Avropa Məhkəməsinin[1] gözündə: şəxsi həyat yoxsa ifadə azadlığı?
Giriş
Avropa İnsan Hüquqları Konvensiyasının[2] 8-ci maddəsi şəxsi həyat hüququnu, 10-cu maddəsi ifadə azadlığını əhatə edir. Bu iki hüquq Avropa Məhkəməsi praktikasında tez-tez kəsişən hüquqlar hesab olunur. Bu, bir tərəfdən fərdin şəxsi həyatını, digər tərəfdən ifadə azadlığından istifadə üçün əsas alət olan mediada demokratik cəmiyyətin əsaslarını təmin etmək üçün jurnalist hüquqlarını da qorumalıdır. Belə hallarda Avropa Məhkəməsi Konvensiyasında hüquqlar balanslaşdırılır və işin hallarına uyğun onların sərhədlərini təyin edir. Bu hüquqların kəsişməsindən yaranan məhkəmə işlərində hər iki hüquq bərabərdir, məhkəməyə şikayətin hansı maddə altında edilməsindən asılı deyildir.[3]
İfadə azadlığı demokratik cəmiyyətin zəruri əsaslarından biridir və onun inkişafı hər bir insanın özünü ifadə etməsi üçün əsas şərtlərdən biridir. 10-cu maddənin əhatə etdiyi ifadə azadlığı geniş mənaya malikdir və bu, təkcə müsbət qəbul olunan və ya gündəlik verilən məlumatlara, fikirlərə aid deyil, bu eləcə də təhqir edən, sarsıdan və ya narahatlıq yaradan ifadələrə də aiddir. Bu cür ifadələrin hüquqla qorunması “demokratik cəmiyyət” üçün plüralizm, tolerantlıq və sərhədsiz düşüncənin tələbləridir. Jurnalislərin fəaliyyəti hətta müəyyən dərəcədə şişirtmə və provakasiyaya yer verir.[4] Məhz Konvensiyanın 10-cu maddəsinin birinci hissəsində deyilir ki, hər kəs öz fikrini azad ifadə etmək hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlıqları daxildir.
İfadə azadlığına verilmiş geniş anlayış ilə Konvensiyanın 8-ci maddəsinə verilən təsfir kəsişir. Buna səbəb 10-cu maddənin 2-ci hissəsində qeyd olunan müddəaların ifadə azadlığı subyekti üçün bəzi məhdudiyyətlər nəzərdə tutması və məhdudiyyətlərin bu subyekt üçün müəyyən vəzifə və məsuliyyətlər yarada bilməsidir. Həmin vəzifə və məsuliyyətlərə cəmiyyət üçün ən ciddi hallarda media da şamil olunur. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində bildirilir ki,
Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
Göründüyü kimi öncə ifadə azadlığından istifadə etmiş şəxs hüquqi müəyyənlik prinsipinə uyğun qanunla nəzərdə tutulmuş şəkildə məhdudiyyətlərə və sanksiyalara məruz qala bilər. İkinci növbədə dövlət milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq, sağlamlığı və mənəviyyatı qorumaq, digər şəxslərin nüfuzu və hüquqlarını müdafiə etmək, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün bu hüququ məhdudlaşdıra bilər. Ən son bu məhdudlaşdırma demokratik cəmiyyətdə zəruri hesab olunmalıdır, yəni sanksiya və ya məhdudlaşdırma zəruri və ya əmələ adekvat olmalıdır.
Konvensiyanın 8-ci maddəsinin əsas vəzifəsi dövlətin özbaşına şəxsi həyat hüququna müdaxiləsinin qarşısını almaq olsa da (negativ öhdəlik nəzərdə tutulur), həmçinin dövlətlərin üzərinə şəxsi həyata edilən müdaxiləni araşdırmaq və şəxsi həyatı bu müdaxilələrdən qorumaq öhdəliyi qoyur (pozitiv öhdəlik). Bu öhdəlik şəxsi həyatı qorumağa yönəlmiş qanunlar qəbul etmək, fərdlər arasında münasibətlərin sferasını müəyyənləşdirmək və şəxsin şərəf və ləyaqətinin digərlərinin sui-istifadəsindən qorumağı əhatə edir. [5]
10-cu və 8-ci maddədə göstərildiyi kimi, ifadə azadlığı və ya şəxsi həyat hüququ istisnalara məruz qalır, buna görə daha detallı şərh edilməli və hər hansı bir məhdudiyyət əsaslandırılmış və ağlabatan şəkildə qoyulmalıdır. [6]
- Qanunidirmi?
Konvensiyanın 10-cu maddəsinin məhdudlaşdırılma olan qanunla nəzərdə tutulmuş ifadəsi Konvensiyanın bütün nisbi (məhdudiyyət qoyula bilən) hüquqlarında olduğu kimi Avropa Məhkəməsi müdaxilə zamanı istinad olunan qanunları 3 şərt əsasında müdaxilənin qanuni olub-olmadığını yoxlayır. Bu şərtlər bütün qanunla nəzərdə tutulmuş məhdudiyyətlərin yoxlanılması məqsədi daşıyır.
