Qanunvericilik rəqəmsallaşdırılır: məhkumların görüşlərdə informasiya texnologiyalarından istifadə imkanı

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilib. Dəyişikliyə əsasən, məcəllənin 81.1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlər telefon danışıqları və ya videogörüşlərlə əvəz edilir.”

Habelə, məcəlləyə aşağıdakı məzmunda 84.4-1-ci maddə əlavə edilib:

“84.4-1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçirilir. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunur.”

Qeyd edək ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 81-ci maddəsinə əsasən, məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir.