Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2023-cü il tarixli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” ləğv edilmiş və yeni qaydalar – “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilmişdir.
Mövzunun tam aydın olması üçün qayıdaq 1997-ci ilin 30 sentyabr tarixinə – xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil alan və diplomlarını ölkə ərazisində təsdiq etdirərək əmək fəaliyyəti ilə məşğul olmaq və ya təhsilinə davam etmək istəyən şəxslərin bu arzusunun reallaşmasına imkan verən normativ hüquqi aktların qəbulu prosesinə təkan verən günə. Proses 1997-ci il 11 aprel tarixində Lissabon şəhərində “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın imzalanması ilə başlayır. Daha sonra 1997-ci il 30 sentyabr tarixində “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilir. 2000-ci il 6 mart tarixində isə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayır. Bu sərəncama əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi (indiki adı ilə Elm və Təhsil Nazirliyi) “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”da nəzərdə tutulmuş ali təhsil sahəsində xarici ixtisasların tanınması məsələləri üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilir. 3 ildən sonra həmin sərəncamın 1-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları hazırlanır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə həmin qaydalar təsdiq edilir. AR Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli qərarı ilə isə bu qaydalar ləğv edilmiş və yeni Qaydalar qəbul edilmişdir.
Qeyd edək ki, yeni qaydalar 2023-cü ilin martın 1-dən qüvvəyə minir.
Yeni qaydaların və yanaşmanın qəbul edilməsini təqdir edirik. Çünki diplomların tanınması prosesində nəinki vətəndaşlar, icraatında tanınma ilə əlaqəli işlər olan hakimlər də bir çox praktiki çətinliklərlə qarşılaşırdılar. Ləğv olunan qaydalarda tanınma prosesinə çox ümumi və səthi yanaşılır, praktikada rast gəlinən məsələlərə toxunulmur, istifadə olunan termin və anlayışların izahına yer verilmirdi. Praktika ilə nəzəriyyə arasındakı ziddiyyətlərin mövcudluğu, ümumi normaların çoxluğu və konkret normaların çatışmazlığı, təbii ki, məhkəmələrin də işini çətinləşdirirdi. Qanunvericilikdə məsələni bütövlükdə əhatə və həll edə bilən konkret normanın olmaması vahid məhkəmə təcrübəsinin formalaşmasına da təsir göstərirdi. Təbii ki, burada müsbət təsirdən bəhs etmirik. Nəticə etibarilə sadalanan bu hallar vətəndaşların diplomlarının tanınması prosesini gecikdirdiyindən onların haqlı narazılığına da səbəb olurdu.
Məsələn:
- Əvvəlki qaydalarda xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsinin AR Təhsil Nazirliyi tərəfindən həyata keçirildiyi qeyd olunmuşdur. Halbuki, bu proses praktiki olaraq Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (köhnə adı ilə Akkreditasiya və Nostrifikasiya İdarəsi) tərəfindən həyata keçirilirdi (Agentliyin nizamnaməsində belə bir fəaliyyət istiqaməti nəzərdə tutulur). Həmin normanı əsas tutaraq vətəndaşlar tanınma üçün nazirliyə müraciət etdikləri zaman agentliyə yönləndirilirdilər. Bu da öz növbəsində vətəndaşda çaşqınlıq yaratmaqla bərabər vaxt itkisinə də səbəb olurdu. Yeni qaydalarda artıq bu fəaliyyətin Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirildiyi göstərilir.
- Əvvəlki qaydalara əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə keçirilən ekspertizadan sonra verilirdi. Qaydalarda müsahibə barədə hər hansı norma mövcud olmasa da, praktikada yuxarıda bəhs etdiyimiz Konvensiyaya əsaslanaraq tədris dili üzrə bilik səviyyəsinin yoxlanılması məqsədilə müsahibələr təşkil olunurdu. Yeni qaydalara əsasən bu müsahibələr ləğv olunur.
- Əvvəlki qaydalara əsasən, tanınma üçün müraciət edən vətəndaşdan ali təhsil haqqında sənəd, ali təhsil haqqında sənədə əlavə və bu sənədlərin Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi və Azərbaycan Respublikasının ali təhsil haqqında sənəd verən ölkədəki Səfirliyində (Konsulluğunda) və ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində leqallaşdırılması tələb olunurdu. Yeni qaydalara əsasən isə ərizəçidən aşağıdakı sənədlər tələb olunur:
- ərizəçinin şəxsiyyət vəsiqəsi, pasportu və ya şəxsiyyətini təsdiq edən digər sənədlər;
- xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası və onun əlavəsi;
- tanınma üçün müraciət olunan təhsil səviyyəsinə (pilləsinə) qəbul olunmaq üçün istifadə olunan təhsil sənədi;
- ərizəçi tədris müddətində bir təhsil müəssisəsindən digərinə və ya təhsil müəssisəsi daxilində bir ixtisasdan digərinə köçürüldüyü halda, onun təhsil aldığı müddətdə digər təhsil müəssisəsində və ya digər təhsil proqramında tədris olunmuş fənlərə (toplanılmış kreditlərə) dair arayış;
- akademik transkript və ya akademik arayış (qismən tanınma üçün müraciət olunduqda);
- tanınmaya görə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd.
Sadalanan bu sənədlər rus, ingilis və ya türk dillərində olduğu halda, həmin sənədlərin Azərbaycan-dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi tələb olunmur.
Sənədlərlə əlaqəli tərcümə, notarial təsdiq və leqallaşdırma kimi tələblər Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə ali təhsil üzrə əldə etdikləri, Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş, beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş, dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökümətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə ali təhsil üzrə əldə etdikləri kvalifikasiyalara münasibətdə tətbiq edilmir.
- Əvvəlki qaydalara əsasən, ərizəçi tərəfindən təqdim olunan sənədlərə bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 (bir) ay müddətində baxılırdı. Yeni qaydalarda bu müddət 3 (üç) ay nəzərdə tutulur.
- Əvvəlki qaydalarda vətəndaşın şikayət etmək hüququ ümumi formada göstərilirdi: tanınmadan və ekvivalentlik haqqında şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada şikayət edə bilər. Yeni qaydalarda isə bu müddəa təkmilləşdirilmişdir. Belə ki, tanınmanın nəticələri ilə bağlı şikayətlərə baxılması üçün Nazirlik tərəfindən Apellyasiya Komissiyası yaradılır. Apellyasiya Komissiyasının tərkibi və səlahiyyətləri Nazirlik tərəfindən müəyyən edilir. Ərizəçi tanınma barədə verilən qərarla razılaşmadığı təqdirdə Apellyasiya Komissiyasına şikayət edə bilər. Müraciətə Apellyasiya Komissiyasında 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Bununla yanaşı, ərizəçi Apellyasiya Komissiyasının hərəkətlərindən (hərəkətsizliyindən), eləcə də tanınma ilə bağlı qərarlarından inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə bilər.
Yeni qaydalara əsasən, tanınma şəhadətnaməsi elektron sənəd formasında verilir və bu barədə məlumat Agentliyin rəsmi internet səhifəsində (www.tkta.edu.az) yerləşdirilir. Tanınma şəhadətnaməsi üzrə təqdim edilmiş elektron sənədin həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər. Şəhadətnamənin kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Şəhadətnamə Agentliyin İdarə Heyəti sədrinin (və ya sədr müvəqqəti olmadıqda, onun səlahiyyətlərini icra edən şəxsin) elektron imzası ilə təsdiq edilir.
Bunlarla yanaşı, qüvvəyə minəcək yeni qaydalarda artıq tanınmanın müxtəlif növ və formaları nəzərdə tutulur və kvalifikasiyanın akademik və peşə tanınması fərqləndirilir. Belə ki, kvalifikasiyanın akademik tanınması xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququ verir. Kvalifikasiyanın peşə tanınması isə xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Əlavə olaraq, akademik tanınmanın şərti və qismən tanınma formalarına da yer verilir. Şərti tanınma ali təhsilin bakalavriat və magistratura səviyyələri üçün müəyyən edilmiş minimal kredit sayından az toplayan ərizəçiyə ixtisasına uyğun Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə mövcud əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verir. Qismən tanınma isə xarici dövlətin ali təhsil müəssisəsində təhsil alan şəxsin natamam ali təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirə bilməsi üçün tətbiq olunan tanınma formasıdır. Yəni xarici dövlətdə natamam ali təhsil almış şəxslər kvalifikasiyaları üzrə qismən tanınma əldə edərək təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının universitetlərində davam etdirmək üçün müraciət edə bilərlər.
Peşə tanınmasına gəldikdə isəbu tanınma yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənin tələbi ilə tətbiq edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.
Qüvvəyə minəcək yeni qaydalarda əhəmiyyətli fərq anlayışına da izah verilmişdir. Belə ki, əhəmiyyətli fərq dedikdə, əhəmiyyətli fərq xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyanın nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin Azərbaycan Respublikasında təhsilini növbəti səviyyədə davam etdirməsi və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür.
Yeni qaydalara görə artıq yalnız bakalavr (əsas (baza ali) tibb) və magistr diplomları deyil, həm də xarici ölkələrdə əldə olunan tam orta təhsil haqqında attestat və orta ixtisas təhsili haqqında diplomların tanınması mümkündür. Orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb) və magistratura səviyyələri üzrə xarici diplomların tanınması zamanı şəxsin hər tədris ili ərzində ixtisas üzrə nəzərdə tutulmuş normativ təhsil müddətinin minimum yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tələb olunur.
Xatırladaq ki, “Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 24 dekabr tarixli Qərarı ilə bu xidmətin haqqı 250 (iki yüz əlli) manat müəyyən edilmişdir.
Yeni qaydaların bütöv mətninə keçid üçün: https://nk.gov.az/az/document/6747/
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinə keçid üçün: https://www.tkta.edu.az/
Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.