Beynəlxalq Kommersiya Şərtləri (INCOTERMS)
  1. EXW (Ex-works – satıcının razılaşdırmış yeri)

Burada satıcının öhdəliyi minimum dərəcədədir və əsas vəzifəsi alıcı ilə razılaşdırılmış vaxtda məhsulu alıcıya təqdim etməkdir. Bu təqdimetmə satıcının olduğu ölkədə baş verir.

  • Ödənişə daxildir: ixrac qablaşdırılması;
  • Satıcının öhdəliyi bitir: onun məkanında
  1. FAS (Free Alongside Ship – razılaşdırılmış yüklənmə limanı)

Müəyyən olunmuş yükləmə məntəqəsinə, dəniz daşıma vasitəsinə çatdıqdan sonra satıcının azad olması. Bu növ ticarət adətləri yalnız dəniz daşımalarına aiddir. Satıcı müəyyən edilmiş vaxtda yükləri konkret gəmiyə yükləyir. Bununla da onun vəzifəsi sona çatır.

  • Ödənişə daxildir: EXW ödənişi + malların limana qədər daşıma və yükləmə haqqı + ixrac rəsmiləşdirilməsi[1] + yükləmə zamanı cərimələr;
  • Satıcının öhdəliyi bitir: malların limanda gəmiyə yerləşdirilməsi.
  1. FOB (Free on board – razılaşdırılmış yükləmə limanı)

Satıcının məhsulu gəmiyə yüklədikdən sonra azad olması. Bundan başqa məhsulun gömrük baxışından keçirilməsi və gömrük rüsumunun ödənilməsi satıcının öhdəsinə düşür. FOB-da, FAS xərclərindən və öhdəliklərindən başqa, satıcı malların gəmiyə yüklənməsi və Alıcı tərəfindən təqdim edilmiş konosament üçün əlavə ödəniş etməlidir.

  • Ödənişə daxildir: FAS ödənişi + malların gəmiyə yüklənməsi + gömrük xərcləri (konosament);
  • Satıcının öhdəliyi bitir: malların limanda gəmiyə yerləşdirilməsi.
  1. FCA (Free Carrier – satıcının ölkəsində razılışdırılmış yer)

Satıcı malları ixrac üçün hazır etməli və Alıcı tərəfindən müəyyən olunmuş yerdə malları alıcının təyin etdiyi daşıyıcıya təhvil verməlidir. FCA-də razılaşdırılmış yer dəniz limanından başqa istənilən məkan, hava limanı və ya dəmir yolu ola bilər. Razılaşdırılmış yer satıcının anbarı da ola bilər. Razılaşdırılmış yerin müəyyən olunmasından asılı olaraq satıcının öhdəlikləri aşağıdakı kimi dəyişir:

  1. Əgər “razılaşdırılmış yer” satıcının anbarıdırsa, satıcı ixrac üçün mallarını hazırlamalıdır və onları anbardakı alıcının yük daşıyıcısı üçün yükləməlidir.
  2. Əgər “razılaşdırılmış yer” başqa bir yerdirsə, satıcı ixrac üçün mallarını hazırlamalıdır və onları razılaşdırılmış yerə daşımalıdır.
  • Ödənişə daxildir: FAS ödənişi + çatdırılma anlamında yükləmə, əgər nəzərdə tutulubsa;
  • Satıcının öhdəliyi bitir: təyin edilmiş daşıyıcı tərəfindən malların təhvil aldığı andan.
  1. CFR (Cost and Freight – razılaşdırılmış boşaltma limanı).

Razılaşdırılmış limanda malın və daşıma xərclərinin satıcı tərəfindən ödənilməsi. Satıcı malın dəyərinə görə pul o halda ödəyir ki, daşıma riski satıcıdan alıcıya transformasiya edilir, yəni alıcının üzərinə köçürülür.

  • Ödənişə daxildir: FOB ödənişi + limanda boşaltma anına qədər yükün qiyməti;
  • Satıcının öhdəliyi bitir: Yükləmə Limanında mallar gəmiyə yüklənir.
  1. CİF (Cost, Insurance and Freight – razılaşdırılmış boşaltma limanı)

Razılaşdırılmış limanda dəyər, sığorta və nəqliyyat xərclərinin satıcı tərəfindən ödənilir. CFR ilə eynidir, lakin burada satıcı alıcı adından sığorta təşkil edir. Həmçinin onun məsuliyyəti yüklənmə limanında yük gəmisinə mallar yükləndikdə başa çatır. Satıcı özünü sığortalamır, lakin alıcı üçün sığortanı alaraq alıcının adından sığortalanmağı planlaşdırır.

  • Ödənişə daxildir: CFR ödənişi + limanda boşaltmaya qədər dəniz sığortası;
  • Satıcının öhdəliyi bitir: Yükləmə Limanında mallar gəmiyə yüklənir;
  • Sığorta: satıcı alıcı adından sığorta təşkil edir.
  1. CPT (Carriage Paid To – alıcının ölkəsində razılaşdırılmış yer)

Razılaşdırılmış məkana qədər öhdəliyini əhatə edir. Burada daşıma xərclərinin ödənilməsi satıcının üzərinə düşür. CFR ilə eynidir, lakin bu termin dənizdən başqa bütün nəqliyyat növlərinə tətbiq edilir.

  1. CIP (Carriage and Insurance Paid to – alıcının ölkəsində razılaşdırılmış yer)

CIF ilə eynidır, lakin bu termin dənizdən başqa bütün nəqliyyat növlərinə tətbiq edilir. Ən çox hava, yol və dəmir yolu daşımalarında istifadə edilir.

  1. DAT (Delivered at Terminal – alıcının ölkəsində liman / təyinat yerində razılaşdırılmış terminal)

Burada Satıcının məsuliyyəti dəniz limanında razılaşdırılmış terminala və ya alıcının ölkəsində qeyri-dəniz terminalına qədər bütün xərclər və risklərdən ibarətdir və eyni zamanda malları alıcıya çatdırmaq məcburiyyətindədir. Satıcı malların terminalda tam hazır olması üçün bütün cərimələri, rüsumları və s. ödəməyə borcludur.

  • Ödənişə daxildir: limanda boşaltmaya qədər olan xərclər + boşaltma limanında bütün cərimə, rüsumlar;
  • Satıcının öhdəliyi bitir: boşaltma limanında mallar boşaldıldıqda.
  1. DAP (Delivered at Place – alıcının ölkəsində razılaşdırılmış yer)

DAP DAT qaydalarının daha geniş formasıdır. Burada satıcı alıcının ölkəsindəki terminaldan kənarda olan razılaşdırılmış yerə çatdırılma üçün bütün xərclərə və risklərə görə məsuliyyət daşıyır. Satıcı malları təhvil verməyi etməyi, razılaşdırılmış yerdə malları boşaltmağı öhdəsinə götürür.

  • Ödənişə daxildir: DAT xərci + razılaşdırılmış yerə çatdırılma + razılaşdırılmış yerdə boşaldılma;
  • Satıcının öhdəliyi bitir: boşaltma limanında mallar boşaldıldıqda.
  1. DDP (Delivered Duty paid – alıcının ölkəsində razılaşdırılmış yer)

DDP qaydalarında satıcı maksimum məsuliyyət daşıyır, belə ki, alıcının ölkəsində razılaşdırılmış yerə malların çatdırılmasına qədər bütün riskləri və xərcləri, o cümlədən gömrük rəsmiləşdirilməsi məsuliyyətini daşıyır.

  • Ödənişə daxildir: DAT xərci + razılaşdırılmış yerə çatdırılma + idxal rüsumları və cərimələri;
  • Satıcının öhdəliyi bitir: mallar razılaşdırılmış yerə çatdıqda.

[1] İxrac rəsmiləşdirilməsi 2010-cu il Beynəlxalq Təchizat Şərtlərinə uyğun olaraq Satıcının öhdəliyinə keçirilib.

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.