Təhsildə Süni İntellekt Və Onun İnkişafı

ABSTRAKT

Süni intellekt inkişaf etdikcə təhsil də inkişaf edir və nəticədə bir sıra ölkələrdə təhsil sektorunda süni intellekt və texnologiyadan geniş istifadə olunur. Yazımın əsas məqsədi süni intellektin təhsildə tətbiqi və bunun gələcəkdə təhsil sistemində hansı nəticələrə gətirib çıxaracağını araşdırmaqdır. Süni intellektin təhsildə tətbiqi müasir dövrün təhsil sistemindəki bir sıra çətinlikləri aradan qaldırmaq üçün faydalı olacaq. XXI əsrdə yaşadığımızı nəzərə alsaq, süni intellektin təhsildə tətbiqinin vacibliyini xüsusilə vurğulamaq lazımdır.

Açar sözlər: Süni İntellekt, təhsil, süni intellektin inkişafı

GİRİŞ

Bu gün süni intellekt və onun tətbiqləri enerji, mədənçilik, kənd təsərrüfatı, səhiyyə, səsli köməkçilər, onlayn söhbət və kommunikasiya, proqram təminatı kimi demək olar ki, hər sahədə effektivdir. Bununla birlikdə süni intellektin təhsildə tətbiq olunmadığını düşünmək yanlış olardı. Süni intellektin təhsildə tətbiq olunması ilk dəfə 1980-ci ildə sinif otağında stolüstü kompüterlərin istifadə olunması ilə başlanmışdır[1]. Daha sonrakı dövrlərdə kompüterlərə əlavə olaraq onları əvəzləyən digər qurğuların kəşf olunması ilə bu tətbiq daha da genişlənmişdir. Araşdırmalar göstərir ki, son 4 ildə (2018-2022) süni intellektin təhsildə istifadəsi təxminən 43% artmışdır[2]. Qeyd etmək lazımdır ki, süni intellektdən təhsildə istifadə olunması ideyasını ilk dəfə irəli sürənlər – davranışçılıq nəzəriyyəsinin banisi psixoloq Burrhus Frederic Skinner və Ohayo Dövlət Universitetində psixologiya professoru vəzifəsində çalışan Sidney Leavitt Pressey olmuşdur[3]. Süni intellektin təhsildə tətbiq olunması bir çox problemlərin həllində böyük rol oynamışdır. Digər tərəfdən təhsil sistemindəki bütün problemləri həll etmək üçün süni intellektin yeganə çıxış yolu hesab edilməsi də düzgün yanaşma olmazdı.

SÜNİ İNTELLEKT ANLAYIŞI.

Süni intellekt anlayışı haqqında danışmazdan əvvəl beyin və təbii intellekt anlayışlarına və onların qarşılıqlı əlaqəsinə nəzər salmaq məqsədəmüvafiqdir. Beynin qavrama, öyrənmə, mənimsəmə mexanizmasını daha yaxşı anlamaq üçün ilk öncə onun necə işlədiyini öyrənmək lazımdır. Bəzi alimlər insan beyni və robototexnika arasında bir sıra oxşar cəhətlərin olduğuna istinad edərək gələcəkdə duyğuları olan və onlara nəzarət edə bilən texnologiyanın yaradıla biləcəyi tezisini irəli sürərkən, bəziləri isə nə qədər inkişaf etməsindən asılı olmayaraq heç bir texnologiyanın insan beyni ilə müqayisə oluna bilməyəcəyi fikrini müdafiə edirlər[4].

Ümumiyyətlə, insan zəkası məfhumunu çox vaxt şüur, ruh kimi məfhumlarla əlaqələndirirlər. Buna baxmayaraq bu məfhumun universal bir tərifi yoxdur[5]. Çox sadə bir dillə desək, zəkanı xarici faktorların qəbul edilərək bilgiyə çevrilməsi və istifadə edilməsi kimi başa düşmək olar. Bəzi araşdırmacılar zəkanın davamlı olaraq özünü yeniləyə bildiyini qəbul edirlər[6]. İnsan beyni və zəkası ilə əlaqəli apardığı araşdırmalarda adının tez tez keçdiyi alimlərdən biri olan Gardner isə insan zəkasına, problemləri həll edə bilən və müxtəlif əşyaların formalarını ayırd edə bilən bir anlayış vermişdir. Nils Nilsson isə “süni intellektin təbii intellektin imitasiyasını yaratmağı hədəflədiyi” nəzəriyyəsini irəli sürmüşdür[7].

