Bildiyimiz kimi vərəsəlik hüququ mülki hüququn ən qədim sahələrindən biridir. Vərəsəlik hüququ dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq və vəzifələrinin, həmçinin bəzi qeyri-əmlak hüquqlarının digər şəxslərə keçməsi zamanı yaranan iсtimai münasibətləri, habelə vərəsəliklə bağlı olan digər münasibətləri tənzimləyən hüquq normalarının məсmusu başa düşülür[1]. Mülki Məcəlləyə əsasən miras vərəsələrə iki yolla – qanun üzrə və vəsiyyət üzrə keçir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı şəkildə tərtib olunmalıdır [2]. Qanunun normasından da göründüyü kimi şifahi vəsiyyətnaməyə yol verilmir. Amma bizim Mülki Məcəllədən fərqli olaraq bir sıra ölkələrin mülki qanunlarında müstəsna hal kimi şifahi vəsiyyətnamənin tərtibinə yol verilir. Bunlara misal olaraq biz Almaniya, İsveç və Türkiyə mülki qanunvericiliklərini göstərə bilərik. Bu yazımda isə Türk Mülki Məcəlləsində şifahi vəsiyyətnamə, onun tərtibi qaydası və digər məsələlər barədə məlumat verəcəyəm.
Ümumən götürdükdə Türk Mülki Məcəlləsinin (TMK) 531-ci maddəsində vəsiyyətnamənin 3 forması öz əksini tapmışdır – sadə yazılı, notarial və şifahi vəsiyyətnamə[3]. Sadə yazılı və notarial vəsiyyətnamədən hansının tərtib olunacağı vəsiyyət edənin öz seçimindən aslı olduğu halda şifahi vəsiyyətnamələr miras qoyanın öz seçimindən asılı olmur. Yəni şifahi vəsiyyətnamə qanunda istisna hal kimi nəzərdə tutulmuşdur.
Türk Mülki Məcəlləsinin 539-cu maddəsinə əsasən, vəsiyyət edən qaçılmaz ölüm təhlükəsi, nəqliyyatın dayandırılması (kəsilməsi), xəstəlik, müharibə kimi fövqəladə hallar səbəbiylə rəsmi və ya yazılı vəsiyyət edə bilmirsə, şifahi vəsiyyət edə bilər.
Qanunun müddəasından da anlaşıldığı kimi şifahi vəsiyyətnamədən istifadə olunması üçün 2 şərtin mövcud olması lazımdır. Belə ki,
- Fövqəladə halın mövcudluğu;
- Bu halın mövcudluğu səbəbindən digər vəsiyyətnamə formalarından istifadənin qeyri-mümkünlüyü.
Bu iki halın eyni vaxtda mövcud olması, şifahi vəsiyyətnamədən istifadə üçün zəruridir. Fövqəladə vəziyyətin olmasına baxmayaraq rəsmi (yəni notarial) və sadə yazılı vəsiyyətnamə tərtibi imkanı varsa şəxsin (miras qoyanın) şifahi vəsiyyətnamədən istifadə etməsinə yol verilmir.
Bəs şifahi vəsiyyətnamə necə tərtib edilir? TMK-ya əsasən bu proses 2 ardıcıl hissədən ibarətdir.
İlk hissə 539-cu maddəsinin 2-ci hissəsinə əsasən vəsiyyət edənin iradə ifadəsini 2 şahidə şifahi şəkildə deməsi və həmin şahidlərin üzərinə bu iradə ifadəsinə uyğun vəsiyyətnamə yazma və ya yazdırma öhdəliyinin qoymasından ibarətdir. Bu zaman iradə ifadəsi hər iki şahidə eyni vaxtda bildirilməlidir. Həmçinin vəsiyyət edənin iradə ifadəsini şifahi şəkildə bildirməsi vacib şərtlərdən biridir. Belə ki, miras qoyanın başqasına yazdırdığı son arzusunun şahidlərə verməsi şifahi vəsiyyətnamənin etibarsızlığına səbəb olur[4.
İkinci hissə isə şahidlərin öz üzərilərinə götürdükləri öhdəlikləri yeriə yetirməsindən ibarətir. İlk öncə bunu qeyd etmək istərdim ki, şahidlər vəsiyyət edənin onların üzərinə qoyduğu öhdəliyi (şifahi vəsiyyətnamənin rəsmiləşdirilməsi öhdəliyini) həyata keçirtmək məcubiriyyətində deyillər.
