Praktikada rəqabət hüququnda rast gəlinən əsas üç məhdudlaşdırıcı/çəkindirici razılaşma (restrictive covenants) forması müəyyən edilir: 1. Non-compete clauses (rəqabət etməmə qeyd-şərti) 2. Non-solicitation clauses (tələb etməmə qeyd-şərti) 3. Non-disclosure/ confidentiality clauses (açıqlamamaq/ məxfilik qeyd-şərti). Tərcümələrinin natamamlığından göründüyü üzrə bu tipli müddəalar Azərbaycan qanunvericiliyində kifayət qədər əksini tapmadığından termin olaraq formalaşmamışdır. Bugün haqqında danışacağım non-compete clauses yəni rəqabət etməmə öhdəliyini müəyyən edən qeyd-şərtlər,yaxud razılaşmalardır.
Rəqabət etməmə öhdəliyini müəyyən edən qeyd-şərt praktikada həm əmək hüququnda, həm də müqavilə hüququnda öz əksini tapan razılaşmalardan biridir ki, bugün müqavilə hüququnda rast gəldiyimiz formadan bəhs etmək istərdim. Qısaca , rəqabət etməmə öhdəliyi müqavilələrdə ya qeyd-şərt kimi təsbit olunan, ya da ayrıca müqavilə ilə rəsmiləşdirilən və tərəfin qarşı tərəflə rəqabət aparan biznes subyektləri ilə kommersiya münasibəti qurmasını tam və yaxud qismən məhdudlaşdıran, əsasən, öhdəliyi qoyan tərəf ilə rəqabət etməmək və ya bunu məhdudlaşdırmaq məqsədilə (in-term,post-term) bağlanan razılaşmalardır (qeyd-şərtlər).
Azərbaycan qanunvericiliyində rəqabət etməmə öhdəliyi Mülki Məcəllədə yalnız iki müqavilə üzrə xüsusi norma kimi təsbit olunur: françayzinq və ticarət nümayəndəsi (agenti) haqqında müqavilə.
– Ticarət nümayəndəsi (agenti) haqqında müqavilə üzrə ticarət agentinin rəqabət aparması tərəflər arasında müqaviləyə xitam verildikdən sonra ticarət nümayəndəsinin nümayəndəlik hüququna malik olduğu əraziyə,şəxslərə və məhsul növünə şamil edilməklə xitam müddətindən başlayaraq iki ilədək qadağan edilə bilər. (AR MM-nin 799-cu maddəsi)
– Françayzinq müqaviləsi üzrə tərəflərin müqavilə münasibətlərinə xitam verildikdən sonra françayz alanın müəyyən ərazi daxilində rəqabət aparması üzərində ən çoxu 1 ilədək qadağa qoyula bilər. Əgər bu qadağa françayz alanın peşə fəaliyyəti üçün təhlükə yarada bilərsə, müqavilə müddətinin bitməsinə baxmayaraq ona müvafiq maliyyə kompensasiyası verilməlidir. (AR MM-nin 729-cu maddəsi)
Hər iki maddə də post-term yəni müqaviləyə xitam verildikdən sonra tətbiq oluna bilən öhdəlikləri təsbit edir. Ticarət nümayəndəsi haqqında müqavilə üzrə rəqabət etməmə öhdəliyi ticarət nümayəndəsinin nümayəndəlik hüququna malik olduğu ərazi anlayışında heç bir istisna müəyyən etmir, şəxs bütöv ölkə üzrə tapşıranın nümayəndəsi olaraq çıxış edibsə, bu onu bütöv ölkədə eyni məzmunlu fəaliyyətini icra etmə hüququndan məhrum edir. Bununla isə şəxsin ticarət azadlığı məhdudlaşdırılmış olur. Ticarət agenti fiziki şəxs kimi tapşıranla əmək müqaviləsi bağlamadığından, bu öhdəlik ilə onun daha sonra əmək münasibətlərinə girməsinin qarşısı alınmadığı üçün şəxsin Əmək Məcəlləsi 9.a) bəndi ilə müəyən edilən hüququ pozulmur, lakin Konstitusiyanın 59-cu maddəsi ilə təsbit olunan azad sahibkarlıq hüququnu pozur. Məlumdur ki, Mülki Məcəllənin sözügedən maddəsi Azərbaycan qanunvericiliyinə Avropa hüququndan keçmiş, Avropa hüququnda da “Sərbəst işləyən ticarət agentləri” ilə bağlı 1986-cı il tarixli 86/653 nömrəli Avropa Şurası Direktivinin 20-ci maddəsi ilə müəyyənləşdirilmişdir. 20-ci maddə AR MM-də təsbit edilən maddə ilə (MM 799-cu maddə) eyni məzmunludur. Yenə də müddəa ilə üzv ölkələrin milli qanunvericiliklərinin Şuranın direktivi ilə təsbit olunan həddi ağırlaşdırmayan şərtlərlə tətbiqinə icazə verilir. Avropa ölkələrinin çoxunun milli qanunvericiliyində ticarət agentinə tətbiq edilən post-term rəqabət etməmə qeyd-şərtinin qarşılığı olaraq ağlabatan məbləğdə kompensasiyanın tətbiqi məsələsi öz əksini tapır. Bu “ağlabatan” kompenasasiya məbləğinin ticarət agentinin itirə biləcəyi gəlirin proporsional əvəzi məbləğində olması məqsədəuyğundur.
