AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Göründüyü kimi, “yalnız mübahisə tərəfi” ifadəsindən istifadə olunub. Üçüncü şəxs mübahisə tərəfi sayılmır. Müqayisə üçün qeyd edək ki, RF Mülki Məcəlləsinin 199-cu maddəsinin 2-ci bəndində də iddia müddətinin yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiqinin mümkün olduğu qeyd olunub. RF Ali Məhkəməsi Plenumunun “İddia müddəti barədə RF Mülki Məcəlləsinin normalarının tətbiqi ilə bağlı bəzi məsələlər barədə” 29.09.2015-ci il tarixli 43 nömrəli qərarının 10-cu bəndində qeyd olunub: “Nə qədər ki, iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi üzrə tətbiq olunur (RF MM, maddə 199, bənd 2), üçüncü şəxs tərəfindən bu barədə ərizənin verilməsi ümumi qaydaya görə məhkəmə tərəfindən iddia müddətinin tətbiqi üçün əsas sayılmır. Bununla yanaşı, iddia müddətinin buraxılması barədə ərizə üçüncü şəxs tərəfindən o halda verilə bilər ki, cavabdehə qarşı iddianın təmin edilməsi halında cavabdehin üçüncü şəxsə qarşı reqres tələb və ya zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürməsi mümkün ola bilər”.
Bu, düzgün izahdır.
Beləliklə, üçüncü şəxs o halda iddia müddətinin tətbiqi barədə ərizə verə bilər ki, iddia təmin ediləcəyi təqdirdə cavabdehin üçüncü şəxsə qarşı reqres tələb və ya zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürməsi mümkün ola bilər.
Müəllif: Namiq Cəfərov
Bakı Apellyasiya Məhkəməsinin hakimi
Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.