Amma onlar bu öhdəliyi qəbul etmişlərsə onu tam şəkildə yerinə yetirməyə borcludurlar. Türk Mülki Məcəlləsinə əsasən şahidlər bu vəzifəni 2 formada yerinə yetirə bilərlər. Bunlar aşağıdakılardan ibarətdir:
- Şahidlərdən birinin miras qoyanın onlara bəyan etdiyi son arzularını, bəyanın yerini, tarixini yazaraq həm özünün, həm də digər şahidin imzalayaraq vaxt itirmədən məhkəməyə verməsidir. Burada diqqət edilməli olan əsas məqamlardan biri məhkəməyə hər iki şahidin birlikdə getməsidir. Bəs şahid həmin yazını əl ilə ya hansısa yazı maşınından istifadə edərək tərtib tərtib etməlidir? Qanunda bu barədə hər hansı bir göstəriş yoxdur. Əsas fikir şahidlərdən biri tərəfindən yazılması şərti ilə, əl yazısının məcburi olmamasıdır. Yəni kompüterdən istifadə etməklə bu vəsiyyətnamə tərtib edilə bilər. Amma bəzi alimlər (məsələn Kocayusufpaşaoğlu, Tuor və s. [5]. ) bunun əksini qeyd edərək göstərirlər ki, həmin sənəd (vəsiyyətnamə) mütləq şəkildə şahidlərdən biri tərəfindən əl ilə yazılmalıdır. Onlar öz fikirlərini bununla əsaslandırırlar ki, əl ilə yazılmayan sənədin (yəni vəsiyyətnamənin) həmin 2 şahiddən biri tərəfindən yazılmasını sübüt etmək qeyri-mümkün olacaq. Bu da şifahi vəsiyyətnamənin etibarsızlığına gətirib çıxaracaq. Həmçinin 2 şahidin həmin mətni üçüncü şəxsə yazdırıb, sənədi oxumadan imzalayıb birbaşa hakimə təqdim etmə təhlükəsi də böyükdür. Fikrimcə bu əsaslandırma tam qəbulediləndir. Və Türk Mülki Məcəlləsinin müvafiq maddəsinə müvafiq dəyişiklik edilməlidir. Şahidlər tərəfindən tərtib olunmuş sənədlə bağlı digər mühüm məsələ isə TMK-nın 540-cı maddəsində öz əksini tapmışdır. Belə ki, özündə miras qoyanın son iradə ifadəsini ehtiva edən tərtib olunmuş sənəddə sənədin tərtib olunma tarixi (gün, ay və ilin) göstərilməsi və tərəflərin hər ikisinin onu imzalamasıdır. Bu qaydaya riayət olunmaması onun etibarsızllığına səbəb olur.
- Digər forma isə şahidlər vəsiyyət edənin son iradə ifadəsini vaxt itirmədən məhkəməyə gələrək hakimə bildirməsidir. Digər üsuldan fərqli olaraq burda şahidlər hakimə yazılı sənəd təqdim etmirlər. Sadəcə vəsiyyət edənin son iradə ifadəsini hakimə şihahi şəkildə bildirirlər. Qanuna əsasən hakim şahidlərin dediklərini qeydiyyata alır və həmin sənədi şahidlər imzalayır.
Türk Mülki Məcəlləsinin 540-cı maddəsinin 3-cü hissəsinə əsasən, şifahi vəsiyyət edən şəxs əgər hərbi hissədədirsə həmin hərbi hissənin vəzifəli şəxsi, ölkə hüdudlarından kənarda təyyarədədirsə həmin təyyarənin məsul şəxsi, xəstəxanadadırsa həmin xəstəxananın rəhbər vəzifəli şəxsi hakimi əvəz edir[6].
Bəs hansı hallarda şifahi vəsiyyətnamə qüvvədən düşür? Türk Mülki Məcəlləsinin 541-ci maddəsinə əsasən, şifahi vəsiyyət edən şəxs üçün sonrada başqa formalı vəsiyyətnamə tərtib etmək imkanı yaranarsa bu trixdən bir ay keçəndən sonra şifahi vəsiyyətnamə qüvvədən düşür. Göründüyü kimi şifahi vəsiyyətnaməni tərtib etməyə əsas verən hal aradan qalxdığı gündən 1 ay sonra şifahi vəsiyyətnamə qüvvədən düşür. Amma bu bir ay ərzində şəxs vəfat edərsə və ya ölənə kimi fəaliyyət qabiliyyətsiz olarsa şifahi vəsiyyətnamə qüvvədə qalır.
Nəticə
Beləliklə Türk Mülki Məcəlləsində öz əksini tapan şifahi vəsiyyətnamə institutu mütərəqqi bir institutdur. Hal-hazırki pandemiya dövründə xəstəxanalarda müalicə alan COVİD xəstələrinin bu vəsiyyətnamə növündən istifadə edərək öz əmlakları üzərində sərəncamvermək imkanının olması mülkiyyət hüquqlarının qorunması dəalət edir. Bu səbəbdən fikrimcə, Azərbaycan mülki qanunvericiliyinə bu institutun gətirilməsi mütərəqqi hal olardı.
İstifadə olunmuş ədəbiyyat siyahısı:
- Azərbaусan Resрublikasının Vərəsəlik hüququ. Sabir Allahverdiуev/ “Nurlan” nəşriууatı, Вakı-2004;
- http://e-qanun.az/framework/46944;
- https://www.mevzuat.gov.tr/MevzuatMetin/1.5.4721.pdf;
- HD 29.12.1975, 9769/9774 (Şener, Vasiyet, maddə 486, № 3);
- Tuor, Art. 506-508 N 25; Kocayusufpaşaoğlu, 14-cü paraqraf, II, 2, b.
- https://www.mevzuat.gov.tr/MevzuatMetin/1.5.4721.pdf
Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.