Sosial mediada təhqir və böhtana görə hüquqi məsuliyyət

Xüsusən son illərdə İnternet – eləcə də sosial şəbəkələr həyatımızın vacib və ayrılmaz elementinə çevrilmişdir. Odur ki, müzakirə mövzusu olan önəmli məsələlərdən biri də sosial mediada şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtanın yaratdığı məsuliyyətlə bağlıdır.

Azərbayan Respublikasının Konstitusiyasının 46-cı maddəsində qeyd edildiyi kimi, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır və şəxsiyyətin ləyaqəti dövlət tərəfindən mühafizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 19 – cu fəslidə qeyd edilmiş “Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər” bu konstitusion müddəanın təzahürlərindən biridir. Cinayət Məcəlləsinin 147 – ci maddəsi Böhtana , 148 – ci maddəsi ilə Təhqirə görə məsuliyyəti nəzərdə tutur. Gəlin öncə bu anlayışlara diqqət yetirək :

Cinayət hüquqi məsuliyyət yaradan Böhtan dedikdə – yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Həmçinin ağır və xüsusilə ağır cinayət ittiham etməklə böhtan atma isə daha sərt – 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Təsadüfi deyil ki, 14 may 2013-cü il tarixli 650-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 147.1-ci maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri “, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilmişdir. Demək ki, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında edilən böhtan da 147 – ci maddəsinin tərkibini yaradır və cinayət hüquqi məsuliyyətə səbəb olur.

Cinayət hüquqi məsuliyyət yaradan Təhqir dedikdə isə – kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Eynilə “Böhtan” cinayətində olduğu kimi 14 may 2013-cü il tarixli 650-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 148-ci maddədə də “və ya kütləvi informasiya vasitəsində” sözləri “, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilmiş və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında edilən təhqirin də cinayət hüquqi məsuliyyət yaratdığı əks edilmişdir.

O zaman sual oluna bilər : Əgər internet informasiya ehtiyatlarında, yəni eləcə də sosial şəbəkələrdə böhtan və təhqir hüquqi məsuliyyətə səbəb olursa o zaman Cinayət Məcəlləsinə yeni məzmunda 148-1 maddəsinin (  İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə ) əlavə edilməsi hansı zərurətdən irəli gəlmişdir ?

 

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37 – ci maddəsinə əsasən “Böhtan” və “Təhqir” cinayətləri üzrə cinayət təqibi xüsusi ittiham qaydasında aparılır. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Demək ki, sosial mediada kütləvi nümayiş etdirilməklə təhqirə yaxud böhtana məruz qalmış şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət etdikdə ilk öncə kim tərəfindən təhqir edildiyini də bilməlidir.

Bildiyimiz kimi, bəzi hallarda sosial şəbəkələrdə qeydiyyatdan keçmiş şəxslər öz real ad soyadlarının həmçinin digər anket məlumatlarının gizlədir – saxta istifadəçi adlarından,profil hesablarından istifadə etməklə bu cür sosial şəbəkələrdən istifadə edirlər. Təbii ki, öz-özlüyündə bu halın mövcudluğu şəxs üçün hər hansı bir hüquqi məsuliyyət yaratmır. Lakin saxta profil adlarından istifadə edən şəxslər bir sıra hallarda anonim olduqları üçün cəzasız qalacaqlarını güman edərək digər şəxsləri təhqir etməkdən və onlara böhtan atmaqdan çəkinmirlər. Odur ki, bu tip halların qarşısının alınması, dövlət tərəfindən insanların şərəf və ləyaqətinin müdafiəsinin, saxta profil hesablarından istifadə edərək insanların şərəf və ləyaqətini alçaldan, onlara böhtan atan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsinin təmini üçün 29 noyabr 2016 – cı il tarixli 444-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə  yeni məzmunda 148-1-ci maddə əlavə edilmişdir. Bu maddə ilə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə də cinayət məsuliyyətinə səbəb olur. Maddənin “Qeyd” hissəsində “saxta istifadəçi adlar, profil və ya hesablar” anlayışının açıqlaması da verilmişdir. Belə ki, həmin maddəyə əsasən : “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.”

 

“İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə” cinayətinin  “Təhqir”“Böhtan” cinayətlərindən fərqləndirən önəmli bir özəlliyi də bu cinayət üzrə cinayət təqibinin ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməsidir. Bu isə Cinayət-Prosessual Məcəlləsinin 37.5 – ci maddəsində qeyd edilən hallardan (törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda;cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə;cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə) biri olduqda cinayət təqibinin prokurorun təşəbbüsü ilə zərər çəkmiş şəxsin şikayəti olmadan da başlaya bilməsi deməkdir.

Və sonda unutmayın ki, “Fikir və söz azadlığından” sui-istifadə edərək insanların təhqir edilməsi, onlara böhtan atılması yolverilməzdir və “virtual aləmdə” bu hallara yol versəniz belə Sizi real hüquqi məsuliyyət gözləyir!

İstifadə edilmiş ədəbiyyat siyahısı:

  • Azərbaycan Respublikasının Konstitusiyası
  • Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
  • Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi
  • 29 noyabr 2016 – cı il tarixli 444-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu
  • 14 may 2013-cü il tarixli 650-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.