“Anhoyzer-Buş İnk.” şirkəti Portuqaliyaya qarşı

Bu yazının əsas məqsədi “Anhoyzer-Buş İnk.” şirkəti Portuqaliyaya qarşı işi və bu iş üzrə hüquqi məsələlər haqqında azərbaycan dilində dolğun məlumatın formalaşdırılmasıdır.

“Anhoyzer-Buş İnk.” şirkəti Portuqaliyaya qarşı işi “Budweiser”, “Budvar” adları üzərində olan mübahisədən doğmuşdur, desək yanılmarıq. Belə ki, bu adlar illərdir müxtəlif ölkələrdə onlarla məhkəmə işi ilə nəticələnən əmtəə nişanı mübahisəsisəsinə səbəb olmuşdur. Gəlin, AİHM-in qərarına keçməmişdən əvvəl bu mübahisənin tarixinə nəzər salaq:

1870-ci illərdə Avropaya səyahət edən Ms. Conrad bohem pivəsinin dadına baxır və qərar verir ki, bu reseptlə hazırlanan pivəni Amerikaya da gətirsin. Bir neçə ildən sonra o kiçik pivə zavodu açır və tezliklə bu zavod sahiblərinin Anheuser və Busch olduğu başqa kiçik ailə biznesi olan pivə zavodu ilə birləşdirir. Bu birləşmə kifayət qədər uğurlu olur. Lakin diqqətə alınmalı bir məsələ var idi: Anheuser-Busch “Budweiser” üzərində müstəsna hüquqlar əldə etmək üçün Amerika və Avropadan olan, eyni addan istifadə edərək pivə istehsal edən şirkətlər ilə mübahisələri həll etməli idi. Bu minvalla o 1911-ci ildə bir neçə belə şirkətlə razılıq əldə etdi, razılığın əsası bu idi ki, Anheuser-Busch şirkəti bu əmtəə nişanından Avropadan başqa dünyanın hər yerində istifadə edə bilərdi. Daha sonra Anheuser-Busch və Çex pivə şirkəti yeni anlaşma imzaladı, bu anlaşmaya əsasən Anheuser-Busch-a “Budweiser” üzərində Amerika ərazisində müstəsna hüquqlar verildi, bunun əvəzində Çex şirkəti bu addan Amerika ərazisində istifadəni dayandırmağı qəbul etdi. Lakin sonralar rəqiblər tərəfindən artan təzyiqlər, Amerika pivə bazarındakı vəziyyət və s. Anheuser-Busch-u məcbur etdi ki, yeni bazarlara daxil olsun. Əlbəttə, pivə üçün ən cəlbedici pivə bazar Avropa idi. Bu da çex şirkəti olan Budejovicky Budvar ilə hələ də bugünə kimi davam edən mübahisəyə gətirib çıxarır. Onu da əlavə edim ki, çex şirkəti olan Budejovicky Budvar reputasiya və iqtisadi dəyər baxımından Amerika nəhəngi olan Anheuser-Busch ilə müqayisə edilməzdir. Hətta, vaxtilə Anheuser-Busch Budvar-ı satın almağı təklif etmişdir, lakin Budvar bu təkliflə razılaşmamışdır. Çünki bu çex şirkəti “Budweiser” adı üzərində mədəni dəyərlərini qorumaq istəyirdi. Belə ki, Ceske Budejovice qəsəbəsindəki pivə istehsalı yeddi yüz əvvələ gedib çıxır və bu yerli ənənənin ayrılmaz hissəsidir. Pivə həmişə Bohemiyanın (Bohemiya indiki Çex Respublikasının tarixi adlarından biri olub) əsas ixracatlarından biri olmuşdur.

