Süni intellekt: Üstünlük və çatışmazlıqlar

Xülasə

Hazırda həyatımızı texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. Bu səbəbdən də  XXI əsri “texnologiyalar əsri” adlandıra bilərik. İnformasiya cəmiyyətini isə süni intellekt olmadan təsəvvür edə bilmərik. Süni intellekt insan kimi düşünən və qərar qəbul edə bilən texniki qurğuların yaradılmasını, insan məntiqinin maşınlarda tətbiqini nəzərdə tutur. Həmçinin süni intellekt insanların düşüncə tərzini, onun psixologiyasını, real intellektini modelləşdirən və müasir dövrdə reallaşdırılan süni yaradılmış sistemdir. Süni intellektin yaranmasının əsas məqsədi əvvəllər ənənəvi olaraq insanlar tərəfindən həll olunan məsələlərin maşınlar tərəfindən həll olunmasını təmin etmək olmuşdur və bu problem bəşəriyyət qarşısında duran mürəkkəb elmi-praktik problemlərdən biridir.

Açar sözlər: texnologiyalar əsri, süni intellekt, insan hüquqları, elektron şəxs, kibermüdaxilə, məsuliyyət

“Süni intellekt nüvə silahından da təhlükəlidir” – İlon Mask

XXI əsri “texnologiyalar əsri” adlandıran müəlliflərin fikirlərini doğru hesab edirik. Çünki hal-hazırda insan həyatını texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. Qeyd edək ki, İnformasiya cəmiyyətinin inkişafını yeni texnologiyalar olmadan təsəvvür edə bilmərik. Burada xüsusilə süni intellekt sistemlərini qeyd etmək yerinə düşərdi. Belə ki, Bernard Marr öz kitabında dünyanı əsaslı dəyişə biləcək 9 texnoloji meqatrendin adını sadalayıb. Məhz bu sadalanan texnoloji meqatrendlərdən dördüncüsü “Süni intellekt sistemlərinin sürətli inkişafı” adlanır. Bu anlayış ilk dəfə 1956-cı ildə Rockefeller İnstitutu tərəfindən maliyyələşdirilən Dartmouth Kollecindəki konfransda Con Makkarti tərəfindən işlədilib. O, bu termini Alan Türinq tərəfindən verilmiş kompüter intellekti anlayışı əsasında irəli sürmüşdür. Süni intellekt artıq o dərəcədə inkişaf etmişdir ki, süni intellektlə bağlı elmi-tədqiqat mərkəzləri fəaliyyətə başlayıb. Belə ki, “Google” şirkətinin Nyu-Yorkda, Torontoda, Londonda və Sürixdə süni intellektlə bağlı elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir. Beşinci süni intellekt elmi-tədqiqat mərkəzi isə Pekində fəaliyyətə başlayıb.

Süni intellekt insan kimi düşünən və qərar qəbul edə bilən texniki qurğuların yaradılmasını, insan məntiqinin maşınlarda tətbiqini nəzərdə tutur. Həmçinin süni intellekt insanların düşüncə tərzini, onun psixologiyasını, real intellektini modelləşdirən və müasir dövrdə reallaşdırılan süni yaradılmış sistemdir. Süni intellektin yaranmasının əsas məqsədi əvvəllər ənənəvi olaraq insanlar tərəfindən həll olunan məsələlərin maşınlar tərəfindən həll olunmasını təmin etmək olmuşdur və bu problem bəşəriyyət qarşısında duran mürəkkəb elmi-praktik problemlərdən biridir.

Süni intellektin bir çox növləri fərqləndirilir:

  • Geniş və ya güclü;
  • Məhdud və ya zəif.

