Kommersiya məhkəməsinə aid olan işə ümumi məhkəmə baxaraq qətnamə verdikdə belə qətnamədən verilən apelyasiya şikayətinə baxılarkən apelyasiya instansiyası hansı qərarı qəbul etməlidir?
Mülki prosesdə bəzən belə hallar olur: kommersiya məhkəməsinə aid olan işə ümumi məhkəmə (və ya əksinə) baxaraq qətnamə qəbul edir. Bu qətnamədən verilən apelyasiya şikayətinə baxılarkən apelyasiya instansiyası hansı qərarı qəbul etməlidir ?
Mövcud məhkəmə təcrübəsinə görə qətnamə ləğv edilir və iş yenidən baxılması üçün aid olduğu birinci instansiya məhkəməsinə göndərilir. Bu düzgün mövqe deyil, süründürməçiliyə səbəb olur, çünki baxışa sərf olunmuş vaxt, zəhmət və xərc itirilir, pozulmuş hüquqların bərpası gecikir və s.
Əslində necə olmalıdır ?
Əslində, apelyasiya icraatı zamanı məhkəmə aidiyyətinin pozulması faktı aşkar edildikdə bunu aşkar edən kollegiya (məs., mülki kollegiya) işin müvafiq kollegiyaya (məs., kommersiya kollegiyasına) verilməsi barədə qərardad qəbul etməli, həmin kollegiya işə mahiyyəti üzrə baxaraq qətnaməni ləğv etməli və yeni qətnamə qəbul etməlidir.
Nəyə görə ?
1-ci:
Bu kimi hallarda işin yenidən baxılması üçün birinci instansiyaya göndərilməsini nəzərdə tutan norma MPM-də yoxdur. Apelyasiya instansiyası bunu etdiyi zaman səlahiyyətindən kənara çıxmış olur.
2-ci:
Kommersiya və ümumi məhkəmədə həyata keçirilən icraatın prinsipləri və qaydaları eyni məcəllə (MPM) ilə müəyyən olunur, habelə onların baxdığı mübahisələrə eyni məcəllə (MM) tətbiq olunur. Müqayisə üçün deyək ki, inzibati məhkəmədə həyata keçirilən icraata münasibətdə belə eynilik yoxdur. Eynilik olduğuna görə aidiyyət qaydasının pozulması insanların hüquq, azadlıq və mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilməz, mövcud olan aidiyyət pozuntusunun isə apelyasiya icraatında aradan qaldırılması mümkündür.
İnsanlar qaydalar üçün deyil, qaydalar insanlar üçündür. Ona görə də insanların hüquq, azadlıq və mənafelərinin əhəmiyyətli pozuntusu yoxdursa, yalnız qaydaların (aidiyyətin) qorunması üçün insanlara zərər vurulması, yəni onların əvvəlki baxışa sərf etdikləri vaxt, zəhmət və xərc nəzərə alınmadan işin yeni baxışa göndərilməsi mütənasib sayılmır.
3-cü:
Bu məsələyə hakimlərin ixtisaslaşması baxımından yanaşılması düzgün deyil. Çünki apelyasiya icraatında dəfələrlə belə hallar olub ki, mülki işə baxan məhkəmə tərkibində kommersiya kollegiyasının hakimi (və əksinə) olub. Məsələyə ixtisaslaşma baxımından yanaşılsa, gərək apelyasiya instansiyasının həmin qətnamələri kassasiya qaydasında ləğv edilsin və iş yeni baxışa qaytarılsın.
4-cü:
Bu məsələyə aidiyyət qaydalarının əhəmiyyətinin qorunub saxlanması baxımından yanaşılması düzgün deyil. Müqayisə üçün qeyd edək ki, ərazi aidiyyətinin pozulması halında (məs., Nəsimi RM-nə aid olan işə Yasamal RM-də baxıldıqda) iş yeni baxışa qaytarılmır, aidiyyət pozuntusuna görə qətnamə apelyasiya qaydasında ləğv edilir və yeni qətnamə qəbul olunur. Əgər aidiyyət qaydalarının əhəmiyyətinin qorunub saxlanması əsas götürülürsə, eyni yanaşma ilə gərək ərazi aidiyyətinin pozulması halında da iş yeni baxışa qaytarılsın. Çünki hər 2 aidiyyət (ərazi və məhkəmə aidiyyəti) məhkəmələr arasında səlahiyyətin sərhədlərini müəyyən edir. Aidiyyət qaydalarının əhəmiyyətinin qorunub saxlanması (bir daha belə hallara yol verilməməsi) üçün hakimlərin barəsində tədbir görülə bilər: xüsusi qərardad çıxarıla bilər və s. Lakin hakimin yol verdiyi pozuntuya (ona aid olmayan işi icraata götürüb baxmasına) görə vətəndaşların cəzalandırılması, yəni onların əvvəlki baxışa sərf etdikləri vaxt, zəhmət və xərc nəzərə alınmadan işin yeni baxışa göndərilməsi məqsədəuyğun sayılmır.
Beləliklə, kommersiya və ümumi məhkəmələr arasında aidiyyət qaydasının pozulması ilə qəbul olunmuş qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və işin yenidən baxılması üçün aid olduğu birinci instansiya məhkəməsinə göndərilməsi yanlış mövqedir.
Müəllif: Namiq Cəfərov
Bu bloqda yerləşdirilən yazılar hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.