Editions Plon Fransaya qarşı məhkəmə işində prezidentin şəxsi həkiminin prezidentlə bağlı dərc etdiyi kitabın çapına qoyulan məhdudiyyətin yalnız qanunda göstərilməsi yetərli deyil. Avropa Məhkəməsi həmin qanunun aydın, əlçatan və öncəgörülə bilənliyini də yoxlayır. Hər bir qanun aydın yazılaraq nəyi qadağan etdiyini və sanksiyanın nədən ibarət olduğunu göstərməlidir, şəxslərə əlçatan olmalıdır ki, onlar qadağan və sanksiyalar barədə xəbər tuta bilsinlər və öncədəngörülən olmalıdır ki, bu əmələ görə onlar barəsində hansı tədbir görülə biləcəyini təxmin edə bilsinlər. Həkimin öz xəstəsi barədə məlumatları paylaşması ilə bağlı qoyulan məhdudiyyətlər qanunda aydın yazılması, öncədən hər bir həkimin bununla bağlı məlumatlı olması və qanunun əlçatanlığı kitabın satışına qoyulan məhdudiyyətin qanuni olduğuna əsas verir. Əksər məhkəmə işlərində qoyulan ikitərəfli məhdudiyyətlər qanunla nəzərdə tutulduğu üçün Avropa məhkəməsi bu tip işlərdə dərin izaha yol verməyib.
2. Legitimdirmi?
Konvensiyanın 10-cu maddəsinin 2-ci hissəsində digər şəxslərin hüquqlarını qorumaq bəndi ifadə azadlığının şəxsi həyat hüququnu qorumaq üçün legitim məhdudlaşdırma məqsədi daşıyır. Yuxarda da göstərildiyi kimi ifadə azadlığı hüququnun vəzifələri və məsuliyyəti vardır. Bu məsuliyyət digər şəxslərin hüquqlarını qorumağı da ifadə azadlığını həyata keçirən şəxsin üzərinə qoyur. Beləliklə, medianın özəl şəxsləri ləkələyən faktları dərc etdikdə həmin faktları təsdiqləmə kimi əsaslar tələb olunur. Belə əsasların mövcud olub-olmaması, xüsusən, təhqirin xarakterindən, dərəcəsindən və medianın öz mənbələrini arqumentlərlə etibarlı hesab edə biləcəyindən asılıdır.[7]
Legitim məqsəd kimi ölkə ifadə azadlığını digər şəxsin hüquqlarını qorumaq üçün məhdudlaşdırdığını iddia edirsə, legitim məqsədin olmadığı müəyyən edildiyi hallarda məhkəmə bu əsası sorğulaya bilər. Təcrübədə bunu, Konvensiyanın 14-cu maddəsinə əsaslanıb ifadə azadlığını məhdudlaşdırana qarşı cinsi, irqi, dini, siyasi və ya sosial mənsubiyyət və digər səbəblərə görə edilmiş ayrı-seçkilik ya da konvensiyanın 18-ci maddəsinə əsaslanıb dövlətin bilərəkdən ifadə azadlığını onu həyata keçirəni cəzalandırmaq və ya susdurmaq, yaxud da konvensiyada göstərilməyən digər gizli məqsədlə məhdudlaşdırmasını yoxlamağa ehtiyac olur.
3. Demokratik cəmiyyətdə zəruridirmi?
10-cu maddənin 2-ci bəndinin “zəruri” sifəti hüquqa müdaxilə üçün “aktual sosial ehtiyac”ın mövcudluğunu ifadə edir. Razılığa gələn dövlətlər belə bir ehtiyacın olub-olmadığını dəyərləndirmək üçün müəyyən dərəcədə qiymətləndirmə sərbəstliyinə malikdirlər, lakin həm qanunvericiliklə nəzərdə tutulan bu məhdudiyyət, həm də müstəqil məhkəmə tərəfindən verilən qərarlar Avropa Məhkəməsinin nəzarəti altındadır. Buna görə Avropa Məhkəməsi, 10-cu maddə ilə qorunan “məhdudiyyətin” ifadə azadlığı ilə əsassız məhdudlaşdırılıb-məhdudlaşdırılmaması barədə son qərar vermək səlahiyyətinə malikdir.
İfadə azadlığının digər şəxslərin reputasiyasını qorumaq kimi demokratik cəmiyyətdə maraqları müdafiə etmək vəzifəsini icarə edəndə hüquqları məhdudlaşdıran yerli məhkəmələr hər iki maddə arasında ədalətli balans yaratmalıdır və bunun üçün qoyulmuş tələblərə əməl etməlidir.[8]
Məhkəmənin vəzifəsi, öz nəzarət yurisdiksiyasını həyata keçirməkdə, səlahiyyətli milli məhkəmələrin yerini tutmaq deyil, əksinə, qiymətləndirmə səlahiyyətlərini həyata keçirdikdə verdikləri qərarları 10-cu maddəyə əsasən nəzərdən keçirməkdir. Bu nəzarətin cavabdeh dövlətin öz mülahizəsini ağlabatan, diqqətlə və ya vicdanla yerinə yetirdiyini müəyyən etməklə məhdudlaşması demək deyil; Məhkəmənin etməli olduğu işlər bütövlükdə işin daxilində şikayət edilən müdaxiləyə baxmaq və onun “həyata keçirilən qanuni məqsədə mütənasib” olub- olmadığını və milli hakimiyyət tərəfindən əsaslandırılması üçün səbəblərin olub-olmadığını, müvafiqliyini və kifayətliliyini müəyyənləşdirməkdir.
10-cu maddə müəyyən ifadələrin dərci üçün əvvəlcədən məhdudlaşdırmaya və ya yayılmasına qadağanı nəzərdə tutmur, lakin, bu cür məhdudiyyətlərin demokratik cəmiyyət üçün yaratdığı təhlükələr, məhkəmənin bu işə baxılmasında tətbiq edəcəyi ən diqqətli araşdırmanı tələb edir.
Məhkəmə bildirir ki, şəxsi həyat hüququ çox geniş mənaya daxildir. Bura şəxsin adı, şəxsiyyəti və həmçinin şəxsi həyatının gizli olması və istənilməyən maraqdan qorunması da daxildir. [9] Məhkəmə demokratik cəmiyyətdə zəruriliyi aşağdakı hallar əsasında yoxlayır. Belə ki, yerli məhkəmələr bu əsasları nəzərə alaraq jurnalist və haqqında xəbər gedən şəxs arasında kəsişən hüquqlarda balansın saxlanmasına cavabdehlik daşıyır.
a. İctimai maraq doğururmu?
Məhkəmə məlumatın ictimai maraq dərəcəsini ölçə bilmək üçün şəxsləri – özəl şəxslərə – (yəni yalnız öz ətrafında tanınan, vəzifəsi olmayan, tanınmış olmayan), xalq qarşısında cavab vermək öhdəliyi olan vəzifə daşıyan şəxslərə və hər kəs tərəfindən tanınan şəxslərə ayırır. Heç şübhəsiz ki, hər bir mətbuat orqanının öz vəzifələri və məqsədləri vardır. İctimai maraq doğura biləcək məlumatı yaydıqda jurnalistlər nəzərə almalıdır ki, həmin məlumatın demokratik cəmiyyətdə yayılması zəruri olsun, məsələn siyasətçi ilə bağlı məlumatlar və ya vəzifəsini yerinə yetirən şəxsin vəzifəsi ilə bağlı məlumatları əhatə edir. Bu fərqlənmənin səbəbi özəl şəxslər haqqında məlumatın heç bir maraq kəsb etməməsi və onlar haqqında məlumatın maraq kəsb etmə kimi legitim gözləntilərin olmamasıdır, eləcə də özəl şəxslərin şəxsi həyatının media tərəfindən sui-istifadəsindən qorumaqdır. Lakin ola bilər ki, özəl şəxs hər hansı bir fəaliyyəti ilə özü haqqında məlumatın ictimai olacağından əvvəlcədən xəbərdar olsun.[10] Buna misal kimi özəl şəxs öz istəyi ilə müsahibə və ya doldurduğu formada müəyyən məlumatlarla bağlı razılıq verirsə göstərmək olar. Bu razılıqla bağlı verilən məlumatlar daha çox özəl şəxsin internetdən istifadəsində qarşımıza çıxır. İkinci növbədə özəl şəxsin də iştirak etdiyi, lakin hədəf olmadığı hallarda da özəl şəxsin şəxsi həyatına müdaxilə yoxdur. Məsələn, Haldimann və digərləri İsveçrəyə qarşı işdə baxmayaraq ki özəl şəxs öz razılığını vermədən səsli və görüntülü onun iştirakı olan məlumat verilib, lakin burada məqsəd özəl şəxs yox, nəzərdə tutulan sənayenin kommersiya praktikasını tənqid etmək olub.
Digər bir hal isə jurnalist müəyyən şəxsdən müsahibə alan zaman arxada dayanan özəl şəxs həmin görüntüyə düşürsə burda məqsəd onun şəxsi həyatına müdaxilə hesab olunmur. Denisov Ukraynaya qarşı işdə şəxsin professional və sosial reputasiya arasındakı fərqliliklər izah olunub. Denisov vəzifəsindən azad edilib və onun haqqında buna görə yayılan məlumatların pozuntu olmasını məhkəmədən tələb edib. Yəni şəxsi həyat məsələləri o zaman şəxsin professional, yəni vəzifə reputasiyasına əsaslanıb götürülür ki, onun şəxsi həyatı professional fəaliyyəti ilə birləşsin. Məhkəmənin nəzərə aldığı bu cəhətlərə (i) ərizəçinin “daxili dairəsi”, (ii) ərizəçinin başqaları ilə münasibət qurmaq və inkişaf etdirmək imkanı və (iii) ərizəçinin sosial və peşə nüfuzu daxildir. Şəxsi həyat məsələsinin ümumiyyətlə belə bir mübahisədə ortaya çıxmasının iki yolu var: ya istintaq tədbirinin əsas səbəblərinə görə (bu halda Məhkəmə əsaslı yanaşma tətbiq edir) və ya – bəzi hallarda – çünki şəxsi həyat üçün fəsadlar (bu halda Məhkəmə nəticəyə əsaslanan yanaşmanı tətbiq edir). Məhkəmə bu fəsadları nəzər alanda ərizəçiyə, yəni şəxsi həyatına müdaxilə edilən şəxsə qarşı dəyən ziyanın ciddiliyini əsas götürür.