Süni intellektin tarixinə nəzər saldığımızda bunun hələ antik çağlardan bəri mövcud olduğu qənaətinə gəlmiş oluruq. Yunan mifologiyasından aydındır ki, Krit adasını dəniz quldurlarından qorumaq üçün Talos deyə bilinən nəhəng avtomatlardan istifadə olunurdu[8]. 1943-cü ildə Walter Pitts və Warren McCulloch beyin neyronlarının işləmə prinsipini riyazi teoriyaya əsaslanaraq irəli sürmüş və bu süni intellektin mühüm pilləsi olaraq qəbul edilmişdir[9]. 1950-ci illərdə isə ingilis riyaziyyatçısı olan Alan Turing tərəfindən “Əgər məntiqini və qərar qəbul etmə bacarığını işə salaraq insan hər hansı bir problemi həll edə bilirsə, nəyə görə robototexniklar bunu bacarmasın?” sualına cavab axtaran bir məqalə yazmışdır[10]. “Süni intellekt” ifadəsi ilk dəfə 1956-cı ildə alim John McCarty tərəfindən işlədilmişdir[11]. 1960-cı illərdə Joseph Weizenbaum ELİZA adlı proqramı yaratdı. Belə ki, bu proqram onunla yazışan şəxsləri onunla kompüterin yox, insanın danışdığına inandırmışdı. Proqramın belə bir xüsusiyyəti də var idi ki, o, çox zaman onunla yazışan insanın düşüncələrini başqa formada ifadə edirdi. Məsələn: “Mən özümü yaxşı hiss etmirəm” cümləsinə cavab olaraq “Nəyə görə özünü yaxşı hiss etmirsən?” kimi reaksiya verirdi. Elm süni intellektlə bağlı üç əhəmiyyətli dövr keçmişdir[12]:

  • Yüksəliş dövrü (1950-1960’lar);
  • Məyusluq dövrü (1970’lər: Soyuq Müharibə dövrü olduğundan dolayı araşdırma, tədqiqat büdcələri xeyli azalmışdı, bu səbəblə süni intellekt vasitəsilə rus dilində olan mətnlər ingilis dilinə tərcümə oluna bilmədi[13]).
  • Tənqid dövrü (1990-lar).

1980-ci illərdən etibarən Yaponiya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları kimi ölkələr sənaye baxımından daha da inkişaf etmək üçün süni intellekt sahəsində insanların hərəkətlərini təqlid edən ekspert sistemləri ilə işləməyə başlamışdılar[14]. Bu sistemlər insan əli vasitəsilə proqramlaşdırıldığından süni intellekt “insan əli” dəymədən yeni funksiyalar mənimsəyə bilməzdi. Süni intellekt proqramçıları üçün süni intellektə dair bütün qaydaların kodlaşdırılmasını aparmaq çox vaxt aparan və çətin bir iş idi. Bir müddət sonra insan əli vasitəsilə kodlaşdırılan ekspert sistemlərinin gözlənilən nəticəni vermədiyi ortaya çıxdı. 1990-cı illərdən etibarən süni intellektə olan maraq kəskin şəkildə azaldı[15].

Daha sonralar Andrew Ng, Yann LeCun və Geoffrey Hintonun “dərin öyrənmə” texnikasını kəşf etmələri ilə süni intellektdə canlanma dövrü başlandı. Belə ki, əvvəllər çox çətin hesab edilən bəzi alqoritmlərin həlli dərin öyrənmə vasitəsilə artıq mümkün oldu[16]. Bəs “dərin öyrənmə” texnikasının başqa faydaları nələr idi? Belə ki, bu texnika insan performasına yaxınlaşan, bəzən isə onu aşan bir sıra tətbiqlərə malikdir. Məsələn, tibbdə “dərin öyrənmə” texnikasından dəri xərçənginə diaqnoz qoymaq üçün istifadə edilərkən, özünü idarə edən avtomobillərdə avtomobilin istiqamətini və sürətini müəyyənləşdirmək üçün, sosial mediada isə “Facebook” platformasında olan mətnlərin originallığını qiymətləndirmək məqsədilə istifadə olunur[17].

