- Azərbaycan Respublikasının qanunvericiliyi
Subroqasiya hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində leqal anlayış verilmişdir. Belə ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (1)
MM-in 373-cü maddəsinin tələbinə əsasən ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti isə 3 il təşkil edir. (1) Sual yaranır ki, subroqasiya hüququnun həyata keçirilməsi qeyd olunan müddətlərdən hansı tətbiq ediləcək? Bunu aydınlaşdırmaq üçün əvvəla qanunvericilikdə nəzərdə tutulmuş subroqasiya hüququnun yaranması şərtlərinə nəzər salmaq məqsədə uyğundur.
“İcbari sığortalar haqqında” AR-nın Qanunun 25-ci maddəsində icbari sığorta növləri üzrə subroqasiya hüququnun yaranma əsasları təsbit edilmişdir. Eləcə də həmin qanunun 63.1-ci maddəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sürücünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə subroqasiya hüququnun əlavə əsası da müəyyən edilmişdir. (bax: “İcbari sığortalar haqqında” qanunun 25 və 63-cü maddəsi ) (4)
“Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 25.1-ci bəndinə əsasən, sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. (5)
Subroqasiya hüququnun həyata keçirilməsi üçün tələb olunan iddia müddətinin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının müvafiq qərarı mühüm rol oynayır. Belə ki, kasko sığorta növü üzrə sığortaçının zərərvuran şəxsə qarşı qaldırdığı iddiaya münasibətdə hansı müddətin tətbiq olunacağına kollegiya aydınlıq gətirmişdir.
Kollegiyanın qərarında qeyd olunur ki, subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illlik iddia müddəti deyil, zərər vurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir.(6)
Avtonəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə subroqasiya hüququ həmin avtomobilə zərər vurmasına səbəb olmuş şəxslərə, onların mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı istifadə olunur.Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarında vurğulanmışdır ki, sığortaçı şirkət ilə iş cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan (deliktdən) doğan öhdəlik münasibətləridir.Çünki zərərvuran şəxslə sığortaçı arasında bağlanan hər hansı müqavilə bağlanmayıb.Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. (6)
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə subroqasiya hüququ bilavasitə sığortalıya və sığorta olunana qarşı yönəlir. Mövcud hüquq münasibətləri isə sığorta müqaviləsinə əsaslanır.Bu halda ümumi iddia müddəti tətbiq olunacaq.
İcbari avtonəqliyyat sığortası növü üzrə subroqasiya zərər vurmanı ehtiva etmir. Fikrimizcə, MM-də təsbit edilən subroqasiyaya verilmiş anlayış yalnız könüllü sığorta növləri üzrə subroqasiya hüququnun məzmununu ehtiva edir və bu anlayış birtərəfli xarakter daşıyır (baxmayaraq ki, sığorta hüquq münasibətləri üçün ümumi müddəaların anlayışı Mülki Məcəllədə verilmişdir). İcbari sığorta növü üzrə isə təkcə zərər subroqasiyanı şərtləndirmir, əlavə şərtlərin mövcudluğu (idarə etmə hüququnun olmaması, yol-nəqliyyat hadisəsi yerindən yayınma, sərxoş (spirtli içki, narkotik vasitə, psixotrop maddədən istifadə) vəziyyətdə avtomobil idarə etmə) subroqasiya hüququnun yaranması üçün əsasdır.
