Müqavilə müddətinin uzadılması: Necə idarə edilməli?

Müəyyən müddətlik bağlanmış müqavilələrdə bir çox hallarda müqavilənin müddətinin uzadılması zərurəti yaranır. Məsələn tərəflər müqavilədə müəyyən edilmiş müddətdə öz öhdəliklərini icra edə bilmirlər, müqavilə üzrə əlavə ehtiyaclar yaranır və müqavilə tərəfləri həmin müqavilə çərçivəsində öz münasibətlərini davam etdirmək istəyirlər. Bu zaman müqavilənin müddətinin bitməsinə az qalmış onun müddətinin uzadılması üçün hansı addımların atılmalı olduğu məsələsi ortaya çıxır. Bu yazıda əmək və mülki hüquq münasibətləri çərçivəsində bağlanmış müqavilələrə münasibətdə onların müddətinin uzadılmasının yolları ayrı-ayrılıqda nəzərdən keçiriləcəkdir.

Əmək müqavilələrinin müddətinin uzadılması:

Əgər işçi ilə müddətli əmək müqaviləsi bağlanmışdırsa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (“Əmək Məcəlləsi”) 73.1-ci bəndinə uyğun olaraq həmin əmək müqaviləsinin müddəti bitdikdən sonra bir həftə ərzində işçi və ya işəgötürən onun ləğv edilməsi ilə bağlı müraciət etməzlərsə, belə olan halda həmin əmək müqaviləsi eyni müddətə uzadılmış hesab edilir. Bu zaman sual yaranır ki, əmək müqaviləsinin müddətinin uzadılması üçün əlavə sənədləşməyə zərurət varmı? Bununla bağlı praktikada müxtəlif yanaşmalar olsa da, qanunvecilikdə əmək müqaviləsinin müddətinin uzadılması üçün hər hansı sənədləşmə ilə bağlı tələb yoxdur.  Məlum olduğu kimi Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə edilən dəyişikliklər gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edilməlidir və həmin dəyişiklik yalnız “əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir”. Praktikada belə qəbul edilir ki, müvafiq sistemdə əmək müqaviləsinə xitam verilmədiyi halda əmək müqaviləsinin müddəti sistemdə uzadılmış hesab olunur. Doğrudur, bu zaman həmin sistem üzrə avtomatik olaraq əmək müqaviləsinin müddətinin uzadılması ilə bağlı bildiriş gəlmir. Hər bir halda bəhs olunan sistemdə müvafiq uzadılmanın həyata keçirilməsinə görə işəgötürən məsuliyyət daşıyır, odur ki, həmin sistemdə əmək müqaviləsi müddəti ilə bağlı qanunvericiliyin tələbinə uyğun olaraq bildirişin təqdim edilməsi üçün sistemdə müvafiq düzəlişin edilməsi tövsiyə edilir.

Beləliklə, kargüzarlıq baxımından əmək müqaviləsinin müddətinin uzadılması ilə bağlı əmrin və müqaviləyə əlavə razılaşmanın edilməsi tövsiyə edilsə də, müvafiq sistemdə əmək müqaviləsi bildirişinin qüvvəyə minməsi ilə əmək müqaviləsinin müddəti uzadılmış hesab edilir və əmək müqaviləsinin müddəti bitdikdən sonra bir həftə ərzində xitamla bağlı tərəflərin hər hansı biri tərəfindən digər tərəfə xəbərdarlıq ünvanlanmazsa və müvafiq sistemdə əmək müqaviləsi ləğv edilməzsə, bu, əmək müqaviləsinin müddətinin uzadılması kimi qəbul edilir.

Mülki hüquq münasibətləri çərçivəsində müqavilələrin müddətinin uzadılması:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (“Mülki Məcəllə”) 423.1-ci bəndinə görə, müqaviləyə edilən dəyişikliklər qanunvericilikdə və tərəflər arasında bağlanmış müqavilədə və ya işgüzar qaydada başqa cür nəzərdə tutulmayıbsa, bu halda onunla bağlı dəyişikliklər və razılaşmalar müqavilə ilə eyni formada olmalıdır. Göründüyü kimi burada qanunvericiliyin tələbindən, müqavilə azadlığından və praktikadan irəli gələrək müqavilə müddətinin uzadılmasının rəsmiləşdirilməsi ilə bağlı müxtəlif halları/üsulları qeyd etmək mümkündür. Həmin halların/üsulların bəzilərini aşağıda nəzərdən keçirək:

Notariat qaydasında təsdiqlənməsi tələb olunan müqavilələrə münasibətdə:

Qanunvericiliklə müəyyən edilmiş hallarda bir sıra müqavilə növləri, məsələn daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiq edilməlidir. Buna uyğun olaraq notariat qaydasında təsdiq edilmiş müqavilələrə dair digər razılaşmalar, həmçinin uzadılma şərti olmayan belə müqavilələrin müddətinin uzadılması ilə bağlı razılaşmalar notariat qaydasında təsdiq edilməlidir. Əks halda belə müqavilələrə dair başqa formada edilmiş razılaşma etibarsız hesab ediləcəkdir.

Özündə uzadılma şərtini əks etdirən müqavilələrə münasibətdə:

Bir çox hallarda müqavilədə onun müddətinin uzadılması ilə bağlı şərtlər müəyyən edilir. Bununla bağlı praktikada daha çox rast gəlinən müqavilə şərtlərini nəzərdən keçirək:

  • “Müqavilənin müddətinin bitməsinə ən az 1 ay qalmış tərəflərdən biri onun ləğv edilməsi ilə bağlı digər tərəfə yazılı formada xəbərdarlıq etməzsə, bu halda müqavilə eyni müddətə (avtomatik olaraq) uzadılmış hesab edilir”.

Müqavilədə bu məzmunda bənd qeyd edildiyi halda, müəyyən edilmiş müddət aralığında müqavilənin ləğv edilməsi ilə bağlı tərəflərdən biri digər tərəfə müqvilənin ləğv edilməsinə dair xəbərdarlıq ünvanlamadığı halda müqavilənin müddəti avtomatik olaraq qeyd edilmiş müddətə uzadılmış hesab edilir. Bu halda onun müddətinin uzadılması ilə bağlı müqaviləyə əlavə razılaşmanın edilməsi tələb olunmur. Qeyd edək ki, bəndin məzmununda “avtomatik olaraq” ifadəsindən istifadə edilmədiyi halda belə tərəflərdən biri onun ləğvi ilə bağlı xəbərdarlıq ünvanlamadığı halda, müqavilə onunla bağlı hər hansı addımın atılmasına, yazılı formada müqaviləyə dair əlavə razılaşmaya ehtiyac olmadan uzadılmış sayılır.

  • “Müqavilənin müddətinin bitməsinə ən az 1 ay qalmış tərəflərdən biri onun uzadılması ilə bağlı digər tərəfə yazılı formada müraciət etməzsə, müqavilə ləğv edilmiş hesab edilir”.

Bu misalda isə müqavilənin müddətinin uzadılması ilə bağlı tərəflərin niyyəti aydın olmalıdır və bu məzmunda müqavilənin uzadılması şərti olduğu halda müqaviləyə bununla bağlı əlavə razılaşmanın edilməsi tövsiyə edilir.

Praktikada rast gəlinən və bəzi məqamlarda problemli məsələyə çevrilə bilən hallardan biri də müqavilədə onun uzadılması ilə bağlı şərt olduğu halda müqavilənin hansı müddətə uzadılmış olması ilə bağlı qeydin olmamasıdır. Praktikada, əsasən, müqavilənin müddətinin əvvəl müəyyən edilmiş müddətə uzadılmış olması kimi qəbul edilsə də, tərəflər arasında gələcək anlaşılmazlıqların qarşısını almaq üçün müqavilə müddətinə dair müqaviləyə əlavənin edilməsi tövsiyə edilir.

Uzadılma şərti olmayan müqavilələrə münasibətdə:

Əgər müqavilədə onun yalnız qüvvədə olduğu müddət göstərilmişdirsə, bu halda müqavilə həmin qeyd edilmiş müddətdə qüvvədən düşmüş hesab edilir. Məsələn, əgər müqavilədə “Müqavilənin müddəti 1 ildir” qeyd edilmişdirsə, bu zaman müqavilə hüquqi qüvvəyə mindiyi tarixdən bir il müddətinə qüvvədə qalacaqdır. Uzadılma şərti olmayan yazılı formada razılaşdırılmış müqavilələrin müddətinin uzadılması zərurəti yarandığı zaman belə razılaşma həmin müqavilənin müddəti bitmədən öncə yazıla formada rəsmiləşdirilməli, yəni müqavilənin müddətinin uzadılması ilə bağlı tərəflər arasında əlavə razılaşma bağlanmalıdır.

Müddəti bitmiş müqavilənin müddəti uzadıla bilərmi?

Əgər müqavilədə onun uzadılma şərti yoxdursa və onun qüvvəsi ilə bağlı razılaşdırılmış müddət bitmişdirsə, bu o deməkdir ki, müqavilə qüvvədən düşmüşdür və onun hüquqi qüvvəsi yoxdur. Müddəti bitmiş müqavilə hüquqi baxımdan artıq mövcud hesab edilmədiyi üçün artıq mövcud olmayan müqavilənin müddətinin uzadılması ilə bağlı razılaşmanın da hüquqi qüvvəsi olmayacadır. Bununla belə, müddəti bitmiş müqavilə üzrə münasibətlər davam etdirilmişdirsə, bu halda Mülki Məcəllənin 357-ci maddəsinə və 399.2-ci bəndinə uyğun olaraq əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malik olmasına da əsaslanaraq yeni müqaviləninbağlanması və həmin müqavilənin faktiki baxımdan tərəflər arasında mövcud olmuş münasibətlərə də şamil edilməsi ilə bağlı müddəanın qeyd edilməsi tövsiyə olunur.

Beləliklə, tərəflər arasındakı müqavilənin növündən, forma və məzmunundan asılı olaraq müqavilənin müddətinin uzadılması yolları/üsulları fərqlənir. Müqavilənin müddətinin uzadılmasına zərurətin olub-olmaması zamanında müəyyənləşdirilməli və buna uyğun olaraq müvafiq addımlar atdılmalıdır. Belə ki, avtomatik uzadılma şərti olan müqaviləyə dair əslində münasibətin davam etdirilməsinə zərurət olmadığı halda, müqaviləni vaxtında ləğv edilməməsi nəticəsində müqavilənin müddətinin avtomatik uzadılması müqavilə üzrə tərəflər üçün öhdəlik yarada bilər. O cümlədən müddəti bitmiş müqavilə üzrə münasibətlərin davam etdirilməsi zərurətinin həmin müqavilənin müddəti bitdikdən sonra aşkarlanması tərəflər arasında yeni müqavilənin bağlanmasını tələb edəcəkdir, bu isə xüsusilə böyük həcmli müqavilə bağlanması nəzərdə tutularsa, əlavə zaman itkisinə səbəb ola bilər. Bu baxımdan müqavilə müddətinin doğru izlənməsi və zərurətdən asılı olaraq onun ləğv edilməsi və ya uzadılması ilə bağlı uyğun tədbirin əvvəlcədən müəyyənləşdirilməsi və görülməsi zəruridir.

 

İstifadə olunmuş mənbələr:

  1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
  2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

 

Müəllifin digər yazıları ilə bloqumuzdan və ya bu keçiddən istifadə edərək tanış ola bilərsiniz.

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.