Süni intellektin müxtəlif növləri ilə bağlı digər bir yanaşma isə Miçiqan Dövlət Universitetinin İnteqrativ Biologiya və Kompüter Elmləri və Mühəndisliyi dosenti olan Arend Hintzeyə məxsusdur. O, süni intellektin 4 növünü fərqləndirir:

Bu təsnifatla yanaşı, süni intellektin digər bir təsnifatını da fərqləndirirlər. Bu təsnifat aşağıda göstərilmişdir:

  • məhdudlaşdırılmış süni intellekt. Bu tip intellekt sizi, məsələn, şahmatda uda bilər. Amma ona “torpağı yemək olarmı?” sualını versəniz, cavab ala bilməzsiniz;
  • ümumi süni intellekt. Bu növ insan intellektinə maksimum yaxındır. O, məlumatları təhlil edir, digər maşınlarla ünsiyyətə girir, özünü təlimdən keçirir;
  • süni super intellekt. Bu intellekt növü o qədər inkişaf edib ki, insan intellektindən fərqlənir. Başqa sözlə, bizim intellektimiz həmin super intellektin motivlərini anlamaq üçün yetərincə inkişaf etmiş deyil.

Bu gün süni intellekt müasir texnoloji innovasiyanın və elmin ən böyük nailiyyətlərindən hesab olunur və hal-hazırda bu sistem bir çox çatışmazlıqlardan azad edilməyib. Eyni zamanda bu sistemin fayda və üstünlüklərini də qeyd etmək yerinə düşərdi. Bu üstünlükləri aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Peşəkar sistemlər yaratmaq;
  • İstehsal və digər fəaliyyət sahələrində məhsuldarlığı artırmaq;
  • İstehsal və fəaliyyətin realizə olunması üçün çəkilən digər xərcləri azaltmaq;
  • Daha az əmək qüvvəsi və daha az resurs cəlb etmək imkanını təqdim etmək;
  • Enerji sərfini minimuma endirmək;
  • Dünya bazarında daha sürətli inteqrasiya və rəqabət gücünü artırmaq;
  • İnsanların asudə vaxtını artırma imkanını yaratmaq və s.

Hazırda insan fəaliyyətinin, yəni canlı əmək qüvvəsinin tətbiq olunduğu bir çox sahələrdə süni intellektin tətbiqinə keçilməsi daha peşəkar bir sistem formalaşdırmaq, faydalı iş əmsalını artırmaq, xətaları minimuma endirmək məqsədinə xidmət edir. Sənayedə tətbiq etməklə fasiləsiz istehsalatı təmin etmək, produktivliyi artırmaq, daha az istehsal xərci ilə daha çox məhsul istehsal etmək hədəf kimi müəyyən edilmişdir. Süni intellektin tətbiqi nəticəsində canlı əmək qüvvəsi ixtisar olunmaqla daha az əmək haqqı fondu formalaşacaq, daha peşəkar işçilərə daha çox əmək haqqı ödəmək imkanı yaranacaq, itkilər minimuma enəcək,faydalı iş əmsalı yüksələcək. Süni intellektin sürətli inkişafı ilə insan fəaliyyətinin bir çox sahəsində artıq süni intellekt sistemləri fəaliyyət göstərməkdədir və bunun nəticəsində canlı əmək qüvvəsinə daha az ehtiyac yaranır ki, bu da insanların öz şəxsi inkişaflarına daha çox vaxt ayırmalarına imkan verir. Bununla yanaşı, süni intellektin istehsalat, xidmət sektorları və bu və ya digər sahələrdə tətbiqi canlı əmək qüvvəsi olan insanların əməyindən istifadənin aktuallığını və zəruriliyini minimuma endirir. Bu isə ştat vahidlərinin ixtisarı ilə insanların kütləvi şəkildə işsizliyinə səbəb olur.

Süni intellektin tətbiqinin müsbət tərəfləri və mənfi tərəflərini göstərdik. İndi isə süni intellektin mənfi xarakterizə olan aspektləriniaşağıdakı sxemdə qeyd edək:

Süni intellekt sistemlərinin ən böyük çatışmazlıqlarından biri hüquqpozmalar, hüquqi məsuliyyət və hüquqi tənzimləmə problemləridir. Belə ki, sünin intellektin nailiyyətlərindən müxtəlif sahələrdə tətbiq edilməsi yeni hüquqi tənzimləmə sisteminin də formalaşmasını zəruri edir. Bunun üçün görüləcək əsas tədbirlərdən biri hüquq normalarının daha da təkmilləşdirilməsidir. Belə ki, sürücüsüz avtomobillər tərəfindən yol hərəkəti qaydasının pozulması və nəticədə insanların həlak olması mümkün ola biləcək bir problemdir. Bu halda hansı subyektin  (avtomobilin sahibi, avtomobili istehsal edən şirkət, proqram təminatını həyata keçirən şirkət və s.) məsuliyyətə cəlb olunacağı məsələsi ciddi problemlər yarada bilər və ya əmək prosesində süni intellekt sistemində yaranan problem və onun ağır nəticəsinə görə hansı subyektin (işçi, müəssisə rəhbəri, istehsalçı şirkət, proqram təminatını həyata keçirən şirkət, sazlayıcı və s.) cavabdehlik daşıması da problemli məsələlərdən biridir.

Qeyd etmək lazımdır ki, hal-hazırda süni intellekt hüquq subyekti olaraq tanınmır və buna görə də süni intellektin səbəb olduğu zərərə görə məsuliyyətə cəlb edilməsi qeyri-mümkündür. Buradan belə aydın olur ki, biz süni intellekti nə fiziki şəxs, nə də hüquqi şəxs hesab edə bilmərik. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24-cü maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Hüquqi şəxs isə 43-cü maddədən göründüyü kimi qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış bir qurumdur və bu qurum bir çox hüquqlara malikdir. Müxtəlif ədəbiyyatlarda süni intellekt üçün qanunvericiliyə fiziki və hüquqi şəxslərlə yanaşı üçüncü bir kateqoriya kimi elektron şəxs (Electronic personhood) anlayışının daxil edilməsi müzakirə olunur, lakin bunun reallaşacağı hələ ki qeyri-mümkündür. Bəs o zaman süni intellektə malik bir robot və ya kompüter sistemi hər hansı şəxsə mülki xarakterli zərər vursa, kim məsuliyyət daşıyacaq? Aydındır ki, süni intellekt hüququn subyekti olaraq tanınmadığı üçün birbaşa məsuliyyət daşımayacaq. Mülki qanunvericilikdə süni intellektin deliktlərinə aid ayrıca norma yoxdur və bu zaman ən uyğun variant kimi qanunun analogiyasına müraciət edilməlidir.

“Beynəlxalq Müqavilələrdə Elektron Komunikasiya Vasitələrinin Tətbiqi haqqında” BMT konvensiyasının 12-ci maddəsinə görə kompüterin adından çıxış etdiyi, daha doğrusu, proqramlaşdırıldığı şəxs, həmin kompüter və ya sistem tərəfindən göndərilən mesaja görə məsuliyyət daşıyır. Digər bir yanaşma isə süni intellekt və Roma hüququndakı kölənin statusunun oxşarlıq təşkil etməsidir. Belə ki, həm süni intellekt, həm də kölə hüququn subyekti deyil, daha çox onun obyektidir. Onlar nə hüquqa, nə də vəzifələrə sahibdirlər. Bu oxşarlıqdan çıxış edərək demək mümükündür ki, süni intellektin əməlləri nəticəsində dəyən zərər onun mülkiyyətçisi tərəfindən kompensasiya edilməlidir.

Süni intellekt sistemlərinin törətdiyi əməllərə görə məsuliyyət məsələlərində digər bir yanaşma kimi Mülki Məcəllənin 1108-ci maddəsində əks olunanlardır. Belə ki, 1108-ci maddədə “Yüksək təhlükə mənbəyi olan fəaliyyətin vurduğu zərərə görə məsuliyyət” məsələləri öz əksini tapmışdır. Süni intellekti yüksək təhlükə mənbəyi hesab etsək onun mülkiyyətçisi və ya ona başqa cür sahiblik edən şəxs təqsiri olmadıqda belə məsuliyyət daşıya bilər. Buradan belə bir sual ortaya çıxır ki, süni intellekti yüksək təhlükə mənbəyi saymaq olarmı?