Vəzifəli şəxslər isə vəzifələri ilə bağlı xalqa hesabat verir, xalqa xidmət etdiyi üçün bu məlumatların açıq olması demokratik cəmiyyətdə zəruri hesab olunur. Siyasətçilər və digər publik şəxslərin (ictimai fiqurların) özləri haqqında məlumatın şəxslərə maraqlı olması gözləniləndir. Siyasətçilər xalq qarşısında onun səsini, güvənini qazanmaq istədiyi və xalqın kimə səs verəcəyini bilməsi demokratik cəmiyyətdə vacib olduğu üçün siyasətçilərə qarşı işlədilən ifadələr və onlar haqqında şəxsi məlumatların qorunma çərçivəsi daha dardır.[11] Məhkəmə, Avropa Şurası Parlament Assambleyasının təhlilinə istinad edərək, “ictimai xadimlər cəmiyyətdə tutduqları mövqe – bir çox hallarda seçim yolu ilə avtomatik olaraq onların şəxsi həyatlarına təzyiqin artacağını qəbul etməlidirlər”[12]
Həmçinin yayılan məlumatın ictimai fiqur barəsində olması yetərli deyil, məhkəmə bildirir ki, əgər məsələ ictimai maraq doğurursa bu zaman ifadə azadlığının məhdudlaşdırılması çox az hallarda mümkündür.[13] Jurnalistlər bu hallarda öz etik qaydalarına əsaslanaraq saxta və gizli yollarla aldığı məlumatları yaymaqdan çəkinməlidirlər.[14]
Couderc və Haçette Filipacçi Assosasiyası Fransaya qarşı məhkəmə işində “Paris Match” qəzeti Monako şəhzadəsinin nikahdan kənar oğlu olduğunu, oğlunun anası ilə müsahibəni və şəhzadə Albertlə uşağın və keçmiş sevgilisinin şəkillərini dərc edib. Həmin xəbər bir çox ölkənin mətbuat orqanları tərəfindən yayımlanıb. Bu səbəbdən də şəhzadə Albert “Paris Match” qəzetini şəxsi həyata müdaxilə etdiyi üçün məhkəməyə verir və tələb edir ki, məhkəmənin qərarını əsas səhifədə dərc etsinlər. Şəhzadə ön səhifədə şəklinin və xəbərin olması, 10 səhifədən çox bununla bağlı yazı olması və şəkillərin onun intim həyatını əks etdirməsini əsas göstərib. Həmin məhkəmə işinə bunu da əlavə etmək lazımdır ki, “Paris Match”dan öncə və sonra digər ölkələrin mətbuatında da bu xəbər şəkillərlə birgə dərc olunub. Göründüyü kimi baş verən hadisə nəinki Monako və Fransada, həmçinin digər ölkələrdə də ictimai maraq doğurub. Bununla yanaşı, şəhzadə Albert siyasi və ictimai fiqurdur. Bundan əlavə keçmiş sevgilisi ilə dəfələrlə ictimaiyyətin qabağına çıxdığı üçün onların münasibəti gizli deyildir və ictimaiyyətə məlum idi. Bundan başqa qəzetin dərc etdiyi məlumat şəhzadənin köhnə sevgilisinin həmin qəzetə verdiyi müsahibəyə əsaslanırdı.
Bütün bunların əsasında jurnalistlərin əsas vəzifəsi cəmiyyəti məlumatlandırmaq və cəmiyyətin maraq dairəsində olan məlumatları əks etdirməkdir. Bu halda ifadə azadlığı özünün avtonom mənasını daşıyır. Avropa Məhkəməsinin ifadə azadlığına verdiyi avtonom anlayışda nəinki mətbuat orqanının xəbəri vermək hüququ vardır, həmçinin cəmiyyətin məlumat almaq hüququ da mövcuddur. Məhkəmənin bundan əvvəldə bildirdyi kimi mətbuat gözətçi it rolunu oynayır.[15]
Lakin Avropa Məhkəməsi şirkətlərin və ya institutların reputasiyasını özəl şəxslərin reputasiyası ilə eyni tutmur və bununla yanaşı ümumiyyətlə, bu sualla bağlı məhkəmə işləri hələ aydınlaşmamış hesab olunur. [16] Uj Macarıstana qarşı işdə universitetin idarəçisinin hüquqlarının qorunmasını institutun maraqları kimi dəyərləndirir və hesab edib ki, institutun mənəvi xüsusiyyətləri olmadığı üçün şəxslərin şəxsi həyatının qorunması ilə bir tutula bilməz.
b. Məlumat hansı üsulla əldə olunub?
