Rəqabət hüququnda “müvafiq bazar”ın müəyyən edilməsi

Rəqabət hüququnun öyrəndiyi və araşdırdığı ən əsas sahələrdən biri “hökmran mövqe”nin müəyyən edilməsidir. Hökmran mövqe bazarda inhisar (monopoliya) yaratdığından rəqabəti məhdudlaşdıran ünsür olaraq görüldüyünə görə rəqabət hüququnda mühüm rol oynayır. Xarici praktikada əksərən, hökmran mövqenin təyin edilməsi hallardan asılı olaraq dəyişsə də, Azərbaycan qanunvericiliyinə əsasən hökmran mövqe dedikdə bazarda payı 35% faizdən çox olan təsərrüfat subyektləri nəzərdə tutulur.  Bəs “bazar” anlayışı (relevant market) rəqabət hüququnda necə müəyyənləşdirilir?

Bazar anlayışı Avropa komissiyasının müəyyən etdiyi qaydalara (EC Notice: 97/C 372/03), habelə o qaydaları əsas götürüb milli qanunvericiliklərində istifadə edən bir çox ölkələrin (Avropa ölkələri, Türkiyə) praktikası və digər ölkələrin (ABŞ və digərləri) təcrübəsinə əsasən iki istiqamət əsasında araşdırılıb müəyyən edilir: müvafiq əmtəə (məhsul) bazarı və müvafiq coğrafi (ərazi) bazarı. 

Müvafiq əmtəə bazarı istehlakçının nəzərində eyni və ya malik olduğu xüsusiyyətləri oxşar olan, əvəzlənə bilən məhsulları əhatə edir. Müvafiq əmtəə bazarının müəyyən edilməsi üçün iki əsas prinsip mövcuddur:

1.      Tələb əvəzediciliyi (demand substitution) müəyyən məhsul növündə hər hansı qiymət artımı (5-10% qədər) olacağı fərz edildikdə (baş verdikdə) istehlakçıların həmin məhsul növü yerinə ona oxşar digər məhsul növünə yönəlib-yönəlməyəcəyidir. Əgər istehlakçılar qiymət artımı, yaxud araşdırma üçün tətbiq edilən başqa səbəbdən məhsulu oxşar məhsulara dəyişə bilirsə, bu zaman bu məhsul növləri eyni əmtəə bazarına məxsus hesab edilirlər.

2.      Təklif əvəzediciliyi (supply substitution) prinsipinə görə müəyyən məhsul növlərində qiymət artımı və yaxud digər səbəblərdən dəyişiklik olduğu halda daha əvvəl oxşar məhsul növlərini istehsal edən digər müəssisələr bazarda təklif yaratmaq məqsədilə qiyməti artan məhsul növünü də istehsal/satış edə bilər. Əgər müəssisənin onun fəaliyyəti üçün yeni məhsul növü sayılan istehsalı əvvəlki istehsallarından xüsusiyyəti, dəyəri, tələb olunan əmək etibarilə kəskin fərqlənmirsə müəssisənin əvvəlki istehsalları ilə yeni istehsalı olan məhsul növləri eyni əmtəə bazarına aid edilə bilir. Bu zaman müəssisələr yeni məhsul növünün istehsalı ilə bazarda təklif yaradır, müəyyən məhsul növü üzrə brendlər arasında rəqabət yaranır.

Məsələn, mozerella pendiri, holland pendiri və kaşar pendiri adlı üç pendir növü üzrə tələb və təklif əvəzediciliyini araşdıraq. Mozerella pendirinin qiymətində ola biləcək hər hansı qiymət artımı nəticəsində (təxminən 5-10%-lik artım) istehlakçılar xüsusiyyətləri etibarilə bir-birinə oxşar, lakin qiyməti daha ucuz olan holland və kaşar pendirlərini almağa yönələ bilərlər ki bununla tələb əvəzediciliyi yaranır. Məhsulların oxşar xüsusiyyətlərinə görə bu cür əvəz ediləbilməsi ilə adı çəkilən üç pendir növü eyni məhsul bazarına aid edilə bilər.