Artıq biz az da olsa mübahisənin tarixi haqqında məlumatlıyıq. İndi isə Anhoyzer-Buş İnk.” şirkəti Portuqaliyaya qarşı işi üzrə AİHM-in 2007-ci il tarixli qərarına keçək:

İşin faktları və Portuqaliya milli məhkəmələrindəki proseslər:

Anheuser-Busch (Ərizəçi) 1981-ci ildə bu əmtəə nişanını Portuqaliya ərazisində qeydiyyata aldırmaq üçün Portuqaliyadakı Milli Sənaye Mülkiyyəti İnstitutuna (MSMİ) ərizə ilə müraciət edir. Bu müraciətə Budejovicky Budvar şirkəti tərəfindən etiraz edilir. Bu etiraza əsasən bu ad “Budweiser” olaraq tanınan “Ceske Budejovice” qəsəbəsinin adıdır və bu yer 1295-ci ildən etibarən xüsusi metod ilə istehsal olunan pivənin mənşə yeridir, 1895-ci ildən isə bu coğrafi göstərici adı altında pivə satışına ancaq Budejovicky Budvar səlahiyyətlidir. Eyni zamanda şirkət “Malların mənşə yerlərinin adının və malların beynəlxalq qeydiyyatının qorunması haqqında” 1958-ci il tarixli Lissabon Sazişinə uyğun olaraq 1968-ci ildə “Budvayzer Bier” (“Budweiser Bier“) adını malın mənşə yerinin adı qismində qeydiyyata aldırması səbəbi ilə indiki qeydiyyatın mümkünsüz olmasını bildirir. Bundan sonra MSMİ Anheuser-Busch-un qeydiyyat ərizəsini geri çevirmişdir. Lakin sonradan, yəni 1995-ci ildə Anheuser-Busch “Budejovicky Budvar” qeydiyyatının ləğvi barədə məhkəmə qərarının çıxarılmasına nail oldu, qərar belə əsaslandırılmışdır ki, bu ad Lissabon Sazişində nəzərdə tutulmuş qorunma tələblərinə cavab vermir.  Bundan sonra MSMİ “Budweiser”ı ərizəçi şirkətin adına qeydiyyata alır. Budvar “Malların mənşə yerlərinin qeydiyyata alınmış adının qorunması barədə” Portuqaliya ilə Çexiya arasındakı ikitərəfli sazişə istinad edərək bu qərardan birinci instansiya məhkəməsinə şikayət etdi. Qeyd edim ki, bu sazişin əlavəsində “Ceskobudeljovicky Budvar” birləşməsi coğrafi göstərici olaraq qoruma altına alınmışdır. Məhkəmə Anheuser-Busch-un əmtəə nişanı qeydiyyatı üçün müraciət etdiyi tarixdə (1981-ci ildə) bu sazişin qüvvədə olmadığını (1986-cı ildə qüvvəyə minib), eyni zamanda bu sazişlə qorunan adın “Budwiser” yox, “Ceskobudejovicky Budvar” olduğunu və bunun qarışıqlıq yaratmayacağını istinad edərək Budvarın şikayətini təmin etmir. Budvar bu qərardan da appelyasiya məhkəməsinə şikayət edir və məhkəmə şikayəti təmin edərək Anheuser-Busch-un Portuqaliyadakı əmtəə nişanı qeydiyyatını etibarsız edir. Appelyasiya məhkəməsi qərarında əmtəə nişanları arasında oxşarlığı müzakirə etməyib, ölkələr arasında imzalanan ikili sazişin ayrı-ayrı maddələrinə,(məsələn, maddə 5/1 -Bu Müqavilə ilə qorunan adın və ya işarənin Müqaviləyə zidd olan ticarət və sənaye fəaliyyətlərində istifadə edilməsi halında; Tərəflər haqsız rəqabətin və işarələrin qanunsuz istifadəsinin qarşısını almaq üçün bütün hüquqi və inzibati tədbirləri görəcəklər., maddə 5/2 – Bu Müqavilə yuxarıda göstərilən adların və işarələrin tərcümələrinə də şamil ediləcəkdir.) istinad edir.