XXI əsrin ilk illərindən etibarən süni intellektin inkişaf səviyyəsi o qədər artmışdı ki, 2001-ci ildə artıq insan mimikalarından istifadə edərək insan səsini, hərəkətlərini (baş çevirməsini və s.) olduğu kimi təkrar edən “Kismet” deyə adlandırılan robotlar yaradılmışdı[18]. Bu robotlar eyni insanlar kimi sosial əlaqələr quraraq özlərini daha da təkmilləşdirirdilər.

Çağdaş dövrümüzdə süni intellektin ən yayğın formalarına “Iphone” telefonlarından bildiyimiz üzrə çoxumuzun tanıdığı “Siri”ni, sürücüsü olmayan avtomobilləri, tərcümə proqramlarını, avtomatik üz, səs tanıma kimi proqramları göstərə bilərik. Yuxarıda danışdıqlarımızı ümumiləşdirsək, süni intellektin inkişaf mərhələlərini belə sxemləşdirə bilərik:

SÜNİ İNTELLEKTİN TƏHSİLDƏ TƏTBİQİ.

Henry Fordun belə bir sitatı vardır: “İnsanlardan nə istədiklərini soruşsaydım, cavab olaraq daha sürətli qaçan at deyərdilər”[19]. Verilən cavabı bu müstəvidən dəyərləndirsək, məktəblərin qısa müddət ərzində “sürətli siniflərə” çevrildiyini söyləmək olar. Bəs XXI əsrdə bu cür “sürətli siniflər”in fəaliyyətinə davam etməsi kifayətdir mi, yoxsa XXII əsrə doğru irəlilədikcə əvvəllər heç düşünülməmiş yeni sistemlər mi yaradılmalıdır? Yaxın gələcəkdə bu mövzuların yenə gündəmdə olacağı düşünülür[20]. Süni intellekt həqiqətən də müəllimləri əvəz edə bilər, ya yox? Bəzi müəlliflərin fikrincə, süni intellekt sahəsindəki inkişaflar “insanı adətən daha çox insanlaşdıracaq”[21]. Onların fikirlərinə görə təhsildə süni intellektin istifadəsi öyrənməni daha da fərdiləşdirəcək, tələbələrə öz istedadlarını kəşf etməyə, yaradıcılıqlarını təkmilləşdirməyə, həmçinin müəllimlərin iş yükünü azaltmağa yardımcı olacaq. Onlar həmçinin süni intellekt tətbiqinin cəmiyyətdən təcrid olunmuş və məktəbə getməyən insanlar, əlillər, qaçqınlar üçün də əlverişli olacağını düşünürlər[22]. Lakin bunun əksini düşünən araşdırmaçılar da var. Belə ki, onlar müəllimin rolunun kompüterə ötürülməsini gələcək üçün risk olaraq qiymətləndirirlər[23].

Təhsil sistemində süni intellektin tətbiqinə ilk töhfə verənlər arasında Sidney Presseyi göstərə bilərik. Belə ki, Presseyin fikrinə görə, bu mexanizmlər nəinki tələbələrin test nəticələrini dərhal göstərirdi, eyni zamanda onların lazımi biliklərlə təmin olunmasına da şərait yaradırdı. Pressey süni intellektin təhsildə tətbiq olunmasına şərait yaradan mexanizmin yalnız tələbələr üçün yox, eyni zamanda müəllimlər üçün də əlverişli olduğunu bildirmişdir[24]. Çünki müəllimlər artıq tələbələrinin imtahan nəticələrini yoxlamaq üçün ayırdıqları vaxtda tələbələrilə daha çox vaxt keçirə biləcəkdilər.

Təhsil maraqlarının inkişaf etdirilməsinə dair növbəti kəşf 1958-ci ildə Burres Skinner tərəfindən edilmişdir[25]. Skinner operant davranış üzərində işləyərək operant öyrənmə konsepsiyasını irəli sürmüşdür. Belə ki, o, II Dünya Müharibəsi illərində göyərçinlərdən istifadə edərək təyyarə atəşinə nəzarət layihəsini işləyib hazırladı. Skinnerin kəşf etdiyi öyrənmə mexanizmasına əsasən tələbələr fırlanan bir sistem üzərində cavabı yazaraq çevirir, daha sonra doğru cavabı görürdülər[26].