Françayzinq müqaviləsində rəqabətin istisna edilməsinə gəldikdə, MM-in 729.1-ci maddəsinin ilk cümləsində tərəflərin müqavilə münasibətləri bitdikdən sonra da aralarında loyal rəqabət aparmağa borclu olması barədə qeyd olunur, lakin “loyal rəqabət” ifadəsinin mənası heç bir normativ aktda qeyd olunmamışdır. Tərəflərin loyal rəqabət aparması dedikdə müqavilə bitdikdən sonra bir-biriləri ilə rəqabət aparmamaları nəzərdə tutulursa, “borcludurlar” sözü 729.1-ci maddənin ikinci cümləsindəki “rəqabət aparması üzərində ən çoxu bir il müddətinə qadağan qoyula bilər” ifadəsini avtomatik olaraq imperativ xarakterə çevirir və iki cümlə arasında ziddiyyət yaradır. Loyal rəqabət ifadəsi ilə françayz alanın nou-hou və əqli mülkiyyət obyektlərindən istifadəsi, konfidensial sirrlərin yayılmasından,habelə françayz verənin müştərilərinin oğurlanması və s.-dən söhbət gedirsə, bu cür “loyal rəqabət” bu yazının əvvəlində qeyd etdiyim digər məhdudlaşdırıcı razılaşmaların (restrictive covenants) obyektidir, onların necə tənzimləndiyi haqında gələn yazılarımda danışacam.
Oxşar əlamət kimi, hər iki müqavilə formasına tətbiq olunan rəqabət etməmə qeyd-şərtində “müəyyən ərazi” daxilində aparılacaq rəqabətin sferası müəyyənləşməmişdir. Rəqabət edilməməli ərazinin çox geniş çərçivəyə malik olduğu halda bu maddənin tətbiqinin AR qanunvericiliyinə və azad sahibkarlıq prinsiplərinə zidd olmaması üçün Məcəllədə ərazi anlayışının dəqiqləşdirilməsi,habelə ərazi çərçivəsinin daraldılması haqqında müddəalar əksini tapmalıdır.
Əlavə olaraq, françyazinq müqaviləsində ticarət agenti haqqında müqavilədən fərqli olaraq həm rəqabət məhdudiyyət müddəti daha qısadır, həm də öhdəliyin qarşılığında müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ( françayz alanın peşə fəaliyyətinə təhlükə yaratdığı halda (!) – yenə qeyri-müəyyən və meyarları göstərilməmiş şərtdir.Belə ki, hansı halda bu müddəanın peşə fəaliyyətinə təhlükə yaratdığı hesab olunur? Françayzinq alanın peşə fəaliyyəti onsuz da eyni sektor üzrə eyninövlü bizneslərin françayzıdırsa, rəqabət etməmə öhdəliyi onun peşə fəaliyyətinə onsuz da mənfi təsir göstərəcəkdir. Ancaq maddənin bu hissəsinin daha anlaşıqlı və meyarlarını qeyd etdiyim aspektdən dəyərləndirməyin daha rahat olduğunu hesab edirəm) . Hər iki müqavilə subyektinin də sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq, bu onlar arasında ədalətsiz rəftarı təşkil edir. Maddənin özünə münasibətdə,kompensasiya miqdarının “müvafiq” sözüylə bildirilməsi “nəyə müvafiq?” sualını cavablamır və qeyri-müəyyənlik yaradaraq françayz verənin hüquqdan sui-istifadəsinə şərait yaradır.