Məhkəmə qərarlarında jurnalistlərin vəzifələrini və məsuliyyətlərini öz peşələrinə aid etik prinsiplərə verdiyi əhəmiyyəti də vurğulayır. Bununla əlaqədar, bildirir ki, 10-cu maddə jurnalistlərin vicdanla və dəqiq faktiki əsaslarla fəaliyyət göstərdikləri şərtlərlə ümumi ictimai maraq məsələsinə dair məlumatları yaymaq hüququnu qoruyur və “etibarlı və dəqiq” məlumat vermək öhdəliyini üzərlərinə qoyur.[17] Bu o deməkdir ki, informasiyanı əldə edəndə və onu dərc edəndə istifadə olunan üsulun ədalətliliyi və məlumatın aid olduğu şəxsə hörmətlə yanaşmaq bu əsasda ən vacib kriteriyadır. Əgər dərc edilən məlumat oxucunu aldatmaq məqsədi daşıyırsa, bu onun səbəb olacağı ictimai əhəmiyyəti xeyli azaldır.[18]
Peck Birləşmiş Krallığa qarşı işdə təhlükəsizlik kamerası ərizəçinin sui-qəsdə cəhdini çəkib. Baxmayaraq ki, ərizəçi ictimai məkandadır və təhlükəsizlik kamerasının orda olub onu çəkməsini bilir, lakin həmin görüntülərin yayılması onun şəxsi həyatına müdaxilə hesab olunur və burada ərizəçinin həmin görüntülərin yayılması gözləntisi yoxdur.
c. Şəxs barədə dərc olunan məlumatlar nəyi əks etdirir?
Məhkəmə işləri araşdırdığı zaman şəxs barədə məlumatın nəyi əks etdiriyini nəzərdən keçirib şəxsi həyata müdaxilənin dərəcəsini hesablayır. Bundan əlavə məhkəmə istifadə olunan məlumatın təqdimatı və bundan sonra necə istifadə olunacağına diqqət edir.[19]
Bununla əlaqədar, məhkəmə ilk növbədə qeyd edir ki, jurnalistlər peşələrini həyata keçirərkən gündəlik olaraq qərar verir və bu vasitələrlə cəmiyyətin məlumat hüququ ilə başqalarının şəxsi həyatına hörmət hüququ arasındakı bölüşdürücü xətti müəyyənləşdirirlər. Beləliklə, fərdləri, o cümlədən ictimai xadimləri şəxsi həyatlarına hər hansı bir müdaxilədən qorumaq üçün əsas məsuliyyət daşıyırlar. Bu mövzuda etdikləri seçim peşələrinin etik məcəlləsinə və davranış qaydalarına əsaslanmalıdır.[20]
İkincisi, məhkəmə bir mövzunu işıqlandırmaq üçün istifadə edilən yanaşmanın jurnalist azadlığı ilə əlaqəli olduğunu bir daha təkrarlayır. Bu və ya milli məhkəmələr bu sahədəki fəaliyyəti mətbuat nümayəndələrinin fikirlərini dəyişdirmək üçün deyil.[21] Konvensiyanın 10-cu maddəsi, məqalənin etibarlılığını təmin etmək üçün hansı detalların dərc edilməli olduğuna qərar vermək üçün jurnalistlərə icazə verir.[22] Bundan əlavə, jurnalistlər əldə etdikləri xəbərlərdən, hansı məsələlərlə məşğul olacaqlarını və necə edəcəklərini seçmək azadlığından istifadə edirlər. Lakin bu azadlıq məsuliyyətdən məhrum deyildir.
Başqa bir şəxsin şəxsi həyatına aid məlumatların olduğu yerdə, jurnalistlərdən yayımdan öncə yayımlanacaq məlumat və şəkillərin təsirini nəzərə almaları tələb olunur. Xüsusilə, şəxsi və ailə həyatı ilə bağlı bəzi hadisələr Konvensiyanın 8-ci maddəsinə əsasən xüsusi mühafizəyə malikdir və buna görə jurnalistlər işıqlandırarkən ehtiyatlı olmalıdırlar.[23]
Bundan əlavə jurnalistlər şəxsin təqsirsizlik prezumpsiyasını nəzərə almalı, onun haqqında hökm çıxmadan media onu cinayətkar adlandırmamalıdır. Çünki baxmayaraq ki şəxs öz hərəkətlərinin nəticəsində ictimai marağa səbəb ola bilər, məhkumluq özü-özlüyündə şəxsi həyata müdaxiləni neqativ nəticə kimi öngörülən hesab etmir.[24] Məhkəmə bu halda “şəxsi həyat” anlayışını iki fərqli yanaşma əsasında tətbiq edir: (α) “şəxsi həyat” məsələsinin mübahisənin səbəbi kimi müəyyənləşdirilməsi (səbəbə əsaslanan yanaşma) və (β) Mübahisəli nəticə kimi (nəticəyə əsaslanan yanaşma) əsas götürür.[25] Denisov Ukraynaya qarşı işdə ərizəçi bu halda şəxsi həyatına müdaxilə olduğu ilə bağlı pozuntunun tanınmasını tələb edə bilsə də, reputasiyasına dəyən zərəri tələb edə bilmir. Məhkəmə hesab edir ki, şəxs törətdiyi cinayət əməlinin nəticəsində artıq öz reputasiyasına zərər vurmuş hesab olunur.
d. Şəxsi həyata olunan müdaxilənin nəticələri və niyyəti hansılardır?
