Dövlət satınalmaları haqqında qanun Konstitusiya Məhkəməsi tərəfindən şərh edildi

16 sentyabr 2022-ci il tarixində AR Konstitusiya Məhkəməsində “Palladium Defence and Security Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinin  Azərbaycan  Respublikası  Konstitusiyasının   29-cu maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.

Sözügedən konstitusiya işinin predmetini “Dövlət satınalmaları haqqında” Qanunun 29.4-cü maddəsinin satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayının üç iştirakçıdan az olması səbəbindən baş tutmamış satınalmalara münasibətdə hüquqi müəyyənlik konstitusion prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılması təşkil etmişdir.

İlk olaraq, konstitusiya işi çərçivəsində şərh olunan əsas maddələrə nəzər salaq:

  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən, keçirilən satınalmalar zamanı malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu və kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün satınalan təşkilata iştirak haqqı ödəyir. Ödənilən bu iştirak haqqı heç bir halda geri qaytarılmır (29.4.).
  • Sözügedən Qanunun 11.1-ci maddəsində göstərilir ki, tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
  • Azərbaycan Respublikası  Konstitusiyasının 29-cu maddəsində qeyd olunur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında yuxarıda qeyd olunan müddəaların bir-birinə uyğunluğu araşdırılmış və qərara alınmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinin mənasına görə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinin tələbləri həmin Qanunun 11.1-ci maddəsində göstərilən əsasa görə baş tutmayan tenderə şamil edilə bilməz. Məsələ qanunvericilik qaydasında həll edilənədək “Dövlət satınalmaları haqqında” Qanunun 11.1-ci maddəsində göstərilən əsasa görə baş tutmayan, lakin gələcəkdə keçirilən tenderlərdə iştirak haqqını ödəmiş və iddiaçı kimi qeydiyyatdan keçmiş iştirakçıların iştirak haqqının əvəzləşdirilməsi Azərbaycan Respublikasının vergi qanunvericiliyində təsbit olunmuş artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi qaydalarına uyğun olaraq həyata keçirilməli və bu əvəzləşdirilmə həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş qaydada təmin edilməlidir. Habelə, qərar ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur.

Qeyd olunan məsələ ilə bağlı AR Konstitusiya Məhkəməsinin şərhi bundan ibarət olmuşdur ki, “Dövlət satınalmaları haqqında” Qanunun 29.1-ci maddəsindən görünür ki,  iştirak haqqının toplanılması ictimai mənafelərin daha yaxşı təmin edilməsi məqsədi ilə keçirilən tenderlərin təşkilinə çəkilən xərclərin qarşılanması, habelə bu tenderlərdə iştirakın ciddiyyətinin təmin edilməsi məqsədini daşıyır. Bu məqsədlər isə özlüyündə tenderin təşkili və keçirilməsinin səmərəliliyinə, dövlət vəsaitinin effektiv xərclənməsinə, nəticə etibarilə ictimai maraqlara cavab verdiyindən tenderdə iştirak haqqının toplanılması legitim hesab edilməlidir. Lakin tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayının qanunla tələb olunan saydan az olması səbəbindən davamından imtina edilmiş tenderin yenidən elan olunması zamanı əvvəlki iddiaçıdan təkrarən iştirak haqqının tutulması onu sonradan qoşulan digər iddiaçılara nisbətən əlverişsiz vəziyyətdə qoyur. Nəticədə “Dövlət satınalmaları haqqında” Qanunun preambulasında əks olunmuş mühüm prinsiplərdən birinin (bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühitinin yaradılması prinsipinin) pozulması ilə yanaşı, baş tutmamış tender iddiaçısının fərdi və həddən artıq yükə məruz qalması, mülki dövriyyə subyektlərinin dövlət satınalmalarında iştirakla bağlı təşəbbüskarlığına əlavə maneənin yaradılması da baş verir. Oxşar nəticəyə tenderin keçirilməsi ilə əlaqədar xərclərin qarşılanması məqsədinə münasibətdə də gəlmək olar. Belə ki, lazımi sayda iddiaçıların iştirak etməməsi səbəbindən tenderin davamından imtina olunması zamanı artıq yığılmış iştirak haqlarının hamısı və ya çox hissəsi, qanunla nəzərdə tutulmuş istiqamətlər üzrə xərclənməmiş qalır. Buna görə də imtina edilmiş tender üçün ödənişlərin eyni iddiaçıdan təkrar tutulması həmin subyektin fərdi və həddən artıq yükə məruz qalmasına səbəb olur. Bu fikir elektron satınalma vasitəsilə keçirilmiş satınalmalara da aiddir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, “Dövlət satınalmaları haqqında” Qanunun 29.4-cü maddəsinin müddəalarının malgöndərənlərin (podratçıların) sayının üç iştirakçıdan az olması səbəbindən baş tutmamış tenderlərə şamil edilməsi Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinin tələbləri ilə uzlaşmamasına səbəb olur. Lakin Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, bu normanın qüvvədən düşmüş hesab edilməsi ümumilikdə (sövdələşmə səbəbindən baş tutmayan və ya baş tutmuş) tenderlər üzrə toplanan iştirak haqları ilə bağlı məsələlərin tənzimetmədən kənar qalması, habelə iştirak haqlarının toplanılmasının xidmət etdiyi yuxarıda göstərilən əsas məqsədlərə nail olunmaması və dövlət satınalmalarının keçirilməsinin səmərəliliyinə ciddi zərər vurulması ilə nəticələnə bilər.

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.