Qeyd edək ki, yüksək təhlükə mənbəyi ilə bağlı iki nəzəriyyə müvcuddur: Obyekt nəzəriyyəsi və fəaliyyət nəzəriyyəsi. Obyekt nəzəriyyəsinə görə, yüksək təhlükə mənbəyi fiziki dünyanın şəxs tərəfindən tamamilə idarə və nəzarət edilə bilməyən obyektidir. Fəaliyyət nəzəriyyəsi isə ətrafdakılar üçün yüksək təhlükənin mənbəyi kimi müəyyən növ fəaliyyətləri əsas götürür. Deməli hər iki nəzəriyyə müəyyən obyektlərin və onların fəaliyyətinin insanlar üçün yüksək təhlükə yaratmasına işarə edir. Yüksək təhlükə mənbəyi dedikdə maddi aləmin spesifik xüsusiyyətlərə malik obyektləri nəzərdə tutulur. Bu anlayış süni intellektə tamamilə  uyğundur. Belə ki, süni intellekt qəbul etdiyi informasiyadan və öz təcrübələrindən nəticə çıxarmağa və bu nəticələrə uyğun müstəqil qərarlar verməyə qadir olduğu üçün onun fəaliyyəti də yüksək təhlükə mənbəyi hesab edilməlidir. Bu halda süni intellektin vurduğu zərərə görə MM-in 1108-ci maddəsinin tətbiqi mümkündür. Yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyət hətta mülkiyyətçinin təqsiri olmadıqda belə yaranır.

Süni intellekt sistemlərinin digər bir çatışmayan cəhəti gender əsaslı ayrı-seçkiliyin mövcud olmasıdır. Bu cür ayrı-seçkiliyə tipik nümunə kimi Google Translate-i qeyd etmək olar. Belə ki, Google Translate cinsi neytral əvəzlikləri cinsi stereotip əvəzliklərə çevirir. Məsələn, “o, tibb bacısıdır” ifadəsi ingilis dilində “she is a nurse” kimi tərcümə olunursa, “o, sürücüdür” kimi cümlələrdə isə “he is adriver” kimi tərcümə olunur. Maraqlıdır ki, “onun yaşamaq hüququ var”  kimi ümumi xarakterli cümlələrdə üçüncü şəxsin təkinin kişi cinsi kimi tərcümə olunur. Müəlliflər hesab edirlər ki, adi tərcümə proqramlarında mövcud olan bu gender bərabərsizliyi cəmiyyətdəki ayrı-seçkilikdən irəli gəlir. Digər bir nümunə kimi Şaron Silk Karti tərəfindən 2011-ci ildə aparılan araşdırmadır. Belə ki, Şaron Silk Karti bu araşdırmadan belə bir nəticəyə gəlmişdir ki, “Ford Focus”un 2012 modelində səs idarəetmə sistemləri qadın səslərini təyin edə bilmir. Müəlliflər müəyyən etmişdir ki, tərcümə proqramlarında olan bu ayrı-seçkiliklər cəmiyyətdə mövcud olan ayrı-seçkiliklərdən qaynaqlanmışdır.

Son olaraq qeyd etmək lazımdır ki, süni inteketlə bağlı məsələlərin tam olaraq nə beynəlxalq, nə də milli qanunvericilikdə tənzimlənməməsi bir çox hallarda bəzi məsələlərin həllində problemlər yaradır. Məsələn, məsuliyyət və s. hallarda. Bütün bu kimi problemlər aradan qaldırıldıqdan sonra süni intellekt ən yaxşı və ən üstün intellektual sistemə çevrilə biləcək. Lakin unutmaq olmaz ki, ən yaxşı və ən üstün intellektual sistem süni intellektin belə özünü yaratmış olan insanın özüdür.

İstifadə olunmuş ədəbiyyat:

  1. Gülnaz Rzayeva, Aytəkin İbrahimova. Süni intellekt, insan hüquqları və fərdi məlumatların təhlükəsizliyi. Dərs vəsaiti. Bakı: “Nurlar” nəşriyyatı, 2021, 200 s;
  2. “Politcon” veb səhifə. İbrahim Məmmədzadə, “Süni intellekt və mülki hüquqi məsuliyyət”, 15 may 2020-ci il. URL: https://politicon.co/az/essays/29/artificial-intelligence-and-civil-legal-responsibility.

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.