Digər tərəfdən, A müəssisəsinin yalnız kaşar və holland pendiri istehsal etdiyini, B müəssisəsinin isə istehsal etdiyi mozerella pendirinin qiymətinin artdığını fərz edək. A müəssisəsi B müəssisəsinin istehsalı olan mozerella pendirinin qiymətinin artmasını özü mozerella pendiri istehsal etməklə fürsətə çevirə bilər. Məlumdur ki, A müəssisəsinin mozerella pendiri istehsal etməsi üçün digər istehsallarından (kaşar pendiri və holland pendiri) kəskin fərqlənən əlavə xərc və əlavə əmək sərf etməyinə ehtiyacı olmayacaqdır. Beləliklə A müəssisəsi istehsal etdiyi mozerella pendirini bazara təklif edərək B müəssisəsinin mozerella pendiri ilə rəqabət yaradacaqdır. Təklif əvəzediciliyi baxımından isə mozerella pendirinin istehsalı A müəssisəsi üçün kaşar və holland pendirlərinin istehsalından kəskin fərqlənmirsə, deməli istehsalçı bu üç məhsul növünü bazara təklif etmək üçün eyni və ya oxşar resurslardan istifadə edir, bununla aydın olur ki, üç məhsul növü də eyni əmtəə bazarına aiddir.  

Müvafiq ərazi bazarı ortaq məhsullara tətbiq olunan rəqabət şərtlərinin eyni və ya çox oxşar olduğu bazardır. Rəqabət şərtlərinə regionlararası məhsulların satışının oxşarlığı, qiymətlərin eyniliyi və ya yaxınlığı daxildir. Bu baxımdan, məhsul yalnız bir şəhər üzrə satılırsa müvafiq ərazi bazarı bir şəhəri, bütün dünya üzrə eyni rəqabət şərtləri ilə satılırsa məhsul üzrə bütün dünyanı belə əhatə edə bilər.

Məhsul və ərazi bazarının müəyyən edilməsi zamanı sadalananlardan əlavə, bazarın,müştəri düşüncələrinin, tələb-təklifin əvəzedilməsinə maneələrin, yaxın keçmişdə məhsullarda qiymət dəyişikliyi zamanı müşahidə olunan halların, ərazi üzrə qiymətlərin və rəqabətin digər şərtlərinin uyğunluğunun araşdırılması kimi kriteriyalar nəzərə alınır.

Azərbaycan qanunvericiliyinə əsasən hökmran mövqeni təyin etmək üçün bazar payı hesablanmalıdır. Bazar payı necə hesablanır və bazar anlayışı necə müəyyən edilir?

İlk növbədə bildirim ki, Azərbaycan qanunvericiliyində “bazar” anlayışının açıqlaması əksini tapmamışdır. Əvəzinə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda “müvafiq əmtəə bazarı” ifadəsi öz əksini tapır. Qanunun əsas anlayışlarında hökmran mövqe ifadəsini açıqlayarkən “bazar” sözü istifadə olunur, lakin qanunboyu bazar yox “müvafiq əmtəə bazarı”na istinad olunur. Artıq yuxarıda bildirdiyim üzrə ilk səhv bazarın tərkib hissəsi olan “müvafiq əmtəə bazarı”nın “bazar” əvəzində istifadə olunmasıdır ki bu da ərazi bazarını istisna etməyə səbəb olur. Ərazi bazarını istisna edərək bazar anlayışına fəaliyyət göstərdiyi yerdən asılı olmayaraq baxılır. Praktikada bazar bütöv Azəybaycan ərazisini əhatə edir. Bu qaydadan çıxış edərək belə misal göstərə bilərik; müəssisənin satışı yalnız Ağdaş rayonunu əhatə edirsə və Ağdaş rayonu üzrə həmin məhsulun rəqabət şərtləri Bakı şəhərindən kəskin fərqlənirsə, müəssisə Ağdaş rayonu üzrə bazarda 35%-dən çox payı olmasına baxmayaraq bütöv Azərbaycan ərazisində 35%-dən az paya malik olacaq (ərazi böyüdükcə faiz kiçildiyinə görə) və inhisar fəaliyyəti ilə məşğul olan subyekt sayılmayacaqdır.  Halbuki müəssisə Ağdaş rayonu ərazisində inhisarçılıqla məşğul idi və bu qaydaya əsasən inhisar subyekti olmaqdan xilas oldu.