Göründüyü kimi, kasko sığortada zərərvuranın əməlinin növündən asılı olaraq iddia müddətinin axımının başlanması müəyyən etmək daha məqsədə uyğun olardı. Çünki kasko sığorta növü üzrə sığorta riskinə üçüncü şəxslərin qanuna zidd əməlləri, eləcə də oğurluq, soyğunçuluq, quldurluq, qaçırma da daxildir. Burada üçüncü şəxslərin qanuna zidd hərəkətləri qeyd edilən cinayət əməllərinə daxil olmayan digər hərəkətlərdir, məsələn mülki hüquq pozuntusu- deliktlər. Nümunə üçün şəxsin qəsdən avtomobilin şüşəsinə küt əşya ilə vurması. Mülki hüquq pozuntusu üzrə iddia müddəti 10 il təşkil etsə də, digər sığorta risklərinə aid edilən cinayət əməllərinə və inzibati xətalara münasibətdə eyni iddia müddətini tətbiq etmək mövcud qanunvericiliyin tələblərinə zidd olardı. Çünki Cinayət Məcəlləsində müddətin keçməsi ilə əlaqədar cianyət məsuliyyətindən azad edilmə imkanı da nəzərdə tutulmuşdur. (bax CM 73-cü maddə) həmçinin İXM-in 38-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə törədilən xətanın törədildiyi gündən etibarən 1 il keçərsə, iş üzrə icraata xitam verilir. (2) Subroqasiya hüququ konkret zərər vuran şəxsə qarşı irəli sürüldüyündən həmin şəxsin hüquqi məsuliyyətinin mövcudluğu faktı təsdiq edilməli və buna uyğun olaraq iddia müddəti hesablanmalıdır.
Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının təhlilindən belə nəticəyə gəlmək olar ki, icbari sığorta növü üzrə iddia müddətinin axımını müəyyən etmək çətinlik yaratmasa da, kasko sığorta növündə ziyan vurma ilə müşayiət olunan əməlin hüquqi xarakteristikası: mülki, inzibati yoxsa cinayət məsuliyyəti doğurması həlledici rol oynayır.
Məsələn, kasko sığortada avtomobili naməlum şəxs vurulub qaçırsa, bu halda cinayət prosessual müddət dayandırılır, iddia müddətinin axımının dayandırıldığı müddətcə sığortaçı subroqasiya hüququnu həyata keçirmək imkanından məhrum olur.
- Xarici dövlətlərin qanunvericiliyi
Türkiyə qanunvericiliyində subroqasiya hüququ “rücu-en davası” adlanır. 2918 saylı Karayolları Trafik Kanununun 109-cu maddəsinə görə sığortaçı sığorta ödənişini veridiyi gündən etibarən 2(iki) il müddətinə subroqasiya hüququnu həyata keçirə bilər.(7)
Zorunlu Mali Sorumluluk (Trafik) Sigortası Qanunun ümumi müddəalarına əsasən, “tələbin əsaslandığı hüquq cəzanı ilə şərtlənən əməldən yaranır və cinayət qanununda bu əmələ görə məsuliyyətə cəlb etmənin daha uzun müddəti nəzərdə tutulmuşdursa, bu müddət təzminat tələbləri üçün də keçərlidir.(10)
Əgər zərər vurmaya səbəb olmuş əməl cinayət məsuliyyəti yaradırsa, iddia müddətinin axımı zərərvurana münasibətdə dayandırılır. Bu müddət sığortaçıya münasibətdə də dayanmış olur.”
Türk Ticarət Qanununun 1472-ci maddəsinə istinadən sığortaçı sığorta ödənişini verdikdən sonra sığortalının yerinə keçmiş olur, bu səbəblə də iddia müddətinin hesablanması zamanı sığortalı ilə zərərvuran arasındakı münasibətlər əsas götürülür.(9)
818 saylı Türk Borçlar Kanununun 125-ci maddəsinə əsasən rücu-en təzminat iddialarında 10 (on) illik iddia müdəti müəyyən edilmişdir. Bu zaman iddia müddətinin axımının sığorta ödənişinin verilməsi ilə birlikdə zərər vuran şəxsin kimliyinin öyrənildiyi tarixdən başlanır: bu müddət 2 (iki) il, ümumilikdə isə 10 ilin keçməsi ilə başa şatmış olur.(8, s 440)
İngiltərənin 1980-ci il tarixli “Məhdudiyyətlər Aktı”na əsasən, iddia müddəti müqavilə üzrə öhdəliklərdən müqavilənin pozulduğu, deliktlərdən yaranan öhdəliklərdə zərərin vurulduğu tarixdən başlayır. Eyni qayda Avstraliya və Honk-Konq qanunvericiliyi üçün də keçərlidir.Zərərvuran məlum olmadığı təqdirdə iddia müddəti zərərçəkənin zərər ona məlum olduğu andan 3 il müddətində, ümumilikdə 6 ildən çox olmamaqla məhdudlaşdırılır. (11)
Ümumiyyətlə, anqlo-sakson hüquq sistemində qəbul edilir ki, sığorta ödənişini verməklə sığortaçı sanki sığortalının yerinə keçir: sığortalı sığortaçının şəxsində təcəssüm olunur. Bu baxımdan doktrinada istifadə olunan “Step into shoes” ifadəsi subroqasiyanın mahiyyəti barədə dərin təsəvvür yaratmış olur.
