Hər birimiz gündəlik həyatımızda ictimai münasibətlərin tərəfi oluruq və tərəfi olduğumuz münasibətlərin müəyyən hissəsi qanunvericiliklə tənzimlənir. Hansı münasibətlərin qanunvericiliklə tənzimlənməli olub-olmaması ilə bağlı hüquq elmində və münasibətlərin yarandığı dövlətlərdə (hüquqi sistemlərində) müxtəlif yanaşmalar mövcuddur. Bu səbəbdəndir ki, eyni əməl fərqli yurisdiksiyalarda fərqli formada tövsif olunur və fərqli hüquqi nəticələrə səbəb olur.
Nifrət nitqi nədir?
Azərbaycan qanunvericiliyində nifrət nitqinin anlayışı verilmir. Xarici ölkələrin qanunvericiliyinə nəzər yetirsək, Kanada qanunvericiliyində birbaşa nifrət nitqi ifadəsindən istifadə edilməsə də “hər hansı ictimai yerdə ifadə olunan, müəyyən edilə bilən qrupa qarşı nifrət oyadan və ictimai asayişin pozulmasına gətirib çıxara bilən bəyanatlar” nifrətə ictimai təhrik adlanır və cinayət hesab edilir.[1] Müəyyən edilə bilən qrup dedikdə dərisinin rənginə, irqinə, dininə, milli və ya etnik mənşəyinə, yaşına, cinsinə, cinsi oriyentasiyasına, gender identikliyinə və ya özünüifadəsinə, habelə əqli və fiziki qüsurlara görə fərqlənən cəmiyyətin hər hansı bir hissəsi nəzərdə tutulur.[2]
Fransa qanunvericiliyində də nifrət nitqi anlayışının tərifi verilmir lakin mahiyyət olaraq ictimai yerlərdə və ya yığıncaqlarda nitqlər, çağırışlar və ya təhdidlər, yaxud yazılar, çap olunmuş nəşrlər, şəkillər, qravüralar, rəsmlər, emblemlər,… vasitəsilə bir şəxsə və ya bir qrup şəxsə onların əsilləri və ya müəyyən etnik qrup, milliyət, irq və ya dinə mənsub olub-olmamaqlarına görə onlara qarşı ayrı-seçkilik, nifrət və ya zorakılığa provokasiya etmək məsuliyyətə səbəb olur.[3]
Nifrət nitqi qanunvericiliklə tənzimlənməlidirmi?
Müasir hüquq sistemlərində nifrət nitqinin tənzimlənməsində iki yanaşma mövcuddur: ifadə azadlığını heç bir halda məhdudlaşdırılmadığı klassik amerikan yanaşması və müəyyən legitim məqsədlərlə ifadə azadlığının məhdudlaşdırılmasına yol verən avropa yanaşması.
Amerika Birləşmiş Ştatlarının Konstitusiyasına 1-ci Düzəlişə əsasən Konqres söz və ya mətbuat azadlığını məhdudlaşdıran heç bir qanun qəbul etməməlidir.[4] Bununla amerika hüquq sistemi söz və ifadə azadlığını məhdudlaşdırılmayan hüquqlar (“absolute right”) siyahısına əlavə etmiş oldu.
Bunun əksinə, Avropada presedent hüququnun formalaşmasına birbaşa təsir göstərən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai asayişin təmin edilməsi və müəyyən digər məqsədlərlə ifadə azadlığının qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala biləcəyi təsbit edilmişdir. Konvensiyada ifadə azadlığı dedikdə öz rəyində qalmaq azadlığı, dövlət orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı nəzərdə tutulur.[5]
Bununla belə qeyd edilməlidir ki, amerikanların absolutist yanaşması qanunvericilikdə öz əksini tapsa da praktikada müəyyən istisnalara yol verilmişdir. Belə ki, 2021-ci ilin yanvar ayında Co Baydenin ABŞ prezident seçkilərində qalib gəlməsinə etiraz olaraq Donald Trampın seçiciləri ABŞ Konqres binasına hücum etmişdirlər və Trampın öz sosial şəbəkə hesablarında seçkilərin saxtalaşdırılması ilə bağlı paylaşımları bu üsyanı daha da alovlandırmışdır, hadisə nəticəsində yaralananlar və ölənlər var idi. Bu səbəbdən, Trampın Facebook, İnstagram və Twitter hesabları müvəqqəti dayandırılmışdır. Hətta, Twitter-dən məsələ ilə bağlı paylaşımların davam edəcəyi təqdirdə “şiddət riski”nin qarşısını almaq məqsədilə D.Trampın hesabının daimi bağlanacağı ilə bağlı xəbərdarlıq edilmişdir.[6]
Şiddət və zorakılığa çağırış mövcud cəmiyyətlər arasında nisbətən demokratiklərini belə müəyyən müdaxilələr etməyə vadar edir. Ümumiyyətlə, söz və ifadə azadlığına cəmiyyətdən qopmuş, müstəqil bir məhfum kimi baxılması problematikdir. Bu yanaşma nifrət nitqinə sadəcə “söz” kimi baxılması və “sözün” apriori heç kəsə zərərinin ola bilməməsi kimi yanlış düşüncəyə gətirib çıxara bilər. Bu səbəbdən, şiddətə açıq çağırışlar onların ehtimal edilən nəticələri, yəni iğtişaş, nifrət cinayətləri və bu qəbildən ictimai təhlükəli hərəkətlərlə birgə təhlil edilməlidirlər.
