Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov tərəfindən Strasburqda, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin iştirakı ilə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 saylı Protokolu imzalanıb.
Məlum olduğu kimi, Konvensiyanın 13 saylı Protokolu bütün hallarda ölüm cəzasının ləğvinə dair müddəaları özündə ehtiva edir. Bu Protokol imzalanana kimi Azərbaycan Konvensiyanın 6 saylı Protokolunu imzalamışdı. 6 saylı Protokola əsasən, müstəsna hal kimi müharibə dövründə törədilmiş müharibə cinayətlərinə görə ölüm cəzası tətbiq etməyə yol verilirdi.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsində (Yaşamaq hüququ) ölüm cəzası, onun tətbiqi ilə bağlı bəzi müddəalar öz əksini tapmışdır. Həmçinin tərəf çıxdığımız Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakultativ Protokola qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası aşağıdakı qeyd-şərtlə 2-ci Protokola qoşulmuşdur: “Azərbaycan Respublikası 1989-cu il 15 dekabr tarixli Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakultativ Protokolunu tətbiq edərək, müharibə dövründə və ya müharibə təhlükəsi mövcud olduqda ağır cinayətlərə görə müstəsna hallarda xüsusi qanun qəbul edilməklə ölüm cəzasının tətbiqinə yol verə bilər”.
Bilindiyi kimi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən Azərbaycan Respublikasında ölüm cəzasının icrasına moratorium tətbiq olunmuşdur. Daha sonra 1998-ci ildə isə milli qanunvericiliyimizdə ölüm cəzasının tətbiqi ləğv edilmişdir. Hal-hazırda qüvvədə olan cinayət Məcəlləsində də tətbiq edilən cəza növləri arasında (42-ci maddə) ölüm cəzası yer almamışdır.
Qeyd etmək istərdik ki, müvafiq ölkədaxili ratifikasiya prosesi yekunlaşdıqdan sonra 13 saylı Protokola qoşulma proseduru tam yekunlaşacaqdır. 13 saylı Protokolun müvafiq maddələrinə əsasən, Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan dövlətlər bu Protokolun müddəaları ilə bağlı öhdəliklərdən geri çəkilə və onun müddəaları ilə bağlı heç bir qeyd-şərt edə bilməzlər.