Göründüyü üzrə, MM-də yalnız iki müqavilə forması üzrə post-term rəqabət etməmə qeyd-şərti öz əksini tapmışdır; 1) Dünya praktikasında kommersiya müqavilələri üzrə rəqabət etməmə qeyd-şərti distribyutorluq, səhmlərin alqı-satqısı(M&A kazuslarında) , françayzinq, ticarət agenti və digər şaquli müqavilələrdə (qeyd: Avropa hüququna görə fiziki şəxslə bağlanan ticarət agenti müqaviləsi şaquli müqavilə hesab olunmur) istifadə olunur. Bunlardan üç müqavilə xüsusən fərqlənir ki, Azərbaycan qanunvericiliyində , distribyutorluq müqaviləsindən başqa digər ikisi yuxarıda qeyd olunan maddələrlə tənzimlənir.Distribyutorluq müqaviləsinin tənzimlənməsi isə Avropa hüququnda TFEU 101-ci maddə, Vertical Restraints Guidelines, Vertical Block Exemption Regulation (VBER) kimi rəqabət və antiinhisar hüququnu tənzimləyən normaların daxilində təsbit olunur ki, kifayət qədər detallı və istisnalı olduğundan digər yazılarımı təkcə bu mövzuya həsr etməliyəm 2) Azərbaycan qanunvericiliyində in-term rəqabət etməmə qeyd-şərtinin (müqavilə dövründə qoyulan rəqabət etməmə öhdəliyi) olmaması səbəbinin müqavilə azadlığı prinsipindən irəli gəldiyini və hüququdan sui-istifadə sayılmayanadək etibarlı sayılacağını düşünürəm. Görünür ki, in-term rəqabət etməmə qeyd-şərti ilə bağlı xüsusi tənzimləmə olmadığından hüquqpozuntusu olmayanadək etibarlı razılaşmalar hesab olunacaqdır.
Bu barədə digər məsələlərə baxsaq, Mülki Məcəllənin 560.3.6. -cı maddəsinə əsasən, kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları (rəqabət etməmə ilə bağlı qeyd-şərtləri misal göstərə bilərik) əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, hüquqdan sui-istifadə sayılır. Bu maddədə qeyd olunan məhdudlaşdırıcı hərəkətlərin əsaslandığı yeganə şərt kimi “bazar şəraitinin xeyli pozulması” ifadəsi qanunvericilikdə mənası açıqlanmayan ifadələrdən biridir,yəni hansı halda bazar şəraitinin xeyli pozulmuş olduğu aydın deyildir. Bu səbəbdən, rəqabət etməmə qeyd-şərtlərinin bu maddəyə zidd olub-olmadığını aydınlaşdırmaq mümkün olmur.
Azərbaycan Respublikasının rəqabət qanunvericiliyi (Antiihisar fəaliiyəti , Haqsız Rəqabət haqqında AR qanunları) tərəflərin birinin hökmran mövqedə olduğu (müvafiq əmtəə bazarında payı 35%-dən artıq olan biznes subyekti) razılaşmalarda rəqabəti məhdudlaşdıran müddəaları, habelə hər hansı malı satıcının rəqiblərindən deyil, məhz həmin satıcıdan almağa sövq edən şərtləri, rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi (WOLT-un müqavilələrdə müstəsna kuryer xidməti göstərən şirkət olması şərtini qoyduğu kazusu xatırlayaq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu barədə hüququpozuntusu olduğunu müəyyən etmişdi) və digər vasitələrlə rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran sazişləri qeyri-qanuni hesab edir. Bəs “rəqiblə biznes münasibətinə girməmək” müddəasının tətbiqi qeyri-qanunidirsə, adını çəkdiyimiz müqavilələr üzrə rəqabət etməmə qeyd-şərti hansı sferanı əhatə edir?!
Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.