Müvafiq əmtəə bazarı olaraq ayrıca dəyərləndirsək, ikinci səhv ondan ibarətdir ki, Azərbaycan Respublikasında müvafiq əmtəə bazarında bazar payı iqtisadi təsnifat növləri üzrə müəyyən edilir. Bu da o deməkdir ki, müvafiq əmtəə bazarı yuxarıda sadalanan kriteriyalar, tələb və təklif əvəzediciliyi, məhsullar üzrə ayrı-ayrılıqda təhlil edilmədən müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasında müvafiq əmtəə bazarı aşağıdakı seleksiyalardan ibarətdir: a)Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq b) Mədənçıxarma sənayesi c) Emal sənayesi d) Elektrik enerjisi,qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı e) Su təchizatı; tullantıların təmizlənməsi və emalı f) Tikinti g) Ticarət;nəqliyyat vasitələrinin təmiri h) Nəqliyyat və anbar təsərrüfatı i)Turistlərin yerləşdirilməsi və ictimai iaşə j) İnformasiya və rabitə k) Maliyyə və sığorta fəaliyyəti l) Daşınmaz əmlakla əlaqədar əməliyyatlar m) Peşə,elmi və texniki fəaliyyət n)İnzibati və tardıçmı xidmətlərin göstərilməsi o) Dövlət idarəetməsi və müdafiə;sosial təminat p) Təhsill r) Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi s) İstirahət,əyləncə və incəsənət sahəsində fəaliyyət t) Digər sahələrdə xidmətlərin göstərilməsi. Göründüyü üzrə, müvafiq əmtəə bazarı yalnız iqtisadi fəaliyyət sahəsi prizmasından dəyərləndirilmişdir.

      Müvafiq əmtəə bazarının təyin edilməsi ilə bağlı məşhur bir faktdan da misal vermək istərdim:

Hökmran mövqenin müəyyənləşdirilməsi ilə bağlı Bananın Avropada əsas istehsalçısı olan “United Brands” şirkəti ilə Avropa Komissiyası arasında olan məşhur kazusda müvafiq əmtəə bazarının meyvə bazarı olduğuna dair şirkətin qaldırdığı iddia Avropa İttifaqının Ədalət Məhkəməsi tərəfindən rədd edilmiş və bananın əvəz edilə bilmə və digər xarakterləri baxımından ümumi meyvə bazarının tərkibində deyil, banan bazarının ayrıca müvafiq əmtəə bazarı olduğu qət edilmişdi (United Brands Company v European Comission -1976). Bananın müvafiq əmtəə bazarı, Avropanın isə müvafiq coğrafi bazar təyin olunduğu bu kazus müvafiq əmtəə bazarının müəyyən edilməsində mühüm rol oynayır. Təəssüf ki, Azərbaycanda nəinki banan, hətta meyvə-tərəvəz istehsalı/satışı bazarı belə ayrıca götürülmür. Bu hal isə inhisar subyektlərinin sui-istifadəsinə və rəqabətin məhdudlaşmasına səbəb ola bilər, çünki müvafiq əmtəə bazarı nə qədər geniş olsa müəssisənin bazar payı o qədər aşağı olacaq və 35%-i keçməsi çətinləşəcəkdir. Bu halda, Azərbaycanda tətbiq edilən müvafiq əmtəə bazarları üzrə bazar payı 35%-i keçən subyekt yalnız meqa inhisarçı olacaqdır, spesifik məhsullar və ərazilər üzrə inhisarı isə gözdən qaçırılacaqdır.

      Yuxarıda qeyd edilən xarici dövlətlərin praktikaları qanunvericiliklərində təsbit olunan normaların  tətbiqi və rəqabətin düzgün təhlili nəticəsində yaranmışdır. Beləliklə, sahibkarlığın inkişafının əsası olan rəqabət və onun qorunmasının təminatçısı kimi çıxış edən rəqabət hüququnda sadalanan böyük boşluqların aradan qaldırılması üçün rəqabət qanunvericiliyində bu yazımda əks etdirməyə çalışdığım dəyişikliklər edilməli, habelə rəqabət mövcud dövrün tendensiyalarına uyğun olaraq təhlil edilməlidir.

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.