Yuxarda bildirldiyi kimi jurnalistin həmin yazını hansı məqsədlə yazması və şəxsi həyata müdaxiləsi önəmlidir. Hətta dərc olunan provakasiya edən məlumat demokratik cəmiyyətdə zəruri hesab olunan ictimai debata səbəb olursa bu ifadə azadlığı tərkibində qorunur. [26]
Məhkəmə həmçinin bildirir ki, şəxsi məlumatı yayılan şəxsin həmin şəxsi məlumatın yayılmasında icazəsi olub-olmaması da önəmlidir. Lakin Van Hannover N2 Almaniyaya qarşı işində baxmayaraq ki, şəkillər ərizəçinin icazəsi olmadan çəkilib bu, pis niyyətin göstəricisi kimi yetərli hesab olunmur. Almaniya yerli məhkəmələrində pis niyyətin göstəricisini müəyyən edən əlahiddə heç bir sübut gətirilmədiyi üçün icazənin olmamasının özü-özlüyündə pozuntu hesab edilməsi və pis niyyətin müəyyən edilməsi üçün yetərli deyildir.[27]
Digər məhkəmə işlərindən fərqli olaraq Satakunnan Markkinaporssi Oy və Satamedia Oy Finlandiyaya qarşı işdə artıq hökümət tərəfindən açıq olan vergi ilə bağlı məlumatın yayımlanmasının özəl şəxslərin şəxsi həyatının məhdudlaşdırması araşdırılıb. Məhkəmə bildirir ki, həmin məlumatın açıq olması şəxsi həyat hüququnu tamamilə ortadan qaldırmır. Məhkəmə bildirir ki, məlumat cəmiyyətə açıq olsa da onun hansı dərəcədə ictimaiyyətdə maraq doğurduğu da nəzərə alınmalıdır. Tətbiq olunan iş materialından belə nəticə çıxır ki, müəyyən bir şəxs haqqında məlumatların toplanması, fərdi məlumatların işlənməsi və ya istifadəsi və ya müvafiq materialın öncədən görüləndən fərqli şəkildə istifadəsi və ya şəxsi həyat mülahizələrindən bir şəkildə dərc edilməsi mövcuddur. Bu vəziyyətdə, məhkəmə çox sayda şəxsin vergi tutulan gəlirləri və vergi tutulan aktivləri haqqında təfərrüatları təmin edən qəzetlərdə toplanmış, işlənən və yayımlanan məlumatların, daxili qanunvericiliyə əsasən, ictimaiyyətin müəyyən qaydalara uyğun olaraq həmin məlumatlara daxil olma imkanı var. İlk qanun 8-ci maddənin zəmanətlərinə zidd ola bilən şəxsi məlumatların hər hansı istifadəsinin qarşısını almaq üçün müvafiq təminatlarla təmin etməlidir. 8-ci maddə toplandığı, işləndiyi və kollektiv olaraq yayıldığı və bu şəkildə və ya qaydada dərc edildiyi məlumatlara görə fərdi şəxslərə şəxsi toxunulmazlıq hüquqlarına imkan verən məlumatların öz müqəddəratını təyinetmə forması hüququnu təmin etmişdir.
M.L və W.W Almaniyaya qarşı işdə isə mətbuat orqanı əvvəlcədən dərc olunan bütün xəbərləri arxivləyir. İki ögey qardaşlar məşhur bir aktyoru öldürdükdən sonra həbs edilirlər. Bundan 10 il sonra Deutschlandradio “W.S ölümü 10 il əvvəl” adında hesabat paylaşır. Həmin hesabatda ərizəçilərin tam adı qalır və saytda yer alır. Ərizəçilər bildirırlər ki, onlar həbsxanadan çıxıblar və yenidən real həyata adaptə olmağa çalışırlar. Haqlarında belə bir məlumatın qalması və adlarının anonim şəkildə verilməsindən imtina onlar haqqında ləkəli məlumat kimi hamı tərəfindən bilinəcək və gələcəkdə potensial iş tapmaq imkanları da əllərindən alınacaq. Məhkəmə bildirir ki, cəmiyyəti məlumatlandırmaqla yanaşı mətbuatın məlumatları arxiv şəklində saxlama öhdəliyi də vardır. Məhkəmə hesab edir ki, bu tip məlumatlar hamıya açıq olduğu üçün bir çox araşdırmaya yararlı hesab olunur. Lakin məhkəmə internet mediası ilə çap mediasını burada ayırır. Məhkəmə bildirir ki, internet mediasına çatımlılıq daha rahatdır və daha çox bir şəxsin şəxsi həyat hüququnun məhdudlaşdırılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, internetdə rahat axtarış imkanları ilə əlaqəli mətbuatın ərizəçiləri barədə dərc etdiyi məlumatları digər internet istifadəçiləri tərəfindən asanlıqla tapıla bilər. Lakin bundan öncə ərizəçilərin şəxsi həyatlarına ilkin müdaxilə KİV-lərin cəmiyyəti məlumatlandırmaq marağı olmadan bu məlumatı yaymaq və xüsusən də internet saytlarında dərc etməklə baş tutur. Bununla birlikdə, məlumatın yayılmasına və məlumatın dərc edilməsinə əsaslanan fəaliyyətin təbiətinə təsir edən axtarış imkanları məlumatın subyekti olan şəxs qarşısında öhdəlikləri qurumun öhdəliklərindən fərqli ola bilər. Mətbuat orqanlarından fərqli olaraq internetdə axtarış imkanları insanlar haqqında profil yaratmaq məqsədi daşıyır.