Çin Sığortalar Qanununa əsasən (1 oktyabr 2017-ci ildən başlayaraq) əgər qanunla başqa hal nəzərdə tutulmayıbsa, ümumi iddia müddəti 3 ildir. Dəniz sığortasına münasibətdə subroqasiya hüququ üçün iddia müddətinin başlandığı tarix zərərvurmanın baş verdiyi tarix, digər sığorta növlərində sığortalıya sığorta ödənişinin verildiyi tarix hesab edilir. (11)
Yaponiya Sığorta Qanununa əsasən ilkin (qismən) sığorta ödənişinin verildiyi tarix iddia müddətinin başlanğıcı hesab olunur.(11)
Malayziyada subroqasiya qaydasında iddia deliktin baş verdiyi tarixdən 6, Nepalda 2, Cənubi Koreyada 10 il müddətinə iddia qaldırıla bilər. (11)
Yuxarıda qeyd olunan dövlətlərin qanunvericilik müddəalarını ümumiləşdirsək, belə nəticəyə gələ bilərik ki, iddia müddətinin axımının başladığı müddətlə bağlı yanaşma əsasən 2 istiqamətdədir:
- Zərərvurmanın baş verdiyi tarix
- Sığorta ödənişinin verildiyi tarix
AR-nın Mülki Məcəlləsi aspektindən dəyərləndirsək, iki müddət: subroqasiya hüququnun yarandığı tarix və bu hüququn həyata keçirilməsi üçün tələb olunan müddət. Birinci hal məsələnin mübahisəsiz halıdır: yəni sığorta ödənişinin verildiyi andan subroqasiya hüququ sığortaçıya keçir. Bu hüququn həyata keçirilməsi üçün tələb olunan müddət isə zərər vurmaya səbəb olan əməlin törədildiyi andan və həmin əməlin hüquq pozuntusunun hansı növünə (mülki, inzibati, cinayət) aid olmasından asılı olaraq dəyişir.
İstifadə edilmiş mənbələr:
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
- “İcbari sığortalar haqqında” AR-nın Qanunu
- “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” -Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmişdir.
- Azərbaycan Respublikası Ali Məhkəməsinin bülleteni- № 1, 2019
- Türkiye karayollari trafik kanunu https://www.mevzuat.gov.tr/MevzuatMetin/1.5.2918.pdf
- Gökhan Güncan – Türk hukukunda sigortacinin halefiyeti / the subrogation of the insurer in Turkish law – social science development journal -september 2021, s 436-451
- Çelik ahmet çelik-sigortalarda zamanaşimi süreleri//
Https://www.tazminathukuku.com/dosyalar/556_sigortalarda-zamanasimi-sureleri.pdf
- C. Yargitay hukuk genel kurulu esas no:2012/1814,karar no:2013/715 , karar tarihi: 15. 05. 2013- rücu davasi zaman aşimi süresi
- Subrogated recoveries-a comparative guide ‒ Asia pacific Https://www.rpc.co.uk/-/media/rpc/files/perspectives/insurance-and-reinsurance/rpc-subrogated-recoveries_subrogation-brochure.pdf
Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.