Mənim fikrimcə, süni intellekt tətbiqinin sinifdə necə və nə zaman istifadə olunacağı sualının cavablayıcısı müəllimlər olmalıdır. Çünki təhsildə süni intellektin tətbiqi müəllimlərin işini azaltmalıdır, əhəmiyyətini yox. Belə ki, süni intellektin təhsildə tətbiqinin müəllimlər üzərində müəyyən təsirləri olmuşdur. Bu təsirlərin daha çox müsbət yöndə olması üçün süni intellektdən gözlənilən şey müəllimlərə tələbələri ilə daha yaxşı ünsiyyət qurmaları üçün köməkçi olmasıdır. Bundan başqa süni intellekt tətbiqinin müəllimlərin işlərini asanlaşdırmaqla bərabər eyni zamanda daha məhsuldar və məmnunedici hala gətirməsi planlaşdırılmışdır. Süni intellektin təhsildə tətbiq olunması öyrətmə metodlarında da dəyişiklik yaratmışdır. Beləliklə, müəllimlər yeni öyrətmə metodları vasitəsilə yeni texnologiyaları sinif otaqlarında tətbiq etməklə tələbələrin daha çox inkişaf etmələrinə yardımcı olacaqlar[27].

Dünyada 10 milyondan çox tələbənin istifadə etdiyi “Coursera” tətbiqi vasitəsilə tələbələr hər hansı sualı yanlış cavablandırdıqda və ya keçilən mövzu onlara aydın olmadıqda bu tətbiq onlara imkan verir ki, keçilən dərsi bir daha gözdən keçirsinlər. Eyni zamanda mobil texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə müxtəlif “məsafədən təhsil” imkanları yaranmaqdadır. Məsələn, “Duolingo” adlanan dil öyrənmə proqramı vasitəsilə tələbələr harda olmalarından asılı olmayaraq tətbiqə giriş edib ondan istifadə edə bilərlər. İnformasiya ilə qarşılıqlı əlaqənin yeni üsulları effektiv öyrənməyə imkan verir. Məsələn, “Google”-un istifadə etdiyi süni intellekt sayəsində axtarışlarımız indi coğrafi yerimizə və əvvəlki axtarışlarımıza görə formalaşır. Bundan başqa tələbələr öz akademik bacarıqlarına və öyrənmə səviyyələrinə uyğun fərdiləşdirilmiş ev tapşırığı (“Alloproof” tətbiqi bu zaman onların köməyinə gələcək) edə bilərlər[28]. Daha bir misal, süni intellektin təhsil sistemində tətbiqi tələbələr üçün virtual reallığa səyahət etmək imkanı yaradır. Yəni bu tətbiq vasitəsilə real dünyadakı bəzi aspektlər (məsələn, coğrafi yerlər, tarixi və əlçatmaz mühitlər, insanın real olaraq gedə bilməyəcəyi yerlər və s.) simulyativ formada təqdim edilir. Məsələn, Assassinin “Creed” oyunu.

Süni intellekt tətbiqlərinin sinif otaqlarında istifadə olunması ilə müəllimlər:

  • Artıq inkişaf etməkdə olan süni intellekt tətbiqlərini düzgün qiymətləndirməli və onlar haqqında doğru mühakimə yürütməli idilər;
  • Tələbələri düzgün istiqamətləndirmək məqsədilə süni intellekt texnologiyaları tərəfindən təqdim olunan məlumatların təhlilini aparmalı, tədqiqat bacarıqlarını inkişaf etdirməli idilər;
  • Dərslərin tədris olunması zamanı süni intellekt texnologiyası da onlara kömək edəcəyi üçün bu situasiyanı effektiv qiymətləndirməli idilər[29].