e. Sanksiya mütənasibdirmi?
Avropa Məhkəməsi ifadə azadlığının məhdudlaşdırılmasında yalnız sanksiyanın növünün və həcminin həddən artıq çox olması və legitim məqsədlərə çatmaq üçün müvafiq olmamasını pozuntu hesab edə bilir. Ümumilikdə demokratik cəmiyyətdə zərurilik meyarının tərkibində həmçinin mütənasiblik anlayışı yer alır. Mütənasiblik anlayışı hüquqların məhdudlaşdırılmasında sanksiyaya nəzarət edir. Mütənasiblik meyarı sanksiyaya iki şərt qoyur: aidiyyatlıq və dərəcəsinə görə mütənasib olmaq. Tətbiq edilən sanksiya baş verən əmələ aidiyyatı olmalıdır. Məsələn, şəxsi həyata müdaxiləyə görə şəxsə ölkədən çıxış qadağası aiddiyata cavab verir. İkinci, dərəcəsinə görə mütənasib olmalıdır. Jurnalisti cərimələyəndə həddindən artıq yüksək miqdarda cərimələmək və ya cərimələyə bildiyi halda həbs etmək pozuntu hesab olunur. Buna səbəb ifadə azadlığının demokratik cəmiyyət üçün fundamental hüquq olması və ağır cəza digər şəxsləri hüquqdan istifadədən çəkindirmək risqinin olmasıdır. Tətbiq edilən sanskiyaların mütənasib olmaması digər jurnalistləri demokratik cəmiyyətdə zəruri hesab edilən gözətçi it vəzifələrini yerinə yetirməkdən çəkindirə bilər. Bu halda əgər digər mexanizmlərlə şəxsi həyata dəyən zərər bərpa oluna bilirsə, 8-ci maddə pul formasında kompensasiyanı zəruri etmir.[28]
Bundan əlavə, Avropa Məhkəməsi jurnalistlərin dərc elədiyi materiallarda, müsahibələrdə yaranan ifadələrə görə jurnalistin cəzalandırılması üçün çox ciddi səbəblər tələb edir.[29] Hachette Filipacchi Associés Fransaya qarşı işdə məhkəmə qeyd edir ki, digər şəxsin müsahibəsinin yayılmasında köməklik göstərən jurnalisti cəzalandırmaq ictimai marağa ciddi şəkildə maneə törədə bilər və yalnız qaçılmaz hallarda yol verilən hesab olunmalıdır.
4. Nəticə
Avropa Məhkəməsi şəxslərin şəxsi həyatını qorumağa çalışsa da, qorumağın nəticəsi kimi ifadə azadlığının məhdudlaşdırılmasının demokratik cəmiyyətdə zəruriliyini və cəmiyyətin həmin məlumatı alma hüququnun məhdudlaşdırılmasını və ictimai maraq doğuracaq xəbərin demokratik cəmiyyətdə zəruri olan debata yol açıb-açmayacağını nəzərə alır. Belə ki, şəxsi həyat hüquqi materiala, niyyətə və fərdin özəlliklərinə uyğun olaraq məhdudlaşdırıla bilir. Məhkəmə çalışır ki, fərdin şəxsi həyat hüququna qarşı jurnalistin ifadə azadlığı, ictimaiyyətin məlumat almaq hüququ və demokratik cəmiyyətdə fundamental dəyərləri qoruya bilsin.
İfadə azadlığı məhdudlaşdırılanda istifadə edilən sanksiyanın mütənasib olmaması ilə bağlı pozuntular şəxsi həyatı məhdudlaşdırmaq məqsədi daşımır. Sanksiyalarla bağlı məhdudiyyət mütənasib cəzalandırmaq və digər jurnalistləri ümumiyyətlə, ifadə azadlığını reallaşdırmaqdan çəkindirməməkdir.
