Süni intellekt haqqında ilk qanun

Son illərdə ən çox müzakirə olunan məsələlərdən biri də süni intellektin tənzimlənməsidir, tənzimlənəcəksə, necə tənzimlənməli? Bir tərəfdən, cəmiyyət üçün həyati əhəmiyyət kəsb edən məqsədlərə nail olmaq üçün süni intellekt texnologiyalarının inkişafını təşviq etmək, digər tərəfdən isə bu texnologiyalar əsas insan hüquq və azadlıqlarını pozmamalıdır. 2021-ci ilin aprel ayında Avropa Komissiyası süni intellekt haqqında Qanunun ilk layihəsini dərc etdi, 2022-ci ilin sonuna qədər Qanuna bütün düzəlişlər və dəyişikliklərlə birgə qəbul edilməsi gözlənilir, 2024-cü ildən etibarən Qanun hüquqi qüvvəyə minəcək.

Beləliklə, əsas sual budur ki, təklif olunan Qanundan nə gözləmək lazımdır?

Əvvəla, Qanun Süni İntellektin özünü deyil, Süni İntellekt sistemlərini tənzimləmək üçün nəzərdə tutulub.

Qanun “süni intellekt sistemlərini” geniş şəkildə müəyyənləşdirir və tədarükçülərdən tutmuş istehsalçılara, idxalçılara, distribyutorlara və Sİ sistemlərinin istifadəçilərinə qədər Sİ zəncirinin müxtəlif hissələrinin iştirakçılarına xüsusi öhdəliklər qoyur.

Qanunda nəzərdə tutulan digər mühüm məsələ süni intellekt sistemlərinin istifadəsinə nəzarət etmək və koordinasiya etmək üçün Avropa Suni İntellekt Şurasının yaradılması istiqamətində atılan addımlardır.

Qanunun əhatə dairəsi:

Bu Qanun süni intellekt sistemlərini “bir və ya bir neçə üsul və yanaşma ilə hazırlanmış və insanlar tərəfindən müəyyən edilmiş məqsədlər üçün məzmun, proqnozlar, tövsiyələr və ya qarşılıqlı əlaqədə olduqları mühitlərə təsir edə bilən qərarlar kimi müxtəlif nəticələri yarada bilən proqram təminatı kimi” müəyyən edir.

Qanun, təkcə proqram məhsulları kimi təklif olunan süni intellekt sistemlərini deyil, həm də birbaşa və ya dolayı yolla süni intellekt xidmətlərinə əsaslanan məhsul və xidmətləri əhatə edən geniş şəbəkə yaratmaq məqsədi daşıyır.

Qanuna daxil edilən digər yenilik isə süni intellekt sistemlərinin risk təsnifatıdır. Aşağıdakı cədvəl Qanunda müəyyən edilmiş risk siniflərini göstərir.

Süni intellekt sistemləri 4 risk qrupuna bölünüb: 1) qəbul edilməz; 2) yüksək; 3) məhdud; 4) minimum (aşağı).

Qanun layihəsi yüksək riskli süni intellekt sistemlərini təmin edən və ya istifadə edən təşkilatlara bir sıra tələblər qoyur:

  • Risklərin idarə edilməsi sisteminin tətbiqi;
  • İdarəetmə və məlumatların idarə edilməsi;
  • İnsan nəzarəti;
  • Dəqiqlik, etibarlılıq və kibertəhlükəsizlik
  • Uyğunluğun qiymətləndirilməsi.

Cərimələr:

Qanunda nəzərdə tutulan cərimələr, GDPR-a nəzarən daha ağırdır. Qəbul edilməz risk səviyyəsinə malik süni intellekt sistemlərindən istifadəyə görə 30 milyon avroya qədər cərimə tətbiq olunması nəzərdə tutulur.

Qanunun çatışmazlıqları və tənqidi:

1) Süni intellektin tərifi:

Fikrimizcə, Qanunda ən böyük problem süni intellektin tərifidir və bu çatışmamazlığa görə digər problemlər meydana gəlir. Süni İntellekt sistemlərinin tərifi çox texniki və genişdir. Hüquqşünaslar və tənqidçilərin fikrinə əsasən, texniki cəhətlərdən daha çox Sİ sistemlərinin təsirlərinə əsaslanan tərifdən istifadə olunması düzgün olardı. Təriflə bağlı digər problem ondan ibarətdir ki, istifadə etdiyimiz bütün sistemlər süni intellekt kimi qəbul edilə bilər ki, bu da düzgün yanaşma deyil. Elə bu səbəbdən, Qanunun son variantında süni intellektin tərifinin daha konkret və dəqiq versiyasının təklif olunması gözlənilir.

2) Süni intellektə həddən artıq tənzimləmə və innovasiyanı ləngitmək?

Deyə bilərik ki, təklif olunan tələblər “həddindən artıq tənzimləmə” kimi təsvir edilə bilər və kiçik və orta sahibkarlar (KOS) üçün innovativ süni intellekt sistemlərinin inkişafında ciddi maneədir. Narahatlıq ondan ibarətdir ki, KOS-ların bu standartlara əsaslanan uyğunluq qiymətləndirmələrinə cavab verməsi çətin olacaq. Qanun layihəsi “şəxs”ə deyil, “sahibkara yönəlib”. Əsas hüquqlarla bağlı problemlər və süni intellekt texnologiyasının cəmiyyətimizə, xüsusən də daha həssas əhali qrupuna nə edə biləcəyi ilə bağlı probremlər həll edilmir.

Ən böyük problem, fikrimizcə, Süni İntellekt anlayışı ilə bağlı qeyri-müəyyənlikdir.

Süni intellekt insanın iştirakı olmadan problemləri həll edə bildikdə və ona hüququn obyekt kateqoriyasi verilə bilər mi, və ya təbii insan keyfiyyətlərinə malik olmadan və hüquq pozuntularına görə məsuliyyət daşımadığı halda hüququn subyekti kimi hesab edilə bilər mi? Bu sual hələki cavablandırılmamış olaraq qalmaqdadır. Bu halda belə də bir sual yaranır ki, süni intellektə obyekt və subyekt daxilində spesifik kateqoriya verilməsi uyğun olardımı?

Sual ritorikdir və hal-hazırda bu mövzuda qəti bir fikir demək bir qədər çətindir. Çünki hazırda nəyin süni intellekt hesab edilib və nəyin edilməməsi məsələsi qeyri-müəyyən olaraq qalmaqdadır.