Süni intellekt texnologiyalarının bir sıra faydalarını nəzərə aldıqda bəzi ölkələrdə süni intellektin daha çox inkişaf etməsi üçün investisiyalar qoyulur. Bu istiqamətdə qoyulan investiyaların 2025-ci ilə kimi 6 milyard dollara çatacağı gözlənilməkdədir[30]. Çin və ABŞ bu sahədə çox məşhurdur. Qeyd edək ki, dünya üzərində süni intellektlə əlaqəli çəkilən xərclərin yarısından çoxu adları çəkilən bu iki dövlətə aiddir. Çində yerləşən SquirrelAI, hər bir tələbəni süni intellekt müəllimi ilə təmin etmək məqsədi güdür[31]. Buna bənzər olaraq, ABŞ-da McGraw-Hil şirkəti tərəfindən hazırlanan ALEKS və IBM şirkətinin istehsal etdiyi WATSON məşhurdur[32]. Başqa bir misal, İngiltərədə tətbiq olunan “third space learning” adlı proqram tələbələr və müəllimlər üçün onlayn dərs imkanı yaradır. Əlavə olaraq, proqramdan alınan geridönüşlər nəticəsində hər bir tələbənin dərsi qavrama, mənimsəmə səviyyəsi müəyyən edilərək müəllimin növbəti dəfə keçəcəyi dərslər hər tələbənin qavrama səviyyəsinə uyğun müəyyənləşdirilə bilir[33]. Daha dəqiq desək, öyrənmə sistemi şəxsin bilik və bacarıqlarına uyğun olaraq qurulur. Araşdırmalar göstərir ki, fərdiləşdirilmiş öyrənmə metodu nəticəsində tələbələr daha yaxşı nəticələr göstərirlər[34]. Fərdiləşdirilmiş öyrətmə metodlarının tətbiq olunduğu başqa bir ölkə isə İsveçdir. Belə ki, İsveçdə yerləşən Sana Labs şirkəti digər şirkətlərdən fərqli olaraq təhsilin bir neçə sahəsini (riyaziyyat, ixtisas fənləri və s.) ələ alan öyrətmə proqramları üzərində çalışır. Bu proqramlar sayəsində tələbələrin “bilik cədvəli” davamlı olaraq yenilənir[35].

Təhsildə süni intellektin tətbiqinə dair biraz da Türkiyə təcrübəsinə toxunaq. Belə ki, bu sahə ilə əlaqədar Türkiyədə bir çox konfranslar, tədbirlər keçirilməktədir. Təhsil Sənayesi və Texnologiya İnstitutunun gəldiyi qərara əsasən “Akıllı Sınıf Davranış Yönetimi” (Ağıllı Sinif Davranışının İdarə Edilməsi) sisteminin həyata keçirilməsindən bəhs olunmuşdur. Qurulan bu sistem sayəsində sinif otaqlarında kameralar yerləşdiriləcək və dərs prosesi zamanı tələbələrin üz mimikalarından onların dərsi nə qədər anladıqları, dərsin hansı hissəsinin onlar üçün daha asan və hansı hissəsinin onlar üçün maraqsız olduğu müəyyən edilə biləcək. Bu da müəllimlərə növbəti dərslərdə ən yaxşı dərs öyrətmə metodunu müəyyən etmədə yardımçı olacaq. Eyni zamanda, bu kameraların məktəbin giriş çıxışına da qoyulması planlaşdırılır[36].

Bununla birlikdə Türkiyə Təhsil Nazirliyi, İstanbul Teknik Üniversitesi ilə birlikdə fərdiləşdirilmiş öyrətmə sisteminin qurulması və tətbiq olunması üçün bir sıra layihələrlə əlaqəli danışıqlar aparır. Bu çərçivə daxilində “Uşaqlar üçün süni intellekt” fənninin tədris olunması proyektinə başlanılmış və hazırda bu layihə daxilində əlaqəli kitabların yazılacağı dəqiqləşdirilməkdədir. Layihəyə dəstək olanlar sırasında İngiltərədəki Cambridge Professional Təhsil Akademiyası, İrlaniyadakı CCS, IBM Watson qurumları vardır[37].

