Fərdi əmək mübahisələrinin həllində iddia müddəti

Fərdi əmək mübahisələrinin həlli araşdırılarkən iddia müddəti anlayışından çox istifadə edilir. İddia müddətinə Mülki Məcəllənin 372.2-ci maddəsində anlayış verilmişdir. Həmin maddəyə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Əmək qanunvericiliyində iddia müddəti əmək münasibətlərinin subyektiv tərkibinə görə iki yerə bölünür;

Birinci halda, işəgötürən pozulmuş hüququnun müdafiəsi üçün nəzərdə tutulmuş iddia müddətidir. Qanunvericilik bu halda iddianın xarakterinə fərqli iddia müddətləri müəyyən etmişdir. Belə ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər (AR ƏM-nin 296-cı maddəsinin 5-ci hissəsi).

Ikinci halda, işçi pozulmuş hüququnun müdafiəsi üçün qanunvericiliklə tanınan müddətdir. Bu müddət fərdi əmək mübahisəsini həll edən orqana münasibətdə fərqlidir. Belə ki, işçi fərdi əmək mübahisələrinin həlli məqsədilə məhkəməyə qədər baxan orqana və ya məhkəməyə müraciət edə bilər.

AR ƏM-nin 296-cı maddəsinin birinci hisssəsinin tələblərinə uyğun olaraq işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində fərdi əmək mübahisələrinə baxan orqana müraciət edə bilər. AR ƏM-nin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə uyğun olaraq, kollektiv müqavilələrdə nəzərdə tutulduğu halda müəssisələrdə həmkarlar ittifaqı təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yaradıla bilər. Həmin orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə həmin mübahisənin həlli üçün tərəflər məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.(AR ƏM-nin 294-cü maddəsinin dördüncü hissəsi).

Yuxarıda qeyd etdiyimiz kimi işçi pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Hazırda əksər fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxılır. İddianın xarakterinə görə işçinin məhkəməyə müraciət etmək üçün iddia müddətləri fərqlidir.Belə ki, həmin müddətlər aşağıdakı kimidir:

  1. işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı;
  2. pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində;
  3. iddia müddəti şamil edilməyən işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblər;

AR ƏM-nin 296-cı maddəsinin ikinci hissəsinin mənasına görə işçinin fərdi əmək mübahisəsinə baxan orqana müraciət etməsi halı istisna olmaqla, bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Fərdi əmək mübahisələrinin anlayışı, konkret tərifi AR Əmək Məcələsində göstərilmişdir. Belə ki, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Eyni zamanda fərdi əmək mübahisələrinin predmetinin dəqiq siyahısı AR ƏM-nin 288-ci maddəsində sadalanmışdır.

Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu tələblərə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi, əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması və s. aid etmək olar.

İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

AR Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən konkret gün müəyyən edib. Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bu maddədə qeyd edilən işçinin müvafiq əmri dedikdə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) , intizam tənbehi verilməsi barədə əmr (sərəncam, qərar) və s. nəzərdə tutulur. AR Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Intizam tənbehinin verilməsi ilə bağlı yaranmış əmək mübahisələrində iddia müddətinin axımı intizam tənbehinin verilməsi barədə əmrin işçiyə verilməsi günündən başlanır. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi intizam tənbehi verilməsi barədə işəgötürənin əmri ilə (sərəncamla, qərarla) tanış edilməli və işçinin tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsindən göründüyü kimi işçinin əmək kitabçasının verildiyi gün dı iddia müddətinin başlandığı gün hesab edilir Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalar”ın 6.1-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. Həmin “Qaydalar”ın 6.2-ci bəndinə əsasən işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. İşçi vəfat etdikdə əmək kitabçası onun ailə üzvlərinə verilir və yaxud onların tələbi ilə poçt vasitəsilə göndərilir.

Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. İstər işçi, istərsə də işəgötürən tərəfindən iddia müddətinin ötürülməsi onlar üçün arzuolunmaz nəticələr doğurur. Belə ki, müddətin keçməsi ilə bağlı məhkəmə iddianı rədd etməkdə haqlıdır. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddənin “Qeyd” hissəsi yaxın qohumların dairəsini (işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları) dəqiq müəyyən etmişdir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.

Həmin maddədə işlədilən “mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. İddia müddətinin məqsədi ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həll 3 zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir.

 

NƏTİCƏ

Beləliklə, mövzunun təhlili göstərir ki, fərdi əmək mübahisələrinin həlli ilə əlaqədar tələblər üzrə əksər hallarda iddia müddəti ötürülür. İddia müddətinin ötməsinin həmin tələb üzrə hüququn məhkəmə müdafiəsi imkanını istisna edir. Həm işəgötürən, həm də işçi tərəfindən iddia müddətinin ötürülməsi onların müdafiəsi üçün qaldırılmış subyektiv hüquqularının pozulub polzulmadığından asılı olmayaraq onlar üçün mənfi nəticə doğurur.

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.