatına keçməsi fikrini qəbul etmirik. Məsələnin həllinə yönəlik təklif mexanizmimiz belədir: Süni intellektə elektron şəxsiyyət  statusu verilsin (hüquqi şəxs olaraq qeydiyyatdan keçirilmə və fiziki şəxsin nəzarəti), onun yaratdığı əsərlər üzərində müəlliflik hüququ isə formal olaraq süni intellektə, faktiki olaraq süni intellektin yaradıcısına aid olsun. Müəlliflik hüququndan əldə olunan gəlirlər isə Sİ-nin bank hesabında yatırılsın.

Hüquqi status məsələsinə gəlincə burada ümumilikdə süni intellektdən deyil, süni intellektə malik robotların hüquqi statusunu vurğulamalıyıq. Belə ki, elektron şəxsiyyət statusunun bu qəbildən olan robotlara verilməsi nəzərdə tutulur.

 

      İstifadə  olunmuş ədəbiyyat siyahısı

  1. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında- qanun, e-qanun.az
  2. Ədəbi və bədii əsərlərin qorunması üzrə Bern Konvensiyası-https://www.wipo.int/treaties/en/ip/berne/
  3. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququna dair Müqaviləsi
  4. Armağan Ebru Bozkurt Yüksel-Robot Hukuku, s.93, (2017)
  5. Ole-Andreas Rognstad- From the EU copyright package to the challenges of Artificial Intelligence – p 76, (2018)
  6. Jani Ihalainen-Computer Creativity: Artificial Intelligence And Copyright Journal Of Intellectual Property Law & Practice, p. 726, (2018)
  7. Neal R. Gross-Copyright in the age of Artificial İntelligence -p 29, (2020)
  8. https://www.cs.cmu.edu/~kiesler/publications/2006pdfs/2006_perceptions-ASIMO.pdf

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.