Anheuser-Busch bundan sonra Ali Məhkəməyə müraciət edir. O müraciətində TRIPS sazişinə və Paris Konvensiyasına istinad edərək, əmtəə nişanı qeydiyyatına müraciətin ilkinlik haqqını yaratması, üzv dövlətlərin vətəndaşları və əcnəbilər üçün bərabər rəftar şərti və “yaxşı niyyət”in qorunması kimi müddəaları ön plana gətirir. Eyni zamanda şirkət bildirir ki, “Ceskobudejovicky Budvar” ifadəsinin tam ekvivalenti “Budweiser” deyil, bu səbəblə də 1986-cı il tarixli saziş bu halda tətbiq edilə bilməz. Əlavə olaraq şikayətçi qeyd edir ki, hətta bu saziş tətbiq olunsa belə bu Çex və Portuqal dilləri arasındakı tərcümələr üçün keçərli olmalıdır. Son olaraq isə, o, 1986 -cı il sazişinin Portuqaliya Parlamenti əvəzinə Portuqaliya Hökuməti tərəfindən qəbul edilməsinin Portuqaliya Konstitusiyasının Parlamentin suveren gücü ilə bağlı 161 və 165 -ci maddələrinə zidd olduğunu bildirir. Lakin Ali Məhkəmə şikayəti 2001-ci ildə qəbul etdiyi qərarı ilə təmin etmir. Ali Məhkəmə qərarını belə əsaslandırır ki, Anheuser-Busch müraciətində “yaxşı niyyət”ini göstərəcək heç bir sübut təqdim etmədiyindən TRIPS sazişi işdə tətbiq edilə bilməyəcəkdir, hər bir halda Portuqaliya qanunlarına görə TRIPS Sazişinin 65 -ci maddəsinin qüvvəsi, 1 Yanvar 1996 -cı ilə qədər, yəni 1986 -cı il İkitərəfli Sazişin qüvvəyə minməsindən sonra məcburi olmamışdır. Ali Məhkəmə bu səbəbdən TRIPS Anlaşmasının İkitərəfli Sazişdən üstün ola bilməyəcəyini müəyyən etdi.

AİHM-ə müraciət, hüquqi məsələlər:

Portuqaliya məhkəmələrindəki proseslərdən sonra Anheuser-Busch AİHM-ə müraciət edir. Şirkət müraciətində əmtəə nişanının da mülkiyyət anlayışına daxil olduğunu, əmtəə nişanı qeydiyyatı ərizəsindən sonra qüvvəyə minən ikitərəfli sazişin tətbiqi nəticəsində mülkiyyətindən məhrum edildiyini iddia etdi. Portuqaliya dövləti isə öz müdafiəsində əmtəə nişanının qəti olaraq qeydiyyata alınmadığı halda mülkiyyət çərçivəsində dəyərləndirilə bilinməyəcəyini, AİHK-nın 1 saylı Protokolunun 1-ci maddəsinin qoruduğu mülkiyyəti daxildə Portuqaliya məhkəmələrinin müəyyənləşdirdiyini bildirmişdir. Eyni zamanda o Portuqaliya məhkəməsinin 1986-ci il ikili sazişini tətbiq edərək verdiyi qərarın daxili qanunvericiliyə uyğun olduğunu, Portuqaliyanın beynəlxalq öhdəliklərini yerinə yetirdiyini, əlavə olaraq Ali məhkəmənin verdiyi qərarın coğrafi göstəricilərlə əlaqədar yanılma riskinin qarşısının alınması tərəfindən də yerində qərar olduğunu qeyd edir.

Palatanın qərarı:

AİHK-ın 1 saylı Protokolunun 1-ci maddəsində (bundan sonra P1-1) mülkiyyətin əhatə dairəsi və məzmunu mövzusunda daxili hüquqda tənzimləmələr və təcrübələr fərqli ola bilər. Bu işdə ilk olaraq Palata iddiaçının iddia etdiyi mülkiyyət hüququnun P1-1-də mühafizə olunan mülkiyyətə aid olub olmamasının müəyənləşdirilməsinin əhəmiyyətli olduğunu bildirdi. Palata qərarında əmtəə nişanı qeydiyyatı üçün müraciətin bəzi hallarda müraciət edən üçün sonrakı müraciət edənlərə nisbətən üstünlük hüququ yaratdığını, lakin bu halda Anheuser-Busch-un hüquqi vəziyyətinin P1-1 anlamında qanuni gözlənti üçün yetərli sayıla bilməyəcəyini, yəni ərizəçinin belə müraciətlə mülkiyyət hüququnun doğmadığını, müraciətin üçüncü tərəflərin etirazı səbəbi ilə qətiləşmədiyini qeyd edir. Eyni zamanda Portuqaliya daxili hüququnda mülkiyyət hüququnun ancaq qeydiyyatdan sonra əldə edilə biləcəyi çox açıqdır. Son olaraq isə 1986-cı il tarixli Saziş qüvvəyə mindikdə Anheuser-Busch-un dəqiqləşmiş bir əmtəə nişanı qeydiyyatı yox idi. Bütün bunları nəzərə alaraq, pozuntu olmadığına qərar verildi.

