Yaşıllıqların götürülməsi proseduru barədə

Yaşıllıqlar – şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu.

Yaşıllıqların götürülməsi (kəsilməsi) – ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir

Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir:

  1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;
  2. şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;
  3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;
  4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda;
  5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;
  6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.

Fiziki və hüquqi şəxslər (bundan sonra – ərizəçi) yuxarıda qeyd edilən hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.

Yaşıllıqların götürülməsinə dair ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

  1. hüquqi şəxslər üçün – hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumat, dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti;
  2. fiziki şəxslər üçün – soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı) 2.1. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu   haqqında şəhadətnamənin surəti;
  3. götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd;
  4. yaşıllığın götürülməsinin əsaslandırılması.

Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır.

2 (iki) təqvim günü ərzində ərizəçi tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün ərizəçi tərəfindən təqdim edilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur.

Ərizəyə və sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və rəyin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizəni qəbul edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən bu barədə ərizəçiyə bütün çatışmazlıqlar göstərilməklə məlumat verilir və ərizəyə baxılma müddətinin axını dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin yazılı məlumatı daxil olduqdan sonra müddətin axını bərpa edilir.

Yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqların götürülməsinə dair rəy istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə 2 (iki) gün müddətində təqdim edilir.

Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı 10 təqvim günü ərzində qəbul edilir.

Yalnız yaşıllıqların götürülməsi hallarının 5-ci və ya 6-cı bəndində qeyd edilənlər barədə müraciət daxil olduqda qərar 3 təqvim günü ərzində qəbul olunur.

Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır.

Qəbul edilmiş qərar müəyyən edilmiş formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir.

Yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir.

Məsuliyyət

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən,

Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə –

fiziki şəxslər 2000 manat,

vəzifəli şəxslər 4000 manat,

hüquqi şəxslər 25000 manat miqdarında cərimə edilir.

Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi (götürülməsinə) və ya məhv edilməsi şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə –

fiziki şəxslər 2200 manat,

vəzifəli şəxslər 5000 manat,

hüquqi şəxslər 35000 manat miqdarında cərimə edilir

Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə –

fiziki şəxslər 100 manat,

vəzifəli şəxslər 200 manat,

hüquqi şəxslər 1000 manat miqdarında cərimə edilir.

Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsi şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə –

fiziki şəxslər 200 manat,

vəzifəli şəxslər 400 manat,

hüquqi şəxslər 2000 manat miqdarında cərimə edilir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsində qanunsuz ağac kəsməyə görə məsuliyyət müəyyən edilib.

Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda –

5000-7000 manat miqdarda cərimə və ya

2 ilədək müddətə islah işləri və ya

2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya

3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər:

  1. təkrar törədildikdə;
  2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
  3. külli miqdarda ziyan vurmaqla törədildikdə –

7000-9000 manat miqdarda cərimə və ya

2 – 5 il müddətə azadlığın məhdudlaşdırılması və ya

3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 – 5 il müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 260-cı maddəsində meşələri və digər yaşıllıqları məhv etməyə və ya zədələməyə görə məsuliyyət müəyyən edilib.

Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini və digər yaşıllıqları məhv etmə və ya zədələmə —

1000 – 2000 manat miqdarda cərimə və ya

1 ilədək müddətə islah işləri və ya

1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya

1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə –

2000 – 4000 manat miqdarda cərimə və ya

2 ilədək müddətə islah işləri və ya

1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya

2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, istehsalat və məişət tullantıları ilə çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna daxil olmayan ağac və ya kol əkililəri və digər yaşıllıqları məhv etmə və ya zədələmə –

2000 – 3000 manat miqdarda cərimə edilməklə və ya edilməməklə

2 – 5 il müddətə azadlığın məhdudlaşdırılması və ya

2 – 5 il müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə –

üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yuxarıda qeyd edilənlər xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.

Xeyli miqdar dedikdə, 1000 – 7000 manat məbləğ başa düşülür.

Külli miqdar dedikdə, 7000 manatdan artıq olan məbləğ başa düşülür.

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.