İctimai münasibətlərin daimi olan inkişafı, eləcə də onların tənzimlənməsinin tarixən formalaşmış təcrübəsi dövlət tərəfindən qəbul edilən qanunvericilik aktlarının həcminin və məzmununun sürətlə artmasına, mürəkkəbləşməsinə gətirib çıxarmışdır və nəticə olaraq ziddiyyətlər qaçınılmaz olmuşdur. Bu kolliziyalar Roma hüququndan hazırki dövrümüzə kimi gəlib çatan hüququn ümumi prinsipləri əsasında tənzim olunur. Həmin prinsiplər isə aşağıdakılardan ibarətdir:
1) lex superior derogat legi inferiori – üstün qanun aşağı qanunu ləğv edir;
2) lex posteriori derogat legi priori – sonrakı qanun əvvəlki qanunu ləğv edir;
3) lex specialis derogat legi generali – xüsusi qanun ümumi qanunu ləğv edir.
İlkin olaraq, bu prinsiplərin hansı hallarda və hansı ardıcıllıqla tətbiq olunmasını aydınlşdırmalıyıq. Konstitusiyamızın 12-ci maddəsinə əsasən dövlətimizin ali məqsədini üstün tutaraq bu məsələnin həllini müəyyənləşdirməliyik. Təbii ki, əgər bu prisiplərin həlli formal olaraq doğru olsa (məsələn: həqiqətən də, məsələnin həlli üçün xronoloji baxımdan sonra qüvvəyə minmiş qanundan istifadə olunur), lakin mahiyyət etibari ilə vətəndaşların vəziyyətini ağırlaşdırsa, biz mahiyyət etibari ilə vətəndaşın vəziyyətini yüngülləşdirən prinsipi tətbiq edəcəyik. Qeyd edilməlidir ki, konkret iş üzrə faktiki halların araşdılırması və qanunvericiliyin təfsiri əsasında tətbiq olunmalı olan normaların seçiminin ilk növbədə Konstitusiyanın 147-ci maddəsinin 2-ci hissəsinin və 149-cu maddəsinin müvafiq müddəalarına uyğun həyata keçirilməsi və hüququn şərhi zamanı iyerarxiya prinsipinin tətbiq edilməsi ümumi yurisdiksiyalı məhkəmələrin hüquqtətbiqedici fəaliyyətinin təzahürü kimi qəbul edilməlidir və iyerarxiya prinsipi müxtəlif hüquqi qüvvəli aktlar arasında ziddiyyət yarandıqda tətbiq olunur. Aydındır ki, müxtəlif hüquqi qüvvəyə malik olan aktlar arasında ziddiyyət olduqda asanlıqla üstün hüquqi qüvvəyə malik olan aktı tətbiq edərək ziddiyyəti aradan qaldırmaq olur. Ancaq, təəssüf ki, ziddiyyətlər eyni zamanda eyni hüquqi qüvvəli aktlar arasında da mövcud ola bilir və əsas konfiliktli hissə eyni hüquqi qüvvəli aktlar arasında ziddiyyət yarandıqda zaman və məzmun prinsipinin tətbiq olunmasıdır. Bu cür məsələ ilə bağlı bir problem olmadıqda məsələnin həllini formal olaraq davam etdirəcəyik. Zaman prinsipinə əsaslanaraq deyə bilərik ki, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Ancaq məzmun prinsipinə nəzər saldıqda burada xüsusi qanunvericilik aktının ümumi qanunvericilik aktından üstün olduğunu görəcəyik. O zaman belə bir sual yaranacaq ki, yeni qəbul olunmuş akt ümumi qanun olarsa, biz zaman prinsipinə görə məsələyə baxacağıq, yoxsa məzmun prinsipinə əsasən? Nəzərə almaq lazımdır ki, xüsusi qanun ümümi qanuna nəzərən məsələni daha dəqiq, dolğun və hərtərəfli tənzimləyir. Bu da onun daha konkret xarakter daşımasından qaynaqlanır. Biz burada hər nə qədər də zaman prinsipinə zidd olsa da, xüsusi qanunu məsələyə tətbiq edəcəyik, yəni sonraki qəbul edilmiş ümumi qanun xüsusi qanunu ləğv etmir.
Məsələni bu şəkildə qiymətləndirərək, yəni bu prinsiplərin tətbiqini, ardıcıllığını bu qaydada nəzərdən keçirərək sanki 4-cü bir prinsipin də mövcud olduğunun şahidi ola bilərik. Ancaq yeni qəbul olunmuş akt xüsusi qanun olmuş olarsa, onun tətbiqi ilə həm zaman, həm də məzmun prinsipinin şərti eyni zamanda ödənilmiş olacaqdır.
İstifadə olunan mənbələr :
Azərbaycan Respublikasının Konstitusiyası (maddə 12,147 və 149)
Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.