Böyük Palatanın qərarı:

Böyük Palatanın qərarına görə əqli mülkiyyət P1-1-in mühafizəsindən yararlana bilir. Palatadan fərqli olaraq Böyük Palata düşünür ki, əmtəə nişanının qeydiyyatı üçün müraciət, bu müraciətdən doğan maddi gözləntilər səbəbi ilə P1-1-in tətbiq dairəsinə düşür. Şübhəsiz ki, sözügedən qeydiyyat üçüncü şəxslərin qanuni haqlarına xələl gəlməməsi halında reallaşa bilər, bu səbəblə qeydiyyat üçün müraciətdən doğan haqları “şərtli haqlar” adlandırmaq olar. Lakin, sözügedən müraciətdə ərizəçi olan Anheuser-Busch müraciət etdiyi anda, müraciət ilə əlaqəli maddi və prosessual şərtləri qarşıladığı ölçüdə qüvvədə olan qanunlar çərçivəsində müraciətinə baxılacağını uma bilər. Bu halda, Anheuser-Busch Portuqaliya hüququnda tanınmış bir qism mülki haqlara-bəzi şərtlər altında bu haqların itirilməsi mümkün olsa da-sahib idi. Bu səbəblə P1-1 bu halda tətbiq edilə bilər.

Müəyyənləşdirilməsi lazım olan məsələlərdən biri də Anheuser-Busch-un 1995-ci ildə MSMİ tərəfindən verilən qeydiyyat şəhadətnaməsi ilə “Budweisser” əmtəə nişanına sahib olub olmamadığıdır. Daha açıq desək, qeydiyyat şəhadətnaməsinin verilməsinin daxili hüquq baxımından doğru olub-olmaması da mübahisəlidir.

Hökümət müdafiəsində qeydiyyat üçün müraciətin simvolik və ya çox az dəyər daşıdığını bildirmişdi. Lakin azad bazarda dəyər fərqli faktorlardan asılıdır və əmtəə nişanı üçün müraciətin maddi bir dəyər daşımadığını əvvəlcədən irəli sürmək mümkün deyil. Bu halda isə Anheuser-Busch-un əmtəə nişanının beynəlxalq səviyyədə maddi dəyərə sahib olmasına dair irəli sürdüyü iddia da inandırıcı idi. Göründüyü kimi, Böyük Palata Palatadan fərqli olaraq şirkətin qanuni gözləntisinin P1-1 dairəsinə düşdüyünə qərar vermişdir. İkili sazişin onun qüvvvəyə minmə tarixindən əvvəl olan qeydiyyata tətbiq edilməsinin Anheuser-Busch-un mülkiyyət haqqına bir müdaxilə olub-olmaması sualına gəlincə, AİHM beynəlxalq hüququn (burada saziş iki ölkə arasında idi) doğru şəkildə şərhinə və tətbiqinə kontrol edilməsi mövzusunda məhdud səlahiyyətə sahib olduğunu xatırladır. Belə ki, AİHM milli məhkəmələrin yerinə keçə bilməz, o milli məhkəmələrin qərarlarının ədalətli məhkəmə araşdırması ilə müşaiyət olunub olunmamamsına baxa bilər. AİHM hesab edir ki, bu iş geriyə şamil olunan qanunvericilikdən irəli gələn mülkiyyətə müdaxilə ilə bağlı işlərdən fərqlənir. Yəni, bu işdə qanunun geriyə tətbiq edilib-edilməməsi mübahisəli olduğu halda, digər işlərdə geriyə tətbiqin mövcudluğu ilə bağlı mübahisə yoxdur, şüurlu şəkildə geriyə tətbiq var. Sözügedən ikitərəfli sazişin (1986 Sazişi) qüvvəyə minməsi zamanı yalnız Çexiya şirkətinin adına (“Budejovicky Budvar”) qeydə alınmış coğrafi göstəricilər qüvvədə idi. Bu adların qeydiyyatının sonradan ləğv edildiyi doğrudur, lakin AİHM belə bir ləğvin sözügedən marka ilə əlaqəli mülkiyyət haqqı üzərində ehtimal olunan hüquqi nəticələrini incələmək vəziyyətində deyil. Portuqaliya Kassasiya Məhkəməsi, qərarını maraqlı tərəfləri dinlədikdən sonra və mübahisənin həlli üçün yetərli və uyğun olduğunu düşündüyü ünsürləri ələ alaraq vermişdir.

Yuxarıdakıları nəzərə alaraq, AİHM-in Böyük Palatası on beşə qarşı iki səslə pozuntu olmadığına qərara vermişdir.

ANALİZ

İlk öncə, AİHK-nın 1 saylı Protokolunun 1-ci maddəsinə nəzər salaq:

Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

P1-1-in əhatə etdiyi qaydalar:

AİHM-ə görə P1-1-də dörd qayda tənzimlənmişdir:

Qayda 1: Mülkiyyətə hörmət

Qayda 2: Mülkiyyətdən məhrum etmə və bunun şərtləri

Qayda 3: Tərəf dövlətlərə verilən mülkiyyətdən yararlanma haqqını ümumi maraqlara uyğun olaraq tənzimləmə səlahiyyəti

Qayda 4: Yuxarıdakı 3 ünsür bir-birindən əlaqəsiz deyildir. İkinci və üçüncü qaydalar mülkiyyətdən dinc istifadə hüququna yönələ biləcək müdaxilələr üçün xüsusi prinsiplərdir və bu səbəblə ilk qaydaya (mülkiyyətə hörmət) uyğun şərh edilməlidir.

Əlavə olaraq qeyd etməliyik ki, mülkiyyət AİHK-dakı digər haqlardan fərqli olaraq insanda doğuşdan qazanılan bir haqq deyildir. Beləliklə, mülkiyyət haqqının qorunması üçün ilk olaraq belə bir haqqın qazanılması lazımdır. P1-1 ancaq şəxslərin mövcud mülkiyyətlərinə tətbiq olunur. Əvvəlcədən mütləq qazanılmış olmadan gələcəyə dair gəlirlər mülkiyyət içində dəyərləndirilə bilməz.

Mülkiyyətin muxtar anlayış olması

AİHM mətnində mövcud olan anlayış və terminlər milli hüquqda onlara verilən mənalardan və yaxud milli hüquqdakı sinifləndirmədən asılı deyildir. Muxtar anlayışlar doktrinası (Autonomous Concepts Doctrine) AİHM-in milli hüquqda verilən anlayışlar ilə əlaqəli olmadan mülkiyyətin və sazişdəki digər anlayışların əhatə dairəsini müəyyənləşdirmək səlahiyyətini ifadə edir. Muxtar anlayışlar doktrinası AİHK-ın ingiliscə və fransızca mətinlərindəki fərqliliklərin ən aza endirilməsi və vahid interpretasiya idealına yaxınlaşmaq məqsədi ilə AİHM tərəfindən inkişaf etdirilmişdir. Qanunilik qazanma cəhdləri və müqayisə etmədən muxtarlığın aşkar edilə bilməməsi kimi səbəblərə görə muxtarlığın müəyyənləşdirilməsi məqsədi ilə tez-tez daxili hüquqa referans edilir. Ümumiyyətlə, AİHM, AİHK-dakı anlayış və terminləri hər bir işdə ayrı-ayrı qiymətləndirərək ümumi yanaşmadan qaçır, bunun səbəbi AİHK-nın yaşayan sənəd olmasıdır.

Sözügedən iş üzrə isə Böyük Palata qərarında mülkiyyətin “muxtar” bir anlayış olduğunu açıqca göstərmişdir.

Qanuni gözlənti

Artıq məlum olduğu kimi P1-1-ə görə bəzi şərtlər altında mülkiyyətin əldə edilməsinə dair qanuni gözlənti qoruna bilər. Qanuni gözlənti haqqın gələcəkdə mövcud olacağına dair “hüquqi bir ümidi” ifadə etməkdə olub, “quru ümid” (hope) anlayışından fərqlidir. Qeyd edim ki, “qanuni gözlənti” anlayışı təkcə mülkiyyət hüququ ilə bağlı deyildir.

Əslində, P1-1-də qanuni gözləntilərin də mülkiyyət hüquqlarının əhatə dairəsinə düşə biləcəyinə dair müddəa yoxdur. Ancaq, AİHM P1-1-in yalnız mövcud mülkiyyəti qoruduğuna dair çatışmazlıqlarını müəyyən dərəcədə yumşaltmaq üçün qanuni gözlənti yanaşmasını qəbul etmişdir. Çünki sözügedən maddə qatı bir şəkildə tətbiq edildiyi zaman məsələn, sosial təminatdan irəli gələn hüquqlar, lisenziyalar və s. kimi iqtisadi həyatın əvəzedilməz elementləri bu maddədən (P1-1) kənarda qalır.

Bir gözləntinin qanuni gözlənti dairəsinə düşüb-düşməyəcəyi məsələsində əsas meyar ərizəçinin bir insandan konkret hüquqi məqsədə nail olmaq üçün gözlənilən bütün əməlləri etməsidir. Məsələn, Anheuser-Busch əmtəə nişanı qeydiyyatı üçün o an lazım olan bütün hərəkətləri etdiyi üçün onun əmtəə nişanının qeydiyyatdan keçəcəyinə dair qanuni gözləntisi yaranmışdı. Başqa sözlə desək, o anki şəraitdə Anheuser-Busch-un qeydiyyatın həyata keçəcəyinə ümid etməyə haqqı çatırdı. Bu səbəblə onun müraciəti Portuqaliya hüququna görə bəzi şərtlər altında ləğv edilsə də, qeydiyyata müraciət zamanı yaranan qanuni gözləntisi P1-1-in əhatə dairəsinə düşür.

NƏTİCƏ

  1. Əqli mülkiyyət P1-1 maddəsinin mühafizə etdiyi mülkiyyət kimi qiymətləndirilir.
  2. Mülkiyyətə dair qanuni gözlənti də P1-1 maddəsinin dairəsinə düşür.
  3. Anheuser-Busch Portuqaliyaya qarşı işinin yekun qərarında bildirilir ki, Anhesure-Busch-un qeydiyyatla bağlı qanuni gözləntisi P1-1-in mühafizə dairəsinə düşsə də Portuqaliya höküməti tərəfindən pozuntu halı aşkarlanmayıb.

Mənbələr:

  1. Oktay Uygun, “Avrupa İnsan Hakları Sözleşmesinde Mülkiyet Hakkı”, T. C. İnstanbul Universitesi Sosyal Bilimler Enstitüsü Kamu Hukuku Anabilim Dalı, 2008
  2. Jitka Smith, “Budweiser or Budweiser”, The John Marshall Law Review (Volume 32, Issue 4), 1999
  3. Mustafa Saldırım, “Avrupa İnsan Hakları Mahkemesi’nin Fikri Mülkiyetin Korunmasına İlişkin Anheuser – Bush Inc. v. Portugal Kararının Analizi”, Ankara Barosu Dergisi, 2017
  4. Anheuser-Busch Portuqaliyaya qarşı məhkəmə işi https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-78981%22]} (ingilis dilində) https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-118836%22]} (azərbaycan dilində)
  5. AİHM İçtihatlarında Mülkiyet Hakkı Açısından “Meşru Beklenti”, Suat Şimşek, 2020 https://gayrimenkulmevzuati.com/aihm-ictihatlarinda-mulkiyet-hakki-acisindan-mesru-beklenti/

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.