28 dekabr – “Vəkil günü” peşə bayramı

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 100 ildən artıq tarixi olan və 1919-cu ildə Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövründə əsası qoyulmuş qurumun varisidir. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla Avropanın bir sıra inkişaf etmiş dövlətlərini qabaqlayaraq Şərqdə qadınlara seçki hüququ verilmiş ilk ölkə olmuş, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir.

Buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə 11-ci qızıl ordu tərəfindən ilhaq olunması nəticəsində Azərbaycan İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli dekreti ilə Azərbaycan məhkəmə palatası, ümumən prokurorluq, məhkəmə və istintaq orqanları, habelə vəkillik sistemi ləğv edilmişdir.

70 il ərzində Azərbaycanda vəkillər sovetlər tərəfindən ciddi nəzarətə məruz qalmış və yalnız 1991-ci ildə müstəqillik bərpa edildikdən sonra bu institutu dirçəlməyə başlamışdır.

Belə ki, ümummilli lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanmış, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisatı olmuşvə həmin dövrdə qəbul olunmuş yeni prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu tərəfinə çevrilmişdir. Müstəqilliyin təməlini qoyan qanunun qəbulundan sonra isə ilk dəfə olaraq 3 noyabr 2004-cü ildə keçirilmiş təsis yığıncağı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis edilmişdir.

Qeyd edək ki, ədalət mühakiməsinin həyata keçirilməsində, insanların hüquq və azadlıqlarının müdafiəsində bununla da cəmiyyətdə qanunçuluğun və hüquq qaydalarının təmin olunmasında Azərbaycan vəkilliyi mühüm rola malikdir.

Azərbaycan vəkilliyinin inkişafı tarixinin yenimərhələsi hesab edilən dövr 7 dekabr 2017-ci ildə keçirilən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin konfransı ilə başlamışdır. Belə ki, son illər ölkəmizdə vəkillik institutunun inkişafı istiqamətində mühüm işlər görüldüyünün şahidi oluruq.

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının preambulasında da qeyd edildiyi kimi insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.

Vəkilliyin yeni inkişaf mərhələsinə təkan vermiş sözügedən Sərəncamda dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması, ixtisas imtahanlarının müntəzəm keçirilməsi, üzvlüyə xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması, vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi, müasir İKT-nin tətbiqi, hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlərin görülməsi və sair məsələlər öz əksini tapmışdır. Sərəncamda qeyd olunan işlər bu gün tam gücü ilə icra olunmaqdadır.

Sərəncamın icrasının davamı olaraq, 2018-ci ildən başlayaraq Kollegiya tərəfindən vəkillərin sayının artırılması ilə bağlı genişmiqyaslı işlərin görülməsinə başlanılmışdır. Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci illərdə, yəni 14 il ərzində 5 yazılı test imtahanı keçirilməklə, vəkillərin sayı 931 nəfər təşkil etmişdir. Lakin son 4 il yarım ərzində isə 9 yazılı test imtahanı keçirilmiş və vəkillərin sayı 2.5 dəfədən çox artaraq 2 237 nəfərə çatmışdır. Ümumilikdə isə 4 087-dən çox hüquqşünas bu imtahanlarda iştirak üçün müraciət etmişdir. Hazırda ölkədə 1 835 kişi, 402 qadın vəkil var. Vəkillərin 1 767 nəfəri Bakıda, 470 nəfəri isə rayonlarda fəaliyyət göstərir. Beləliklə, həm xanım vəkillərin sayı, həm də regionlardakı vəkillərin sayı da dəfələrlə artmışdır.

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanı ilə 2020-ci ildən etibarən dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin müvafiq icra hakimiyyətinə deyil, birbaşa Vəkillər Kollegiyasına ayrılması müəyyən olunmuşdur.

Bununla da, həm bürokratik maneələr aradan qalxmış, həm də vəsaitin müvafiq bölgüsünün şəffaf şəkildə aparılmasına nəzarət təmin olunmuşdur. Bu sahədə vəkillərə ödənilməli olan məbləğlər cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi vəkillərə 01 yanvar 2020-ci ildən başlayaraq nağdsız qaydada ödənilir.Bütün bu fəaliyyətin məntiqi davamı olaraq isə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin ölkəmizdə “Vəkil günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır və bu, vəkillik institutuna dövlət başçısı tərəfindən verilən yüksək dəyərin bariz nümunəsidir.

6 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransında yenidən Azərbaycan Respublikası Vəkillər Kollegiyası sədri seçilmiş cənab Anar Bağırov başda olmaqla, “Vəkil günü” peşə bayramı münasibətilə bütün vəkilləri təbrik edir və onlara fəaliyyətində uğurlar arzulayırıq.

İstifadə edilmiş ədəbiyyat siyahısı:

  1. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2019, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 604). Keçid: https://e-qanun.az/framework/41813
  2. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2018, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 310). Keçid: https://e-qanun.az/framework/37995
  3. Cahangir Nəsirov, “Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğunun zəngin hüquqi bazasını yaratmışdır”. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəsmi vebsaytı. 30 mart 2018-ci il. Keçid: https://barassociation.az/frompress/6
  4. “Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilmişdir”. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəsmi vebsaytı. 1 iyul 2022-ci il. Keçid: https://barassociation.az/news/921

Şəkil üçün mənbə: “Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association” rəsmi feysbuk səhifəsi, 28 dekabr 2020-ci il tarixli paylaşım. Keçid.

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.