Nifrət nitqinə görə dünya təcrübəsində hansı sanksiyalar tətbiq edilir?
Fransa qanunvericiliyində nifrət nitqinə görə bir il azadlıqdan məhrumetmə və/və ya 45 000 avro cərimə nəzərdə tutulub.[7] Kanada qanunvericiliyinə əsasən isə nifrət nitqi iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.[8]
Əhəmiyyətli məqamlardan biri odur ki, Fransa qanunvericiliyinə əsasən Qanunda qeyd edilən hərəkətlər vəzifəli şəxs və ya ictimai missiya ilə səlahiyyətlənmiş şəxs tərəfindən öz funksiyalarını və ya missiyasını yerinə yetirərkən törədildikdə azadlıqdan məhrum etmə üç ilədək və cərimə 75 000 avroyadək artılır.[9]
İctimai fiqurlar və müəyyən kütlələrə təsiri olan şəxslər tərəfindən nifrətə təşviq edən çıxışların edilməsi digər şəxslərlə müqayisədə daha təhlükəlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bu mövzuda siyasətçilərin öz ictimai çıxışlarında dözümsüzlük yarada biləcək fikirlərdən yayınmasının vacibliyini vurğulamışdır. Bundan əlavə, Məhkəmə hesab edir ki, nifrətə təhrik dedikdə mütləq müəyyən zorakılıq aktı və ya başqa cinayət əməli törətməyə çağırış etmək nəzərdə tutulmur.[10]
Nifrət nitqi cəmiyyətdə nifrət cinayətləri üçün münbit şərait yaratmaqdadır. O baxımdan, şəxslər, xüsusilə də ictimai fiqurlar öz kütləvi çıxışlarında müəyyən meyarlara görə insanlar arasında ayrı-seçkiliyi əsaslandıra biləcək çıxışlardan çəkinməlidirlər, onlar bunu etmədiyi təqdirdə isə ümumi rifah və gələcəkdə baş verə biləcək faciələrin qarşısını almaq məqsədilə cəmiyyətlərin demokratikləri bunun qarşısını almaq üçün tədbir görməlidirlər.
Azərbaycan qanunvericiliyində nifrət nitqi necə tənzimlənir?
Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Həmin maddənin III hissəsinə əsasən irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.[11]
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-cü maddəsinə əsasən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur.[12]
Yekun
Konstitusiya və Cinayət Məcəlləsi bu məsələni çox aydın şəkildə təsbit etsə də, ədavət və düşmənçilik oyadan təşviqat və təbliğatın qarşısının alınmasında praktik təcrübə mövcud deyil. Belə ki, 2021-ci ildə sosial şəbəkələr üzərindən dözümsüzlük və nifrət oyadan təşviqat aparan bir sıra şəxslər barəsində tədbirlərin görülməməsi qanunvericiliyin tətbiqində ciddi nöqsanların göstəricisidir.
283-cü maddənin tətbiqi ilə fikir ayrılıqlarının qarşısının alınması məqsədilə maddənin aşağıdakı redaksiyada verilməsi məqsədəuyğun olardı:
“milli, irqi, dini və ya digər əsaslarla nifrət və düşmənçiliyin salınmasına, habelə həmin əsaslarla bir şəxsin və ya bir qrup şəxsin hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn kütləvi çıxışlar, çağırışlar və ya hərəkətlər, o cümlədən internet informasiya ehtiyatları vasitəsilə törədildikdə”
Maddəyə aşağıdakı məzmunda qeydin əlavə edilməsi zəruridir:
“Qeyd: Bu Məcəllənin 283-cü maddəsində “kütləvi” dedikdə ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə nəzərdə tutulur.”
Son zamanlar sosial şəbəkələrin şəxslərə verdiyi azadlıq səviyyəsi insanların ondan sui-istifadə etməsi ilə nəticələnmişdir. Qanunvericiliyə təklif edilən dəyişikliklərin qəbul edilməsinin səlahiyyətli şəxslər tərəfindən sui-istifadə mənbəyinə çevrilməyəciyi təqdirdə ictimai təhlükəsizlik məqsədlərinə xidmət edəcəyinə inanıram.
Nifrət nitqini kriminallaşdırmadan belə ümumbəşəri dəyərlərə hörmət edən və insanlar arasında nifaq yaradan mülahizələrin olmadığı bir cəmiyyətdə yaşamaq ümidi ilə.
[1] Kanada Cinayət Məcəlləsinin 319 (1)-ci maddəsi
[2] Kanada Cinayət Məcəlləsinin 318-ci maddəsi
[3] “Mətbuat azadlığı haqqında” Fransa Respublikasının 29 iyul 1881-ci il tarixli Qanununun 23 və 24-cü maddələri
[4] Amerika Birləşmiş Ştatlarının Konstitusiyası və Düzəlişlər
[5] Avropa İnsan Hüquqları Konvensiyası
[6] “The Guardian” xəbər agentliyinin məlumatı
[7] “Mətbuat azadlığı haqqında” Fransa Respublikasının 29 iyul 1881-ci il tarixli Qanununun 24-cü maddəsi
[8] Kanada Cinayət Məcəlləsinin 319 (1)-ci maddəsi
[9] “Mətbuat azadlığı haqqında” Fransa Respublikasının 29 iyul 1881-ci il tarixli Qanununun 24a maddəsi
[10] Féret v. Belçika (müraciət n. 15615/07), §73 və §75
[11] Azərbaycan Respublikasının Konstitusiyası
[12] Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.