Konstitusiya Günü – 12 noyabr

Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi.

Əvvəllər Konstitusiyalar qəbul olunsa da, bu SSRİ-nin tərkibində olduğu dövrə düşür və həmin konstitusiyalar SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Beləliklə, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.

Müstəqil Azərbaycanın Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Konstitusiyada Azərbaycan keçmiş sovet konstitusiyalarından fərqli olaraq, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edir və hüquqi dövlətin göstəricisi olan hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirir. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

İlk Konstitusiya mükəmməl hazırlansa da, zamanla vacib münasibətlər haqqında dəyişikliklərin olması labüd olur. Buna görə də, 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində, 2009-cu il martın 18-də isə 25 maddəsində  əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Bu dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.