Prezident İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat və əmək pensiyasının minimum məbləğinin 280 manat müəyyən edilmişdir.
Minimum əməkhaqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz.
Sadə formada desək, 345 manat minimum əməkhaqqı gündəlik 8 saat, həftəlik 40 saat və aylıq normasını işləyən işçilər üçün nəzərdə tutulub. Yəni tam iş rejimində çalışan işçilərə ödənilən əməkhaqqı ən azı 345 manat olmalıdır. Natamam iş rejimində işləyən işçilər üçün isə minimum əməkhaqqı verilməyə də bilər.Təcrübədə də belə olur. Normal əməkhaqqı 500 manat olan iş yerində natamam olaraq işləyənlərə 250 manat, 200 manat, 300 manat əməkhaqqı ödənilir. Yəni, natamam olaraq işləyən şəxslər minimum əmək haqqından aşağı əmək haqqı ala bildiyi halda, həmin şəxs natamam iş rejimini tam iş rejiminə dəyişdirərsə bu zaman almalı olduğu minimum əmək haqqı 345 manatdan aşağı ola bilməz.
Əmək Məcəlləsinin 16-cı maddəsinin 3-cü hissəsində göstərildiyi kimi əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 154-cü maddəsinin 2-ci hissəsində göstərildiyi kimi, Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsində göstərildiyi kimi aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Göründüyü kimi bu hal işçinin sosial təminatına bilavasitə təsir edərək, onun əmək məzuniyyəti haqqının azaldılmasına, istifadə edilməmiş əmək məzuniyyəti haqqının azaldılmasına, elektron hökümət portalından əldə edilən elektron arayışlarda əmək haqqının az inteqrasiya edilməsinə və bu səbəbdən işçilərin banklardan istehlak kreditlərinin, kreditlə evləri üçün məişət avadanlıqlarının alınması hüquqlarının pozulmasına, vəzifə və ştat vahidlərinin ixtisar edilməklə işçilərin işdən azad edildiyi an onların alacaqları sərbəstləşdirmə kompensasiyalarının azaldılmasına, məcburi dövlət sosial sığortası haqının ödənilməsində “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində göstərilən faiz dərəcələrinə təsir edərək pensiya kapitalının azaldılmasına, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən faiz dərəcələrinə təsir edərək işsizliyə görə müavinətin azaldılmasına və hətta işəgötürənin vergidən yayınmasına gətirib çixardır.
Odur ki, real olaraq işçi necə çalışacaqdırsa, onu elektron bildiriş sisteminə o cür daxil etmək lazımdır. İşçinin adının qarşısında tam iş rejimini yazıb, ona 300 manat əməkhaqqı verildikdə, əlbəttə, əmək müfəttişliyi carimə tətbiq edəcək. Sistemə ¼, ½ iş rejimləri daxil edib, işçiyə 300 manat əməkhaqqı verildikdə isə əmək müfəttişliyi cərimələri tətbiq etməyəcək. Ən azı uyğunsuzluq olduğunu göstərəcək, vergi orqanları araşdırma aparacaq. Real olaraq natamam iş rejimində işləyən işçi üçün cərimə tədbiq edilməyəcək. Əgər sistemdə natamam yazılıb, işçinin tam iş rejimində çalışdığı aydın olarsa, İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə görə 1000-1500 manat aralığında cərimələr kəsiləcək.
Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.