Avropa Məhkəməsi baxdığı işlərdə daha çox fiziki şəxslərlə bağlı məsələləri həll etdiyi üçün onun yaratdığı bütün standartlar buna uyğun formalaşıb. Lakin Avropa Məhkəməsi hüquqi şəxslərə gəldikdə onların reputasiyasını mənəvi hissləri olmadığı üçün fərdi şəxslər qədər vacib hesab etmir. Məsələn, UJ Macarıstana qarşı işdə ərizəçi Məhkəmə, iş təcrübəsi ilə bağlı açıq müzakirələrdə ictimai maraqdan əlavə, şirkətlərin ticari müvəffəqiyyəti və fəaliyyətini, səhmdarların və işçilərin xeyrinə, eyni zamanda daha geniş iqtisadi mənfəət üçün qorumaqda rəqabəti əks etdirən marağın olduğunu qəbul edir. Buna görə də dövlət, şirkətin öz nüfuzuna xələl gətirmə risqi olan iddialara etiraz edərək zərərləri məhdudlaşdırmaq üçün daxili qanunla təmin etdiyi səlahiyyətlərə malikdir.
Məhkəmənin də bildirdiyi kimi hüquqi şəxs yalnız özündən ibarət deyildir və müxtəlif fiziki şəxslərin hüquqlarını da qoruyur. Baxmayaraq ki, hüquqi şəxsin mənəvi hissi yoxdur, lakin onun təmsil etdiyi və onun əsasında tanınan şəxslərin mənəvi hissi mövcuddur. İnsan hüquqlarında hüquqi şəxsin reputasiyası səhmdarları və işçilərinə dəyə biləcək zərərdə nəzərə alınaraq qiymətləndirilməlidir. Baxmayaraq ki Avropa Məhkəməsi bunu özü də bildirir, lakin şərt kimi nəzərə almır.
[1] “Avropa İnsan Hüquqları Məhkəməsi” nəzərdə tutulur
[2] Bundan sonra “Konvensiya”
[3]Couderc and Hachette Filipacchi Associés Fransaya qarşı [BP], no. 40454/07, § 91, 10 Noyabr 2015
[4]Pedersen and Baadsgaard Danimarkiyaya qarşı, [BP], no. 49017/99, § 71, 17 Dekabr 2004
[5]Von Hannover Almaniyaya qarşı, no. 59320/00, § 57, 24 Sentyabr 2004
[6] Handyside Birləşmiş Krallığa qarşı, no. 5493/72, § 49, 7 Dekabr 1976
[7]Pedersen and Baadsgaard Danimarkiyaya qarşı, [BP], no. 49017/99, § 78, 17 Dekabr 2004
[8] Hachette Filipacchi Associés v. France, no. 71111/01, § 43, 14 June 2007
[9] Smirnova Russiyaya qarşı, no. 46133/99 və 48183/99, § 95, 2003
[10]Benedik Sloveniyaya qarşı, no. 62357/14, § 101, 10 Sentyabr 2014
[11] Lingens Avstriyaya qarşı, no. 9815/82, § 42, 8 İyul 1986
[12]Parlament Assambleyasının 1165 (1998) saylı qətnaməsi 43-cü bənd
[13] Editions Plon Fransaya qarşı, no. 58148/00, § 44, 2004
[14] Von Hannover Almaniyaya qarşı, no. 59320/00, § 68, 24 Sentyabr 2004
[15] Bladet Tromsø and Stensaas Norveçə qarşı, no. 21980/93, §§ 59 and 62, 20 May 1999
[16] Firma EDV für Sie, EfS Elektronische Datenverarbeitung Dienstleistungs GmbH Almaniyaya qarşı, no. 32783/08 § 23, 2 Sentyabr 2014
[17]Fressoz and Roire Fransaya qarşı [BP], no. 29183/95, § 54, 1999
[18]Stoll İsveçrəyə qarşı, no. 69698/01, § 152, 2007
[19] Reklos and Davourlis Yunanistana qarşı, no. 1234/05, § 42, 15 Mart 2009
[20]Couderc and Hachette Filipacchi Associés Fransaya qarşı [BP], no. 40454/07, § 138, 10 Noyabr 2015
[21] Jersild Danimarkaya qarşı, no.15890/89, § 31, 23 Sentyabr 1994
[22] Fressoz və Roire Fransaya qarşı no. 29183/95 , § 54, 21 Yanvar 1999
[23] Hachette Filipacchi Associés Fransaya qarşı, no. 71111/01, § 46-49, 14 İyun 2007
[24]Axel Springer AG Almanyaya qarşı [GC], no. 39954/08, § 83, 7 Fevral 2012
[25]Denisov Ukraynaya qarşı, no. 76639/11, § 102, 2008
[26]Couderc and Hachette Filipacchi Associés Fransaya qarşı [BP], no. 40454/07, § 114, 10 Noyabr 2015
[27]İbid, § 121-122
[28]Kahn Almanyaya qarşı, no.38030/12 , § 75, 21 Sentyabr 2016
[29]Polanco Torres and Movilla Polanco İspaniyaya qarşı, no. 34147/06, §§ 47-48, 21 Sentyabr 2010
Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur.