“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi – I oxunuş

“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Dövlət-özəl tərəfdaşlığı nədir?

Beynəlxalq miqyasda dövlət-özəl sektor tərəfdaşlığı ictimai (dövlət) infrastruktur və ya xidmətlərin təmin edilməsi üçün dövlət və özəl sektor arasında uzunmüddətli müqavilədir və burada özəl sektor müəyyən risklər və idarəetmə məsuliyyətini daşıyır, eləcə də özəl sektora edilən ödəniş fəaliyyətin nəticələrinə əsaslanır. Bu tipli layihələrin icrası ilə dövlət, mülkiyyət və ya nəzarət mexanizmlərini özündə saxlamaqla onun tərəfindən göstərilən bir sıra xidmətləri özəl sektora ötürür və nəticədə dövlət əvvəlcədən müəyyən etdiyi tələblərə uyğun keyfiyyətli infrastruktura, əhali isə keyfiyyətli xidmətə sahib olur.

Bu tərəfdaşlığın üstünlükləri nələrdir?

Bu tərəfdaşlığın dövlət üçün alternativ maliyyələşmə mexanizmlərinin tətbiqi ilə infrastruktur layihələrinin icrasına yerli və xarici sərmayəçilərin cəlb edilməsi, dövlət büdcəsində nəzərdə tutulan investisiya xərclərinin optimallaşdırılması, ölkə infrastrukturunun özəl sektorun iştirakı ilə yenilənməsi, dövlət və ya ictimai xidmətlərin təşkilində keyfiyyətin yüksəldilməsi, investorun təcrübəsindən, səriştəsindən və müasir yanaşmalarından (innovasiyalar) istifadə etmək imkanı, özəl sektorla riskləri bölüşmək kimi üstünlükləri vardır.

Uzunmüddətli, geri qaytarıla bilən investisiya, dövlətin iştirakı ilə layihənin həyata keçirilməsi (büdcədən layihənin qismən maliyyələşdirilməsi imkanı), əlavə zəmanət əldə etmə imkanı, riskləri dövlətlə bölüşmək, özəl sektorun iqtisadiyyat və idarəetmədə iştirakının genişləndirilməsi kimi məsələlər isə investorlar üçün üstünlük təşkil edir.

Dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və dəstəklənməsi sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi yaradılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2019-cu il 16 iyul tarixli Qərarı ilə Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi haqqında nümunəvi əsasnamə təsdiq olunmuşdur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 28 oktyabr tarixində keçirilən iclasında məhz bu məsələləri tənzimləməyi nəzərdə tutan qanun layihəsi müzakirə olunub. Belə ki, sözügedən qanun layihəsi qəbul olunduğu təqdirdə investisiya qoyuluşlarının, qeyri-neft sektorunda fəallığın, dövlət-özəl tərəfdaşlığında səmərəliliyin artmasına müsbət və köklü təsirlərin olacağı gözlənilir.