NƏTİCƏ

Araşdırmamın nəticəsi olaraq demək istərdim ki, ağıllı sinif otaqlarının yaradılması ilə tələbə-müəllim əlaqəsinin və tələbələrin dərsə motivasiyasının izlənməsi, şübhəsiz ki, təhsil sistemində bir sıra irəliləyişlər yaradacaq. Düzdür, süni intellektin təhsil sistemində tətbiq olunması ilə əlaqəli birçox tədqiqatlar aparılır və layihələr həyata keçirilir. Ancaq bu tətbiqin hələ də istifadənin ilk mərhələsində olduğunu qeyd etmək yerinə düşərdi. Zənnimcə, süni intellektin sinif otaqlarında istifadə olunabilməsi üçün daha çox araşdırma aparılması və bunların praktikada tətbiq olunması lazımdır. Ən başlıcası isə, müəllimlərin bu mövzuda daha çox bilgiləndirilməsi ehtiyacı yaranmışdır. Xüsusilə də, 2020-ci ildə Covid-19 pandemiyasının hökm sürdüyü zamanlar süni intellektin təhsildə tətbiqinin əhəmiyyətini ortaya çıxardı. Buna görə də mənim fikrimcə, tələbələr süni intellektlə nə qədər tez tanış olsalar, o qədər yaxşı olar və ən əsası da təhsilin keyfiyyəti artar. Bununla birlikdə, süni intellekt istehsalı ilə məşğul olan şirkətlər daha çox proqram təminatı şirkətləri olduğundan, hər hansı bir məktəbin və bütünlükdə təhsil sisteminin ehtiyaclarına görə tətbiq hazırlamaq onlar üçün çətindir. Buna görə də düşünürəm ki, bu şirkətlərin məktəblərlə qarşılıqlı əməkdaşlıq etməsi zəruridir. Belə texnologiyaların hazırlanmasında tələbələrin də fikirləri alınmalıdır. Ancaq bundan sonra təhsil sisteminin tələblərinə cavab verən texnologiyaların hazırlanmasına nail olmaq mümkündür.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI

  1. AHMAD, S. F., RAHMAT, K., MUBARİK, M. S., ALAM, M. M., HYDER, S. I. (2021). “Artificial Intelligence And Its Role In Education”, Sustainability, Vol: XIII (No: XXII).
  2. ARNETT, T. (2016). “Teaching In The Machine Age: How Innovation Can Make Bad Teachers Good and Good Teachers Better”, Christensen Institute.
  3. ARSLAN, K. (2020). “Eğitimde Yapay Zeka ve Uygulamaları”. Batı Anadolu Eğitim Bilimleri Dergisi, Vol: XI (No: I), ss. 71-88.
  4. BREAZEAL, C. (2002). Designing Sociable Robots. Cambridge: MIT Press.
  5. COPELAND, J. (2004). The Essential Turing . New York: Oxford University Press.
  6. FELIX, C. (2020). “The Role of The Teacher and AI in Education”. International perspectives on the role of technology in humanizing higher education, Vol: 33, pp. 33-48.
  7. GÖÇEN, A., & AYDEMİR, F. (2020). “Artificial Intelligence in Education and Schools”. Research on Education and Media.
  8. HUMBLE, N., & MOZELIUS, P. (2019). “Artificial Intelligence in Education – a Promise, a Threat or a Hype?”. European Conference on the Impact of Artificial Intelligence and Robotics 2019, pp. 149-156.
  9. KÖMEÇOĞLU, Y., & TUNALI, S. (tarixsiz). Eğitimde Yapay Zeka Çalıştayı – 6, Sonuç Raporu.
  10. KOZMA, R., ALIPPI, C., CHOE, Y., & MORABITO, F. (2018). Artificial Intelligence In the Age of Neural Networks and Brain Computing. United States: Academic Press.
  11. LEGG, S., & HUTTER , M. (2007). “A Collection Of Definitions of Intelligence”. Frontiers in Artificial Intelligence and Applications.
  12. LUCKIN, R., HOLMES, W., GRIFFITHS, M., & FORCIER, L. (2016). Intelligence Unleashed – An Argument for AI in Education. London: Pearson.
  13. MANYIKA, J., CHUI, M., MIREMADI, M., BUHGIN, J., GEORGE, K., WILLMOTT, P., & DEWHURST, M. (2017). “A Future That Works: Automation, Employment, and Productivity”. McKinsey Global Institute.
  14. NILSSON, N. (1990). The Mathematical Foundations Of Learning Machines. San Mateo: Morgan Kaufmann.
  15. İŞLER, B., KILIÇ, M. Y. (2021). “Eğitimde Yapay Zeka Kullanımı ve Gelişimi”. Yeni Medya Elektronik Dergisi, Vol: V (No: I), ss. 1-11.
  16. PEDRO, F., SUBOSA, M., RIVAS, A., & VALVERDA, P. (2019). “Artificial Intelligence in Education: Challenges and Opportunities for Sustainable Development”. Paris: UNESCO.
  17. POOL, C. (1997). “Brain-based learning and students”. The Education Digest, Vol: 63(No: 3), pp: 10-15.
  18. SELÇUK, Z. (2012). Eğitim Psikolojisi. İstanbul : Nobel Yayınları.
  19. VORST, T. V., & JELICIC, N. (2019). “Artificial Intelligence In Education: Can AI Bring The Full Potential Of Personalized Learning To Education?”. Helsinki: Econstor.

ELEKTRON QAYNAQLAR:

  1. Christopher Moyer, “How Google’s AlphaGo Beat a Go World Champion”, March 28, 2016, https://www.theatlantic.com/technology/archive/2016/03/the-invisible-opponent/475611/;
  2. Joseph, “Artificial Intelligence In Education: Uses and Applications”, 10 Sentyabr 2019, https://robots.net/ai/artificial-intelligence-in-education-uses-and-applications/;
  3. HolonIQ’s Annual Report, “Artificial Intelligence & Global Education Report”, 24 May 2019, https://www.holoniq.com/notes/2019-artificial-intelligence-global-education-report;
  4. Kulkarni, “AI in Education. Where Is It Now and What Is The Future?”, 2019, https://www.lexalytics.com/blog/ai-in-education-present-future-ethics/;
  1. Burcu Çalık, “MEB Okullarda “yapay zeka” eğitimi için kolları sıvadı”, 30 Sentyabr 2019, https://www.aa.com.tr/tr/egitim/meb-okullarda-yapay-zeka-egitimi-icin-kollari-sivadi/1597733ə.

İSTİNADLAR

[1]Tommy Van Der Vorst, Nick Jelicic, “Artificial Intelligence In Education: Can AI Bring The Full Potential Of Personalized Learning To Education?”, Helsinki, Econstor, 2019, s. 1.

[2]Sayed Fayaz Ahmad, Khairil Rahmat, Muhammad Shujaat Mubarik və b. “Artificial Intelligence and Its Role In Education”, Sustainability, Vol: XIII, No: XXII, 2021, s. 5.

[3]Kürşat Arslan, “Eğitimde Yapay Zeka ve Uygulamaları”, Batı Anadolu Eğitim Bilimleri Dergisi, C: XI, No: I, 2020, ss. 71-88, s. 81.

[4]Məşhur amerikalı kinorejissor, ssenarist Steve Kübrik 2001-ci ildə insan zəkası ilə eyni səviyyədə olan və ya onu aşan texnikanın yaranacağını söyləmişdir.  Daha ətraflı bax, Carolyn Pool, “Brain-Based Learning and Students”, The Education Digest, Vol: 63, No: 3, 1997, p. 10, Robert Kozma, Cesare Alippi və b. Artificial Intelligence In The Age of Neural Networks and Brain Computing, United States, Academic Press, 2018.

[5]Qeyd edək ki, alimlər zəka ilə əlaqəli müxtəlif kateqoriyalardan ibarət təriflər yaratmışlar. Daha ətraflı bax, Shane Legg, Marcus Hutter, “A Collection Of Definitions of Intelligence”, Frontiers in Artificial Intelligence and Applications, 2007, pp. 17-24.

[6]Bu yanaşmanın əsasını məşhur İsveçrəli psixoloq Jean William Fritz Piaget qoymuşdur. Baxın, Ziya Selçuk, Eğitim Psikolojisi, İstanbul, Nobel Yayınları, 2012.

[7]Daha ətraflı bax, Nils Nilsson, The Mathematical Foundations Of Learning Machines, San Mateo, Morgan Kaufmann, 1990.

[8]Tommy Van Der Vorst, Nick Jelicic, a.k.ə, s. 3.

[9]Kürşat Arslan, a.k.ə., s. 77.

[10]Bax, Jack Copeland, The Essential Turing, New York, Oxford University Press, 2004.

[11]“Süni İntellekt” ifadəsinin işlənildiyi bu konfrans Dortmund Konfransı idi. John McCarty ilə birlikdə bu konfransda Marvin Minsky, Nathaniel Rochester və Claude Shannon da iştirak etmişdilər. Bax, Kürşat Arslan, a.k.ə., s. 76.

[12]Tommy Van Der Vorst, Nick Jelicic, a.k.ə, s. 4.

[13]Buna klassik bir misal olaraq, “Ruh istəkli, ancaq bədən zəifdir” sözü rus dilindən ingilis dilinə “Votka yaxşıdır, amma ət xarab olub” kimi tərcümə olunurdu.

[14]Tommy Van Der Vorst, Nick Jelicic, a.k.ə, s. 3.

[15]Tommy Van Der Vorst, Nick Jelicic, a.k.ə, s. 3.

[16]Misal üçün, “Go” oyununda dünya çempionu olan Lee Sedol 2016-cı ildə Google tərəfindən hazırlanan “AlphaGo” adlı süni intellekt tərəfindən məğlub edildi. (“Go” oyununda 10-dan çox həmlə etmək mümkündür)

Bax, Christopher Moyer, “How Google’s AlphaGo Beat a Go World Champion”, March 28, 2016, https://www.theatlantic.com/technology/archive/2016/03/the-invisible-opponent/475611/, 27.11.2022.

[17]Tommy Van Der Vorst, Nick Jelicic, a.k.ə., s. 5.

[18]Cynthia Breazeal, Designing Sociable Robots, Cambridge, MIT Press, 2002, s. 4.

[19]Ahmet Göçen, Fatih Aydemir, “Artificial Intelligence in Education and Schools”, Research on Education and Media, C: XII, No: 1, 2020, pp. 13-21.

[20]Cathrine Felix, “The Role of The Teacher and AI in Education”, International perspectives on the role of technology in humanizing higher education, Vol: 33, Emerald Publishing Limited, 2020, pp. 33-48.

[21]Daha ətraflı bax: James Manyika, Michael Chui, Mehdi Miremadi and etc., “A Future That Works: Automation, Employment, and Productivity”, Chicago, McKinsey Global Institute, 2017.

[22]Francesc Pedro, Miguel Subosa, Axel Rivas and etc., “Artificial Intelligence in Education: Challenges and Opportunities for Sustainable Development”, Paris, UNESCO, 2019, p. 12.

[23]Niklas Humble, Peter Mozelius, “Artificial Intelligence in Education – a Promise, a Threat or a Hype?”, European Conference on the Impact of Artificial Intelligence and Robotics 2019, Academic Conferences and Publishing International Limited, Oxford, 2019, pp. 149-156.

[24]Kürşat Arslan, a.k.ə., s. 81.

[25]Kürşat Arslan, a.k.ə., s. 81.

[26]Kürşat Arslan, a.k.ə., s. 81.

[27]Joseph, “Artificial Intelligence In Education: Uses and Applications”, 10 Sentyabr 2019, https://robots.net/ai/artificial-intelligence-in-education-uses-and-applications/

[28]Buket İşler, Mehmet Yaşar Kılıç, “Eğitimde Yapay Zeka Kullanımı ve Gelişimi”, Yeni Medya Elektronik Dergisi, Vol: V, No: I, 2021, ss. 1-11, s. 5.

[29]Daha ətraflı bax: Rose Luckin, Wayne Holmes, Mark Griffiths, Laurie Forcier, Intelligence Unleashed – An Argument for AI in Education, London, Pearson, 2016.

[30]HolonIQ’s Annual Report, “Artificial Intelligence & Global Education Report”, 24 May 2019,

https://www.holoniq.com/notes/2019-artificial-intelligence-global-education-report

[31]Buket İşler, Mehmet Yaşar Kılıç, a.k.ə., s. 6.

[32]WATSON adlı bu süni intellekt 2010-cu ildən etibarən istehsal olunmaqda və yalnız məktəblərdə yox, müəssisələrdə də istifadə edilməkdədir.

[33]Buket İşler, Mehmet Yaşar Kılıç, a.k.ə., s. 6.

[34]Thomas Arnett, “Teaching In The Machine Age: How Innovation Can Make Bad Teachers Good And Good Teachers Better”, Christensen Institute, 2016, p. 2.

[35]Kulkarni, “AI in Education. Where Is It Now and What Is The Future?”, 2019,

https://www.lexalytics.com/blog/ai-in-education-present-future-ethics/.

[36]Daha ətraflı bax: Yavuz Kömeçoğlu, Sevinç Tunalı, Eğitimde Yapay Zeka Çalıştayı – 6, Sonuç Raporu.

[37]Burcu Çalık, “MEB Okullarda “yapay zeka”  eğitimi için kolları sıvadı”, 30 Sentyabr 2019, https://www.aa.com.tr/tr/egitim/meb-okullarda-yapay-zeka-egitimi-icin-kollari-sivadi/1597733ə.

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.